"Bir az anderqraunda yaxınam, bir az modernə..."
Gənc yazar və
aktyor Kamal Akenin yaradıcılığa fərqli
baxışı var
Ondan özünü təqdim etməsini
istəyəndə: "Gənc yazıçı,
"Qaranlıqda sən" kitabının müəllifi,
ADO teatrının aktyoru, "AKEN Group"un sahibi Kamal
Aken" - cavabını aldım.
"Aken" kəlməsinin "ən
yaxşı, ilahi" kimi anlamlar verdiyini dedi. Pedaqoji
Universitetdə təhsil alıb Kamal, ancaq yarımçıq
tərk edib oranı. Səbəbini belə
açıqladı:
- Mühit məni çox
sıxırdı. Özümü oraya aid hiss etmədim.
- Demək istəyirsən
ki, sən fərqlisən? Nə ilə?
- Ən azından standart,
tabulu, kompleksli deyiləm, azadam. Dövlət
teatrlarında, inanmıram ki, hansısa rejissor və ya aktyor
çox rahat və sərbəst şəkildə öz
fikirlərini sərgiləyə bilsin, özündən nəsə
əlavə edə bilsin. O baxımdan mən azadam,
öz düşüncələrim, öz yolum var.
-
Yazıçılıqda hansı üsluba
üstünlük verirsən?
- Əsasən modern
üslubda yazıram. "Bütün yazılarım bu
üslubdadır" deyə bilmərəm. Bəzən heç özüm də bilmirəm ki,
hansı üslubda yazıram. Bir az anderqraunda
yaxınam, bir az modernə.
- Müsahibələrinin
birində demişdin ki, "Qaranlıqda sən" adlı
ilk kitabından imtina edirsən. Ancaq indi
özünü "Qaranlıqda sən" kitabının
müəllifi" deyə təqdim etdin. Bir az da bu kitab haqda danışaq.
- O kitabı mən 17 yaşımda,
universitetin birinci kursunda oxuyarkən yazmışdım. Onda düşüncələrim başqa idi,
çox oxunmağa, oxucu auditoriyası qazanmağa həvəsli
idim. Ona görə də
düşünürəm ki, tələsdim onu yazmağa.
Birinci semestrin sonunda, imtahan və tətil
zamanlarında cəmi bir ay, daha dəqiq desək, 40
günün içərisində yazdım və heç
redaktə etməmiş çapa verdim. Sonradan
gördüm ki, bu kitab heç nə imiş. Elə
müsahibəmdə də onu kitab kimi hesab etmədiyimi dedim. Ancaq neyləyim ki, mənim imzamla gedibsə, demək
ki, mənimdir. Yəni qalıb
üstümdə (gülür). Əlimdə
olsa, o kitabın hamısını yığıb məhv edərdim.
- Bildiyim qədərilə
indi ikinci kitab üzərində işləyirsən.
- Bəli, indi yeni kitab üzərində
işləyirəm. Bununla öyrəndim ki, kitab yazmaq bir
aylıq iş deyilmiş. "Şizofreniya
palatası" adlı bu kitabımın təkcə
araşdırmasına bir ildən çox zamanım gedib.
"Qaranlıqda sən" kitabı tipli kitablar bizim cəmiyyətdə
bir az çox oxunduğundan kitab
mağazalarının birinin aprel-may statistikasında ən
çox satılan kitab siyasına düşmüşdü. İki tiraj çap olundu,
üçüncünü isə özüm istəmədim.
- ADO teatrına gəlişin
necə oldu?
- Elmini adətən çox cəsarətli
rejissor və jurnalist kimi uzaqdan izləyir, təqdir edirdim. Bir dəfə "Nərimanfilm"də
"İkinci güllə" filmi üzərində işlər
başlamışdı. Mən də bu
sahəyə həvəsli və maraqlı olduğumdan təcrübə
üçün orada iştirak edirdim. Elə Elminlə
də orada tanış olduq. Heç o
zamanlarda ağlıma gəlməzdi ki, nə vaxtsa Elminlə
yaxın dost ola biləcəyik. Sonradan mən ona yazdım ki, sizin teatra qoşulmaq
istəyirəm. Hələ o zamanlarda teatr
təzə yaranırdı. İkinci
tamaşalarının üzərində işləyirdilər.
