Orfoqrafiya qaydalarının tənzimlənməsinə
dair mülahizələr
Qloballaşan dünyada milli dillərin qorunması və
inkişafı olduqca vacibdir.
Nəzərə
alsaq ki, hər il dünyada neçə-neçə
dil "ölü" adını qazanır, onda bu problemin nə
dərəcədə ciddi olduğunun bir daha şahidi
olarıq. Doğrudur, Azərbaycan dili bu gün "dövlət
dili" statusunu daşıyır və Azərbaycan
Respublikasının Konstitusiyası ilə təsdiq olunub,
lakin bu heç də o anlama gəlməməlidir ki,
qloballaşmanın dilimizə heç bir təsiri yoxdur.
Müstəqillik illərində dilimizlə bağlı kifəyət
qədər müsbət məqamlar olsa da, təəssüf
doğuran məqamlar da az deyil. Son illər KİV-in dilində, reklam və
afişalarda tez-tez dilimizin normaları pozulur, dilimizə yad
ünsürlər daxil olur. Ölkə prezidentinin 9 aprel
2013-cü il tarixində "Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı"nı təsdiqləməsi də bu təsirlərin
qarşısının alınması məqsədi ilə
imzalanmışdır. Proqramda dilimizin
qorunması ilə bağlı kompleks tədbirlərin
görülməsi nəzərdə tutulmuşdur. Bu tədbirlər planının tərkib hissəsi
kimi, dilimizin normalarının tənzimlənməsi xüsusi
rol oynayır. Dilin leksik normalarının
tənzimlənməsində isə "Orfoqrafiya prinsip"ləri
mühüm rol oynayır.
Məlum olduğu kimi, müstəqillik illərində
iki dəfə "Azərbaycan dilinin orfoqrafiya lüğəti"
nəşr olunmuşdur (2004, 2013). Hər iki lüğət
dilçiliyimiz üçün yeni hadisə olsa da, onlarda
müəyyən qüsurlarda vardır. Xüsusən,
eyni sözün müxtəlif formalarda verilməsi, dialektizmlərdən
istifadə və s. bu lüğətlərin qüsurları
sırasındadır.
Amma bəzən lüğət haqsız tənqidlərə
də məruz qalır. İlk olaraq qeyd olunmalıdır ki, orfoqrafiya
lüğətləri iki qismə bölünür:
I. Akademik
lüğətlər;
II. Digər
lüğətlər (bura nisbətən kiçik həcmli
işlək lüğətləri, məktəblilər
üçün hazırlanan lüğətləri və s.
aid etmək olar).
Akademiyanın hazırladığı lüğətlər
Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında
hazırlanır və digər lüğətlər
üçün əsas rolunu oynayır. Bu tip lüğətlərdə
dilin bütün leksik qatı öz əksini
tapmalıdır. Yəni burada terminlər də
daxil olmaqla dildə işlənən sözlərin mütləq
əksəriyyəti əhatə olunmalıdır. Əlbəttə, dialekt sözləri bura daxil edilməməlidir.
Bu tip lüğətlər daha çox elmi ictimaiyyət
üçün nəzərdə tutulur və onların əsasında
digər lüğətlər hazırlana bilər. Bəzən, lüğətlərdə verilən
sözlərin anlaşılmazlığı etiraz doğurur.
Amma nəzərə almaq lazımdır ki, dildəki
sözləri hamı bilə bilməz. Məsələn,
2011-ci ildə nəşr olunan "Səməd Vurğunun bədii
dilinin izahlı lüğəti"ndə (B., "Elm",
2011, 672 s.) 8 minə yaxın söz və ifadə (6215 söz
və 1753 ifadə) verilmişdir. Azərbaycan
dilinin son orfoqrafiya lüğətində isə yüz on mindən
artıq söz (110563) verilmişdir. Əgər
Səməd Vurğun təxminən altı min söz işlədirsə,
deməli, gündəlik istifadə olunan sözlər 10-15
mini aşmadığı halda lüğətdə bundan on dəfədən
də artıq söz verilir və bu belə də
olmalıdır. Çünki lüğət
bütün təbəqələr üçün nəzərdə
tutulur və onda dilin lüğət tərkibi kifayət qədər
əhatəli şəkildə əks olunmalıdır.
