Mirzənin dərəsi - (hekayə)
Məni Mirzənin dərəsinə apardığın
gün, nəsə pis bir şey olacağını
sezmişdim. Lakin sən, Tanrının izniylə, məni
bütün pisliklərdən qoruyardın. Eynilə elə,
pis hisslərdən də... Yəqin buna görəydi,
heç nə demədən pis şeylər sezdiyimi bilir, bunu
hiss edir və məni qoruyurdun. Qoruyan və
bağışlayan Tanrının adıyla...
Yenə də Mirzənin dərəsi boyunca gedərkən
ayaqlarımın altından əslində heç olmayan qara
ilanların qıvrılaraq axıb getdiyini
görürdüm. Onların yalnız bir görüntü
olduğunu bildiyim halda qorxurdum. Dağın
ətəyini qucaqlayan bərk istidə, süpürgə
otlarının buraxdığı kəskin tər qoxusunu
duya-duya gedirdik. Tez-tez havalanan bildirçin
balalarına, çil kəkliklərə yerdən bir daş
götürüb atmağa belə macalımız yoxdu.
- Sən
ilandan qorxmursan, eləmi?
Yay hər zaman olduğundan daha isti və daha quraq
keçirdi. Gəvənlər (kirpi kimi yumru, tikanlı yabani
çiçək) gödək qalmışdı. Oduncaqlı gövdələri qısaydı. Gərək
indiyəcən çoxdan mənim boyuma çataydılar.... Ancaq bizimlə yol yoldaşıydılar. Yarpaqları da keçən yayın yarpaqları
iriliyində ya olar, ya da olmazdı. Üstünü
çılpaq dağın sovurduğu qızılı toz
örtüb. Getdikcə toz qalxır, o
qızılı örtüyün altından,
tüstünün arasından qəribə bir yaşıl
gülümsəyir. Sovrulan tozlardan da bir şey
olacağını sezirəm, pis bir şey... Tez-tez sağ
çiyininə sallanan ucuyla üzünün tərini sildiyin
ağ bürgü (kəlağayı kimi
baş örtüyü), palçıqlı bir qəhvəyi
rəngdə olmuşdu. Mən ona baxarkən
günəş gəlib düz təpəmizin üstündə
dayanır, sanki başımızın üstündə atəşdən
yumru bir şlyapa var. "Melon şapka" (kovboy
şlyapası kimi, qamışdan), deyib tüpürürəm.
Şlyapayamı, günəşəmi hirsləndiyimi
bilmirəm.
Buralara yazda, axşamtərəfi gəlirəm. Əvvəl
bu yuxarıda görünən qayalıqlara qədər
dırmaşıram. Nəhəng
qayaları manivela kimi istifadə etdiyim bir çubuğun
köməyiylə yerindən oynadıb yuvarladıram.
Top kimi sıçraya-sıçraya aşağıdakı
tarlalara qədər diyirlənir, oraya, düzənliyə
yaxınlaşanda yavaşıyır, bir xeyli irəliləyib
toz qaldırırlar, nəhayət, bir tərəfdə
qalırlar. Dalınca qəhqəhəylə
güldüyüm daşlar mənə heç bir zaman pis bir
şey olacağını sezdirmirlər.
Mirzənin dərəsi qupqurudu. Dərə
yatağındakı daşlar, yastı daşlar uzaqdan bir ayna
kimi parlayır. Gözlərim
qamaşır. Qamaşma
susamağımı artırır, daha doğrusu,
xatırladır. Dərənin dərinliyinə
doğru getdikcə hava daha da bürkülü olur. Az əvvəl endiyimiz yerdə quru, cansız
süpürgə otlarını yelləyən bir meh, əsinti
vardı. İndi burada bir tük belə
ağır bir daş kimidi. Onu tərpədəcək,
yerindən oynadacaq bir meh belə yoxdu. Sanki
hər şey dayanıb. Hər şeylə
bərabər dünya da, zaman da dayanıb. İkimiz dayanmış bir zamanın üstündə
irəliləyirik. Dayanmış bir zamanın?.. İrəliyə doğrumu,
geriyə doğrumu?
- Suyumuz
lap azaldı, eləmi?
Nədənsə bir söz belə demirsən. Mirzənin dərəsindən
yuxarı, hamilə bir qadın kimi yatan dağın qarnına
doğru gedirik. Dərənin iki yamacı
da günəşin bütün istiliyini alıb
üstümüzə əndərir. Yastı daşlarda
əks olunan günəş istiliyi olduğundan çox hiss
etdirir.
