Gülən qarı
hekayə
Oleq Alekseyeviç Jdan
(Puşkin) görkəmli Belarus sovet
yazıçısıdır. O, 1938-ci ildə Smolenskdə anadan
olub.
Gənclik illərində
Minskə gəlib və bu günə kimi orada yaşayır. Bədii
yaradıcılığa ötən əsrin 60-cı illərində
başlayan Oleq Alekseyeviç onlarla hekayə, povest və roman
müəllifidir. "Özgə yerdə və evdə",
"Zinaida Neqlyadova", "Knyaz Mstuslavskiy", "Cizgilər
və üzlər", "Azad həyat" və bir
çox başqa əsərləri ilə yüzlərin, minlərin
ürəyinə yol tapıb. Yaratdığı
xarakterlərin psixoloji, sosioloji durumunu, istər bugünkü,
istər ötən illərdəki həyat tərzini
ustalıqla təsvir edir. Dili elə
anlaşılan və rahatdır ki, asanlıqla oxucunu qəhrəmanın
yaşadığı illərə, mühitə, hətta mənzilə
apara bilir. Yaratmaq, yaşamaq sevgisi tükənməyən
yazıçının bu il 80
yaşı tamam olur. Yazıçını təbrik
edir, ona elə yaşamaq və yaratmaq sevgisiylə dolu illər
arzulayırıq.
Yazıçının
“Gülən qarı” hekayəsini oxuculara təqdim edirik.
Küçə geniş
idi, maşınlar sürətlə
şütüyürdülər. Vanyanın əhvalı
yaxşı olanda işıqforun yaşıl
işığı yanıb-sönənəcən
küçəni keçib gedirdi. Kefi
olmayanda yolun təhlükəsiz hissəsində dayanmalı
olurdular. Sürücülər onu
keçilərlə görəndə səsləyir, siqnal
verir, gülüşürdülər. Özü
də sürücülərə qoşulub gülmək istəyirdi,
amma Vanya istənilən anda qaça bilərdi. O,
Vanyanı sağ, Manyanı isə sol əli ilə möhkəm
tuturdu. Olan-qalan qiymətli nəyi var,
hamısını toplayıb yığdığı kisəsi
isə kürəyində olardı.
Onlar hər gün səhər
və axşam bu küçəni iki dəfə keçərək
daimi müştərilərinin yanına gedirdilər. Əlbəttə,
o, Manyanı evdə sağıb, Vanya ilə birlikdə
gölün sahilindəki ağaca bağlaya, südü
özü apara bilərdi. Amma müştəriləri
südün öz qablarına sağılmasını
görmək, səhər tezdən təzə keçi
südü içmək istəyirdilər. Ona görə də hər gün yarım litr, hərdən
də bir litr süd alırdılar. Manya
yaxşı süd verirdi, dörd litrə qədər
südü olurdu. Müştəriləri
pis deyil, yaxşı pul verirlər. O, bu pulla özünə
çörək, pendir, kolbasa və bu kimi ərzaq ala bilir. Əlbəttə, o, Vanyanı ağaca
bağlayıb həyətdə qoya bilərdi. Buna cəhd etmişdi. Amma Vanya o qədər
dartınmışdı ki! Vanyanın
boğulacağından qorxmuşdu. O, Manyanı sevirdi, tək
qalmağa qorxurdu. Axı Manya əla keçi
idi, həm də gözəldi.
Manya da onu sevirdi. Hər halda, qarı onu
sağanda Manya Vanyaya baxır, yəni gör necə süd
verirəm, gör necə zərif, çəhrayı əmcəklərim
var. Hələ gör məmələrim necə yeməlidir!
Hətta hansısa şirəli otu bir ucundan
yeyirdi, o biri ucunu Vanyaya uzadırdı, yəni Vanya, sən də
ye.
