Nəsimi əzablarından Nəsimi harayına

 

Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin "Nəsimi-passion" əsərinin videoyazısına baxarkən

 

"Ey özündən bixəbər qafil, oyan!

Haqqa gəl kim, haqq deyil batil, oyan!"

 

İmadəddin Nəsimi

 

İnsan təbiətdən ayrılıb cəmiyyət həyatına başladığı ilk gündən əzabın dadını bilirdi; zira Ulu Tanrı ona heç bir canlıya pay vermədiyi şüur mərhəmət etmişdi və bu şüur da onu həm başqa canlılar üzərində ucaltmış, həm də əzabı və ağrını dərk etmək kimi dəhşətli bir qabiliyyətə qovuşdurmuşdu.

XVI əsrdə böyük Azərbaycan şairi və filosofu Molla Məhəmməd Füzuli bunu yüksək poetik səviyyədə belə ifadə edəcəkdi:

 

Sən nə afətsən mənə, ey əqli-bədfərcam, kim,

Bulmaq olmaz surəti-qürbündə asari-nişat...

... Ol ki, daim həmnişinindir, müəzzəbdir müdam,

Netəkim, təklifə hökmi-şər' ilə sənsən mənat.

 

"Müəzzəb" - əzabçəkən deməkdir. Deməli, əzab çəkmək qabiliyyətinə malik olmaq üçün insanda ağıl lazımdır. Bunun başqa bir adı da "anlamaq dərdi"dir. Buradan da əzabın iki başlıca növü - cismani və ruhani əzab meydana çıxır.

İslam dinində günahkarların qorxudulması və pis işlərdən çəkindirilməsi üçün o dünyada onlara "əzabun əlim" - acı əzab vəd edilir. Acı əzab isə daha çox cəhənnəm odu vasitəsilə reallaşdırılan yanıq əzabları kimi təqdim edilir. Əslində, yanmaq - paradoksal bir prosesdir: həm həyat verir, həm də həyatı məhv etməklə əzab verir. Xalq şairimiz Bəxtiyar Vahabzadə nahaq yerə demir ki:

 

Yaşamaq - yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək -

Onun da həyatı yanmağındadır.

 

Niyə əzabdan və yanmaqdan bu qədər danışırıq? Ona görə ki, haqqında bəhs açacağımız passion janrındakı əsərin adı da latınca passio, yəni əzab çəkmək sözündən götürülmüşdür. Dilimizdə bunun qarşılığı - "əzabkeş"dir.

Xristian aləmində çox geniş yayılmış əzabkeşlik islam aləmində də az da olsa, müəyyən presedentlərə malikdir. Məsələn, islamın lap ilk dövrlərindən başlasaq, Əmmar ibn Yasir, Həzrət Əli əleyhüssəlam, onun həyat yoldaşı, Məhəmməd peyğəmbərin (s.ə.s.) sevimli qızı Həzrət Fatimə, onların övladları olan 12 şiə əzabkeşi imam bunlara parlaq misaldır. Təsadüfi deyil ki, əzabla öldürülmüş bu tarixi şəxsiyyətlər haqqında islam ədəbiyyatında xüsusi bir janr - "məqtəl" (zorakılıqla öldürülmə) janrı da geniş yayılmışdır və Azərbaycan ədəbiyyatında bu janrın Məhəmməd Füzuli qələmindən çıxmış "Hədiqətüs-süəda" və görkəmli şair, alim, yazıçı, tarixçi Abbasqulu ağa Bakıxanovun yazdığı "Riyazül-qüds" kimi klassik örnəkləri vardır. Bu epik janrla yanaşı, "mərsiyə" (ağı) adlı lirik janr da mövcuddur ki, bu da əzabla qətlə yetirilmiş insanların sosioloji, mənəvi-psixoloji durumunu poetik bir dillə təsvir  tərənnüm edən şeirlərə verilən addır. Qeyd edək ki, "ağı" janrı türk dilində yaradılan ədəbiyyatda və folklorda çox qədim tarixə malik olmuşdur. XI yüzilliyin görkəmli türk dilçi alimi Mahmud Kaşqarlı özünün "Türk dillərinin divanı" adlı fundamental əsərində Türk xaqanı Alp Ər Tunqanın ölümü ilə bağlı deyilmiş ağını örnək gətirir:

 

Alp Ər Tunqa öldümü?

İssız acun qaldımı?

Ödlək öcün aldımı?

İmdi ürək yırtılır!

 

Alban-Azərbaycan şairi Dəvdəkin hökmdar Cavanşirin ölümünə yazdığı ağı da bu janrın parlaq örnəkləri sırasında yer alır.