- Məni
bu istidən, bu boğanaqdan da qurtara bilərsən, eləmi?
Nədən
sonra illərdir qulaqlarımda təkrarlanıb duran o sualı
soruşuram, "Mirzə kim?" Bu sualın bir cavabı yoxdu. Olmadığını
bilirəm. Bəlkə illər uzunu
soruşmağımın səbəbi budur. Lakin olmalı, bir yerdə, hətta lap burada bir yerdə
bir Mirzə olmalı, bu dərəyə sahiblənməlidi.
Böyük dərəyə? Bu böyük dərə niyə Mirzənin olsun ki?
Bu gecə silahlar dillənəcək. Heç olmasa
tək bir silah bir neçə dəfə açılacaq.
Biri, - necəsə kim olduğunu bilirəm,
lakin hissimin reallaşmasından qorxduğuma görə onu
özümdən qovmağa çalışıram, - yolunu kəsmək
istəyən, "dayan, getmə", deyən kimi silahdan
çıxan güllələrin önündə dayanacaq,
qarşısına keçəcək. Tətiyi
kimin basdığının nə önəmi var? Bəlkə də mən basaram. Bəlkə
də bu dərənin içində boğulub qalmaqdan
qorxduğum Mirzə. "Mirzə kimdi?".
Bir çavuş ola bilərmi? Mirzə
çavuş?.. Əsgər
çavuşu? İşçi
çavuşu? Bəlkə də məzhəb
çavuşu? Mirzə, çavuş
olmalıdı, çavuş. Mirzə adına
ən çox yaraşan çavuşdu. Təkrarla
və istədiyin qədər bax. Mirzə
çavuş, Mirzə çavuş, Mirzə
çavuş... Fikrimdən keçənləri
bilirsənmiş kimi dönüb gülümsəyirsən.
"Kimi" də nə demək, bilərək.
Əyilib günəşdə parlayan
daşlardan birini götürüb hara gəldi atıram.
Bir gevenin başını qırır. Ətrafa qıpqırmızı bir toz ələnir.
Daşın dəydiyi yerdən yaralanan gevenin
bütün gövdəsi bir anda qana boyanır. Sonra gözümə dəyən bir gəvənə
daha bir daş götürüb atıram. Halbuki
onlara düşmən deyiləm. Bir
neçə günə quruyarlar. Kəndlilər
gəlib yığarlar, qatırlara yükləyib apararlar.
Gevən tez od alır,
çıtır-çıtır yanır, tez də
keçir. Evləri, otaqları isidər. Yenə gəlib yığarlar.
Mirzənin dərəsinin bir türküsü də
olmalıdı. Biri bu qayalardan birinin üstündə
oturub söyləməlidi. Bəlkə də
elə Mirzənin özü. Sən
susduqca Mirzə bir sual olaraq içimdə böyüyər,
bir şahzadəyə, bir padşaha çevrilər. Bu dərənin və dağın,
aşağıda saralmağa başlayan düzənliyin sahibi
kimi. Mirzənin dərəsindən
gür, dümağ köpüklərini yastı daşlara
çarpa-çarpa sular axmalıdı. Mən
gəlib kənarında oturmalı, kökləri möhkəm
qamışlardan yapışaraq sürüşüb suya girməliyəm.
- Suyumuz
lap azaldı, eləmi?
Sonra mən
suda sərinləyərkən havanı gömgöy quşlar
doldurmalı, üstümdə dolanıb dayanmalıdılar,
səmaya bir salam kimi. Qanad səsləri
gəlib məni suda tapmalı, yüngül bir meh olmalı
göyərçindən. Səsləri
bahar yağışı kimi işıqlı, bahar
yağışı kimi sərin, şap-şap
düşür üzümə. Sonra
içindən günəş keçən damlaları
havada tutan, atəş yeyən quşlardan bir bulud gəlib
üstümdə dayanmalıdı. Qarşı
yamaclara incəcik göyqurşağı düşməlidi.
Titrək, sayrışan işıq parçaları...
Lakin mən böyüyərək aşiq oldum.
İndi axşam toranında görüşürük. Bir köhnə
daxmanın qarşısında. Cənuba
doğru kiçik, incəcik qovaq budaqlarıyla
çulğalanmışdır. Başımı
qaldırıb baxınca nə qədər etibarsız bir yerə
sığındığımızı anlayıram.
