"Tale vətən taleyi, yazı vətən yazısı..."
Lənətə gəlmiş
Feysbukda o qədər
yalan, uydurma məlumat olur ki, bəzən heç fikir də vermirsən bir çoxuna... Amma öldü, qəzaya düşdü və sairə bəd xəbərlərdə
tanış ad görəndə adam istər-istəməz səksənir,
narahat olur.
Srağagün axşamüstü də belə oldu. Təxminən belə bir status çıxdı qarşıma:
"Hərbçi qardaşımız
Rəhimi itirdik"...
Təbii ki, narahat oldum! Vətən daha bir müdafiəçisini
itirib! Bizim Rəhim ağlıma
gəldi, amma inanmadım. Dedim yəqin başqa Rəhimdir. Başımı başqa işlərlə
qatmağa çalışdım,
amma beynimdə, "Rəhim!" kəlməsi
ilişib qalmışdı,
nə illah elədimsə çıxmadı.
Telefonu götürüb Ədaləti
yığdım. Azərbaycanın Milli Qəhrəmanı
Fred Asifin qardaşı,
Qarabağ qazisi, Rəhimin ən yaxın dostu, silahdaşı Ədalət
Məhərrəmovu deyirəm.
- Ədalət...
Heç salam filan da olmadı aramızda...
- Hə, düzdür! Qardaşım
getdi, canımın bir parçası getdi...
Dünyada ən ağır itkiləri yaşamış,
böyük həyat təcrübəsinə malik
insan olduğundan nəyə zəng etdiyimi anlamışdı. Başqa heç
nə soruşmadım.
Özü dedi...
- Gətirirlər
Bakıya! Sabah dəfn
olunacaq!..
İlk xəbər
də bu oldu ki, polkovnik
minaya düşüb!
Beynimdə və qulaqlarımda mina partlayışının
səsi, ondan sonrakı uğultu var idi!..
Polkovnik Rəhim Əliyev Qarabağ müharibəsindən
keçmiş Azərbaycanın
peşəkar zabitlərindən
biri idi. O, Azərbaycanın
ilk mühəndis-istehkamçılarından
olub. 1992-ci ildə
Fred Asifin yaratdığı
859 saylı hərbi hissədə erməni işğalçılarına qarşı döyüşlərdə
iştirak edib. Batalyonun ən savadlı və ən etibarlı zabitlərindən
idi. Ağdərədən tutmuş Füzuliyə
qədər neçə-neçə
əməliyyatda iştirak
edib, ölümün
pəncəsindən sağ
çıxmışdı. 2016-cı ilin aprelində
Lələtəpə və
digər ərazilərin
azad edilməsində xüsusi xidmətləri olub Rəhimin. O, sağlığında Azərbaycan
dövlətinin ən
yüksək medalları
olan "İgidliyə
görə" və
"Vətən uğrunda"
medalları ilə təltif edilib!
Dörd övladı
qaldı özündən
sonra...
Bütün bu informasiyalar beynimdə nə edəcəyimi bilmirdim. Baş Qazimiz
Ehtimad Əsədovu yığdım, onu məlumatlandırdım. Təbii ki,
o da üzüldü bu xəbərdən.
Ardınca digər Qazimiz
Firidun Məmmədova
zəng etdim. Eyni reaksiya; üzgünlük, itkinin acısının səsi!
Beynimdə və qulaqlarımda mina partlayışının
səsi, ondan sonrakı uğultu var idi!
Feysbukda ilk statusumu
yazdım:
"Çox
üzücü bir xəbər! Polkovnik Rəhim Əliyev həlak olub! Rəhmətlik Fred Asifin ən yaxın silahdaşı! Qarabağ
müharibəsinin iştirakçısı
idi! Ömrü orduda, elə
Qarabağda keçdi!"
Dostlardan, həmkarlarımdan
zənglər gəlməyə
başladı... Feysbukda yazanlar
hadisəni soruşurdu.
Nə olub? Niyə olub? Dəqiq nə
baş verdiyini bilməsəm də, təxminlərimi deyirdim.
Beləcə səhəri dirigözlü
açdım. Tamam unutmuşam,
gecə İlham Tumas zəng elədi. Vədələşdik ki, bir yerdə gedək qardaşımızla vidalaşmağa.
Səhər İlham Tumas,
20 yanvar hadisəsinin simvollarından birinə çevrilmiş şəhidlərimiz
- Fərizə və İlham ailəsinin üzvü Elxan Allahverdiyevlə birgə getdik. Xeyli insan gəlmişdi
polkovniklə vidalaşmağa.
Beynimdə və qulaqlarımda mina partlayışının
səsi, ondan sonrakı uğultu var idi!
Müdafiə nazirinin
müavini, general leytenant
Kərim Vəliyev,
general-mayor Rasim Əliyev,
polkovnik Abdulla Qurbani və digər yüksək rütbəli
zabitlər Rəhimin tabutunun yanında dayanmışdılar. Biz isə aşağıdaydıq.
Nazirliyin
mətbuat xidmətinin
rəhbəri polkovnik
Vaqif Dərgahlı və xidmətin kollektivi ilə, polkovnik Xətai Baxışovla, polkovnik - leytenant Üzeyir Cəfərovla rastlaşdım.
Hamı üzgün, hamı kədərli idi.
Azərbaycan Mətbuat Şurasının
sədri, millət vəkili hörmətli Əflatun Amaşov da (bu sətirləri
yazanda xatırlayıram
ki, gecə Umud Rəhimoğlu da zəng etmişdi,
hər ağır günümüzdə yükümüzün
altına çiyinlərini
verən Umud Rəhimoğlu! Səhər Amaşovla birgə
gələcəklərini demişdi
- red.) şəhid
polkovniklə vidalaşmağa
gələnlər arasında
idi.
