Zaur SAHİL

 

BİZİM HƏRBİ HİSSƏ

 

Bizim hərbi hissə dəniz kimidir,

İçini binalar gəmi tək bəzər.

Mavi düzənlikdir sıra meydanı,

Dənizin içində adaya bənzər.

 

Əsgərlər şütüyür binalarına,

Qalxdıqca qalxırlar göyün üzünə.

Birinin gözləri dalğa qoparır,

Birinin əks olur dəniz üzünə.

 

Əsgərlər dənizi dalğalandırır,

Fırtına qopanda döyüşür onlar.

Atdığı güllələr quma çevrilir,

Sahilə çatanda görüşür onlar.

 

lll

 

Diləmişəm istədiyim arzunu,

Əynimdəki libas belə arzudu.

Dırnağımla yer eşirəm özümə,

Bu həyatdı, başdan-başa ruzudu.

 

Dünən payız həvəsliydim, deyəsən,

Ürəyimdə saralmışdı arzular.

Təbiətin axşam vaxtı gəlmişdi,

Gözlərimdə qaralmışdı arzular.

 

Əsgərlərim silah geyib çiyninə,

Barıt kimi atırdılar addımı.

Hey komandir desələr adıma,

Soruşuram,unutmurlar adımı.

 

Qarabağa qara-qara gedirdik,

Lələtəpə mayakımız olubdu.

Apreldəki döyüş bizi gözləyir,

Səbrimizin kasaları dolubdu.

 

Əsgər

 

Hər əsgər bir hərifdir,

Düzülüşü şeirdir.

Hər addımı tərifdir,

Hər baxışı sehirdir

 

Misra-misra görünür,

Heca vəzni içində.

Bir ürək tək döyünür,

Dözmü, əzmi içində.

 

Əynindəki paltarı,

Göy qurşağın andırır.

Çiynindəki qatarı,

Silahını yandırır.

 

Hər zaman dava edir,

Soyuqlarda üşümür.

İrəli! - deyib gedir,

Geri dönmək düşünmür.

 

lll

 

Hər gün atdığım

güllələrin məsafəsi qədər

yol gedirəm.

Şuşaya çatanda, dayanacağam.

Vaqif babam, Natəvan nənəm,

Evinizə qonaq gəlib,

Dönüb ev yiyəsinə 

yanınızda qalacağam.

 

525-ci qəzet  2018.- 20 yanvar.- S.23.