"Dan ulduzu"
tək parlayan ömür
Aysel KƏRİM
Bəstəkar, musiqişünas
Azərbaycan musiqi tarixində qətiyyətli əməyi
sayəsində özündən
sonra parlaq izlər buraxan, yaşadığı müddətdə
musiqimizin inkişafı
naminə misilsiz xidmətləri olmuş böyük sənətkarlardan
söz açmaq olduqca məsuliyyətli, eyni zamanda, qürurvericidir.
Tanınmış musiqiçi, Əməkdar
incəsənət xadimi,
pedaqoq, sənətşünaslıq
elmləri namizədi,
fədakar qadın, unudulmaz insan Gülarə xanım Əliyevanın yaradıcılığından
söz açmağı
özümə bir borc bildim.
Gülarə xanım görkəmli alim və dövlət
xadimi Əziz Əliyevin ailəsində
dünyaya göz açıb. Onu tanıyan hər kəsin yaddaşında qayğıkeş və nikbin dünyabaxışı
ilə fərqlənən
insan kimi qalmış Gülarə
xanım Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət
Konservatoriyasının fortepiano və nəzəriyyə fakultəsini bitirib. Əvvəlcə "Azteleradio"nun, sonra Səid Rüstəmov və Əhsən Dadaşovun xalq çalğı alətləri kollektivində
çalışıb. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində elmi-pedaqoji
fəaliyyətlə məşğul
olub. Gülarə
xanım "Bəstəkar Fikrət Əmirov yaradıcılığı"
mövzusunda namizədlik
dissertasiyası müdafiə
edib. Azərbaycan Mədəniyyət və
İncəsənət Universitetinin
musiqi kafedrasının
müdiri, dosent, o cümlədən, Universitetin
elmi şurasının üzvü
olub. O, "Humayun"
suitasının, "Bayatı-kürd"
və "Şur"
fantaziyalarının müəllifidir.
Gülarə xanımın yaradıcılığından
bəhs edərkən
gözümüzün önünə
ilk olaraq "Dan ulduzu"
kamera-instrumental ansamblı
gəlir. Buna "Gülarə
Əliyeva məktəbi"
də deyə bilərik. Gülarə xanım "Dan ulduzu"
ansamblının bədii
rəhbəri, yaradıcısı,
həm də fortepiano
partiyalarının ifaçısı
idi. O, bu amsambl ilə musiqi mədəniyyətimizə
yeni bir səslənmə gətirmişdi.
Gülarə xanm öz kollektivinin yaradıcılıq potensialına və istedadına dərindən bələd
olduğu üçün yaratmış olduğu ansambl elə ilk çıxışından
uğurlu alınmış,
tamaşaçılar tərəfindən
maraqla qarşılanmışdı.
20-ci əsrin ikinci
yarısında parlayan,
musiqi həyatına rəngarənglik qatan
"Dan ulduzu" ansamblında
xalq çalğı
alətləri ilə
klassik musiqi alətlərinin sintezi uğurlu şəkildə
təqdim olunurdu. Sənətkar ardı-arası kəsilməyən
məşqlər, ansambl
üzvlərinin əzmkarlığı
və sənətə
sevgisi sayəsində
arzu etdiyi nəticəyə çata
bilmişdi.
Gülarə xanım bir çox bəstəkarlarla
çalışırdı. Onun ansamblından Elza İbrahimova, Telman Hacıyev, Ramiz Mirişli, Oktay Rəcəbov, Emin Sabitoğlu, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev kimi bəstəkarların
mahnılarını dinləmək
olardı. Lakin Oktay Kazıminin
mahnıları ansamblın
repertuarında xüsusi
yer tuturdu. Qeyd edək ki, Gülarə
xanımın öz bəstələri də bu ansamblın repertuarında səslənərdi.
Şövkət Ələkbərova, Yalçın Rzazadə, Akif İslamzadə və
digər məşhur
sənətkarlar bu ansamblın solistləri idilər. Hüseynağa Hadıyev məhz
Gülarə xanımın
yetirməsi idi. Zeynəb Xanlarova "Dan ulduzu" kamera-instrumental ansamblı ilə bir silsilə proqramla dövlət konsertlərində
çıxış etmişdi.
Gülarə xanım bölgələrdə
oxuyan istedadlı gəncləri də kollektivə dəvət edər, onların potensial imkanlarının kəşf edilməsində
dəstəyini əsirgəməzdi. "Dan ulduzu" ansamblı dövlət tədbirləri,
konsertlər, xarici qastrol səfərlərinin
bəzəyi idi.
Çıxış etdikləri İtaliya,
İspaniya, Bolqarıstan,
Türkiyə, Əlcəzair,
Livan, Suriya, Hindistan kimi ölkələrin mətbuatında
bu ansambl haqda geniş yazılar dərc olunardı.
"Dan ulduzu" kamera-instrumental ansamblının Gülarə
xanımdan sonra bədii rəhbəri olan mərhum Əməkdar incəsənət
xadimi Həsənağa
Qurbanovun ardınca, hal-hazırda Əməkdar
artist Tariyel Abbasov bu ansamblın fəaliyyətinə yön
verir və kollektiv bu gün
də yüksək səviyyədə yaradıcılığını
davam etdirməkdədir.
Bir məqama
da toxunmaq istərdim. Gülarə xanım hər
zaman fəxr hissi ilə qeyd edərmiş ki, məndən Üzeyir Hacıbəyli imtahan götürüb.
Gülarə xanımı həm
də bu nöqteyi-nəzərdən şanslı
sənətkar hesab edə bilərik.
İnanırıq ki, onun ruhu
şaddır. Çünki özündən sonra irsini layiqincə davam etdirən övladı Ayəndə xanım musiqi mədəniyyətimizə
layiqincə xidmət edən insanlardandır. Onun dərslərinin şahidi
olmuş tələbəsi
kimi deyərdim ki, Ayəndə xanım dəyərli pedaqoq, gözəl insandır.
Sənətdə zirvə fəth edən, xeyirxah və nəcib əməllər sahibi olmuş görkəmli sənətkarımız Gülarə
Əliyeva parlaq həyat və yaradıcılıq yolu ilə hər zaman xatırlanacaq.
525-ci qəzet 2018.- 23 yanvar.-
S.7.