Katya nənə süd satmaqla
dolanırdı, öz cüzi təqaüdünü isə
yığırdı; bu, o qədər az
idi ki, əmanət bankında da təqaüdün bu qədər
az olmağına inana bilmirdilər. Kompüterə
iki dəfə baxırdılar. Bilmək
istəyirdilər - xırda rəqəmlər
düzdümü. O, sonuncu ilin təqaüdünü
almamışdı, "qoy yığılsın" deyə
düşünmüşdü. "Bəlkə
ilin sonuna əməlli məbləğ oldu, sonra onu hara və
necə xərcləmək barədə fikirləşmək
olar". Ah pullar, pullar! Sizdən
yaxşı nə var dünyada? Pul hər şeydir! Sadəcə
O, bunu çox gec anladı. Çox gec! Əlbəttə,
O da başqaları kimi pulu ömrü boyu sevmişdi, amma
indiki qədər yox. Ah, pullar, pullar! İnsanlar
pula görə nələr etmirlər? Qarı
bunu görüb yaşamışdı.
Manya həvəslə gedir, əmcəklərini
ləyaqətlə daşıyırdı. Gecə məmələri
tamam dolurdu. Yol gedərkən yağlı
südü asfalta damcılayır. Manya
bilir ki, tezliklə o gözəl evlərin yanında
rahatlayacaq. Hətta ona çörək,
ya da konfet verən də olacaq. Vanyasa gah
dala qalır, gah qabağa qaçırdı. Hər zibil yeşiyinə tərəf
dartınır, dikbuynuz başını qaldırır,
sulanmış saqqalını yellədir. Ona
elə gəlir ki, Manya onun qəşəngliyinə heyran
olur. Manyaya demək olar ki, hamı
çörək verir. Təkcə
hündür evdə yaşayan Nina nənənin nəvəsi
Lenoçka ona hər dəfə konfet gətirir. Lenanın ailəsində xoşagəlməz hadisələr
baş verib. Atası bütün
günü avaralanırdı. Anası pul
qazanmaq üçün Moskvaya gedib, ondan xəbər-ətər
yoxdur.
Lenoçka çox mehriban,
üzügülər qızdır. O, anasının
tapılacağına və evə dönəcəyinə
inanır. Bəs axı necə tapılacaq?
Artıq bir ildi yoxdu, öldü-qaldısı
da bilinmir. Lena balaca açılıb -
yığılan kətilini də götürüb gəlir,
Manyanı konfetə qonaq edir, öz stəkanına zərif
barmaqlarıyla süd sağanda həyəcandan qızı tər
basır. Nənə onlara südü bir
azca ucuz vermək istərdi, amma pula ehtiyacı var. Pul
lazımdı Katya nənəyə.
- Katya nənə, Vanya və Manya ailədir?
- Lena soruşur.
- Ailədir.
- Onların çəpişləri
olacaq?
- Olacaq.
- Mən də çəpiş istəyirəm,
- deyə qız Nina nənəsinə baxır.
- A bala, bəs biz onu harda
saxlayarıq?
Ötən ilin
payızında Manyanın iki balası oldu. Katya nənə
nə edəcəyini bilmədi. Onları
kəsməyə əli qalxmadı. Satmaq
qərarına gəldi, Jdanoviç bazarına apardı.
Adamlar yanından ötüb keçir, arada
gülümsəyir, uşaqlar çəpişləri
tumarlayırdılar. Amma kimsə almırdı.
Axırda lap ucuz qiymətə bir kənddən gələn
qoca qadına satdı.
Qonşu binadan olan cavan
qadın Katya nənənin ən şıltaq
alıcısıdır. Özü ilə salfetka gətirir ki,
Katya nənə onun üçün süd sağmazdan əvvəl
əllərini silsin. Elə baxır,
üz-gözünü elə turşudur ki, elə bil
yovşan suyu içib.
- Ona süd satmasam
yaxşıdı... Eh... axı mənə yaxşı pul
verir. Özü də süd xəstə ərinə
lazımdı...