Azərbaycan tarixində Seyid İmadəddin Nəsimidən əvvəlki ən böyük əzabkeşlərdən biri də IX əsrdə yaşamış və istilaçılara qarşı geniş mübarizə hərəkatına başçılıq etmiş Babəkdir. Xüsusilə XX əsrdə ədəbiyyat sahəsində, belə demək mümkünsə, "Babək-passion" janrında yazılmış bir çox əsərlərə rast gəlmək mümkündür. Hətta rus şairi İlya Selvinski də bu əzabkeş qəhrəmana əsər həsr etmişdir. Bu qəbildən yalnız Aqşin Əlizadənin "Babək" baletini qeyd etməklə kifayətlənmək istərdik.

Əgər tarixi qaynaqları nəzərə almasaq, böyük şairimiz Seyid İmadəddin Nəsiminin həyatı haqqında da kifayət qədər ədəbi-bədii və filmoqrafik material vardır. İsa Hüseynovun "Məhşər", Rəsul Rzanın "Son gecə", Qabilin "Nəsimi" əsərləri bu baxımdan xüsusilə seçilir. "Məhşər" romanının motivləri əsasında isə "Nəsimi" filmi çəkilmişdir. Nəsiminin həyat və yaradıcılığının öyrənilməsində tarixçilərin və ədəbiyyatşünasların əməyini də xüsusi qiymətləndirmək lazımdır.

Əlbəttə, Nəsimişünaslıq adlandıra biləcəyimiz bu silsilədə Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, dünya şöhrətli Azərbaycan bəstəkarı, professor Firəngiz Əlizadənin "Nəsimi-passion" adlı fundamental əsəri həm də böyük şairimiz haqqında "musiqi məqtəli", "musiqi ağısı" kimi qiymətləndirilə bilər. Əslində, bu, Qərb-xristian musiqi janrının Şərq-islam arealına uğurlu transformasiyası sayılmağa layiqdir. Əsərin ilk dəfə məhz Qərbdə - Hollandiyada ifa edilməsi və yüksək coşqu ilə qarşılanması da Şərq-müsəlman, ilk növbədə isə Azərbaycan klassik musiqisinin böyük təntənəsidir.

Əsərin bu qədər mükəmməl alınmasının səbəbi nədir? Zənnimcə, əsas səbəb - yaradıcılıq əzabının (şirin!) və obyektə yüksək səmimi məhəbbətin mükəmməl bir şəkildə müəllifin içindən keçərək notlara çevrilməsidir.

Necə ki, 600 il bundan qabaq istedadlı bəstəkarın böyük şair babası da deyirdi:

 

Hüsnünün vəsfini ta yazmağa əzm eyləmişəm,

Qələmin dili ucundan qamu sevda tökülür.

 

Qeyd edək ki, poetik sözün çoxmənalılığından istifadə edən şair bu beytdə maraqlı bir cinas-omonim işlətmişdir: orta əsrlərdə qalmış, yaxud lələk qələmi qara mürəkkəbə batırıb yazırdılar və bu mürəkkəb "sevda" adlanırdı. Eyni zamanda, "sevda" sözünün başqa bir mənası da "sevgi, istək" deməkdir. Şair göstərir ki, sevgilisinin gözəlliyini təsvir edərkən qələmin ucundan tökülən sadəcə qara mürəkkəb deyil, həm də aşiqin saf sevgisidir.

Düzdür, zamanımızın istedad sahibi olan yaradıcıları nə qara mürəkkəbdən istifadə edirlər, nə də qələmdən; bunları klaviatura və barmaqlar əvəz edir. Deməli, bu dövrdə qələmin ucundan deyil, yaradıcı şəxsiyyətin barmaqlarından sevda tökülür öz tərənnüm obyektinə qarşı. Özü də təkcə sevda ilə yetənəklənmir, qəlbinin yanğısını, sinəsinin odunu-alovunu da bu sevginin üstündə verir. Buna görədir ki, əsəri dinləyənlər bu odun-alovun istisinə bu sevdaya yoluxur, heyranedici əsərin bir növ həmmüəllifinə çevrilir, düşünür, zövq alır, sevinirlər. Füzuli necə deyirdi:

 

Ey Füzuli, intəhasız zövq buldun eşqdən,

Böylədir hər iş ki, həqq adilə qılsan ibtida.

 

Professor Firəngiz Əlizadənin s onsuz bir yaradıcılıq zövqü ilə, "həqq adilə ibtida qıldığı" bu əsər, təbii ki, ilahi bir gözəlliyə malik olmalı idi və oldu da!

Dünyanın düz vaxtında, 10-12 il bundan öncə mərhum akademik Bəkir Nəbiyevin başçılığı altında bir qrup Nəsimişünasla Suriyaya, Nəsimiyə həsr olunmuş Beynəlxalq konfransa getmişdik. Təbii ki, səfər çərçivəsində bizim üçün çox maraqlı olan qədim Hələb qalasını da ziyarət etdik. Tarixi qaynaqların yazdığına görə, Nəsimi məhz burada şəhadət şərbətini mərdliklə başına çəkmiş, bu fani dünyaya "üç talaq" vermişdi. Bu beytini də mistik bir uzaqgörənliklə sanki elə o gün üçün demişdi:

 

Dünya duracaq yer deyil, ey can, səfər eylə,

Allanma onun alına, ondan həzər eylə!

