Orfoqrafiyanın qızıl qaydası
Kamran ƏLİYEV
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi
Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya
Komissiyası və Dilçilik İnstitutu tərəfindən
hazırlanan "Azərbaycan dilinin orfoqrafiya qaydaları"
(bundan sonra "Qaydalar") layihəsi yeni redaktədə və
təkmilləşmiş formada AMEA-nın Rəyasət Heyətində
müzakirə edildikdən sonra ədəbi-elmi ictimaiyyətə
təqdim edilmişdir.
"Qaydalar"ın belə bir geniş miqyasda
müzakirəsi ilk dəfə ötən əsrin 50-ci illərində
əvvəlcə akademik Səməd Vurğunun, ikinci dəfə
isə akademik Mirzə İbrahimovun sədrliyi ilə həyata
keçirilmiş və o dövr üçün mükəmməl
bir orfoqrafiya qaydaları hazırlanmışdır. Həmin vaxt qəbul
edilən "Qaydalar" Orfoqrafiya lüğətlərinin
bütün sonrakı nəşrlərinin (1960, 1975, 2004,
2013) əsası olmuşdur. Onu da əlavə
etmək zəruridir ki, "Qaydalar" ötən əsrin
50-ci illərindən sonra ilk dəfədir ki, belə bir
geniş müzakirəyə çıxarılır.
"Azərbaycan
Respublikasında dövlət dili haqqında" 30 sentyabr
2002-ci il tarixində qüvvəyə minən
Azərbaycan Respublikası qanununda Orfoqrafiya lüğətinin
5 ildə bir dəfədən az olmayaraq nəşrinin təmin
edilməsi 13-cü maddə ilə təsbit edilmişdir. Bu isə
onu göstərir ki, Orfoqrafiya lüğətinin müəyyən
fasilələrlə və vaxtaşırı
buraxılması Dövlət sifarişidir və "Azərbaycan
dilinin orfoqrafiya qaydaları" ilə bağlı yeni layihənin
müzakirəyə çıxarılması da yeni Orfoqrafiya
lüğətinin buraxılması haqqında Dövlət
sifarişinin tələblərindən irəli gəlir.
Tarixi təcrübə
göstərir ki, ictimai həyatdakı yeniliklərin dilin
lüğət tərkibinə təsirinin mövcud dil
qaydalarına nə dərəcədə cavab verib-verməməsinin
müəyyənləşdirilməsinə, dilçiliyin digər
bölmələri ilə müqayisədə daha çox dəyişikliyə
məruz qalan leksikadakı yeniliklərin yazı qaydalarına
uyğunluğunun dəqiqləşdirilməsinə və
alınma sözlərə nəzarətin güclənməsinə,
eyni zamanda, mövcud qaydaların yenidən təhlilinə həmişə
ehtiyac duyulmuşdur. Müzakirəyə təqdim
olunan "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini
birinci növbədə məhz bu cəhətlərə
görə dəyərləndirmək vacib və zəruridir.
Dil canlı bir orqanizmdir. Hər hansı bir
sözün, yaxud sözün dəyişilmiş
variantının qəbul edilib-edilməməsi daha çox
dilin özündən asılıdır. Xatırlatmaq
yerinə düşər ki, ötən əsrin 90-cı illərində
əksər ziyalılar türk dillərinin bazasında yaranan
"bilgisayar" sözünün işlədilməsinə
daha çox çalışırdılar. Elə o vaxtlar "kompüter" sözü də
dövriyyəyə daxil edildi. İndi
artıq bu, reallıqdır ki, "bilgisayar" və
"kompüter" yarışında "kompüter"
qalib gəldi. Bunun əsas səbəbi gənclərin
ingilis dilinə və kompüterə marağı ilə
bağlıdır ki, əslində də qalib gələn
ingilis dilinə və kompüterə olan marağın vəhdəti
idi. Dil isə öz növbəsində bu
gün belə "kompüter" sözünün
üstünlüyünü qoruyub saxlamaqdadır.