Katya nənənin dörd daimi
alıcısı var. Bu xanımlar artıq bir-birini
tanıyır, hətta dost olublar. Süd alandan sonra tələsmir,
müxtəlif mövzularda söhbətləşirlər:
kürəkən, ya gəlindən, evə səhərə
yaxın gələn, cibində siqaret gəzdirən nəvələrindən
danışırlar. Bu qadınlar cavan deyil.
Cavanların belə dedi-qodulara vaxtı olmur.
Onlar tək qalmasınlar deyə cavanların kənddən
öz yanlarına aldıqları yaşlılardır. Hətta
Ona bu yaxınlarda dul qoca ilə tanış
olmağı təklif etdilər. Qoca
ikiotaqlı mənzildə tək yaşayır. Əlbəttə, təklif cəlbedici idi, amma Manya
və Vanya necə olacaq? Neçə il
onların hesabına dolanıb, indi onları atsın? Yox, bu, mümkün deyil. Evlərini
buldozer dağıdana qədər onlar bir yerdə
yaşayacaq. Heç buldozer gərək deyildi əslində.
Öz köhnəliyindən utanan daxma
günahkar kimi əyilmişdi. Təbii ki,
qapıları, pəncərələri də köhnədi,
yaxşı örtülmür. Amma
yaydı, birtəhər yaşamaq olur.
Yenə qocanın pulu olsaydı... Amma insan qocaldıqca xəsisləşir. Ölsə də, pulunun yerini deməz. O da xəsis
olub. Belə lazımdı. Xəsislik
ağılsızlıq deyil, özünü qorumaqdı,
rahatlığın təminatıdır. Hər
kəsin görmək istədiyi son işləri var. Bunun
üçün pul lazımdı. Onun da
vacib görülməli işi var, özü də çox
vacib. Sonra rahatca ölə bilər.
Gölün sahilində onun
ömrü boyu yaşadığı kənd vardı. Amma bir il
əvvəl kəndin sakinləri kəndi tərk etdi. Yüz
addım o yana təpənin arxasında
artıq şəhər salınıb. Hamıya ev verdilər, hamı köçüb getdi. İndi yay-qış rahat mənzillərdə
yaşayırlar. Hətta bütün günü deyinən:
"heç yerə köçmərəm, pul versələr
də köçmərəm" - deyən Zoska da
köçdü. "Neyniyim? Hamı necə,
mən də elə" - dedi. Eşitdiyinə
görə, o evlər isti idi. Qışda belə bir mənzilin
ola, elə siçan kimi bir küncə
qısılıb yatasan. O da köçə bilərdi. Sevinc göz yaşları ilə mahnı oxuya-oxuya
köçə bilərdi. Ona da mənzil
verdilər. Amma o vaxt oğlu gəldi:
- Ana, xilas elə. Mən
batmışam, tamam məhv olacam. Kömək
elə.
Oğluna pul lazım idi,
çoxlu pul.
Onun mənzilini satdı. O, nə mənzili,
nə pulları bircə dəfə də görmədi, hər
şeyi oğlu həll etdi. O pullar onsuz da bəs etmədi. Oğlu canını qurtarmaq üçün harasa -
dünyanın o başına getdi. Bircə
dəfə məktub aldı. Məktubun
göndərildiyi ünvan yox idi. Bu önəmli
deyildi, önəmli olan o idi ki, oğlu sağ-salamatdı və
nə vaxtsa görüşəcəklər. Bax, onda pul gərək olacaq. O, pulu oğlunu
didərgin salan adamlara verəcək. Ah, pul! Onunla
ölümü də, həyatı da satmaq və almaq olar.
Xüsusilə böyük şəhərlərdə
pul hər şeydi.
Yay çox gözəl keçirdi,
havalar günəşli idi və yağış az yağırdı. Yağış yağanda
qarı daman yerlərə vedrə,
kiçik ləyən qoyur. Dözülməz
deyildi - yaşayırdı.
Onu burda görənlər təəccüblənir. Elə bilirlər kənddə
heç kim yaşamır. Bir dəfə təsadüfən
bir kişi bu yerlərə gəlib
çıxdı. Kəməri yekə
qarnına güclə çatdığından Katya onun rəis
olduğu qənaətinə gəldi. Kişi inamsız
halda soruşdu:
- Nənə, sən burda
yaşayırsan?