 

Qətl meydanından bir qədər yuxarıda antik amfiteatrın yaxşı qorunmuş qalıqları durur (daha doğrusu, dururdu, indi kim bilir, qalanın özündən nəsə qalırmı?). Və mən Firəngiz xanımın əsərini dinləyə-dinləyə birdən gözümün önündə Hələb qalası, qalanın qətl meydanında məğrur Nəsimi, amfiteatrın daş pillələri üzərində nəhəng Hollandiya orkestri və möhtəşəm xor canlandı. Ecazkar musiqi və virtual ifa həmin səhnənin müqəddəs fəciliyini tam mənası ilə restavrasiya edirdi.

Bu nə idi? Mistikamı? Qarabasmamı? Yoxsa Nəsiminin ruhu göylərdən, cənnəti-əladan enib dirijorun bədəninə hopmuşdu və öz qətlinin elegiyasını özü idarə edirdi...

 

Nədir ol xüşk olan çubdə bu naleyi-zar,

Ki sədasından onun qarət olur səbrü qərar?

 

Musiqinin sehri məni özümdən alıb aparmışdı və quş uçuşundan XV yüzilliyin, 1417-ci ilin Hələb qalasına baxa-baxa mənə elə gəlirdi ki, qətl meydanındakı sal qayanın üzərinə tökülən Nəsiminin qanı deyil, böyük humanist şairə yas tutan skripkaların, fleytanın qanlı göz yaşlarıdır, qadın xorunun ürək parçalayan ah-naləsidir...

Ancaq nə yaxşı ki, ürəkləri üzən elegik ovqatın ardınca borular haray salır, nəqqarələr gumbuldayır, kişi xoru aslan kimi nərə çəkir, bununla da üzülmüş ürəklərə təpər gəlir, düşünürsən ki, dünya xali deyil, dünyada xeyir şərə qalib gələcək.

 

Beləcə, minor və major notların harmonik növbələşməsi ilə təkcə Nəsimi əzabının, Nəsimi naləsinin deyil, həm də insanların xoşbəxtliyi, insan kamilliyi yolunda uf demədən canından keçmiş Nəsimi harayının, Nəsimi nərəsinin də iştirakçısına çevrilirsən, onunla birgə kədərlənib, onunla birgə sevinirsən, öz millətin üçün, insanlıq üçün qürur duyursan. Nəsiminin şəhidlik qanı damarlarından axıb keçir, səni haqq-ədalət uğrunda yeni mübarizələrə səsləyir, insanlığa, kamilliyə dəvət edir. Ksenofobiyaya, ikili standartlara, ədalətsizliyə, zülmə, insanın insani ləyaqətinin alçaldılmasına yox deyir, dünyanın bəzəyi olan insan unikumuna layiq olduğu qiymətin verilməsini tələb edir.

 

Mərhəba, insani-kamil, canımın cananəsi!

Aləmin canı sədəfdir, sənmisən dür danəsi!

 

Uzaq Hollandiyada zərif azərbaycanlı  xanımın vətəndaşlıq qeyrəti nəticəsində solist və xor Azərbaycan şairinin ölməz sözlərini Azərbaycan dilində ifa edir, tamaşaçıların qarşısında ucalan nəhəng monitordakı titrlərdə holland dilində sətri tərcümələr canlanır, XV yüzillikdə Azərbaycanda ucalmış humanist fikirlər XXI yüzillikdə Avropanı heyrətə salır.

Bu deyilmi müstəqil dövlətimizin xarici və mədəniyyət siyasətinin təntənəsi!

Böyük Azərbaycan yazıçısı və mütəfəkkiri Mirzə Cəlil Məmmədquluzadənin məşhur povestində hadisələri nağıl edən qəhrəman öz dostu haqqında belə deyir: "Sadıq danışanda mən az qalıram duram onun gözlərindən öpəm".

Mən elə bilirəm ki, Firəngiz xanımın əsərinin videoçarxına baxandan, onun əsrarəngiz musiqisini dinləyəndən sonra mənim ürəyimdən keçənlər hamının ürəyindən keçdi: durub onun zərif əlindən, ecazkar barmaqlarından öpmək, bütün xalqımızın səmimi təşəkkürünü bu gözəl azərbaycanlı xanıma çatdırmaq!

O ki qaldı, "Nəsimi-passion" əsərinin professional təhlilinə - artıq burada meydan peşəkar musiqiçilərindir.

Yaradıcılığının çiçəklənmə dövrünü yaşayan Azərbaycan Respublikasının Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadəyə möhkəm cansağlığı və bundan sonrakı fəaliyyətində daha böyük yaradıcılıq uğurları diləklərimlə...

 

Teymur KƏRİMLİ

AMEA-nın həqiqi üzvü

 

525-ci qəzet.- 2018.- 24 yanvar.- S.7.