Borçalı ətirli misralar
Və ya
"Dünyanı dolaşan saz havasıyam"
Qədim tarixi, zəngin mədəniyyəti,
folkloru və aşıq sənəti ilə məşhur olan
Borçalı torpağının ictimai-siyasi həyatında
fəal iştirak edən milli qeyrətli ziyalıları,
şairləri, məşhur elm, maarif, mədəniyyət,
incəsənət və dövlət xadimləri təkcə
Gürcüstanda deyil, o cümlədən, Türkiyə,
İran və digər ölkələrdə də
böyük hörmət qazanmışlar.
Ulu Qarapapaq türklərinin
yurdu ilə ilgili bir sıra şifahi xalq örnəkləri -
əfsanə, dastan və nağıllar bu gün də
yaşamaqdadır. İgid qarapapaqlar yurdu qədim
Borçalını bir çox tanınmış el sənətkarları
vəsf etmişlər. Aşıq Hüseyn Saraclı,
Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Ziyəddin
kimi el sənətkarları, İsa İsmayılzadə, Vilayət
Rüstəmzadə, Eyvaz Borçalı, Abbas Abdulla, Xalq
şairi Zəlimxan Yaqub kimi Borçalı ədəbi-mədəni
mühitindən barınan bu şairlərin hər biri özünəməxsus bədii
yaradıcılığı ilə geniş şöhrət
qazanmışlar.
Bu müəlliflər
içərisində özünəməxsus dəst-xətti
və fərdi üslubu ilə seçilən şairlərdən
biri də Telli Sənəm Borçalıdır. Onun şeirlərinin
mövzu çevrəsi rəngarəngdir: vətənə,
torpağa, Borçalıya, təbiətə, sevgiyə həsr
olunmuş
şeirləri səmimiliyi və təbiiliyi ilə
seçilir. Real hadisələrə həssas şair
münasibəti, yüksək poetik deyim və
obrazlılıq Telli Sənəm
yaradıcılığının başlıca xüsusiyyətləridir.
Onun şeirlərinin mayası xalq ədəbiyyatının
zəngin qaynaqlarından, ustad aşıqların söz
çeşməsindən barınıb. Uyarlı
söz və poetik ifadələrin yerində işlənməsi
həmin şeirlərin emosional təsirini, bədii siqlətini
artırır və oxunaqlı edir. "Borçalı
elindən pərvazlanan", "Mənəm
Borçalının kövrək nəğməsi" deyən
şair bir türk qızı olaraq bütün Turanı
özünə vətən sanır:
Bahar ətirliyəm, yaza
bağlıyam,
Könüllər oxşayan
naza bağlıyam.
Əzəldən sədəfli saza
bağlıyam,
Turandı Vətənim, mən
türk qızıyam.
"Bu qarapapaq türk
qızı"nın hər misrasından, hər
sözündən "məhəbbət adlanan məmləkəti"
- doğma Borçalının ətri duyulur.
"Ayna bulaqları ağbirçək
nənəm",
"Dağlarına
ağsaçlı babam"
- deyən şair
Zəlimxan sözüylə gül açan söz"ləriylə
deyir:
Sehrə bax, bu sehr gülüm,
çiçəklər,
Yanıb kül olsam da,
külüm çiçəklər.
Borçalı eşqiylə
könlüm çiçəklər,
Bu yurd atam-anam, balamdı mənim.
"Borçalı sevdası",
"Borçalım", "Qarapapaqlar",
"Borçalının qızları" və bu
mövzulu digər şeirlərdə doğma
Borçalının mübarizələrlə dolu tarixi
keçmişi, füsunkar təbiəti, milli adət-ənənəsi,
ustad aşıqların saz-söz dünyası, "Telli Sənəmin
Borçalı ətri" və bir də Borçalı
çiçəklərinin rayihəsi duyulur.
Şairin lirik qəhrəmanının
qəlbən tapındığı, arxalandığı, həsb-hal
etdiyi, ümid yeri və yeganə sirdaşı sazdır. Könül sazını
telli saza kökləyən şair "Telli sazım"
şeirində deyir:
Telli saz, adaşım sənsən,
Min illik yaddaşım sənsən.
Sinəmdə baş daşım sənsən,
Dillən, kövrək telli
sazım.
"Dünyanı dolaşan saz
havasıyam" deyən şairin "Layla ətri hopmuş
şirin dilləri" saza kökləndiyindəndir ki, hər
misrası sazla danışır:
Könlümü oxşayan saz
havaları,
Olubdu qəlbimin sərvəti
varı;
və ya:
Duyğular dil açıb dinir sinəmdə,
Sazla çiçəkləyir,
gülür sinəmdə.
və yaxud:
Telli Sənəm, hərdən-hərdən,
Dərdləş telli saznan hərdən
- və s.
