Əfsanə RƏVAN

 

ŞƏHİD BALASI

 

Baxma belə məzlum,Şəhid balası,

Nisgil baxışına, gözünə qurban.

Bilirəm, içində fəryadlar qopur,

Sənin hər kəlmənə, sözünə qurban.

 

Əlində rəsmini tutduğun adam,

Vətənin uğrunda ölən igiddir!

Boynu buruq durma kənarda, balam,

Fəxrlə söylə ki, atan Şəhiddir.

 

Od qoyma qəlbimə belə baxışla,

Gözünün yaşını itir yağışla.

Şəhid övladısan, bu addan başqa,

Verəcək bir şey yox sənə, bağışla.

 

AXDI GÜNAHSIZCA MİLLƏTİN QANI

 

Bir səhər oyandım güllə səsinə,

Dərk edə bilmirdim baş verir nələr.

Gördüm hamı qaçır ayağı yalın,

Sanki yuxu idi bu hadisələr.

 

Hərə bir əzizin itirdi o gün,

Kimi əsir düşdü, kimi məhv oldu.

Həmin gün, göylər ağladı bizə,

Gör neçə Ananın gözləri doldu.

 

Axdı günahsızca millətin qanı,

Hər tərəf qırmızı rəngə boyandı.

Unutmaq olarmı həmin o anı,

İlahi, bu necə ahdı, fəğandı?!

 

Hələ qulağımdan getməyir, Allah,

Ana fəryadları, uşaq naləsi.

Axı məzlumlarda yox zərrə günah!

Nədir düşmənlərin bizə hiyləsi?!

 

... bitdi İlhamla Fərizə eşqi,

Bitdi məhəbbəti sevən canların!

Bir gün alınacaq qisası, bir-bir,

Qanı küçələrdə göl olanların!

 

525-ci qəzet  2018.- 20 yanvar.- S.23.