Bəxtin fəlsəfəsi
YAXUD FİLOSOF
ƏMRƏLİ İSMAYILOVUN SƏKSƏN İLLİK
ÖMÜR YOLUNUN BƏZİ NAXIŞLARI
Süleyman QARADAĞLI
... Biz sıravi adamlar
çox vaxt bəxtdən, taledən gileylənirik. Bəzən
haqlı, bəzən
haqsız...
... Biz adi adamlar daim
hansısa uğursuzluğumuzu
da bəxtin, taleyin adına
yazırıq. Bəzən
təsəlli üçün,
bəzən acizlik kimi...
Bəs filosoflar
necə?
Bu suala cavab vermək çətindir. Amma tanınmış filosof Əmrəli İsmayılovla
söhbət əsnasında
tez-tez "filan məsələdə bəxtim
gətirdi", "filankəslə
təsadüfən görüşməsəydim"
kimi ifadələr işlətməsi
belə təsəvvür
yaratdı ki, o da hamı kimi
bəxtə, taleyə
inanır. Onun söhbətlərindən belə
anlamaq olur ki, onların - Hacı Kazımlı tayfasının
yurd sarıdan bəxti gətirməyib, az qala iki
əsr diyar-diyar dolaşıblar.
Əslən Türkiyənin
İqdır vilayətindən
olan həmin nəslin
nümayəndələri əvvəlcə
Gürcüstana, bir müddət sonra Sisyana, oradan da Krasnoselsk rayonuna üz tutublar. 1918-ci ildə soydaşlarımıza
qarşı aparılan
soyqırım zamanı
bu tayfanın üzvləri Gədəbəyin Şınıx
bölgəsinə pənah gətiriblər.
Ulu babalarından fərqli olaraq bu bölgədə doğulan Əmrəlinin bəxti gətirməyə
başlayıb...
Əmrəli müəllimin bəxti
onda gətirib ki, ilk dəfə dünyaya Gədəbəy
rayonunun axar-baxarlı, ana təbiətin rəssam fırçasını səxavətlə işlətdiyi Slavyanka kəndində salam verib. Onun ulu
babaları bura gəlib çıxana qədər uzun bir yol keçib
və istər ata, istərsə də ana tərəfdən
bu nəsildəki 11 əmioğludan
heç birinin uşaqlarının bəxtinə
"əmi" söyləmək
düşməyib.
Onun bəxti bir də onda gətirib
ki, əhalisi əsasən ruslardan ibarət Slavyanka qəsəbəsində fəaliyyət göstərən
və çox güclü müəllim
və pedaqoqlardan ibarət rus məktəbində oxuyub, təhsil əlaçısı olub.
Əmrəli müəllimin bəxti bir də taleyinə
həmişə yaxşı
adamların çıxması
sarıdan gətirib. Ali məktəbə
qəbul olunmaq üçün Bakıya
gələndə orta
məktəb illərindən
tanıdığı pasport-masa
şöbəsinin rəisi
ilə rastlaşıb.
Başqalarına bir-iki aylıq
pasport veriləndə
o, üç illik pasport alıb. Qəbul imtahanlarını uğurla
verərək üç
fəndən 5, birindən
isə 3 alaraq Bakı Dövlət Univerisitetinin Tarix fakültəsinə qəbul
olunub. İkinci kursda sinif nümayəndəsi, üçüncü
kursda fakültə komsomol təşkilatının
katibi seçilib, təhsil illərində kommunist partiyası sıralarına
keçib. Sovet vaxtı bunun nə demək olduğunu xatırlatmağa
lüzum yoxdur...
1962-ci ildə
universiteti bitirib.
Yenə də rastına yaxşı adamlar çıxıb. Bir gün
bulvarda gəzişərkən
universitetdə ona dərs deyən Abuzər Cahangirovla rastlaşıb. Kim bilir,
isti avqust günündə həmin
xoş təsadüf olmasaydı, tale onu hansı səmtə aparıb cıxaracaqdı?...
Hal-əhval tutandan sonra Abuzər müəllim onu
Sənaye Universitetində
fəlsəfədən mühazirə
oxumağa dəvət edib. 1962-ci il avqustun 15-də təhsil ocağının rektoru əmr verərək onu işə qəbul edib, sentyabrın
7-də ilk dəfə tələbələr
qarşısında mühazirə
oxuyub.
Əmrəli İsmayılovun
fəlsəfədə ilk addımları o vaxtdan başlayıb. İlk dəfə auditoriyada müəllim kimi o baş-bu başa gedib. Fəlsəfənin ən müxtəlif məsələləri barədə dolğun və əhatəli mühazirələr söyləyən
gənc müəllimin
gözəl nitqi tələbələri nəfəs çəkmədən qulaq
kəsilməyə vadar edib. Gənc müəllimin Sənaye İnstitutundan başlanan mühazirəçi addımları sonra Tibb İnstitutunun, Slavyan Universitetinin, İdarəçilik
Akademiyasının auditoriyalarına uzanıb. Hansısa şairin yazdığı kimi:
O qədər sinifdə var-gəl edib ki,
Bəlkə də yol gedib Magellan qədər...
Həmin mühazirə salonları
və auditoriyalarda
o baş-bu başa gedib-gələn gənc filosofun addımlarını
bir-birinə calamaq mümkün olsa, bəlkə də yer kürəsini dolaşmaq olardı...
