Müəllimim və həmkarım
Görkəmli alim və pedaqoq, fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universitetinin "Bərk cisimlər fizikası"
kafedrasının müdiri,
professor Məmməd Əliyevin
anadan olmasının
75 illik yubileyi münasibətilə kitab
hazırlandığını eşidəndə çox
sevindim.
Artıq uzun illərdir ki, respublikamızda, o cümlədən, ölkəmizin
aparıcı elm və
təhsil ocağı
olan Bakı Dövlət Universitetində
gözəl bir ənənə formalaşmışdır. Respublikamızın
ictimai-siyasi həyatında,
elm və təhsilin, ümumiyyətlə, xalqın
və millətin inkişafında əhəmiyyətli
xidmətləri olan görkəmli alimlərin,
ziyalıların, dövlət
xadimlərinin yubileyləri
qeyd edilir, xatirələri anılır,
onların həyat və yaradıcılığını
əks etdirən məqalələr yazılır
və kitablar nəşr edilir. Professor Məmməd Əliyevin də taleyi, həyat və yaradıcılığının böyük bir hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur və 75 illik yubileyində onun haqqında da belə bir
kitabının yazılması
bu qəbildən olan növbəti tədbirlərdən biridir.
Professor Məmməd Əliyev
çoxşaxəli elmi-pedaqoji
və diplomatik fəaliyyətlə məşğul
olan bir şəxsiyyətdir. Azərbaycan elminin tanınmış
nümayəndəsi kimi
Məmməd müəllim
uzun illər ərzində bərk cisimlər fizikasının
aktual problemlərinin tədqiqi ilə ardıcıl surətdə
məşğul olub.
Əldə etdiyi elmi nəticələr bu gün də mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilir
və bu sahədə tədqiqatların
aparılması üçün
prioritet istiqamətlərin
müəyyən edilməsi
baxımından böyük
əhəmiyyətə malikdir.
Tale elə gətirib ki, mən Məmməd
müəllimlə uzun
illər bundan əvvəl, ötən əsrin 60-cı illərindən,
hələ tələbə
olarkən mənə
dərs deyən və xətrini çox istədiyim bir müəllimim kimi tanış olmuşam, elə ilk gündən qəlbimdə
ona qarşı bir doğmalıq yaranıb. Sonralar uzun illər biz həmişə bir-birimizə
yaxın olmuşuq - uzun müddət eyni bir müəssisədə
çalışmışıq, ən əsası isə ailəliklə dost
olmuşuq, həmişə
bir-birimizə dayaq olmuşuq, eyni məqsəd, eyni amala xidmət etmişik, millətimizin, xalqımızın xöşbəxtliyi,
bu gün yenidən müstəqillik
əldə etmiş dövlətimizin inkişafı
və daha da möhkəmlənməsi
naminə birgə addımlamışıq. Heç vaxt
unuda bilmərəm ki, həyatımın ən çətin anlarında o, həmişə
mənə dayaq olmağa çalışıb.
Mən professor Məmməd
Əliyevin həyat və yaradıcılığı
və elmi fəaliyyəti haqqında
ətraflı danışmaq
fikrində deyiləm. Qısaca olaraq
qeyd etmək istəyirəm ki, Məmməd Novruz oğlu Əliyev 1942-ci ildə Tovuz şəhərində anadan
olmuşdur. Azərbaycan Dövlət
Universitetinin fizika fakültəsini bitirdikdən
sonra, 1964-1969-cu illərdə
Kazan Dövlət Universitetində
aspiranturada oxumuşdur.
1969-cu ildə Kazan Dövlət
Universitetində "Paramaqnit
kristallarda aşağı
temperaturlarda dinamik effektlər" mövzusunda
namizədlik, 1990-cı ildə
"Paramaqnit ionlu diamaqnit kristallarda və yarımmaqnit yarımkeçiricilərdə dinamik effektlər" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1973-cü ildə bərk cisimlər fizikası kafedrası üzrə dosent elmi adı almışdır.
1991-ci ildə həmin kafedra üzrə professor elmi adı almışdır.
1969-1991-ci illər arasında ADU-da müəllim, baş müəlllim, dosent,
professor vəzifələrində çalışmışdır.
1971-1972-ci illərdə Parisdə
Nobel mükafatı laureatı,
akademik Alfred Kastlerlə
birlikdə işləmiş,
Buxarestdə, Parisdə,
Qrenoblda, Strasburqda, Varşavada, Poznanda, Kazanda, Novosibirskidə elmi konfranslarda, konqreslərdə məruzələrlə
çıxış etmişdir.
ABŞ-da, Fransada,
Almaniyada, Rusiyada, Rumıniyada, Polşada
60-dan çox elmi məqalələri çap
olunmuşdur. 1991-1992-ci illərdə Azərbaycan
Dövlət Tibb Universitetində kafedra müdiri vəzifəsində
çalışmış, 1992-2005-ci illərdə Azərbaycan
Respublikasının Türkiyədə,
2005-2009-cu illərdə İspaniya
Krallığında ilk səfiri
olmuş, dəfələrlə
Türkiyə Respublikası
tərəfindən "İlin
Diplomatı", "İlin
Səfiri" fəxri
adına layiq görülmüşdür. 2009-cu
ildən sonrakı illərdə uzun müddət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində
məsul vəzifələrdə
çalışmışdır. Lakin elm və təhsilə vurğunluq, universitet sevgisi onu yenidən
təhsil aldığı
və ömrünün
ən xöşbəxt
illərini bağladığı
doğma Bakı Dövlət Universitetinə
qaytarmışdır. 2015-ci ildən Bərk
cisimlər fizikası
kafedrasının müdiri
vəzifəsində çalışır.