Digər məsələ isə orfoqrafiya
qaydalarının tənzimlənməsi ilə
bağlıdır. Heç kəsə sirr deyil ki, müstəqillik
illərində istifadə olunmuş qaydalar, əsasən,
sovet dövründə istifadə olunan qaydaların müəyyən
qədər təkmilləşdirilmiş formasından
başqa bir şey deyildi. Doğrudur, o zamandan bəri
xeyli illər keçməsi, bəzi qaydaların köhnəlməsi,
əlifbanın dəyişməsi və s. yeni qaydaların
yaradılması zərurətini ortaya qoydu. Bu zərurət
nəzərə alınaraq, yeni orfoqrafiya qaydaları
yaradıldı. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı
ilə təsdiqlənmiş "Azərbaycan dilinin orfoqrafiya
qaydaları" əsasında dilimizin orfoqrafiya lüğəti
yenidən hazırlandı və 2013-cü ildə lüğət
yenidən nəşr olundu və kitaba 110563 söz daxil edildi.
Bu isə əvvəlki 2004-cü il nəşrinə
nisbətdə 30 mindən artıq sözün əlavə
edilməsi deməkdir. Yeni nəşrdə əvvəlkidə
olan müəyyən mübahisəli məqamlar aradan
qaldırılsa da, yeni qaydalar hazırlanmadı və
lüğət Nazirlər Kabinetinin 5 avqust 2004-cü il qərarı ilə təsdiqlənmiş
qaydalarına əsasən nəşr olundu. Bununla belə,
anten, metafor, kompüter, feil, təbaşir,cəfəngiyyat,
cüdo və s. sözlərin yazılışında korrektələr
edildi.
Lakin bu nəşrdə də müəyyən sözlərin
yazılışında problemlər qalır. Belə ki,
lüğətdə əvvəlki lüğətdə
ekspress kimi verilən söz - ekspres kimi verilsə də, nədənsə
superekspress sözü olduğu kimi saxlanılır.
2004-cü ilin lüğətində sürtgəc,
sürtgü, ötgün, ötgünlük kimi verilən
sözlər dilin qaydalarına tabe edilərək,
sürtkü, sürtkəc, ötkün, ötkünlük
kimi verilir.
Qarmaqarış, qarmaqarışıq -
qarma-qarışıq, qarma-qarışıqlıq və
zirzibil, zirzibilli, zirzibillik tipli bitişik yazılan sözlər
isə zir-zibil,zir-zibilli, zir-zibillik şəklində
defislə verilir. Bu tip nümunələri artırmaq da olar.
Lakin qeyd olunmalıdır ki, lüğətdə bu
düzəlişlərlə yanaşı, bir sıra
mübahisəli məqamlar da qalmaqdadır. Belə ki,
alğı-satqı sözü lüğətdə səhv
olaraq alqı-satqı şəklində verilib. Məlum olduğu kimi, dilimizin qaydalarına görə
cingiltili samitlə bitən sözlər müvafiq olaraq -gi,
-ğı kar samitlə bitən sözlər isə -qı,
-kü şəkilçisini qəbul etməlidir. Bu qaydaya əsasən isə bu sözün
düzgün yazılışı
"alğı-satqı" şəklində
olmalıdır. Ona görə də burada
sözün kökündə (al) l cingiltili samit olduğu
üçün ondan sonra -qı şəkilçisinin
işlənməsi doğru deyil, deməli, bu sözün
yazılışı"alğı-satqı"
olmalıdır.
"Orfoqrafiya
qaydaları"nın 22-ci bəndində əslində
quruluşca sadə olan"yaxud", "çünki",
"həmçinin" və "hərçənd"
bağlayıcıları mürəkkəb
bağlayıcılar hesab edilib. Mürəkkəb
sözlərin tərkib hissələri baxımından
yanaşıldıqda bu bağlayıcılar mənşə
baxımından mürəkkəb hesab edilsə də, indiki
vəziyyətdə morfoloji quruluşu baxımından sadə
bağlayıcılardır.
