Sözə söz dəyəri

 

YUSİF NƏĞMƏKARIN “NİZAMİ DEMİŞ...” POEMASI HAQQINDA QEYDLƏR

 

Deyirlər, Azərbaycan ədəbiyyatında bir günəş var: Nizami Gəncəvi... Məsələyə belə yanaşsaq, onda gərək Azərbaycan ədəbiyyatını da fəth olunmuş uca bir zirvəyə bənzədək...

 

Zirvənin pikində Nizami, Füzuli kimi dühalar dayanıb.

 

...Amma mən bu fikirlə, qismən olsa, razılaşmadığımı desəm, əminəm ki, mənim tərəfkeşlərim çoxalacaq. Ədəbiyyat zirvəsini fəth eləmək hər qələm sahibinə qismət olmur. Sözsüz ki, Nizami müdrikliyini dərk edib, Füzulinin sevgi dünyasını qəbul etdikdə onların zirvənin başında olduğunu görürük. sonra Azərbaycan ədəbiyyatı intibah dövrünü başa vurduqda yeni ədəbi simalar yaranmağa başladı. Həsənoğlu, Nəsimi, Xətai, Vidadi, Vaqif b. Məhz bu baxımdan ədəbiyyatımız yeni bir ədəbi dövrə qədəm qoydu.

 

Ədəbiyyat elə bir mənəvi-psixoloji prosesdir ki, mütləq dövrün ictimai-siyasi havasının təsirinə düşür. Klassik ədəbiyyatda fars-ərəb təsirləri, ədəbiyyatın sovet dönəmində isə patriotik, bir az da ateist ruh özünü açıq göstərir. Bütün bu təsirlərə baxmayaraq, Azərbaycan ədəbiyyatının ümumi ana ruhu, dəyişməz dəst-xətti özünü birmənalı şııəkildə göstərməkdədir.

 

Nəğməkar ürəyi ilə oxucu ruhunu şeir-şeir oxşayan şair Yusif Nəğməkarın “Nizami demiş” poemasını ədəbiyyatımızda yeni bir səhifə, xüsusi üslub, qeyri-adi ədəbi tapıntı kimi səciyələndirmək olar. Poema oxucunu çoxcəhətli maarifləndirir. Bir tərəfdən şairin qələmə aldığı misralar gözlərimiz qarşısında bir yenilik abidəsi canlandırır, digər tərəfdən tərtibatı ilə qədər yeni görünsə belə, canında, qanında, ruhunda, məğzində yaşatdığı qədim ədbiyyatımızın monumental əhval-ruhiyyəsini oxucuya təqdim edir.

 

Poemanın ekspozisiyası uğurlu bir zəminlə, ulu öndər Heydər Əliyevin professor Nizami Cəfərova verdiyi dəyərlə - “Çox böyük bir professor!..” statusunu oxucu ilə paylaşmaqla başlanır doğru olaraq ekspozisiya məhz “ÖNƏM” adlanır.

 

Kitabı vərəqlədikcə sağ üzdə böyük professor, görkəmli dilçi alim, akademik Nizami Cəfərovun Azərbaycan dilinin qrammatik düsturunun təşəkkülünü möhkəmləndirmək üçün, dilin qrammatik saflığını sadəliyini, məna zənginliyini bütövlüyünü qorumaq müdafiə etmək uğrunda apardığı elmi-axtarış mücadiləsindən, uğurlu, səlis ifadə imkanları ilə zəngin bir dilçi kimi ədəbi-ictimai aləmdəki nüfuzundan bəhs edilir.

 

Vərəqlərin digər üzündə mütəfəkkir alimin Azərbaycanın tarixi təfəkkürü, coğrafi miqyasları, xalqın düşüncə tərzi milli özünütəsdiq özünüdərketmə yaddaşından istifadə imkanlarından, qərinələrlə davam edən mənəviyyat uğrunda mübarizənin uğurlu nəticələrindən bəhs edən fikirləri öz əksini tapıb.

 

Şair, poemada böyük alimin düşüncə, təfəkkür tərzini bədii-emosional misralarla oxucuya çatdırır.

 

Böyük insanın ana qarşısında kiçilmək məharətini, körpələşmək, uşaqlaşmaq istedadını oxucu əsərin zəngin məna çalarlarından əxz edə bilir.

 

Beləliklə, poemada “önəm”dən tutmuş “Ən ön”, “Ən ön ün”ə poemanı bir düşüncə qatarı kimi dartıb uzadan, qollu-budaqlı bir ağac kimi şaxələndirən bütün “Ünyönü”lərdə “Çox böyük bir professor” olan  görkəmli türkoloq-filoloq alim Nizami Cəfərovun dilçilik, azərbaycançılıq uğrunda yaratdığı daşıdığı bir Azərbaycan yaddaşından söhbət açılır:

 

Nizami dedisə, söz yetər dada,

O, yaxın düşünüb, çox uzaq görər.

Elmin ağır döyüş meydanına da

Qalib pəhləvan tək üzüağ girər.

