Qəlbi zamanla döyünən şair
Şeirin, poeziyanın
atributları o zaman yüksək kamilliyə qadir olur ki,
şeir yaradanın, yəni şairin fitri istedadı, mənəvi
təcrübəsi başlıca rol oynasın.
Şeirə, sənətə
yeni gələn şairin poetik ehtizazı ilə yetkin
şairin fikir və hissləri arasında fərq olduqca
böyükdür. Belə yetkin fikirli, zəngin mənəvi
təcrübəyə malik olan, poetik ehtizazı güclü
olan şəxsiyyətlərdən biri də şair, həm
də iqtisadçı Fəxri Müslümdür.
Fəxri Müslüm ədəbiyyata
keçən əsrin 70-ci illərindən qədəm
qoymuşdur. Onun ilk şeirləri 1971-ci ildə təhsil
aldığı AXTİ-nun, indiki ADİU-nin
"İqtisadçi" qəzetində çap
edilmişdir. Sonradan, həmin illərdən etibarən
şairin şeirləri müntəzəm olaraq "Azərbaycan
gəncləri", "Ədəbiyyat", "Molodyoj
Azerbaydjana", "Elm və həyat" jurnalında və
digər qəzet və almanaxlarda çap edilmişdir və
dövrün ədəbi prosesini hər il üzrə
xarakterizə edən və "Ədəbi proses"
adlanan kitablarında adı, görkəmli ədəbiyyatşünaslar
tərəfindən, gələcəyin inamlı şairi kimi
müntəzəm olaraq çəkilmişdir.
Fəxri Müslüm 1985,
1988-89, 1990-cı illərin nəşriyyat planına
düşsə də, iqtisadçı işi ilə
bağlı, almanaxlarla əvəz edilmiş və buna görə
də, kitablarının nəşr edilməsi müstəqilliyimizdən
sonra baş tutmuşdur. O, müstəqilliyimiz dövründə dövri mətbuatda
müntəzəm çap olunmaqla yanaşı, ilk kitabını,
"Şınıx elindən salam
olsun" adıyla çap etdirmişdir. Hal-hazırda
şairin, "Şınıx elindən salam olsun",
"Koroğlunun Şınıx səfəri", “Göy üzündə qərib
ağlar" və "Mən dağdağan
ağacıyam" kitabları ilə oxucu dünyası
tanışdır və Yaponiyanın, ABŞ-ın, Sankt-Peterburqun,
Tehranın parlament və dövlət kitabxanaları tərəfindən
qəbul edilmişdir. Fəxri Müslüm
hal-hazırda növbəti kitabı çap ərəfəsindədir.
Öz müasirim, söz ustası,
şair Fəxri Müslümü
Bu yaz ağacları pöhrələnmədi,
Bu yaz ağartısı nehrələnmədi,
Artdı bu kol-kos da dəhrələnmədi,
Ay dərdi üzümə
dağılan gecəm
kimi, hələ keçən əsrin
ittifaq dövründə səmaya uzanan gecələrin
qaranlıq dərdini sətiraltı, dərin
düşüncəli, mənalı və fəlsəfi ifadələrlə
çeşidləyib yazdığı bir dövrdən
tanısam da, bu yaxınlarda dövrü mətbuatda çap
edilmiş "Söz düşdü urvatdan, samana çəkdi"
başlıqlı şeirləri bir daha diqqətimi cəlb
etdi. Şeirlərin hər bir misrasında vaxt,
zaman yaşayır. Tək şairin deyil, bizim hər
birimizin qayğı yükümüzə tab gətirən, dərd-sərimizə
şərik olan, bizə həm də, dərd gətirən
qoynunda yaşadığımız zamanın
giley-güzarıdı! Oxuduğum şeirlərin
gözəlliyi elə bundadır.
Söz düşdü urvatdan, samana
çəkdi,
Bozarmış yalana yamana çəkdi,
Ömrümü-günümü
gümana çəkdi,
Ağrım
çalın-çarpaz, ləkləndi bir az.
Şair bu misralarla yalanın
içindən göyərmiş
ölçüsüz-biçisiz, nizamı pozulmuş, həddini
aşmış və daha iddialı görünən sözlərin
urvatdan düşdüyünə işarə edir.