Əsas məsələ isə, fikrimizcə, müstəqillik
dövrü üçün dilimizin yeni orfoqrafiya
qaydalarının hazırlanmasıdır. Məlum olduğu kimi, əvvəlki
lüğətlərdə alınma sözlərin
yazılışında bir qayda olaraq ərəb və fars mənşəli sözlər, o cümlədən,
rus dilindən və bu dil vasitəsi ilə dilimizə
keçən sözlərin yazılışı öz əksini
tapırdı. Bu da dövrün tələblərindən
irəli gəlirdi. Çünki dilimizə
yeni sözlər rus dilindən və rus dili vasitəsi ilə
keçirdi. Artıq müstəqillik illərində
dilimiz birbaşa mənbə dillərdən söz alır.
Bu səbəbdən də "orfoqrafiya
qaydaları"nda bu qaydalar təsbit olunmalıdır. Məsələn,
son illər dilimizə ərəb dilindən "əl"
artiklı ilə bir neçə söz daxil olub, "əl-qaidə",
"əl-cəzirə" və s. Mətbuatda bu sözlərin
müxtəlif yazılış formaları mövcuddur və
lüğətdə bu sözlərin yazılışı
təklif olunmalıdır. Əlbəttə bu tip sözlər
az deyil: Məsələn, dilimizə son
illər daxil olan, veb-kamera, vay-fay, vatsap və s. sözlərin
doğru yazılması üçün ingilis dilindəki
"w" hərfinin dilimizdə necə yazılmasını
bilmək lazımdır.
Digər bir məsələ isə dildə
alınmaların tənzimlənməsi və dilimizin
qaydalarına uyğunlaşdırılmasıdır. Bu proses dildə həmişə
olub və indi də davam etməkdədir. Məsələn,
biz əsli "şəhr", "qazeta",
"vyodra" və s. sözləri dilimizin fonetik
qaydalarına uyğunlaşdıraraq "şəhər"
və "qəzet", "vedrə" kimi yazırıq.
2004-cü ildə apostrof işarəsi ləğv edilərkən
bir çoxları bunun dilimiz üçün "fəlakət"
olacağını deyirdilər, hətta indi də bununla
bağlı narahatlıq keçirənlər var, amma
keçən illər sübut etdi ki, bu addım doğru idi.
Lüğətlər
hazırlanarkən üç prinsip nəzərə
alınır: fonetik, morfoloji və tarixi-ənənəvi
prinsip. Azərbaycan dili üçün isə
fonetik prinsip əsasdır. Yəni biz
orfoqrafiya lüğətlərini hazırlayarkən fonetik
prinsipi əsas götürürük. Lakin
bu o demək deyil ki, bizim dilimizin orfoqrafiya prinsipləri
hazırlanarkən digər prinsiplər nəzərə
alınmır. İlk növbədə onu
bilmək lazımdır ki, fonetik prinsip, əsasən,
alınma sözlərin yazılışında nəzərə
alınır. Məsələn, Azərbaycan
dilinin orfoqrafiya lüğətində "qayınana"
sözü tarixi-ənənəvi prinsipə görə belə
yazılır. Əgər biz bu
sözü fonetik prinsipə görə yazsaq, onda bu söz
"qaynana" kimi yazılmalıdır. Bu
halda isə dilin qrammatik prinsipi pozulmuş olacaq, yəni
sözün mənası itəcək. Bəzi
hallarda isə biz morfoloji prinsipə müraciət etməli
oluruq, məsələn,"alğı-satqı"
sözündə olduğu kimi.
Artıq qeyd etdiyimiz kimi, Azərbaycan dilinin orfoqrafiya
prinsipləri hazırlanarkən fonetik prinsip, əsasən,
alınmalara şamil edilir. Alınma sözlər isə
zaman-zaman dilə uyğunlaşdırılır və bu proses
daim davam etdirilməlidir.