Layihədə diqqəti daha çox cəlb edən məsələrdən
biri indiki "Qaydalar"ın əvvəlkilərlə
münasibətinə aiddir. Müəyyən
sözlər yaddaşlarda möhkəmləndiyinə görə
onlara olan baxışın dəyişilməsi haqlı olaraq
bir çox suallar doğurur. Məsələn,
"alqı-satqı" sözü bu qəbildəndir.
Aydınlıq üçün qeyd edim ki, 1960-cı il Orfoqrafiya lüğətində bu söz
"alğı-satqı" formasında yazılıb. Yəni konkret olaraq "al" söz kökünə
"ğı" şəkilçisi artırılıb.
Həmin söz Orfoqrafiya lüğətinin 2004-cü il nəşrinə daxil edilməyib.
Lüğətin 2013-cü il nəşrində
isə yeni variant - "alqı-satqı" forması meydana
çıxıb. Layihədə isə 1960-cı il variantına qayıdılaraq 43-cü maddədə
"alğı-satqı" yazılıb. Göründüyü
kimi, sözün tarixi mənzərəsi də müəyyən
çətinliyin mövcudluğunu nəzərə
çarpdırır. Bəs yeni layihə
müəllifləri bu sözdən yan keçə bilməzdilərmi?
Əlbəttə, yan keçə bilərdilər: ya əvvəlki
variantı saxlayardılar, ya da müzakirəyə çıxarmadan
həmin sözü lüğətin nəşrində sakitcə
kənara qoya bilərdilər. Amma mövcud lüğətdə
işləndiyi kimi "alqı-satqı"
sözünün yeni iqtisadi münasibətlər sistemində
xüsusi yerinin olması layihə müəlliflərinin
obyektiv mövqe tutmasının əsasını təşkil
etmiş və onlar ən doğru variantı seçmişlər:
alğı-satqı. Doğruluq ondan ibarətdir ki,
sözün al(maq) kökü cingiltili
samitlə qurtardığına görə ona [ğı]
şəkilçisi, sözün sat(maq) kökü kar samitlə
qurtardığına görə ona [qı] şəkilçisi
artırılmışdır. Müqayisə et:
vurğu, durğu; yaxud: qatqı, basqı.
"Qaydalar" müəyyən edilən normalara
dilçilik elminin tələbləri baxımından
yanaşmağı zəruri edir. Əks təqdirdə
irəli sürülən müddəalar havadan asılı
formada qala bilər. Nümunə üçün qeyd
edim ki, layihənin 14-cü maddəsində eyni tipli digər
sözlərlə müqayisədə "vitse"
sözündəki "ts" hərf birləşməsinin saxlanması nəzərdə
tutulur. Belə bir dilçilik mövqeyi onunla
bağlıdır ki, "vitse" sözündəki
"t" səsinin ixtisarı həmin sözü
"vise" formasına salır, bu isə söz məxrəcinin
tamamilə itməsi deməkdir. Layihədə "vitse"
sözündəki "ts" hərf birləşməsinin saxlanması da həmin elmi
prinsipə əsaslanır. Buna nəzərən
"lisey" sözü barədə də şəxsi-subyektiv
fikir söyləmək mümkündür. Yəni demək
olar ki, təhsil ocağının adı kimi qəbul edilən
"lisey" sözünün tələffüzü
zamanı söz elə bil ağızdan sürüşüb
düşür, "litsey" variantında isə tələffüz
yüksələn ton qazanır. Sözün
"litsey" forması həmin tipli məktəblərə
və ümumiyyətlə, təhsilə olan marağı
artırmaq gücünə və enerjisinə malikdir. Hətta
quraşdırdığım bu cür gözəl, cəlbedici
sözlər belə "litsey" variantına
qayıtmağa imkan vermir, ona görə ki, bu sözdəki
"t" səsinin ixtisarı söz məxrəcini qətiyyən
itirmir. Yəni dilçilik qaydası
"litsey" barədə quraşdırdığım
gözəl sözlərə üstün gəlir.