Bizi əhatə edən aləmdə,
yaşadığımız bu dünyada nə varsa, şairi
düşündürür. Belə ki, qitədən-qitəyə
zaman, vaxt, dövr və həyat, onda baş verən dəyişikliklər
belə, şairi çox narahat edir:
Oyunlar baş qatdı vaxta-vədəyə,
Qalıbdı bu dünya gədə-güdəyə,
Çatısız dana
tək, gəlmir yedəyə,
Zaman da tərsinə kökləndi
bir az.
Məşhur fransız
yazıçısı və nəzəriyyəçisi
Bualo yazırdı: "Qafiyə ilə fikir arasında
ayrılıq olmamalıdır, onların arasında ədavət
yoxdur və bir-birilərilə mübarizə etmirlər. Fikir qafiyənin hökmdarı, qafiyə isə
fikrin quludur". Fəxri
Müslümün yaradıcılığında biz bunu
aydınca görə bilirik. Çünki
onun yaradıcılığında istər heca və istərsə
də, sərbəst şeirlərində həm daxili və həm
də, bu və ya digər fikir qafiyənin hökmdarı,
qafiyə isə fikrin quludur.
Daha sonra o yazır: "Şeirdə
ki, fikir oldu, sözün gözəlliyi olmadı, sözlər
və səslər qulağı dəldi, belə şeiri
heç kəs oxumaz və dinləmək istəməz". Bu baxımdan, Fəxri Müslümün şeirləri
özünəməxsus üslub xüsusiyyətlərini
saxlamaqla, pafosdan uzaq, bir-birini tamamlayan, səmimi və oxucunu
yormayan poetik proseslərin ümumiləşdirilməsinin
ecazkarlığıdır.
Şeir sənətin
ölçüsü, hər şeydən əvvəl
şairin, sənətkarın yetkinlik meyarıdır. Onun həyat təcrübəsilə
bağlı olan fəlsəfi və mənəvi yüksəkliyin,
müdrikliyin meyarıdır. Fəxri
Müslüm öz düşüncəsi, fikri ifadə tərzi
ilə bu meyarlara uyğun söz və ifadə seçmək
imkanına qadir şairlərdəndir.
Təbiətin təsviri,
doğma yurdumuzun gözəlliklərinə həsr etdiyi
şeirlərində, xüsusən "Dağlar incik
düşüb" - şeirində təbiətlə insanı
poetik şəkildə təsvir edir. Şeirin qüdrətini artıran cəhət
şairin, insan gözəlliyindən də, şeirdə səmimi
söz açmasıdır:
Dağın daldasında, çay
qırağında,
Adna qazanları, qaynamır
daha.
Əriyən qızların al
yanağında,
Od-ocaq tüstüsü
oynamır daha.
Şair həm də qəm-kədər
hissi ilə yaşayır. Bir zamanlar igidlər məskəni,
igid-ərənlər yurdu olan Göyçə
mahalını, düşmən tapdağında qalan
Qarabağımızı ürək yanğısı ilə
xatırlayır.
Yollar da yoxuşa dirənib qalıb,
Cığırlar dolaşıq
köçümdən belə
Ümidlər içimdə girlənib
qalıb,
Qarabağda belə,
Göyçəmdən belə.
Lirizm, vətəndaşlıq,
vətənpərvərlik kimi xüsusiyyətlər paralel
olaraq Fəxri Müslüm yaradıcılığına
xasdır. Şair şeirlərində tarixi müasirlik qədər
yaşada bilir, müqayisə apara bilir.
Xalqın, soydaşlarının,
özünün yaşadıqlarını, əzab-əziyyətlərini,
yurd-yuvasından didərgin düşən, doğma ocaq, vətən
həsrətilə yaşayanların həsrətini öz həsrəti,
dərdini öz dərdi, həm də elin dərdi bilərək
"Göynədim" deyərkən haray çəkir:
Gumbul-gumbul gumbuldanan
türkümün,
Fəryadına, naləsinə
göynədim.
İt-bat olmuş, qərib
qalmış elatın,
Daşı
düşmüş qalasına göynədim.
Şair eyni zamanda, nikbindir. Nə
özünü, nə də oxucunu ruhdan salır. Bir
gün qərib qalmış elatın, daşı
düşmüş qalanın bu dərddən azad
olacağına inanır:
Şəhid qazi
qardaşlarını xatırlayaraq
Məni məndən ora-bura salan kim,
Haqlısı kim,
haqsızı kim, yalan kim,
Birim şəhid, birim qazi, yalan kim,
Təkayağın
yallısına göynədim.
- deyir.