Aralarına bir az saman sərmişlər,
üstünə də palçıq atmışlar. Kürəyimizi
söykədiyimiz köhnəliyin dünyaya baxan
üzü... Cənub
əvvəl kiçik təpələrlə başlayır.
Onların kürəyinə söykənərək yüksələn
başqa təpələr, sonra başqaları... Lap kənarda
incə, uzun, şərqdən qərbə uzanan qarlı bir
dağ silsiləsi... Alabula bir qoç kimi.
Qaranlıqda belə görünür. Adı nəydi? Doğrusunu sən
bilərsən, eləmi? Qaranlıq
çökdümü amansız bir təkliyi
paylaşırıq. İkimizdən
başqa kimsə yoxdu bu kainatda. Yan-yana
otururuq, ocaqda fışıltı iləqaynayan çayın
qoxusu boşluğa nəsə pıçıldayır.
İkimizə aiddi. İkimiz
də eşidirik. Aşağıdan,
qovaqların arasından zəif bir meh əsir, gəlib qumral
saçlarını tapır. Yüzünə
sovrulub yapışan bir neçə telini titrəyən
barmaqlarıyla naşılıqla geriyə atır. Küləkmi inadcıl, yoxsa saçlarınmı,
bilmirəm, üz-gözünə dağılır. Onu gözəlləşdirən yoxsa
barmaqlarımı? Dəydiyi yeri bir gül
bağçasına çevirir sanki. Adını
pıçıldayıb dayanıram. Sonra
saçından bir tel gəlib dodaqlarına
yapışır, utanır, danışa bilmir. Arxada, o kiçik daxmanın qapısının
qarşısında yanan şam titrəyir. Bütün işıqlığımız o.
Küləkdən sönməsin deyə oraya, kiçik bir
küllüyün içinə qoyuruq. Stəkanlarımızı
onun işığıyla tapırıq,
çayımızı onun işığıyla doldururuq.
Payız fəslidi və hava o qədər isti deyil. Üstəlik
axşam düşüb, gün batıb. Bilirik,
çöldə hava birdən soyuyacaq. Bir
azdan kənardan, qarşı dağın ağlığı
soyuq olub gələcək, dərimizin altına, ta ciyərlərimizə
qədər işləyəcək. Qalxıb
gedəcək, içəridən bəlkə bir taxta
sandıq içindən yasəmən qoxulu bir jilet gətirib
çiynimə örtəcək. Mən o
qoxunu daha çox onun qoxusu olduğu üçün sevəcəyəm.
Onun jiletinin...
Bütün
bunları Mirzənin dərəsinin istisini bir az
yüngülləşdirmək üçün
yaşayıram, bilirsən. Halbuki böyüməmə
hələ çox var, böyüyüb aşiq olmama.
- Eşq
də bir şeyə susamaqdır, eləmi?
Məncə sən Mirzəni tanıyırsan və bu
gün pis şeylər olacaq. Bunu sən də sezirsən.
Tez-tez səmaya baxıb bir parça,
başındakı örtük qədər bulud
axtarışın, boşuna deyil. Nə
olacaq? O buludu tapsan, içindəki qaranlığı,
içində yığılan xıltı bir nəfəslə
yuyub arıdacaqmı? Yastı, iri bir
daşın ucunda oturursan önlüyünü
yığaraq. Neçə qat
önlüyün var sənin? O biri ucunu da mənə
göstərirsən, keçib otururam. Gərdənbəndini
boynuna qədər aralayırsan. Qupquru bir
səslə birbayatı deyirsən. Hələ
də əzbər bilirəm. Axtardığın
buludu daxilində bir yerdə tapmış olmalısan, gözlərin
nəmlənir əvvəl, sonra ağlayaraq təmizləyirsən
içindəki xıltı.
- Sahibsiz
qoyun deyilik biz.
Bunu indi niyə söyləyirsən mənə? Doğrudanmı
dağ başında lap yalqız qaldıq? O qədər
uzaqdayıkmı? Niyə gəldik bu istinin
günündə? Mirzənin dərəsində
nə axtarırıq? Mirzəninmi, yoxsa?
Biz o köhnə daxmanın qarşısında oturarkən
təpələrin üstündə yapyalqız gecəni
gözləyən yabanı armud ağaclarına
baxırıq.
Onlar gecənin gözətçiləridi.
İkimiz də üşüyürük.
Yavaşca böyrümə qısılır.