Yeni "Qaydalar"da bəzi sözlərin 2013-cü
ildən də əvvəlki yazı formasına
qaytarılması təklif olunur. Bu da təbiidir, çünki təklif
olunan sözlər dəyişiklik müddətində
aidiyyatı olan tədris müəssisələrində,
ayrı-ayrı obyektlərdə, idarə və təşkilatlarda, daha çox da kütləvi
informasiya vasitələrində özünə kifayət qədər
yer tuta bilmədi, bu isə o deməkdir ki, dil həmin dəyişiklikləri
qəbul etmədi. Belə ki, "Qaydalara" görə
sonuncu orfoqrafiya lüğətində özünə yer
tutan "metafor", "profilaktori", "sanatori" sözlərindən
"metafora", "profilaktoriya", “sanatoriya" sözlərinə
qayıdış geriyə deyil, irəliyə doğru
atılmış addım hesab edilməlidir. Ən azı ona
görə ki, "metafor", "profilaktori", "sanatori" sözləri tələffüzdə
sanki məlum alınma sözün başqa bir alınma
sözə çevrilməsinə bənzəyir.
Sözün "metafor" forması "metafora" ilə
müqayisədə dilə yatımlı olmadığına
görə orta məktəblərdə bədii təsvir və
ifadə vasitələri ilə bağlı mövzunun tədrisində
həmin termindən imtina etmək halları baş verdi, o tipli testlər də qəbul
imtahanlarından çıxarıldı. Sözün
"sanatori" forması o cür müəssisələrə
yerli sakinlərin və turistlərin gəlməsinə müəyyən
qədər maneə olduğuna görə həmin müəssisələr
təbliğat bülletenlərində SPA variantına
üstünlük verdilər. Yazıda və
şifahi nitqdə işlədilməsi məcburiyyət kimi nəzərdə
tutulan "profilaktori","sanatori" sözlərinin
sonluğu da bizim dilimizin tələffüz qaydalarına
tamamilə ziddir. Müəyyən bir
sözün dilimizin tələffüz qaydalarına uyğun gəlməməsi
indiyə qədər dilimizdə bu cür örnəklərin
olmaması ilə də əlaqədardır. Yəni orfoqrafiya və orfoepiyadakı müəyyən
dəyişikliklər zamanı dildə mövcud və
oxşar nümunələrin olması şərti çox
vacibdir. Başqa sözlə, hər
hansı bir dəyişikliyin dil tərəfindən qəbul
edilməsi həmin dildə olan oxşar örnəklərə
də bağlı məsələdir. Nəhayət,
bu, dilin canlı orqanizm olması anlamına da gəlir.
Dünyada
bütün dillərin lüğət tərkibi milli və
alınma sözlərin məcmusundan ibarətdir. Dilimizin
keyfiyyətini milli sözlərin təyin etməsinə
baxmayaraq, dilimizdə də əsl Azərbaycan sözləri
ilə alınma sözlər yanaşı işlənir.
Ona görə də "Qaydalar"da alınma
sözlərin dilimizə daxil olması zamanı baş verən
dəyişikliklər aydın şəkildə öz həllini
tapmışdır. Layihədə
ayrıca "izahat vərəqi" olmadığından
"mənbə dil" ifadəsinin tez-tez xatırlanması
izahat xarakteri daşıyır. Eyni zamanda,
alınma sözlərə başqa dilin nümunələri
kimi həm diqqətlə yanaşılır, həm də
dilimizin qayda-qanunlarının aparıcı mövqedə
olması şərti qorunub saxlanılır. Layihədə
dilimizin aparıcı mövqeyi aşağıdakı
müddəalarda və formalarda təmin edilmişdir:
1. Mənbə
dildən fərqli olaraq bir qism alınma sözlərə
yalnız bizim dilə aid olan [ü] saitinin
artırılması (məsələn: bülleten, jüri,
kompüter, uvertüra);
2. Sonu [a]
saiti ilə bitən alınma sözlərdə [a] saitinin
düşməsi (məsələn: anket, fonem, kaset, reklam);
3. Mənbə
dildə tərkibində [ll], [nn], [pp] qoşa samitləri olan
alınma sözlərdə samitlərdən birinin ixtisarı
(məsələn: paralel, ton, qrup;)
4. Mənbə
dildə sonu qoşa samitlə bitən iki və ya
çoxhecalı sözlərin bir samitlə yazılması
(məsələn: hüsnxə t, kiloqra m, meta l, sərhə
d);.