O mənə dedi ki, istəyirsənsə gəl, məşqlərə bax. Mən
səhər Pedaqoji, günorta Bakı Slavyan universitetlərində
dərslərdə oturur, axşam isə saat 7-8-dən 12-yə
kimi onların məşqlərinə gedib baxırdım.
5-6 ay bu, belə davam etdi. Mənim bu həvəsim
onun çox xoşuna gəlmişdi və biz dost olduq. Sonradan
o, məni sınamaq üçün rol verdi.
- Nə vaxtsa
özünün tamaşa hazırlamaq fikrin var?
- Bunun üçün hələ tələsmirəm.
Çünki istəmirəm ki, bu da ilk
kitabım kimi olsun. Hələ özümü hazır
hiss etmirəm. Amma demək olar ki,
tamaşaların hamısında rol almışam.
"GOTT", "Ağ-Qara", "Toy"
tamaşaları var ki, onlarda oynayıram.
- Bu yaxınlarda
ADO teatrı cənub rayonlarından qastroldan qayıtdı. Necə keçdi səfəriniz?
- Biz tez-tez qastrollarda oluruq. Tiflisdə olmuşuq, İranda "Təbrizim"
küçə festivalında yer tutmuşuq, Fransanın Oriak
şəhərində festivalda çıxış
etmişik. Bu səfərlərimiz həmişə
çox rahat olub. Bu dəfə biz istədik ki, Azərbaycanın
ucqar rayonlarına gedək, rayon camaatını
teatrımızla, tamaşalarımızla tanış
edək. İlk seçimimiz Lənkəran oldu.
Səfərdən iki ay öncədən biz
oranın Gənclər evi ilə danışıb
razılaşdıq ki, bizə yer verəcəklər. Yola çıxmağa 2-3 saat qalmış isə
bizə dedilər ki, orada tamaşa göstərməyimiz
mümkün deyil. Biz də məcbur olub
qastrolu təxirə saldıq. Əlaqələr
yaratmağa çalışsaq da, nə səbəb öyrənə
bildik, nə də icazə ala. Sonradan
fikirləşdik ki, məcbur deyil hansısa işıqlı,
geniş salon olsun. Biz bir kənd sakininin
balaca daxmasında da öz tamaşalarımızı göstərə
bilərik. Yanvarın 9-u gecə 10 nəfərlik
truppayla Lənkərana yola düşdük. Orada bir evdə tamaşamızı, həyətində
yağışın, soyuğun altında "Kərpic"
performansımızı göstərdik.
Fikrimiz vardı ki, oradan Lerikə
gedib rayonun orta məktəbində tamaşamızı oynayaq. Zəng gəldi
ki, buna da icazə verilmir. Biz yenə də
bir şey anlamadıq. Axı teatrın, tamaşanın
nə ziyanı ola bilərdi ki? Bundan sonra
biz də bir az həvəsdən
düşdük, qayıtmaq istədik, ancaq orada
yaşayanlardan zəng gəldi ki, bəs niyə gəlmirsiz,
bütün kənd yığışıb sizi gözləyir.
Biz də deyə bilmədik ki, bizə icazə
vermirlər. Beləliklə, çox fikirləşəndən
sonra getmək qərarına gəldik. Lerikdə
gedəcəyimiz kənd çox hündürdə,
dağın başında yerləşirdi. Mənim də, Elminin də yüksəklik
fobiyası var, mənim həm də ürək aritmiyam var, yəni
hündürlüyə çıxmaq, yüksək təzyiq
dəyişikliyi olmaz. Oraya çatana qədər
neçə dərman atmalı oldum. Yollar
da çox təhlükəli idi, sıldırım olduğu
üçün ancaq xüsusi maşınla - UAZ-la gedə
bilərdik. Həmin gün də hava
çox soyuq və dumanlı idi. Bütün
bu çətinliklərə baxmayaraq biz o kəndə gedib
çıxdıq. Düşdüyümüz ev kiçik və çox şirin idi. Orada biz Elgünün ətraf mühitlə
bağlı performasını göstərdik. ondan başqa da bir neçə kiçik
tamaşalar göstərdik. Bizi izləməyə qırxa
yaxın adam gəlmişdi. Təəssüf
ki, onlar arasında cəmi bir nəfər qadın vardı, o
da ev sahibəsi idi. Onlar bizi
elə diqqətlə izləyir, tamaşamıza elə
içdən gülürdülər ki, mən durub onları
qucaqlamaq istəyirdim. Çox möhtəşəm bir
hiss idi. Biz orada başa düşdük ki, bizim
ucqar rayonlarda, kəndlərdə tamaşa göstərməyimiz
beynəlxalq festivallardan daha əhəmiyyətlidir. Qərara gəldik ki, bu işi davam etdirək. Doğrudur, yenə də maneə yaradanlar olacaq,
qarşı çıxmağa çalışacaqlar. Amma biz yolumuzdan dönməyəcəyik.