Kürəyimdəki jiletdən yayılan yasəmən
qoxusuna saçlarının qoxusu qarışır. Radioda bir türkü güllə kimi əriyib
içimizə axır. Külək birdən
əksinə əsməyə başlayır. Aşağıda çağlayan dərənin səsini
alıb aparır. Uzaq tarlalarda açan çöl nərgizlərinin
bayılmış qoxusunu hiss edib gəlir, saçlarının
qoxusuna qarışdırır.
Lakin mən böyüyərək aşiq oldum.
Bunu ilk dəfə orada özümə bir böyük
kimi qorxmadan söyləyirəm. Söyləməyin,
etiraf etməyin fəlakət demək olduğunu bilə-bilə.
Eşq belə bir şeydir, eləmi? Susduqca yaşayan, amma söz olmaq üçün
çırpınan, qarşısında dayanılmaz bir sel
kimi çağlayan? İçimdə o seli,
dünyanı qabağına qatıb bir top kimi yumalayan seli necə
həbs edə bilərəm? Mənə bunun
elmini niyə öyrətmədin? Niyə
öyrədən olmadı? Qarşıdakı
yabanı armud ağacları niyə bu qədər susur?
Bunlar insanın gözünün içinə
baxa-baxa niyə susurlar? Niyə bu qədər
susamışam?Bu çölün
ortasına kim atdı məni? Mən səhrada hər qum dənəsində bir kainat yerləşdirməyəmi
məhkum edildim? Eşq belə bir şeydirmi,
Tanrının özünü imkansızın aynasında
göstərməsidirmi? Bilirəm, bütün səhranın
qum saatı kimi axıb dayandığı
bir yer var. Orada dayanıb bir şeyi gözləməyə məmurum,
bilirəm. Lakin burda o yasəmən qoxusu, o bayğın
çöl nərgizi...
Ətrafdakı quru kolluqların arasından bir
xışırtı eşidib ürpənirik. Saçlarını boynumda
hiss edirəm. Külək də içəri girib şamı söndürür. Radionun
atəş böcəyi kimi kiçik işığına
baxırıq. Yabanı armud
ağaclarından birinin ardından dümağ, kiçik bir
bulud görünür, gəlib bir şal kimi boynuna
dolanır. Yaxşıca qucaqlayıb
sarmaşıram. Soldakı təpələrdən
birinin arxasından ayın kövrək alov kimi
qalxmasını izləyirik. Bir azdan
bütün təpələr işıqlanacaq, ta uzaqlarda
uçan gecə quşları belə görünəcək.
Mirzənin dərəsində, ikimizin oturduğu o
daşın üstündə dodaqlarım çatlayaraq yuxuya
dalmağımın böyüyüb aşiq olmağımla əlaqəsinin
olduğunu, əlbəttə, bilirsən. Lakin mən o pis hissdən
xilas ola bilmirəm. Sən,
bilə-bilə, mənə heç bir şey öyrətmədən
məni tərk edəcəksən. Eşqin
tək yaşanacağını, "bu yolda tək
gedilir" deyərək öyrədən sənsən.
Mənə bir tək bunu öyrətdin.
Qışqırmadan necə yaşanacağını,
ağlamadan necə eşq ağrısı çəkiləcəyini,
rüsvay olmadan həqiqətin necə etiraf ediləcəyini,
yaranın qanadılmadan, irinin axıdılmadan necə
yaxşılaşdırılacağını, sonsuza qədər
içimdə tüstüləyəcək o yasəmən və
o bayğın çöl nərgizi qoxusunu duya-duya necə
yaşayacağımı, o qumral gecələrin təkrarının
qeyri-mümkünlüyünə özümü necə
alışdıracağımı - hamısının
çarəsini bildiyini bilirəm - öyrətmədən
çıxıb getdin. Kimsəsiz qaldım,
bomboş qaldım. Öz içində
zingildəyən, öz-özünə bağlanan bir plafon
kimi qaldım kainatın ortasında. Nə
vaxt qışqırası olsam, bütün dağlar
üstümə yıxılacaq, bütün səhra,
bütün dənizlər məni udacaq.
- Eşqi
kirpiklərin ucundan oxuyan kimdir?
Bir həqiqət kimi buraxıb getdiyin bu problemin
cavabını, yaşayaraq, hər gün yenidən
özümə "mən" deyərək verirəm. Kaş Mirzənin
dərəsinə heç getməyəydik. Heç getməyəydik və o daşın
üstündə dodaqlarım çatlayaraq yatmayaydım.