1963-cü ildə onu
SSRİ Elmlər Akademiyasının
aspiranturasına göndərirlər. Müsabiqədə Azərbaycandan
göndərilən namizədlər
içərisində Əmrəli
İsmayılova üstünlük
verilir. Onun bəxti bir də onda gətirir
ki, üç il Moskvada akademik
Fyodor Konstantinov, fəlsəfə
elmləri doktorları
Eduard İliyenkov, Vladislav
Kelle, Vladimir Suxodeyev kimi məşhur filosoflardan dərs alır, müxtəlif auditoriya və məclislərdə
onlarla ünsiyyət qurur. Həmin müddətdə namizədlik dissertasiyası
müdafiə edərək
Moskva Dövlət Universitetində fəlsəfədən
dərs deyir. Bundan sonra Bakıya
qayıdan gənc alim Elmlər Akademiyasının Fəlsəfə
və Hüquq İnstitutunda işləyib,
laborantlıqdan
sosial fəlsəfə
və sosial psixologiya şöbəsinin
müdiri vəzifəsinədək
yüksəlir. Həmin
institutda 17 il şöbə müdiri işləyib, 10 nəfər
elmlər namizədi hazırlayib, 7 kitab, 4 monoqrafiya yazıb, 13 monoqrafiyanın həmmüəllifi olub,
36 beynəlxalq konfransda iştirak edib.
Sonrakı illərdə o, Akademiyanın Rəyasət
Heyətində baş
mütəxəssis işləyib. Fəlsəfə
elmləri namizədi Əmrəli İsmayilovun
hazırkı fəaliyyəti
isə Azərbaycan Pedaqoji Universitetindəki Heydər Əliyev mərkəzi ilə bağlıdır.
Ancaq Əmrəli
müəllimin bəxti
həmişə gətirməyib,
hətta ondan üz çevirdiyi vaxtlar da olub.
Gənclik illərində həmişə
üzünə gülən
bəxtinin sonralar gətirmədiyi vaxtlar da olub. Ötən əsrin 80-ci illərində şəhərdə
kitab mağazasına girərkən içərisində
doktorluq dissertasiyası
olan çantasını
yerə qoyub, geri qayıdanda... çantasının oğurlandığını
görüb. Bu hadisə
ona o qədər pis təsir edib ki, nə
do torluq dissertasiyasının
axtarışında olub,
nə də onu yenidən yazmaq
istəyində.
Əmrəli müəllimin bəxtinin
gətirməməyi bir
də 80 illik yubileyi ərəfəsində
çapa hazırladığı
kitabla əlaqədar olub. Bu dəfə kitabın oxunub hazır vəziyyətə
gətirilmiş mətni
kompüterin yaddaşından
silinib. Amma müasir texnologiyalar bu
dəfə
"itmiş kitabı" bərpa etməyə imkan verib...
Əmrəli müəllim fəlsəfə
tarixində mövcud olan bütün məşhur filosofların
yaradıcılığını mükəmməl şəkildə
öyrənib. Xüsusilə Marks, Hegel, Kant, Bəhmənyar və digər filosofların irəli sürdüyü nəzəriyyə
və tezislərə
elmi yaradıcılığında
tez-tez müraciət edir. Klassik filosofların əsərlərinə məhz
belə dərindən bələd
olduğuna görə
onun bütün məsələlər barədə
özünəməxsus və böyük təcrübəyə söykənən
mövqeyi var. Əmrəli
müəllim elmlər
namizədi olsa da, yüksək elmi dərəcəli filosoflar, professor və elmlər doktorları alimin səviyyəsini yüksək qiymətləndirir,
ona çox böyük hörmət və ehtiramla yanaşırlar. Təcrübəli
alimə ən müxtəlif məsələlər
barədə müraciət
edir, fikir və münasibətini
öyrənirlər.
Milli şüur,
milli özünüdərk
və milli ruh barədə Əmrəli müəllimin
ürəkdən gələn
söhbətlərinə qulaq
asanda adama elə gəlir ki, o biri filosoflarda
da olan milli hisslərin
hamısını yığıb
ona veriblər. Son illər onun apardığı tədqiqatların
da çoxu fəlsəfənin
milli problemlərinə
həsr olunub. Ömrünün ixtiyar çağlarını yaşayan bəyaz saçlı, iti baxışlı alim bu sahədə gənclik eşqi ilə çalışmaqdan
yorulmur.
Həyatda hər kəsin
öz bəxti, taleyi, qisməti var,- deyirlər.
Yəqin Əmrəli
müəllimə də
bu şeylərdən
pay düşüb. Bəlkə də
ona görə qazandığı uğurların
çoxunu bu kateqoriyalarla əlaqələndirir.
Amma o təvazökarlıq
edərək çox
şeyi bəxtinin gətirməyi ilə əlaqələndirsə də,
əslində bu uğurların arxasında
çox böyük zəhmətin, dərin mütaliənin və zəngin intellektual potensialın durduğunu onu tanıyanlar yaxşı bilir.
Onu tanıyanlar,
elə tanımayanlar da yəqin onu
da bilir ki, yunan mənşəli
"filosof" sözü
"müdrikliyi sevən"
deməkdir. Hələ lap qədimlərdə, antik dövrdə sadəcə savadlı adamlara filosof deyiblər. Amma indi... təhsili olanlar çoxdur, lap çox... Müdrikliyi sevən az
olsa da... Ona görə də indi yalnız fəlsəfə ilə peşəkarcasına məşğul
olanlara filosof deyirlər. Elə bu səbəbdən də Əmrəli müəllim kimi bu sahədə saç-saqqal ağardanlara
filosofların müəllimi
demək yaraşır...
525-ci qəzet.-2018.-26
yanvar.-S.8.