 

Lüğətimizə yersiz daxil olan yadtəfəkkürlü sözlərdən yamaq vurmaq istəyənlərə yenilməz cəngavər kimi sinə gərən alimin tərənnümünü bundan dəyərli misralarla eşitmək mümkün deyil. Ümumiyyətlə, Yusif Nəğməkarın “Nizami demiş” poeması öz orijinal tərtibatı, ədəbiyyata gətirdiyi yenilikçi yazı üslubu, mütərəqqi ideyası maraqlı məzmunu ilə seçilir. Bədii-emosional çalarlarla tərənnüm olunan Nizami Cəfərov sanki oxucu ilə həmsöhbət olur. Məmləkətimizin tarixi təşəkkülü, coğrafi strategiyası, çarpışdığı qanlı-şanlı tarixi savaşlar bütün bu faktlar fonunda təşəkkül tapan, zaman-zaman formalaşan Azərbaycan xalqının yaranması, düşüncə tərzinin istiqaməti, mənəvi dəyərləri, milli adətləri, sınaqlardan çıxmış ənənələri, özünümüdafiə uğrunda qatıldığı qanlı döyüşləri ən çox da qələbə məğlubiyyətlərimizi, sevinc kədərimizi, tariximizi ədəbiyyatımızı yaşadan, yaratdığımız milli-mənəvi sərvətimiz olan Azərbaycan dilinin daxili zənginlikləri haqqında söylədiyi əvəzsiz fikirlərlə oxucu tanış olur. Beləcə, Nizami Cəfərov adlı türkçü alimi tanımadan bu kitabı oxuyan oxucu bir möcüzə ilə rastlaşır: Oxucu kitabı oxumur, kitab oxucu ilə danışır.

 

Önündə nurlanar bəyaz kağız da,

Xəyalı sərhədsiz, zəkası geniş,

Bir kəlam dolaşır dildə-ağızda,

“Nizami soyləmiş”, “Nizami demiş”...

 

Yusif Nəğməkar demiş... Nizami demiş...

 

Hər xalqın tarixində şəxsiyyətin bir neçə rolu, funksiyası olur. Bu funksiyalardan biri danılmaz, əvəzsiz, digərləri isə ikinci dərəcəli ola bilir. Nizami Cəfərov bütün baxımdan mütərəqqi şəxsiyyət kimi görünməkdə...

 

Kamil şəxsiyyət... Sevimli övlad... Dəyərli vətəndaş... Görkəmli alim... Böyük professor... Əvəzsiz türkoloq ...

 

Alim var çəkinmir göz görə-görə

Oğurluq mətnlər çap elətdirir.

Nəsrə əl aparır, qulp qoyur şeirə,

Sonra başımıza “tapp” elətdirir.

 

Nizami Cəfərovun Azərbaycan məhfumu ilə bağlı istənilən kiçik bir qeydi Azərbaycan təfəkküründə “qızıl qayda” kimi qəbul olunur.

 

Böyük alimin mütəfəkkirliyini duyan şair çox incə, dəqiq oxucu ürəyi ilə səsləşən misralarla bu fikri təsdiqləyir.

 

Nizami dedisə, susar dil-dodaq,

Məqsəd bərəsində xoş niyyət olar.

Hikmət süfrəsində təamlar dadaq,

Anlatmaq əzmində qətiyyət olar.

 

İdrak civarında bitən bütövdü,

Haqqın haqq qələmi yazandı hər şey.

Böyük ürəyində Vətən bütövdü,

Nizami hökmündə nizamdı hər şey!..

 

Kitabın tərtibatı oxucunun ədəbiyyat anlayışını yeniləyir, bir az da genişləndirir, əhatəli edir.

 

Kitab oxucu, müəllif və qəhrəman arasında qəribə, isti, sakit bir atmosfer yaradır. Müəllifi oxuduqca, qəhrəmanı dinləmək xoşbəxtliyi oxucu da daxil olmaqla, yaddaşımızın gözləri önündə yeni ədəbi kompozisiya sərgiləyir.

 

Bu zaman oxucu özünün məhz azərbaycanlı olmaq xoşbəxtliyini dərk edirbunun qürurunu yaşayır. Bu, sənətkarın ən böyük bədii kəşfi, bədii uğurudur.

 

Kitabın qarşı səhifələri üslub və məna baxımından nə qədər fərqli olsa da, poema ümumi ahəngdarlıqdan kənar deyil. Əksinə: İki sənətkar - biri bədii boyalarla böyük alimin portretini yaradır, digəri isə bu portretin fonunda böyük Vətənin tarixi, coğrafi, etnoqrafik xəritəsini cızır.

 

Nizami təbiri təblər oyadıb,

O, hər cümləsini əzəmi demiş.

Nəyi deyəsən ki, axır qayıdıb

Bir də deməyəsən Nizami demiş?!

 

Bəli, tanınmış, istedadlı şair Yusif Nəğməkar təzə üslublu, təzə nəfəsli bu dəyərli poemasında demiş ki:

 

Nizami Söz haqqında demiş...

 

Ədəbiyyatda ən qüdrətli sözlər sırasında söz demiş,      

 

Azərbaycan dili haqqında demiş...

 

Ümumən Azərbaycan tarixi və ədəbi dil tariximiz haqqında demiş...

 

Ədəbi qəhrəmanlarımız haqqında demiş...

 

Poetik təfəkkürümüz haqqında, mənəvi dəyərlərimiz haqqında demiş...

 

Yaxşı, qiymətli nə varsa Nizami demiş...

 

Həm də dediklərini Nizami ucalığından deyə bilmiş!.. Yaxşı ki, demiş və deməkdədir!..

 

Səhər ÇƏHLİM

 

525-ci qəzet  2018.- 20 yanvar.- S.17.