Xatirələrdə yaşayanlar
Təvəkkül
Əliyevsiz bir il
Yanvarın 23-ü tanınmış teatr və kino aktyoru, Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycanın Əməkdar artisti, "Tərəqqi" medallı Təvəkkül Əjdər oğlu Əliyevin vəfatının ildönümüdür.
Səntkarla aşağıdakı müsahibə onun vəfatından bir müddət əvvəl alınıb. Bu gün vəfatının ildönümü olduğunu nəzərə alaraq onunla etdiyim müsahibəni təqdim edirəm.
- Təvəkkül
müəllim, 1973-cü il dekabr ayının 6-sını, yəni professional sənətə qədəm
basdığınız günü necə
xatırlayırsınız?
- Həmin gün mənim yaddaşımda əbədi iz salıb. Biz İncəsənət İnstitutunun bir qrup məzunu ilk dəfə professional səhnədə tamaşaçılar qarşısında sənət imtahanına çıxacaqdıq. Zalda iynə atsaydın, yerə düşməzdi. Tamaşaçılar arasında tanınmış sənətçilər, ziyalılar, şair və yazıçılar, o cümlədən, əsərin müəllifi, rəhmətlik Mirzə İbrahimovla onun ailə üzvləri də vardı. Teatrın direktoru və baş rejissoru Məbud İsmayılzadə mənə tapşırdı ki, pərdəni qaldırıb, tamaşaçıları salamlayım. Beləliklə, Lənkəran teatrının pərdəsini ilk dəfə açmaq səadəti mənə nəsib olub. Mən də müdriyyətin tapşırığına rəğmən səhnənin qarşısına çıxaraq Lənkəran Dövlət Dram Teatrının fəaliyyətə başlaması münasibətilə tamaşaçıları təbrik etdim. Ondan sonrası yadımda deyil. Başladım obrazı oynamağa. Tamaşa bitər-bitməz sürəkli alqış sədaları ucaldı, tamaşaçılar bizi alqışlamaqdan doymurdular. Daha sonra rəhmətlik Mirzə İbrahimov özü də səhnəyə qalxıb hər birimizin əlini sıxaraq hamımızı təbrik etdi. Xalq yazıçısının üzünü bizə tutaraq dilə gətirdiyi ürək sözlərini isə heç cür yaddaşımdan silə bilmirəm: "Mən sizə qoşulub sevinirəm. Ona görə yox ki, əsərim tamaşaya qoyulub. Ona görə sevinirəm ki, ən yaxşı əsərlərimizin taleyini Lənkəran teatrının gənc kollektivinə etibar etmək olar. Sevinirəm ki, dünya klassiklərinin, habelə müasirlərin əsərləri sizə arxalanıb Lənkəran teatrına ayaq açacaq. İlk təəssüratdan belə qənaətə gəlmək olar ki, siz artıq yazıçı fikrini bir aktyor kimi duymağı bacarırsınız. Arzu edirəm ki, titrək addımlarınız bu səhnədə daha da mətinləşsin".
- Ötən illər
ərzində teatrınızda çox
hadisələr baş verib.
Sizinlə bir yerdə Lənkərana
işləməyə gəlmiş tələbə
yoldaşlarınızdan haqq
dünyasına qovuşmuş əməkdar
artist Elşad Zeynalov istisna edilməklə,
digərlərinin demək olar ki, hamısı teatrı tərk edərək
paytaxt Bakıya üz
tutdular. Bəs sizi
Lənkəranda saxlayan nə oldu?