5. Mənbə
dildə sözlərin sonunda işlənən qoşa [ss] samitindən birinin
ixtisarı (məsələn: ekspres, konqres, stres);
6. Mənbə
dildə söz ortasında qoşa [ss] samiti olan sözlərdə
bir [s] hərfinin yazılması (masaj, pasaj, şose);.
7. Mənbə
dildə tərkibində qoşa [m] samiti olan və sonu [a]
saiti ilə bitən sözlərin bir [m] hərfi ilə
yazılması (proqram, stenoqram, teleqram).
İndiyə qədər orfoqrafiya qaydalarının
müəyyənləşməsində üç prinsip -
fonetik, morfoloji və tarixi-ənənəvi prinsip mövcuddur
və orfoqrafiya qaydalarının tərtibində bunlar həmişə
əsas götürülür. Düzgün yazı
qaydalarının əsas fəlsəfəsi isə oxu ilə
yazını bir-birinə yaxınlaşdırmaqdır. Orfoqrafiya ilə orfoepiyanın
qarşılıqlı münasibətlərini də daha
çox onları bir-birindən uzaqlaşdıran, bir-biri ilə
"yadlaşdıran" müddəalar deyil, bir-birinə
yaxınlaşdıran, bir-biri ilə doğmalaşdıran
qaydalar təmin edir. Bu qaydalar isə
mövcud üç prinsipdən birinə - fonetik prinsipə əsaslanır.
Fonetik prinsip orfoqrafiyanın qızıl
qaydasıdır.
"Əsl
Azərbaycan sözlərinin yazılışı" və "Alınma sözlərdə
saitlərin yazılışı" bölmələrindəki
13 maddənin, demək olar ki, hamısı tələffüz
qaydalarına nəzərən
formalaşdırılmışdır. Bu, sözlərin
yazılış qaydalarına aydınlıq gətirmək istəyindən və
orfoqrafiyanın tələffüzlə yazının sıx əlaqələri
zəminində formalaşması müddəasından irəli
gəlmişdir.
Bu gün adamların yazı zamanı çoxlu səhvlər
etdiyi barədə şikayətləri tez-tez eşidirik. Hətta orta məktəblərdə
və qəbul imtahanlarında esse yazmaq tələbinin meydana
çıxması yazı zamanı çoxlu səhvlər
buraxılmasının qarşısını almaq məqsədi
daşıyır. Məgər uzun illər
orta məktəblərdə imla, ifadə və inşa yazan şagirdlərin
yazılarında orfoqrafik səhvlər olmurdumu? Yaxud esse yazmaqla bu məsələni köklü
şəkildə həll etmək mümkündürmü?
Bu sualların cavabı da yenə orfoqrafiya
qaydalarına gedib çıxır. Yazı
zamanı buraxılan səhvlərin köklü şəkildə
aradan qaldırılması üçün ən
mühüm yol tələffüzlə yazı
arasındakı fərqlərin aradan qaldırılması,
yaxud da bu fərqlərin minimuma endirilməsidir. Həmçinin, bu yol mərhələli orfoqrafiya
islahatına aparan yoldur.
Layihənin
37-ci maddəsində fonetik prinsip açıq şəkildə
elan edilmişdir: "Əvvəlki orfoqrafiya lüğətlərində
tərkibində - iyyat, - iyyət və - iyyə şəkilçisi
olan sözlər qoşa yy samiti ilə
yazılmışdır. Hazırda həmin
sözlər bir [y] ilə tələffüz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq
tərkibində həmin şəkilçilər olan sözlərin
bir y ilə yazılması məqsədəuyğun
sayılır. Məsələn: cərrahiyyə - cərrahiyə,
dövriyyə - dövriyə, ədəbiyyat - ədəbiyat,
fəaliyyət - fəaliyət, maliyyə - maliyə ,
üslubiyyat - üslubiyat və s".