Hə, tamam unutmuşam! Gecə Qarabağ qazisi
kərbalayı Elməddin
zəng elədi.
Beynimdəki uğultu imkan
vermir tam eşidim.
Dərdimizi bölüşdük!
Rəhimlə son görüşlərindən
danışdı:
- ...Qaqa, and olsun Allaha! Şəhid
olmaq istəyirdi! Son dəfə görüşəndə
dedi: Elməddin, sənnən bir yerdə şəhid olmaq istəyirəm!"...
Yaddaşımda qalan bu oldu!
Beynimdə və qulaqlarımda mina partlayışının
səsi, ondan sonrakı uğultu var idi!
Vida mərasimində
Abdulla Qurbani polkovnikin
keçdiyi şərəfli
döyüş və
xidmət yolundan danışdı. Xocavənd rayonunun icra
başçısı Eyvaz
Hüseynov və mərasimdə iştirak edən zabit çıxış etdi.
Molla islam
dinimizin qaydalarına uyğun olaraq dualar oxudu.
Aşağıdan Rəhimin qızının
səsi gəlirdi. İçin-için
elə yanıqlı ağlayırdı ki, adamın ürəyi yanırdı! Yəqin çıxışçılara mane olmamaq üçün için-için ağlayırdı!
Polkovnikin ay-ulduzlu
bayrağımıza bürünmüş
tabutu əsgərlərin
çiyninə qaldırılanda
qızı özünü
saxlaya bilmədi! Ucadan atasına səsləndi: Ata, bizi qoyub hara gedirsən?!
Bizi kimə tapşırırsan, ata! Axı söz vermişdin, ay ata!..
Beynimdə və qulaqlarımda mina partlayışının
səsi, ondan sonrakı uğultu var idi!
"Qurd qapısı"nın aşağısında hərbçilər
üçün nəzərdə
tutulan qəbiristanlıqda
hərbi orkestrin hüznlü musiqi sədaları altında torpağa tapşırdıq
qardaşımızı! Hərbi
qaydalara uyğun, ehtiram əlaməti olaraq məzarı başında yaylım atəşi də atıldı! Ruhun şad olsun, qardaş!
Dəfndə polkovnik-leytenant Ramil Səfərovla, Umud Rəhimoğlu ilə görüşdüm. Gənc blogger Tofiq Şahmuradovla oradan "Furqan" mərasim evinə gəldik. Polkovnik Abdulla Qurbani və
Xocavənd rayonunun icra başçısı
Eyvaz Hüseynov yanlarında yer göstərdilər, əyləşdim.
Azərbaycanın qocaman mühəndis
istehkamçısı polkovnik
Cümşüd Qasımov
Rəhimdən danışdı.
Çox
yaxın imişlər.
Bu qocaman istehkamçı
onun peşəkarlığından,
gördüyü işlərdən
aramla danışırdı:
- Demək olar ki, hər
gün zəngləşirdik
Rəhimlə. Dünən
də zəng elədim, telefonuna zəng çatırdı,
amma cavab vermirdi...
Kövrəldi, ardını danışa
bilmədi, qəhər
boğazına tıxanmışdı. Mən də
kövrəldim. Beynimdə və
qulaqlarımda mina partlayışının
səsi, ondan sonrakı uğultu var idi. Mərasim evindən Eyvaz Hüseynovla birgə çıxdıq. Sağollaşıb
ayrılanda da beynimdə və qulaqlarımda mina partlayışının
səsi, ondan sonrakı uğultu var idi!..
Bu səsdən
elə xilas olmaq istəyirdim. Qeyri-ixtiyarı
əlim avtomobilimin maqnitafonunun düyməsinə
tərəf uzandı:
Tale vətən taleyi, yazı vətən yazısı...
Dostumuz, xalqımızın
dəyərli oğlu,
vətənpərvərlik mahnılarının tanınmış
ifaçısı Şəmistan
Əlizamanlının möhtəşəm
"Öncə vətəndir"
mahnısı idi... Sözləri və musiqi isə dəyərli şair-bəstəkarımız
Şahin Musaoğlunundur!
Bu sehrli səs avtomobilimin salonundan qulaqlarıma, qulaqlarımdan isə beynimə keçdi.
Qarşıda sonsuz yollar, öncə vətən torpağı.
Bu bir səssiz savaşın yenilməzlik sınağı...
Tale vətən
taleyi, yazı vətən yazısı.
Əlimiz quran üstə, candan öncə vətəndir.
Son anda,
son nəfəsdə sinə
ona sipərdir.
Sinə vətən
sinəsi, kəlmə
vətən kəlməsi...
Rəhimin partlayışdan parçalanmış
bədəni gözlərim
önünə gəldi,
özümü saxlaya
bilmədim. Hönkürdüm!
Hiss elədim ki, iki gündür
beynimdə və qulaqlarımdakı mina partlayışının
səsi, ondan sonrakı uğultusu yox idi...
Vətənimizi qoruyan oğullar var olsun!
Allah bütün
şəhidlərimizə, o cümlədən, sənə
rəhmət eləsin,
əziz qardaşım!
Şəhid qardaşım!
P.S. Polkovnik Rəhim Əliyev xidməti vəzifəsini
yerinə yetirərkən
baş verən partlayış zamanı həlak olub!
Rey
KƏRİMOĞLU
525-ci qəzet.- 2018.- 24 yanvar.- S.5.