Rəvan CAVİD

 

ŞƏHİD ATASININ DEDİKLƏRİ

 

Dünən zəng gəldi bizə

- oğlumuzdan deyildi,

Amma bir əsgər səsi oğlumuzdan deyirdi:

Bu gün gecə yarısı səngərdə şəhid oldu!”

Susdum...

içim qürurla,

gözlərim yaşla doldu.

 

Səhər onu mən deyil, bayraq qucaqlamışdı,

yatmağa gedirdi o,

yerinə yox, torpağa.

Başına sığal çəkmək istəmişdim son dəfə,

o başını uzatdı dalğalanan bayrağa.

Vətən, gözəl cənnət,

Oğlum, gözəl bəndə...

Atası qurban olduğum vətənə qurban olsun!

Mənim başım enməsin,

vətənimin bayrağı,

oğlumun qəbri nurlu, cənnəti-məkan olsun.

 

Mən getmədən yanına

Vətən gəldi evimə -

dedi: “Üzün olsun!”

Dedilər: “Oğlun Şəhid”,

Dedim: “Vətən sağ olsun!”

 

QƏRƏNFİL HÜZNÜ

 

Bakı...qərənfil yurdum,

Qərənfillərdən sənə qürur tacını qurdum.

Şəhid oldu gül-çiçək,

O gecədən sağ çıxıb qərənfillər səhərə,

Birinci onlar bildi şəhidlərin adını,

Car çəkdilər şəhərə.

Məzarlara yatdılar

Şəhidlərin torpağı çiçək qoxusun deyə.

Hər kəs bildi acını,

Qərənfillər bilmədi qurban getdilər nəyə.

Ağlama atam, anam,

Bu gün vətən bayrağı qürur göz yaşlarıyla

əl eyləyir sabaha.

Cənnətin Bakı yolu Şəhidlər Xiyabanı,

Bu gün Bakı sakitdi,

bu gün Bakı bir az da

qərənfillər meydanı.

 

525-ci qəzet  2018.- 20 yanvar.- S.23.