- Çəkdiyiniz
əziyyətlərə dəyərmi?
- Düşünürəm ki, dəyər.
Teatr böyük səhnələr deyil, teatr
balaca bir yerdən, otaqdan da çıxa bilər. Elə
ADO-nun tarixinə nəzər salsaq, beş
il öncə balaca bir zirzəmidə yaranıb. İlk adı da otaq mənasını verən ODA
olub. Ümumiyyətlə, hansı dövlət
teatrı dəniz səviyyəsindən 2000 metr yüksəkliyə
qalxıb balaca bir dəhlizdə tamaşa göstərər?
Kim bunu özünə
sığışdırardı? Dövlət
teatrlarında dəbdəbə, böyük səhnələr,
böyük pərdələr lazımdı. Biz sübut edirik ki, balaca bir otaqda da incəsənət
yaratmaq olar.
- Səncə, sənət
sənət üçündür, yoxsa xalq
üçün?
- Bu haqda heç zaman
düşünməmişəm. Mən buna
heç də sənət kimi baxmıram, daha çox
zövq məsələsi kimi baxıram. Bu,
mənim üçün peşə, ixtisas deyil. Təbii ki, bununla sırf peşə kimi məşğul
olan insanlar da var. Onlar bu haqda nə düşünür bilmirəm,
amma mən buna zövq məsələsi kimi yanaşıram.
Bununla kimisə qurtarmaq, kiməsə nəsə
aşılamaq fikrim yoxdur. Uşaq vaxtı
olub, düşünmüşəm ki, bununla cəmiyyəti
xilas edəcəm. Amma sonradan
görmüşəm ki, cəmiyyəti xilas etmək daha
böyük anlayışdır.
- Müasir Azərbaycan gəncini necə görmək
istəyirsən?
- Daha çox azad görmək istəyirəm.
Biz o qədər çərçivələr
içərisində sıxışdırılırıq
ki, ən adi, ən primitiv sərbəstlik belə bizə
azadlıq kimi gəlir. Azadlıq geyimlə,
davranışla, saçlarla, imiclə deyil. Azadlıq öz içində başlayır, öz
içində də bitir.
- Sahibi olduğun
"AKEN Group" haqqında da danışaq.
- Bu, Gürcüstan şirkətidir.
Mən bir il öncə cəmi 451 manatla
başlamışdım bu işə. Onda kurs
kimi başlamışdıq. Sonradan
"Elitar qrup"la birləşdik. Tərkibində
kurslar, turizm şirkəti var. Gürcüstan şirkətidir,
ancaq Azərbaycan nümayəndəliyi də var.
- Gələcəklə
bağlı planların, gözləntilərin nədir?
- Əsas fikrim burada işlərimiz
yoluna qoyub Avropaya getmək, orada tikinti sahəsində
çalışmaqdır. Yazıçılıq,
aktyorluq isə peşə olmadığı üçün
hər zaman davam edəcək. Ən
böyk planım isə AKEN Holdinqi yaratmaqdır.
- Bəs, nə
zamansa, biznes və incəsənət arasında qalsan,
hansını seçərsən?
- Biznes ancaq maliyyə məsələsini
yoluna qoymaq üçündür. Əgər nə
zamansa seçim qarşısında qalsam, şübhəsiz,
incəsənəti seçərəm.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.- 25 yanvar.- S.7.