Heç qarı etiraf edər?
- Mən? Yox. - şəhəri göstərdi. - Orda
yaşayıram.
Kişi gedəndən sonra nənə
xeyli güldü. Rəislərlə, komandirlərlə necə
danışacağını bilir.
Amma bir dəfə buldozer gəlmişdi. Cavan,
yaraşıqlı sürücü qarının
daxmasını dağıtmaq istəyirdi. Buldozer yerindən
tərpənən kimi qarı onun qarşısını kəsdi:
- Sənin başın xarab olub? Tutarlar. Bu ev qorunur. Ən azı cərimə olunacaqsan.
Sürücü bir xeyli ətrafına
baxdı, var-gəl etdi və çıxıb getdi.
Hərdən evin
yaxınlığındakı cökənin altında bir
neçə kişi içir, sonra boş
içki şüşələrini Ona verirlər: "Təhvil
verərsən, nənə". Keçisi var,
boş şüşələr Ona lazım deyil. Amma bir söz demədən şüşələri
götürür. Hərdən
şüşədə azca içki də olur. "Ana, iç ". O da gülümsəyib
"yaxşı" deyir. "Neçə
yaşın var, nənə?" soruşanda "Yüz"
deyərək gülür. Onlar da gülür:
- Afərin. Maaş
alanda yenə gələcəyik. Yaşa.
Şirin çaxır olanda
içir. Arağı isə saxlayır. Gecələr
ayaqları çox ağrıyır, o araqla ayaqlarını
ovur, bunun köməyi olur. Boş
şüşələrisə hər gün daxmasının
yanından keçən bomja verir. Bomj
yaxşı həmsöhbət deyil. Ona
boş şüşələrdən başqa heç nə
lazım olmur. Katya milis şalvarı,
qadın köynəyi geyinmiş, başına yekə
şlyapa qoyan bomja maraqla baxır. Bomj hirslənir: "Nə
baxırsan?" "Yaraşıqlısan"
- deyir. "Ağlına gələni
danışma" deyə acıqlanan bomj şüşələri
götürüb gedir. Heç vaxt təşəkkür
də etmir. Heç lazım deyil.
"Niyə gülürsən? Nəyə
gülürsən? Qəhqəhə
çəkirsən - filan?" - ömrü
boyu hamı soruşur. O, cavab vermirdi. Axı onlara nə desin?
O, kədərlənmir. Hətta şənlənir.
Məgər gülmək qadağandır?
Qadağan deyil.
"Ağla, Katya, ağla. Yüngülləşərsən" - bunu da
ömrü boyu eşidirdi. Bəkə də
O, ağlayırdı, amma kimsə görmürdü. Niyə görsünlər? Sel
kimi axan göz yaşlarınının arasında gülən
çöhrəni görürdülər. Əri İvan hərdən hirslənirdi. - Sən
qəbirdə də güləcəksən yəqin.
- Ağlamayacağımı dəqiq
bilirəm, - deyə gülümsəyərdi. Evinin,
pullarının, oğlunun yoxa
çıxdığını anlayanda da xeyli
gülmüşdü.
Bəs 91-ci ildə
pulları itəndə? 10 il qəpik-qəpik nəvəsi
üçün pul yığmışdı. Ərə
gedəndə ona paltar, ya üzük almaq istəyirdi.
Oğurladılar! Əmanət bankından
qayıtmışdı. Göz yaşları
tökülməsin deyə gözlərini göyə zillədi:
"Ay adamlar, siz neynəmisiz? Mənim pulum sizin
nəyinizə lazımdı?" Sonra... Heç
xatırlamaq da istəmir. Oğlu yoxa çıxdı,
bir il sonrasa gəlini Klava özünə
sevgili tapdı, qızını da götürüb getdi. Hara
getdiyini bir allah bilir. Katya
növbəti dəfə onlara baş çəkməyə
gedəndə heç birini tapmadı, evdə başqaları
yaşayırdı.