Söz, sözün qüdrəti,
sözün dəyəri Fəxri Müslüm
yaradıcılığında xüsusi bir mövzudur. Şair
"Naminə", "Nə var ki", "Sözlər"
şeirində söz haqqında sanki mühakimə
yürüdür. Şairə görə
həyatda sözün böyük təsir gücü
vardır. Söz ağıl və
kamalın, bacarıq və istedadın
güzgüsüdür deyiblər.
Söz həm də yazılan
şeirdir, deyilən sözdür:
Qaçqının,
köçkünün köçünə dönüb,
Yazılan şeirlər,
deyilən sözlər.
Nə dağa, nə daşa
dırmaşa bilmir,
Ağızda dolaşan,
döyülən sözlər.
Fəxri Müslümün
şeirlərini oxuduqca düşündüm ki, görəsən,
bizi əhatə edən bu aləmdə elə bir şey
varmı ki, şairi dərindən düşündürməsin. Xeyirlə
şər, gözəlliklə eybəcərlik,
böyüklüklə kiçiklik, sevgi ilə nifrət,
qadın-kişi münasibətindən doğan sevgi şair qəlbində
təzələnir, sevgi, əzablar, ayrılıq,
ayrılığa dözüm və vəfalılıq
şair qələmində sıraya düzülərək
ruhu oxşayan misralara, şeirlərə çevrilir. Fəxri Müslümün şeirləri onun həm
də şəxsiyyətini tamamlayır, çünki şəxsiyyət
də şeirin dəyər ölçüsüdür.
Mərdlik, mərdanəlik, kişilik şairin
bütün yaradıcılığında əsas amillərdən
biridir.
Bu baxımdan şair sevgini
necə dəyərləndirirsə, şeiri də sevgi qədər,
eşq qədər uca tutur. Şeir təkcə sevgi deyil deyərək,
şeiri söz qılıncı adlandırır:
Şeirlər qılınca, nizəyə
dönsün gərək,
Şərə, şər qüvvəyə
yönəlsin gərək
Şeir təkcə sevgi deyil...
Dövrün, zamanın tələbi
həm də şairin tələbidir. Şair
dünəni, bu günü və gələcəyi ilə
yaşayır.
Sözün dayazına aldandın hərdən,
Salam, yetmiş ilim, salam,
a günüm,
Hələ astanada varım-gəlim
var.
Hələ deyilməmiş min
sözüm-ünüm,
Hələ
açılmamış min diləyim var.
Fəxri Müslümün
sözü obrazlı fikir və ruhdan və dərin qatlara
bağlı, təzə-tər nəfəsdən
yoğrulmuş həqiqi şairlərdəndir. Sözü, fikri tükənməyən,
deyiləsi sözü, yazılası neçə-neçə
şeiri, hələ də açılmamış min diləyi
var
İnanıram ki, şairin
açılmamış diləkləri zaman-zaman misralara
düzülərək gözəl sənət nümunəsinə
- poeziya nümunəsinə çevriləcək.
Şairliyi ilə yanaşı,
iqtisadiyyat üzrə fəlsəfə doktoru dosent Fəxri
Müslüm bir iqtisadçı alim kimi, hal-hazırda Azərbaycan
Respublikası Prezidenti Yanında İdarəçilik Akademiyasında
pedaqoji fəaliyyətlə məşğuldur. O, iqtisadi
yaradıcılıqla da müntəzəm məşğuldur
və iqtisadiyyatın bu və ya digər sahələri barədə
xaricdə və Respublika elmi jurnallarında 50-dən çox
elmi məqalələri çap edilmişdir. Eləcə də,
"İdarəetmənin İnformasiya Texnologiyaları",
"Kütləvi İnformasiya Vasitələrinin
İqtisadiyyatı", "Beynəlxalq Bank Auditi",
hazırda birgə müəllifliklə hazırlanan və
çap ərəfəsində olan "Milli
İqtisadiyyat" kimi dərs vəsaitlərindən Milli
Aviasiya Akademiyasında, ADİU-də, ADU-də, ARPY-da Dövlət
İdarəçilik Akademiyasında və digər təhsil
ocaqlarında tədris edilir.
Bu yazı, Fəxri
Müslümün 70 yaş çevrəsində olması ilə
bağlı, onun yaradıcılığının və
iqtisadi fəaliyyətinin kiçik bir xronikasıdır,
Tanrı ömür versin, yüz yaşasın!
Akif BAYRAM
Filologiya elmləri
doktoru, professor,
Əməkdar
müəllim
525-ci qəzet.-
2018. - 24 yanvar.- S.8.