Bir cəhəti
nəzərə almaq vacibdir ki, irəli sürülən təklif
ərəb dilndən alınan "iyyat", "iyyət" və "iyyə"
şəkilçilərinin (məhz şəkilçilərinin!)
tərkibində olan qoşa "yy" samitinə aiddir və
bu şəkilçilər də digər alınma şəkilçilər
kimi dilimizdəki alınma sözlərə
artırılır. Məsələn,
"iqtisad+iyyat", "ədəb+iyyat", "zehin+iyyət"
(zehniyyət), "ədl+iyyə" tipli sözləri
kök və şəkilçiyə ayırdıqda bu, tam
aydınlığı ilə görünür. Yəni qoşa "yy" samitinin birindən imtina
sözdəki yox, şəkilçidəki samitdən imtina
deməkdir. "Xəyyam", "Səyyad", "səyyarə",
"niyyət", "hədiyyə" kimi sözlər
yalnız kökdən ibarətdir və onlarda qoşa
"yy" samitli şəkilçiyə rast gəlinmədiyinə
görə həmin qayda layihədə göstərildiyi kimi,
bu tipli sözlərə qətiyyən aid edilə bilməz.
Yaxud "qafiyə", "saniyə", "mərsiyə"
kimi sözlər düzəltmə olmadığına
görə "iyə" hissəsi
söz kökünün tərkibindədir və "iyyə"
şəkilçisi ilə heç bir
bağlılığı yoxdur, deməli, həmin qayda bu
tipli sözlərdən tamamilə kənardadır.
Məsələnin
məğzinə gəldikdə isə layihədə qoşa
"yy" samitindən birinin ixtisarı ilə bağlı təklif
birbaşa orfoqrafiyanın qızıl qaydasına aiddir və
həmin maddənin dilçi mütəxəssislər, bu sahə
ilə bağlı olan peşəkarlar tərəfindən qəbul
edilməsi, şübhəsiz, bununla əlaqədardır. Hətta
belə düşünmək olar ki, layihədə həmin
maddənin yerinə tələffüzdə iki sait arasına
"y" səsinin daxil
olduğu "ayilə", "Nayilə" tipli sözlərin
yazılışının tələffüzdəki kimi qəbul
edilməsi təklifi irəli sürülsəydi, müəyyən
şərtlər daxilində həmin maddə də əksər
mütəxəssislər tərəfindən bəyəniləcəkdi.
Çünki orfoqrafiya üçün fonetik
prinsip əsasdır.
Yazı zamanı şəkilçinin tərkibində
olan qoşa "yy" samitindən birinin ixtisarı ilə
bağlı təklif o demək deyildir ki, bu, müxtəlif
sözlərin tərkibində olan bütün qoşa samitlərə
(məsələn, dd, bb, kk, qq və s.) şamil edilməlidir. Həmçinin, bu, o da demək
deyildir ki,
bütün sözlərin tələffüzdə
müşahidə olunan normalarını məhz elə indi
yazıya gətirmək lazımdır; belə bir
düşüncə tərzi konkret elmi yanaşmanın
prinsiplərinə tamamilə ziddir.
Layihənin 37-ci maddəsində irəli sürülən
təklif dilimizlə bağlı gələcək bir
çox hadisələri də işarələyir. Əslində, bu maddə ilə
orfoepiya ilə orfoqrafiya arasındakı fərqləri
mümkün qədər aradan qaldırmaq, onları bir-birinə
daha da yaxınlaşdırmaq, Azərbaycan dilinin başqa dillərdə
danışanlar tərəfindən öyrənilməsini
asanlaşdırmaq, yazı mədəniyyətini inkişaf
etdirmək, yazı prosesində buraxılan səhvləri
minimuma endirmək, dilə olan sevgini gücləndirmək kimi
ali məqsədlərin anonsu verilir.