Şairin bu səpkili
şeirlərində həzinliyin, əzəmət və
vüqarın, qəhrəmanlığa
çağırışın poetik təsdiqini
görürük.
Telli Sənəmin şeirlərində
doğma torpaqlarından zorla didərgin salınan
soydaşlarımızın torpaq yanğısı, yurd-yuva həsrəti
də öz bədii ifadəsini tapmışdır. Onun "Ağlama
Qarabağ, Şuşam, ağlama", "Qarabağ",
"Mən kiməm", "Azadlıq harayı",
"Bayraq eşqi" və s. şeirlərində vətənə,
torpağa olan ülvi məhəbbətin tərənnümü
görükür.
90-cı ilin 20 Yanvarı
xalqımızın qəhrəmanlıq salnaməsidir. Vətənin
istiqlalı, milli azadlığı və müstəqilliyi
uğrunda mübarizəyə qalxan və bu yolda şəhidlik
zirvəsinə ucalan vətən övladları özlərinin
fədakarlığı, şəhidliyi ilə
xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifə
yazdılar, öz ölümləri ilə əbədi
ölməzlik qazandılar.
Bu gün Şəhidlər
Xiyabanı xalqımızın istiqlal abidəsidir. Şair "Azadlıq
harayı" şeirində Şəhidlər
Xiyabanını xalqın fədakarlıq və qəhrəmanlığının
simvolu kimi mənalandırır:
İndi üç rəngli
bayrağımdan
Yanvar gecəsinin qeyrəti
boylanır.
İndi şəhidlər
xiyabanında
Şəhidlərin Azadlıq
eşqi
Əbədi tonqal kimi yanır...
"Qəlbində
Qarabağ yanğısı yatan", qarabağsızlıq dərdini
içində gəzdirən şair torpaqlarımızı
işğal edən erməni faşistlərinə
qarşı igid oğullarımızı mübarizəyə
səsləyir. "Vətənin bağrında xaldı
Qarabağ" - deyən şair "Azadlığın nuru ələnən"
üçrəngli bayrağımızın həsrətlə "yolunu
gözləyən doğma Qarabağ"da tezliklə dalğalanacağına
qəlbən inanır. Nikbin və ümidli misralarla süslənmiş
"Qarabağ" şeiri belə bir inamı təsdiqləyir:
Ta yola getmirəm mən bu
dözümlə,
Döyüşə
qalxmışam mən də sözümlə.
Bir gün görəcəyəm
ağlar gözümlə,
İgidlər
öcünü aldı Qarabağ.
Şairin işğal olunmuş
ayrı-ayrı rayonlarımıza həsr etdiyi şeirlərində
də torpaq yanğısı, yurd-yuva həsrəti öz poetik ifadəsini
tapmışdır. "Mən kiməm" şeirindən
bir örnək:
Ömrü əsir düşən qərib
bacınam,
Çeşməsi ağlayan Şuşa, Laçınam.
Düşmənlər baş qoyan ağ balıncınam,
Kədərli gözümdən
soruş mən kiməm.
Bu şeirlər ona görə
bəyənimli və ürəyə yatımlıdır ki,
doğma yurd yerlərinə həsrət ovqatı
güclü poetiki deyim və obrazlarla, eləcə də
yüksək bədii dillə ifadə olunur. Dəqiq ifadə edilib ki, "Poeziya
"ən yaxşı sözlərin ən yaxşı
düzümü" deyil, poeziya dilin mövcudluq
formasıdır" (İ.Brodski).
Səciyyəvidir ki, şair
ehtiyac duymadığı və daxilən
yaşamadığı mövzunu şeirə gətirmir. Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi
"Mübariz" şeiri şairin qəhrəmana olan məhəbbətinin
bədii əksidir. Erməni faşistlərinə
qarşı təkbaşına vuruşan, böyük
şücaət göstərən və vətən yolunda
şəhid olan Mübariz qəhrəmanlığı ilə
əbədi ölməzlik qazandı. Vətən yolunda şəhidlik
zirvəsinə ucalan Milli qəhrəmanımızın rəşadətindən
qürur duyan şair yazır:
Mübarək bir anın yetdiyi anda
Ömrün qapısından
çıxdı Mübariz.
Sərrast güllə kimi əsgər
adını,
Ölümün adına
sıxdı Mübariz.
"Dərdin Qarabağ rəngi",
Lələtəpə fatehlərinə həsr etdiyi
"Azadlıq eşqi", "Şuşaya, Laçına
bayram gəlirmi?", "Zəngilan", "Qarabağ"
şeirlərində də işğal altında
qalmış yurd yerlərimizə xəyali ekskurs edən
şair intizarla, həsrətlə öz
yurddaşlarını gözləyən, əsirlikdə olan,
gözləri yollarda qalan torpaqlarımızı səmimi
duyğularla əks etdirir:
Borçalı elimdi, obamdı mənim
Ürəyi əzəldən
saza bağlıyam.