- Həmin əlamətdar gündən xeyli müddət keçib. Əslində, bu müddət bir igidin ömrünə bərabərdir. Mən ötənləri hədər yelə verməmişəm. Əsl aktyor həyatını məhz bu illər ərzində yaşamışam. Məni Lənkəranda saxlayan tamaşaçı məhəbbəti və qayğısı olub. Bəzən Böyükxanımla (aktyorun ömür-gün yoldaşı, Azərbaycanın Xalq artisti Böyükxanım Əliyeva - A.B) bir neçə günlüyə Bakıya getmişik, amma Lənkəran üçün, tələbkar tamaşaçılarımız üçün darıxdığımızdan müddətdən əvvəl geri qayıtmışıq. Qürur hissi keçirirəm ki, məhz Lənkəran teatrının səhnəsində öz sözünü demiş, püxtələşmiş aktyor səviyyəsinə ucala bilmişəm. İndinin özündə belə yolda, küçədə tamaşaçılarla qarşılaşarkən onlar bizə oynadığımız rolların adları ilə müraciət edirlər. Belə tamaşaçını necə sevməyəsən? Belə şəhəri, belə teatrı necə tərk edəsən?
- Təvəkkül
müəllim, həyat yoldaşınız
Böyükxanım Əliyeva xalq artistidir. Amma siz hələ də əməkdar artistsiniz. Bu
qeyri-proporsionallığa necə baxırsınız?
- Bilirsiniz, postsovet dövrünün bəzi naqis xüsusiyyətləri bu gün də öz diktəsini etməkdədir. O vaxt belə bir qayda vardı: ərlə arvad, yaxud da ata ilə uşaqları bir idarədə, bir müəssisədə işləyə bilməzdilər. "Qohumbazlıq" deyilən bir məfhum yaranmışdı. Bizim işimiz də buna oxşayır. Söz düşəndə deyirlər ki, siz ər-arvadsınız, ikinizə də eyni bərabərlikdə yerimək olmaz. Əslində, belə şeylər gərək yaradıcı insanlara şamil edilməsin. Mənimlə Böyükxanımın bir-birindən fərqli olan dəst-xəttimiz var. Amma bunun fərqinə varmırlar. Belə çıxır ki, Böyükxanım xalq artisti olduğundan bu şərəfə mən layiq görülə bilmərəm. Əslində, bunun mənim üçün elə bir əhəmiyyəti də yoxdur. Əməkdar artist olsam da, xalq artisti səviyyəsində çalışıram.
- Səhnədə
sözünü demiş
iki tanınmış sənətçinin
ailədə ümumi dil
tapmasında hər hansı bir çətinlik
olurmu?
- Qətiyyətlə deyirəm ki, yox! Biz hər hansı tamaşanın məşqində birgə məşğul olduğumuz vaxt nə Böyükxanım mənim işimə müdaxilə edir, nə də mən Böyükxanımın. Amma evdə ikilikdə olanda məşq prosesini müzakirə edir, bir-birimizin, əgər olubsa, nöqsanlarını müzakirə etməkdən çəkinmirik. Mənim fikrimcə, yaradıcı insanlar belə də etməlidirlər. O vaxt övladlarımız hələ yanımızda olanda bizim söhbətlərimizə çox diqqətlə qulaq asardılar. İndi artıq onların da öz övladları var və bəzən söz düşmüşkən necə işlədiyimizi yadımıza salırlar. Yadımdadır, teatrda Cəfər Cabbarlının "Aydın" tamaşasını hazırlayırdıq. Mən Aydın rolunda, Böyükxanım isə Gültəkin rolunda çıxış edirdi. Məktəbdən sonra qızlarımız gəlib məşqə baxırdılar. Evə gələndən sonra onlar qayıdıb bizə nə desələr yaxşıdır: "Siz Allah, belə kasıb rollar oynamayın, nə olar!?" Uşaq ki, uşaq! Nə bilsinlər ki, Aydın və Gültəkin obrazlarını yaratmaq hər aktyora nəsib olmur.
- Teatrda
çalışdığınız ötən müddətdə
həmişə baş qəhrəman
obrazlarını yaratmısınız. Bəs bundan
sonra oynamaq arzusunda olduğunuz hər
hansı bir rol
varmı?
- Teatrda hazırlanan tamaşaların əksəriyyətində baş qəhrəmanı oynamaq mənim qismətimə düşüb. İndi ürəyimdə bir arzum var: Kral Liri oynamaq. Mən bu yaşımda həmin rolu yaratmağa, ifa etməyə hazıram və təcrübəm də buna imkan verir. Amma təəssüf ki, truppamızın potensial imkanları məhdud olduğundan bu arzumun gerçəkləşməsi hələ mümkünsüzdür.