Yeri gəlmişkən,
xatırlatmaq istəyirəm
ki, Bərk cisimlər fizikası kafedrası dünya şöhrətli görkəmli
alim, gözəl insan olan, əziz
xatirəsinə böyük
hörmət bəslədiyim
akademik Bəhram Əsgərov tərəfindən
yaradılmışdır və
uzun müddət onun rəhbərlik etdiyi bu kafedraya
bu gün onun tələbəsi olan Məmməd müəllimin rəhbərlik
etməsi fərəhləndirici
bir haldır, onun ruhuna hörmət
və ehtiramdır.
Mən həmişə düşünürəm ki, yubiley bir hesabatdır: vətən, millət, dövlət qarşısında hesabatdır, yaşadığın cəmiyyətə verilən hesabatdır, el-oba qarşısında hesabatdır, işlədiyin kollektivə verilən bir hesabatdır, ailəyə, böyüdüb boya-başa çatdırdığın övladlara, nəvələrə verilən bir hesabatdır. Bu gün Məmməd müəllim də 75 illik hesabat qarşısındadır. O, görkəmli bir fizik, alim kimi hesabat verir, peşəkar bir müəllim kimi hesabat verir, dövlətçiliyə sadiq, milli dəyərləri qoruyub saxlamağa və daha da inkişaf etdirməyə çalışan bir vətəndaş kimi hesabat verir. Bu 75 ildən boylanıb ötənlərə baxanda yaşadığı ömürdə mövcud rənglərin bütün çalarlarını görmək olar. Günlərin ağı da olub, qarası da, şirini də olub, acısı da, ürəyinin qapısını sevinc də döyüb, kədər də. Lakin o, həyatda həmişə optimist olub, gələcəyə həmişə ümidlə baxıb.
Məmməd müəllim həyatda həmişə öz həyat prinsipləri ilə yaşayan bir insandır. Öz işində prinsipialdır, həmişə obyektiv həqiqət axtarışındadır. Elə bu prinsipiallığın və obyektivliyin nəticəsidir ki, uzun illər boyunca dövlətimiz tərəfindən ona məsul vəzifələr tapşırılıb. Bəzən bir az laqeyd, zahirən bir qədər mülayim görünsə də, hamı inanır ki, başladığı hər bir iş uğurla bitəcəkdir, ona tapşırılan hər bir işi bacarıqla sona çatdıracaqdır.
Məmməd müəllim həm də gözəl ailə başçısı, qayğıkeş ata, sevimli babadır. Düşünürəm ki, onun həyatda qazandığı uğurların əsas səbəblərindən biri də uzun illər birlikdə ömür sürdükləri həyat yoldaşı Qətilə xanımın və artıq cəmiyyətdə layiqli yerlərini tutmuş övladlarının ona göstərdikləri diqqət və qayğı, sevgi və məhəbbətdir. Mən bu gün onun övladlarına və nəvələrinə xitabən də bir neçə söz demək istərdim. Əziz balalar, yəqin ki, siz bu kitabı və bu sətirləri oxuyanda düşünürsünüz ki, nə yaxşı ki, dünyada atanızın, babanızın xətrini istəyən çoxsaylı insanlar var, onun dostları ilə əlaqələrinin tarixi nə qədər qədimdir, sizin yaşınızdan da çoxdur. Siz hələ dünyaya gəlməmişdən biz bir-birimizlə tanış olmuşuq, uzun illər həyatda birgə addımlamışıq. Sizin atanız, babanız yaşadığı ömrü ləyaqətlə, vicdanla, təmannasız, minnətsiz, kimlərəsə boyun əymədən yaşayıb, bir sözlə, kişi kimi yaşayıb. Halal zəhmətini gözünə, könlünə və yoluna çıraq eyləyib. Həmişə də bu işıqda yol getdiyindən heç vaxt yolunu azmayıb. Dosta vəfalı olub, sevdiyinə sadiq olub. Vətənin başına pərvanə kimi dolanıb. Kindən, hikkədən, paxıllıqdan, özünəvurğunluqdan uzaq olub. Bu da həmişə onun başını uca, alnını açıq edib. Budur insanın 75 ildə qazandığı və sahib olduğu dəyərlər. Təbii ki, bu da hər bir insana nəsib olmayan bir xoşbəxtlikdir.
İllər keçəcək, sizin də övladlarınız, nəvələriniz bu sətirləri oxuyarkən babaları ilə fəxr edəcəklər, onun həyat tərzini, sınaqdan çıxa-çıxa uzun illərdən bəri süzülüb gələn dostluq münasibətlərini öz həyatları üçün bir örnək hesab edəcəklər.
75 illik yubileyiniz mübarək, əziz Məmməd müəllim! Sizə möhkəm cansağlığı, xoşbəxt ömür-gün, yeni-yeni yaradıcılıq uğurları, sevinc və səadət dolu illər arzulayıram. Yaşınıza yuxarıdan sərhəd qoymadan ümid edirəm ki, biz birlikdə sizin ilkin olaraq 80, 90, 100 - illik yubiley hesabatlarınızı qəbul edəcəyik və hər bir hesabat növbəti 10 illik hesabatın başlanğıcı olacaqdır.
Aydın
KAZIMZADƏ
AMEA-nın müxbir üzvü, professor, Bakı Dövlət Universitetinin
Elm və İnnovasiyalar
üzrə prorektoru
525-ci qəzet 2018.- 23 yanvar.- S.4.