Könlümə Şuşanın dərdi
düşəndən,
Vətən həsrətindən qəlbi
dağlıyam,
Ruhu qan ağlayan
Qarabağlıyam.
"Azadlıq eşqi" şeirində
Lələtəpə uğrundakı döyüşlərdə
qəhrəmanlıq göstərən və şəhidlik
zirvəsinə yüksələn igid əsgərlərimizin
məğrur obrazı səmimiyyətlə və yüksək
bədiiliklə ifadə olunur:
Boynuma saldığım
qırmızı yaylıq,
Ulu şəhidlərin
qanıdı, Vətən.
Mənim misralarım şəhidlik ətri,
Səni bu ətrinlə
tanıdım, Vətən!
Şair lirik qəhrəmanlarının
sevinc və kədərini, ağrı və
acısını, mübhəm duyğu və
sarsıntılarını daxilən özü də
yaşayır.
Qəlbini sevgi və məhəbbət üstündə
kökləyən şairin bu mövzulu şeirləri onun
hiss və həyəcanlarının, narahat anlarının,
vüsal və iztirablarının bədii əksidir. Onun lirik qəhrəmanı sevgisində sabitqədəmdir,
ona görə də "Ürəyimdə bir
ömürlük qonaqsan" - deyir. "Sevgi
yollarına qəlbimi sərin" - deyən şair:
Ağarıb saçlarım,
bükülüb belim,
Bəyaz bir haraydır
saçımda telim.
Sənin xəyalına uzanıb əlim,
Mənim ala gözlüm, məhəbbət
ölmür
- deyərək
öz sədaqətini və etibarını nümayiş
etdirir.
Telli Sənəmin poetik
leksikonunda xalq danışıq dilindən gələn ifadələrə
də rast gəlinir. Xüsusilə onun qoşmaları, gəraylıları,
müxəmməsləri, divaniləri, rübailəri,
bayatıları və məsnəviləri yüksək
şeiriyyəti və orijinal bədii tutumu ilə diqqəti
çəkir. Şairin poetik dilində
obrazlı ifadələrin işlədilməsi onun uğurlu bədii
axtarışlarından xəbər verir. Məsələn:
"Qərib yurd yeri tək göynəyir yaddaş";
"Bəxtimin yoluna dərd olub xalı"; "Qonum
dodağına incə gülüş tək";
"Saçımı həsrətlə külək
daraqlar"; "Arzular gözümün yaşını
içib // Dərd həsrət donunu əynimə
biçib"; "Qubardan tutulur yolların gözü //
Üşüyür həsrətdən ocağın
közü"; "Həsrət çeşməsidir
gözümün yaşı"; "Yurda məhəbbətim
çiçəklər sanı"; "Ömrümə
bir nəfəs yaxın gəl // Qoy çiçəkləsin
üzümün təbəssümü";
"İçimdə həsrətli bir Araz axır";
"Həsrətlə adını
pıçıldayıram // Öpüşün diksinir
dodaqlarında"; "Çırmayıb qolunu yenə
küləklər// Qərib ağacların
saçını yolur"; "Sənin həsrətini
basıb bağrına // Qısılıb sinəmə
qollarım mənim"; "Zəhmət imzasıdır hər
alın təri" və s.
Telli Sənəmin şeirlərində
yerində işlənən bədii təsvir vasitələri,
xüsusilə məcazlar və təşbehlər bu şeirlərin
bədii siqlətinə bir poetik əlvanlıq və təravət
gətirir. Bəzi
seçimli nümunələrə diqqət edək:
"Könlüm qədəminə
döşənmiş xalı // Sənsizlik sinəmdə bir
lalə xalı"; "Baxışın boynuma qolun
dolayıb"; "Odlu baxışların doğma
ocaqdır // Ruhum şirin-şirin orda isinir"; "Misralar
eşqimin gözmuncuğudur"; "Sevgisi çağlayan
bulaq kimiydim // Təbəssüm ətirli dodaq kimiydim";
"Boynuma sarılıb dərdin qolları // Geyib qəm
köynəyi sevgi yolları"; "Könlümdə
eşq adlı od qalanıbdı // Gəl qoxla köksümdə
közün ətrini"; "Misra kimi qoşalaşıb
beyt olur // Bir-birinə toxunuşu yanağın"; "Alov
tonqalına dönüb qucağım // Bahar yelləri tək
pıçıldayırsan"; "Oxşa
saçlarımı yaz mehi kimi // Oxşana-oxşana
yazlanıram mən"; "Bəyaz çiçəyimdir
bəyaz saçların // Sevgi duvağıdır hər yaz
saçların"; "Yarpaq əlləriylə qədim
ağaclar // Min ildir əl edir burda günəşə";
"Yarpaqlar yamyaşıl misralar kimi // Oxunur meşənin
dodaqlarında"; "Saçı saralıbdır göy
meşələrin // Ürəyi partlayıb güleyşələrin";
"Yarpaqlar tökülür göz yaşı kimi";
"Həsrətin saçıma yağıb qar kimi //
Gözlərim dolubdur buludlar kimi"; "Ruhum qələm,
Mil düzüdü varağım"; "Kür
çayı köksünə düşən
hörükdü"; "Ahım bir ocağın
sönmüş qorudu" və s.