- Təvəkkül
müəllim, bəs kinodakı işiniz
barədə nə deyə bilərsiniz?
- Hələ lap cavan ikən Böyükxanım dəfələrlə mənə deyərdi ki, Təvəkkül, get kinostudiyaya, səni hökmən çəkəcəklər. Amma nə üçünsə mən bunu etmirdim. İndi vəziyyət dəyişib. Artıq Bakıda məni həm də kino artisti kimi tanıyırlar. Tez-tez bədii filmlərə, teleseriallara çəkilməyə dəvət olunuram. İndiyə kimi 15 filmdə müxtəlif səpkili rollarda çəkilmişəm. Kinoda axırıncı işim "Əli və Nino" filmində olub. Burada mən məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin obrazını yaratmışam. Hazırda filmin montaj işləri gedir. Onu da bildirim ki, yaxın vaxtlarda daha bir neçə filmdə çəkiləcəyəm.
- Müxtəlif
yaradıcılıq prinsiplərinə məxsus rejissorlarla işləmisiniz. Onlardan
kiminlə işləmək sizin üçün daha asan olub?
- Mənim bir aktyor kimi yetişməyimdə rejissor Oruc Qurbanovun əməyi əvəzsizdir. Oruc Qurbanov aktyordan istədiyini almağı bacarır. Əgər əksər aktyordan soruşsan ki, oynadığın rolu necə görürsən, onun xarakterini aç göstər, vallah, quruyub qalacaq, cavab verə bilməyəcək. Bu gün aktyorlar səhnədən yalnız müəllifin sözünü ifadə edirlər və daha bilmirlər ki, oynadıqları rolun xarakteri nə təhərdir. Bu daha çox rejissorun aktyorlarla lazımınca işləyə bilməməsi səbəbindən baş verir. Amma Oruc Qurbanov kimi artıq Azərbaycan teatrında öz yeri olan bir rejissorla işləmək, hər dəfə ondan görüb-götürmək adama sadəcə ləzzət verir.
- Təvəkkül müəllim, siz özünüzü həm də rejissura sahəsində sınamısınız...
- Yox, mən hər şeydən əvvəl aktyoram, həm də peşəkar aktyoram. Amma ara-sıra teatrda tamaşa hazırlamaq isə mənim təcrübəmdən irəli gələn bir işdir. Rejissor vəzifəsinin məsuliyyəti böyükdür və mən belə bir yükün altına girməyə cürət etmərəm. Ötən onilliklər ərzində çoxlu rejissorla işləmişəm, hərəsinin dəst-xəttindən müəyyən qədər bəhrələnmişəm. Teatrda quruluş verdiyim əsərlər əsasən nağıl-tamaşalardır.
- Sizi
Lənkəranda hamı tanıyır və sevir.
Elə bilirik ki, bu münasibət
qarşılıqlıdır?
- Əlbəttə! Başqa cür ola da bilməz! Lənkəran həm mənə, həm də Böyükxanıma doğma olan bir diyardır. Xoşbəxtliyimizi, səadətimizi məhz burada tapmışıq. Lənkəranda çoxlu ailəvi dostlarımız var. Həmişə, hər şəraitdə bir-birimizin yanındayıq.
- Bugünkü
tamaşaçıların səviyyəsi barədə nə
deyərdiniz?
- Bugünkü
tamaşaçılarımız əsasən gənclərdən
ibarətdir. Onların davranışı, rəftarı şəxsən
məni qane edir. Amma burada müəyyən
nüanslar da var. Əgər aktyor öz ifasına məsuliyyətlə
yanaşırsa, oynadığı obrazı çatdıra
bilirsə, onda
tamaşaçıların da münasibəti,
reaksiyası, emosiyası qarşılıqlı olur. Belədə həm tamaşa
uğur qazanır, həm də aktyor sevilir.
525-ci qəzet.-2018.-23 yanvar.-S.8.