- Kim lazımdı, nənə?
- Heç kim...
- Nəyə gülürsüz?
Necə gülməsin? Yaşamaq
xoşdur.
***
Üçüncü
müştəri ciddi qadın idi. Söhbətə
qoşulmur, başqaları çox danışanda
qaş-qabağını tökür. Görünür
iş qadınıdı. Heç kimin onun
haqqında məlumatı yoxdu. O yaxınlaşanda
çox vaxt susurlar, elə bil ondan çəkinirlər. Südü kimə aldığını da bilmirlər.
O biri müştərilər onu qınayır: Adam bir dərdləşər,
söhbətləşər. Lal-dinməz gəlir, gedir... Bir-iki dəqiqə dayanıb söhbət etsə, kəlmə
kəssə nə olar? Yoxsa südü alan
kimi çıxıb gedir. Amma bir gün o da
danışdı:
- Harda yaşayırsan, nənə? Ailən varmı?
- Əlbəttə, - deyə
nənə həmişə olduğu kimi gülümsədi. - Bax, Manya və Vanya mənim
ailəmdi.
- Mən ciddi soruşuram.
- Mən də ciddi deyirəm.
Əlbəttə, O, ciddi
idi. Niyə zarafat etsin ki, 80 yaşın astanasında?
Umumiyyətlə, O, heç zarafat etməzdi.
- Mənim həyat yoldaşım sizi
Qocalar evinə düzəldə bilər.
- Qocalar evinə? Niyə?
- deyə çiyinlərini çəkdi,
hətta azca incidi elə bil. - Mən hələ cavanam.
- Siz niyə gülürsüz? Mən ciddiyəm.
- Elə mən də.
Müştəriləri bunu biləndə
Katya nənənin razılaşmadığına sevindilər:
- Qoy, özü qocalar evinə getsin.
- Axı o, cavandır.
- Harası cavandır? 50
yaşını haqlayıb.
Onun dördüncü
müştərisi cavan dul qadın idi. Həmişə
hamıdan sonra qaçaraq gəlir, həmişə harasa tələsir,
iki yerdə işləyir. Hər gələndə
də "Ah, çatmaram deyə, qorxurdum" - deyir.
Qadınlar onu görəndə
sevinirlər: Həmişə 2-3 dəqiqə dayanır,
söhbətləşir, keçmiş əri, Moskvada,
Mogilyovkada olan qohumları haqda danışır. Daha çox
keçmiş əri barədə məlumat verir:
ayrılmaqlarından, qısqanclığı ilə zəhləsini
tökməyindən, tez-tez dava-dalaş salmağından.
İndi adı dilindən düşmür,
ayrıldıqları üç il ərzində
qapısında keşik çəkir. "Başqa
biri ilə görsəm, ikinizi də öldürərəm"
- deyə xəbərdarlıq da edib. "Öldürər"
- qadın gülürdü. - Dəlicəsinə sevir məni.
Qadın südü qızı
üçün alırdı. Qızın qanı az idi, amma südü də güclə,
könülsüz içirdi.
Adamların həyatı fərqlidir:
Kimi yaxşı, kimi pis yaşayır. Kimi həyatından
razıdır, kimi də yox. Məsələn, Zoska. Həyatı
qaydasındadır: nəvələrinin,
övladlarının yanında yaşayır. Heç
biri sərxoşluq etmir, dava salmır, təzə, gözəl
mənzil də alıblar. Zoskasa "Niyə
ölmürəm" - deyə narazılıq edir. Nədən narazısan? Nə
deyirsən Zoska? Yaşamaq gözəldir.
Necə çətinliklər olsa da, həyat maraqlıdır.
Nə bilim, mənə yaxşıdır... Maraqlıdır.
