Bəstəkar Şəfiqə Axundova
yad edilib
Yanvarın 22-də Beynəlxalq Mətbuat Mərkəzində görkəmli
bəstəkar, Xalq artisti, "Şöhrət"
ordenli Şəfiqə
Axundovanın 94-cü ildönümü
münasibətilə tədbir
keçirilib.
Tədbir Qafqaz Media İctimai Birliyinin (İB) təşkilatçılığı,
istedadlı bəstəkar-müğənni
Arif Səlimovun təşəbbüsü ilə
təşkil olunub.
Tədbirdə İB-nin sədri Azadə Hüseynova görkəmli bəstəkarın
həyat və yaradıcılığından söhbət açıb. Bildirib ki,
Şəfiqə Axundova
1924-cü ildə Şəki
şəhərində anadan
olub. A.Zeynallı
adına Bakı Musiqi Məktəbində oxuyarkən
Üzeyir Hacıbəylidən
dərs alıb, müəlliminin tövsiyəsi
ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası
üzrə Boris Zeydmanın
sinfini bitirib.
Milli Məclisin deputatı Jalə Əliyeva bəstəkarın anası
şair Nurəngiz Günlə yaradıcılıq
və dostluq münasibətlərindən söhbət
açıb. Onları birləşdirən tale və
yaradıcılıq bağlarının ailə dostluğuna
çevrildiyini, hər iki yaradıcı xanımın
bir-birinin uğurlarına ürəkdən sevindiyini bildirib.
Tədbirdə bəstəkarla yaradıcılıq ünsiyyətində olan, onun mahnılarının ifaçılarından Xalq artistləri Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Əməkdar artist Gülüstan Əliyeva Şəfiqə Axundovanın 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı kimi adını musiqi tariximizə yazdırdığını bildiriblər.
Bildirilib ki, görkəmli bəstəkarın yaradıcılığı hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Tədbirdə Arif Səlimovun tərtib etdiyi, bəstəkarın həyatının unudulmaz anlarını canlandırıan "Əslində mən beləyəm" adlı videomaterial nümayiş etdirilib.
Tədbirdə bəstəkarın mahnıları gənclər tərəfindən ifa edilib.
Sonda gənclərə və qonaqlara bəstəkarın yaradıcılığına göstərdikləri ehtirama və onun xatirəsini əziz tutduqlarına görə Qafqaz Media İctimai Birliyinin "Qobustan" diplomu təqdim olunub.
XƏDİCƏ
525-ci qəzet.- 2018. - 24 yanvar.- S.7.