Elə buradaca layihədəki 22-ci maddəyə də
aydınlıq gətirmək lazımdır. Bu maddədə diqqət əskər, əskinas, İskəndər,
işkəncə kimi sözlərin elə o şəkildə
yazılması təklifinə yönəldilmişdir və həmin
sözlərin dilimizdə məhz tələffüzlərinə
əsasən indiyədək "g" hərfi ilə
yazılması məqsədəmüvafiq hesab edilmir. Beləliklə, 22-ci maddə uzun müddət fonetik
prinsipin bərqərar olduğu sözlərin həmin prinsipdən
təcrid edilməsi anlamına gəlir. Əlavə
olaraq son dörd orfoqrafiya lüğətində, təxminən
60 ildir ki, həmin sözlər
"g" hərfi ilə yazılır, məsələn:
İsgəndər, əsgər. Belə olduqda orfoqrafiyanın
həm fonetik, həm də tarixi-ənənəvi prinsipləri
birləşərək Nizami Gəncəvinin "İsgəndərnamə" poeması və
mübariz Azərbaycan əsgəri tərəfindən
çıxış edir.
"Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın layihəsi indiki halda elmi düşüncəni ifadə edən mətndir - əsərdir. Bu mətn Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra rəsmi bir sənədə çevriləcək və oradakı müddəalar həm geniş miqyasda, həm də illər boyu öyrəniləcəkdir. Ona görə də "Qaydalar"a daxil edilən nümunələr də müəyyən prinsip əsasında və son dərəcə diqqətlə seçilməlidir. Aparıcı prinsip nümunələrin əlifba sırası ilə düzülüşüdür ki, mətndə buna tam şəkildə əməl edilmişdir. Məsələn: addım, dəniz, gəlin, günəş, qoşun, oğul və yaxud: bulud, palıd, söyüd və yaxud da: ilan, ildırım, ilğım, ilxı, ilıq, inanmaq, işartı, işıq.
Nümunələrə gəldikdə isə bunları qaydaya müvafiq olaraq dildəki uyğun gələn ixtiyari sözün seçimi kimi başa düşmək doğru deyil. "Qaydalar" ayrıca bir mətn - əsər səciyyəsi daşıdığına görə oraya daxil edilən nümunələr xalqın düşüncəsini, psixologiyasını, həyat tərzini, arzu və istəklərini ifadə edə bilmək gücünə malik olmalıdır. Bu nümunələrə yazı normaları ilə xalq təfəkkürünün vəhdətini nümayiş etdirən ötürücü vasitə kimi baxılmalıdır. Məsələn, müharibə şəraitində yaşadığımıza görə "Qaydalar"ın mətninə müvafiq maddələrə uyğun olaraq "general", "qoşun", "tüfəng", "avtomat" kimi sözlərin daxil edilməsi son dərəcə təqdirəlayiqdir.
Həmçinin, "Qaydalar"da müasir dövrümüzlə bağlı olan neologizm xarakterli sözlərin nümunələrə daxil edilməsi layihənin əhəmiyyətini xeyli dərəcədə artırır. Məsələn: tütor, əmlak, kollec, veb-sayt, vindos, vörd və s. Müstəqillik dövründə demokratiyanın inkişafı ilə əlaqədar olaraq senzuradan yaxa qurtardığımıza görə söz köklərində samitlərin yazılışına aid 14-cü maddədə nümunə kimi verilmiş "senzura" sözünü də mətndən çıxarmaq daha məqbul hesab edilə bilər.
"Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi dilimizə daha böyük diqqət və qayğı ilə yanaşmaq, bu dilin keşiyində durmaq, səmərəliliyini artırmaq, onu müxtəlif vasitələrlə inkişaf etdirmək, yad təsirlərdən qorumaq, and yerinə çevirmək kimi vəzifələri yenidən gündəmə gətirir. Hər bir xalq, hər bir millət öz dilinin gücünü bildikdə daha qüdrətli olur.
525-ci qəzet 2018.- 23 yanvar.- S.4.