Zoskanın əşyaları
ilə yüklənmiş yük maşını
küçədə görünəndə O öz
düşüncələrinə qapılmışdı. Zoska berezent
örtüyün altından başını
çıxarıb hamıya əl yellədi. Yox, Zoska haqlı deyil. Yaşamağa
dəyər. Əgər ona kiçik bir mənzil
versələr, lap əla olardı. Amma
indi kimə mənzil verirlər ki? Hər
kəs özü almalıdır. O qədər pulu
hardan tapa bilər? Hardan?
İlk vaxtlar adamlar kənddən
köçdükcə qorxurdu. Axşamlar pəncərələrin
istiliyi, işığı azalır, bacalar tüstülənmirdi.
O, boşalan evlərə baxmırdı. Zoskanın da evinə
heç getməmişdi...
Bu gün söhbətləri
uzandı. O,
yubandı. Getmək lazım idi. Yelinləri yüngülləşən
Manya evə qayıdanda həvəslə qaçır. Vanyasa
yox - ona böyük binaların arasıyla getmək xoş gəlir.
Bir də gördün uşaqlara rastladılar. Uşaqlar ona
konfet, ya çörək verirdi. Hərdən Vanya özü
də nəsə kağız parçası, ya siqaret
kötüyü tapıb çeynəyirdi. Nənə onu
dartmalı olur. Axı hələ dükana getməli,
çörək almalıdı. Əvvəllər nənə
Vanya və Manyanı dükanın qarşısındakı işıq
dirəyinə bağlayırdı. Burda həmişə
kiçik itlər də olurdu. Onların sahibləri Vanya və
Manyaya qəribə baxırdılar. Onları
xoşlamırdılar. Bir dəfəsə dükanın
sahibi keçiləri görüb qışqırmağa
başladı: "Bu nə biabırçılıqdı?
Bircə keçilərim çatmır - deyib Manyaya bir təpik
ilişdirdi. Ona görə də indi onları evə gətirib
çökə ağacına bağlayır, sonra
çörək almaq üçün qayıdır.
Buranın havası çox gözəldi, yazda hər tərəfdən
çiçək ətri gəlir. Yayda ətraf otla,
qışda tərtəmiz qarla örtülür. Kerosin, ya
benzin qoxusu duymazsan. Bu nədi? Bu gün nəsə benzin qoxusu
hiss etdi. Buldozer ağac kötüklərini bir yerə
yığırdı. Sürücünü gördü. Hə,
özü idi, əvvəl gələn o yaraşıqlı
cavan. Dalğalı saçları ona xüsusi gözəllik
verirdi. Belə gözəl traktorçunu o
ömründə görməyib. Əvvəlcə bu
kötük yığnağının onun evi olduğunu
anlamadı. Diqqətlə baxdı. Oğlan həvəslə
işləyirdi, görünür, işi ona zövq verir, ya
da qazancı yaxşıdı - gülümsəyirdi. Kənarda, bir
vaxt onu sorğu-suala tutan yekəqarın rəis dayanıb. Başı
tamam tüksüzdü, yumurtaya oxşayır. Deyəsən,
bu iş onun da xoşuna gəlir, o da gülür. Başqa necə
ola bilər: günəş, göldən
əsən təmiz hava, quşların səsi, pulu da var.
Yalnız Manya ilə Vanya gülmürdü. Manya
həmişə Vanyaya baxdığından
gülmürdü. Vanyasa heç nə
başa düşmürdü, həm də axı, o da Manyadan
başqa heç kimi görmürdü. Bir də... Bir də
Katya nənə gülmürdü. Aydındı -
qocalıb, kifayət qədər gülüb, gülməyin
də sonu var... Bir də nə evdi ki bu?
Yazda, payızda rütubətli olurdu, qışda - soyuq... Amma
yayda yaxşıdı, yayda çökə
ağacının altında da yaşamaq olar, Manya və Vanya
kimi... Qarı gülümsədi: qışa hələ
çox var.
Oleq JDAN
(PUŞKİN)
Tərcümə
edəni: KAMALƏ ABİYEVA
525-ci qəzet.-
2017.- 25 yanvar.- S.8.