Seyid Əzim Şirvaninin
nəticəsi Daşkənddə evlə təmin edilib
Görkəmli
Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvaninin nəticəsi
Fatma Quliyeva uzun illərdir ki, Özbəkistanın paytaxtı
Daşkənd şəhərində yaşayır.
AZƏRTAC xəbər verir ki, Fatma Quliyeva 1941-ci ilin fevral ayında Aşqabad şəhərində anadan olub. Atası Əminağa Bakıda, anası Xədicə xanım isə Aşqabadda dünyaya göz açıb. Ana nənəsi Seyid Əzimin doğma qızı Seyid Fatma olub.
Qeyd edək ki, 77 yaşlı Fatma Quliyeva vətəndaşlığı olmadan Daşkənd şəhərində şəraiti olmayan bir yataqxanada yaşayıb.
Fatma Quliyeva Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə müraciət edərək, ona Azərbaycan vətəndaşlığının verilməsini və Daşkənddə evlə təmin olunmasını xahiş edib.
Ötən müddət ərzində səfirlik Fatma Quliyevanı himayəyə götürüb, ona mütəmadi olaraq yardımlar, bayram sovqatları göndərilib.
Fatma Quliyevanın evlə təmin olunması üçün Hüseyn Quliyev azərbaycanlı iş adamlarına müraciət edib.
Səfirin müraciəti cavabsız qalmayıb. Azərbaycanda yaşayan xeyriyyəçilər Mirfalah Cabbarov və Cavid Səbzəliyevin dəstəyi nəticəsində Fatma xanım üçün Daşkəndin Sergeli rayonunda üç otaqlı ev alınıb.
Fatma Quliyeva ona göstərilən bu dəstəyə, habelə dahi şair Seyid Əzim Şirvani irsinə diqqət və qayğıya görə səfir Hüseyn Quliyevə, iş adamlarımıza öz minnətdarlığını bildirib.
Fatma Quliyeva ümid
etdiyini bildirib ki, illərlə ürəyimdə
saxladığım Azərbaycana, babamın və
yaxınlarımın uyuduğu doğma Şamaxıya köçmək barədə
arzum da həyata
keçəcək və ömrümün
ahıl vaxtında olsa da
mən Azərbaycan vətəndaşlığı alaraq ana torpağıma
qovuşacağam.
525-ci qəzet 2018.- 26 yanvar.- S.7.