Belə-belə böyüdüm, eləmi, mən?
Axşam evə bir qatırın belinə heybə kimi
yüklənərək gətirildim. Ayaqlarım bir tərəfində,
qollarım o biri tərəfində sallanmışdı.
Bir ölü kimi gətirib soyuq zala atdılar məni.
Sən Mirzənin dərəsində
qalmışdın. Niyə
qalmışdın? Niyə gəlməmişdin?
Tuluqdakı son damlaları çatlayan
dodaqlarıma sürtərkən qaranlıq hisslərimin səni
məğlub etdiyini söyləyirdin əslində. Qova
bilməmiş, xilas ola bilməmişdik. Məni, ulduzlar səmanı bəzəyənə qədər
orada gözlətdilər. Sonra aparıb
bir çuval kimi, içi tamam boşalmış bir
çuval kimi dibdəki otaqlardan birində sərin torpaq
üstünə uzatdılar. Sənin
orada, Mirzənin dərəsində, o daşın
üstündə uzanıb yatdığını
görürdüm. Quşları gözləyirdin,
ulduzları gözləyirdin, bəlkə atılacaq bir
tüfəngi, bir isti mərmini gözləyirdin. Bir daha gəlməyəcəyini bilə-bilə
çatlayan dodaqlarıma sürtülən suyu rədd etdim
uzun müddət. "O gəlsin", - dedim, - "o gəlsin
və barmaqlarıyla dodaqlarıma su versin", - dedim səssizcə.
Səssizliyimin mənasını hər kəs
bilidi. Cümlə-cümlə yayıldı
aralarında. Lakin heç kim,
heç kim bir şey söyləmədi. Heç
bir şey söyləmədən daha gəlməyəcəyini
izah etdilər mənə.
Sonra mən böyüdüm və aşiq oldum.
Sentyabr idi. Mən budağında yaxşıca
qurumağa başlamış gilasların qoxusunu belə
duyurdum. Dərənin aşağısında
qurbağaların səsi get-gedə azalır. Ağaclarda qəribə bir təlaş. Sürətlə yetişən meyvələr.
Qara, qapqara dəf kimi bir düz. Barmaqlarımızın ucunda irəlilədikcə dəf
kimi səs çıxır. Bir qurbanlıq qoçu
öpən kimi yavaşca boynumdan öpərək "gedəcəksən,
eləmi?", - deyir, - "gedəcəksən"...
İkimiz də bilirik. Ta Mirzənin
dərəsində məni tapan o hissin bir gəlincik (lalə)
kimi çırtladığını, üzə
çıxmağa hazır olduğunu bilirik. Tutub öpürəm qoxusunu. Göyləri
cıran bir səs dərə boyu sıralanmış
qovaqların yarpaqlarını titrədərək gəlir.
Çayımız isti, təptəzə.
Açıq qapının arxasında səyriyən
şam kölgələrimizi alıb dizlərimizə
yatırdır, ayaqlarımızın kənarında
başlarımız birləşir. Çöl
nərgizləri son dəfə tərləyir. Kürəyimdə
eyni jilet, eyni yasəmən qoxusu...
Sonra mən səni tutub anlatdım. "Məni
Mirzənin dərəsinə apardığın gün",
- deyə başladım və hər şeyi izah etdim. Hər
şeyi bilir, Mirzənin dərəsini, o isti günü, o
isti gündə məni tutan qaranlıq hissi, yastı
daşları, dizlərində yatdığımı... Gülümsəyir. Sanki
başımızın üstündə, sanki bizimlə
birlikdə Mirzənin dərəsindədi... Məni
tutub dizlərində yatırdarkən kürəyimdə o
daşın istiliyini duydum. Nəsə bir
şey, pis bir şey olacağını sezirdim. Mirzənin dərəsində məni tapan hiss təkrarlanırdı.
Deyərkən bir silah atılır. Mirzənin dərəsində
bir pis, qaranlıq hiss kimi meydana çıxan silah
atılır. Kölgəsi böyüyərək
gələn isti bir güllə öpür məni sol sinəmdən.
Sağ çiyninə buluddan bir baş örtüyü
sallanır. Onun ucuyla göz yaşlarını
silir.
- Mirzə
sənsən, - deyir pıçıltıyla.
Əyilib sinəmdəki yaradan öpür sanki.
Bəxtiyar ASLAN
Tərcümə:
Eyvaz Zeynalov
525-ci qəzet.-2018.-26 yanvar.-S.7.