Şair şeirlərinin bədii
təsir gücünü artırmaq üçün yeri gəldikcə
alliterasiya və assonanslardan da istifadə edir. Bu səs təkrarı
öncə şeirdə ahəngdarlıq yaratmağa xidmət
edir. Məsələn:
Ötüb sinəsindən
ömür yollarım
Saralıb boynuma misra qollarım;
və ya:
Sözlər çiçək-çiçək
açır sinəmdə
Çiçək
bağçasına dönüb sinəm də;
və yaxud:
Çiçək açdım,
çiçəkləndim yazıynan;
Bəzi şeirlərdə
işlənən assonanslar isə hər bir misranın məna
tutumuna bir axıcılıq və ahəng gətirir. Məsələn:
Könlümün yarası dərindən-dərin,
Yaxası nəmlidir xatirələrin;
və ya:
Ovcunda qalmışam qəmin, qəhərin,
Arzular bumbuzdu, ümidlər
sərin.
Göz yaşı qurumur xatirələrin,
Analı günlərim yadıma
düşür;
və yaxud:
Gülə-gülə söz
güllənir sinəmdə,
İncə adı güzgülənir
sinəmdə;
və yaxud da:
Gül adını güllə
yazdım,
Mən səninlə
güllü yazdım.
Sənsiz güllü yolu azdım,
İlk ünvanım sənsən,
ana
- və s.
Şairin poetik dilində və
obrazlı deyimlərində folklor örnəklərindən də
məharətlə istifadə duyulur. Onun yüksək poetik
özəlliyi ilə seçilən şeirləri folklor
poetikasından, el ədəbiyyatından dil
aldığındandır ki, bir oxunuşdan oxucu qəlbinə
yol açır və yaddaşda qalır. Xalq şairi Məmməd Araz yazırdı ki,
"Xoşbəxt şair çox yazan, çox dərc olunan
deyil, çox oxunan sənətkardır".
Telli Sənəmin "Sözün Zəlimxan
ətri" poeması "Qəlbində sözlərdən
ocaq yandıran", "Ömrü söz ətirli",
"Ömrünü müqəddəs sözə bələyən",
"Bir sözlə min saray hörən",
"Sözünün butası heç vaxt solmayan"
böyük sənətkarımız, unudulmaz xalq şairi Zəlimxan
Yaqubun işıqlı şəxsiyyətinə və
böyük sənətinə həsr edilib.
Poemada şairə olan tükənməz el məhəbbəti yüksək
bədiiliklə və obrazlı şəkildə ifadə
olunub.
Ötən illər Telli Sənəm
Borçalı üçün uğurlu olub. "Ulduzların
melodiyası", "Böyüməyən körpə",
"Dərd gülünün bağbanıyam, ana"
kitabları "Elm və təhsil" nəşriyyatında
çap olunub. Ədəbi fəaliyyətinə görə
şair "Səməd Vurğun" ədəbi müsabiqəsinin
diplomuna layiq görülüb. O, həm də
"Qızıl qələm" mükafatı
laureatıdır. Şairin şeirlərini oxuculara sevdirən
əsas cəhət geniş fikir dərinliyi, səmimilik, bədii
tutum, obrazlı ifadə tərzi, zəngin təşbeh
düzümləri, bədii dilinin axıcılığı
və səlisliyidir. "Sinəm söz
mülküdür", "Sözə bələnibdi
ömrüm əzəldən" deyən şairin hər
bir şeiri, "ürəyinin söz çeşməsindən"
su içib. Onun çağlayan qəlbi daima yazmaq həvəsilə
döyünür. Qarşıda hələ onu daha
böyük yaradıcılıq uğurları gözləyir.
Haqqında müxtəsər söz
açdığımız şeirləri şairin poetik
imkanlarının genişliyini təsdiqləməklə bizi
onunla yeni kitabları ilə görüşlərə səsləyir.
Vəfa
XANOĞLAN
Bakı Xoreoqrafiya
Akademiyasının elmi katibi,
filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2018.- 24 yanvar.- S.6.