Təəssüflə
qeyd olunmalıdır ki, dilimizdə çox vaxt rus dilinin təsiri
ilə hazırlanmış və qəbul etdirilmiş qaydalar
hələ də orfoqrafiyamız üçün norma kimi qəbul edilməkdədir.Müstəqillik
dövrü üçün isə yeni qaydaların tətbiqi
vacib şərt kimi dilçiliyimizin qarşısında
durur. İlk növbədə onu qeyd etmək lazımdır
ki, cənab Prezidentin imzaladığı "Dövlət
proqram"ına uyğun olaraq dilimizin
transliterasiya qaydaları hazırlanacaq və bu qaydalara
uyğun olaraq əcnəbi dillərdən dilimizə keçən
sözlərin yazılışı tənzimlənəcək.
Sonda
dilimizin orfoqrafiya qaydalarının tənzimlənməsi
üçün aşağıdakı qaydaların tətbiq
olunmasını təklif edirik:
1. Hələ
də rus dilinin təsiri ilə dilimizdə bəzi sözlər
qoşa "o" hərfi ilə yazılır. Məsələn, kooperativ, kooperasiya, zoologiya. Fikrimizcə, bu sözlər digər sözlərlə
eyniləşdirilərək bir "o" ilə
yazılmalıdır.
2. Əvvəlki
lüğətlərdə mürəkkəb söz kimi
verilmiş ikinci növ təyini söz birləşməsi
formasında olan bəzi sözlər (kələmdolması,
başağrısı və s.) cəmlənə bilmədiyinə
görə lüğətdən
çıxarılmalıdır. Məlum
olduğu kimi, dilimizdə cəm şəkilçisi
sözün sonuna artırılır. Belə
sözlərdə isə bu alınmır. Deməli, "bir vurğu altında deyilən
sözlər bir yerdə yazılır" qaydası,
heç də həmişə özünü doğrultmur.
Məsələn, "kələmdolmasılar"
deyə bilmirik və kələmdolmaları deyirik və
yazırıq. Bu isə dilin morfoloji prinsipinin
pozulması ilə nəticələnir ki, gələcəkdə
ciddi fəsadları ola bilər. Bu eyni zamanda "soyqırımı" və digər
sözlərə də aiddir. Bu söz əslində
"soyqırım" olmalıdır, necə ki,
"soyad" sözünü yazırıq.
3. Dilimizdə
orfoepik norma kimi təsbit olunan "iki kar
samit yanaşı gələrkən ikinci kar samit cingiltiləşir"
qaydası söz kökündə işlənən
bütün sözlərə şamil olunmalıdır. Məlum
olduğu kimi, dilimizdə bu cür yazılan cəmi
iki-üç söz var (nisgil, əsginas, əsgər, əsgi,
pelasgi (-lər),fosgen və difosgen) ki, bu
sözlərin "k"ilə yazılması məqsədəuyğundur.
Bu tədrisdə olduqca vacib amildir. Qalan hallarda dilimizdə işlənən "sg"
və "şg" istisna hallarda işlənir ki, bunlar da
düzəltmə və mürəkkəb sözlərə
aiddir. Məsələn, səsgücləndirici,
yasgülü, dəsgirə, pərəstişgah, təxəllüsgötürmə,
onbeşgünlük, təşəbbüsgöstərmə.
4. Dilimizdə
söz əvvəlində qoşa samit işlənmədiyinə
görə hazırkı lüğətdə qoşa
"s" ilə başlayan sözlər bir "s" ilə
yazılsın. Məsələn, senari, senarist,
ssenariçi və s.
5. Son illər
əcnəbi dillərdən dilimizə keçən sözlərin
hamısının fonetik prinsipə əsasən
yazıldığı qeyd olunsun. Məsələn,
feysbuk, tvitter, sidi, sidi-ve, sivi, sidi-erve, vatsap, fləş, fləşkart,
pleysteşn, vörd, vindous, fotoşop, corl-drou, avroviziya və
s.
6.
Lüğətdə sonu təkheca ilə yazılan hiss,
küll, fənn və s. sözlərinə samitlə
başlayan şəkilçilər artırılarkən
samitlərdən birinin düşdüyü qeyd edilsin. Məlumdur ki, indiyə qədər qrammatika
kitablarında bu məsələ mübahisəli şəkildə
izah edilirdi. Belə ki, dilimizdə həm də
bir hərflə yazılan his və kül sözləri
olduğundan bu sözlərdə son samitin düşməməsi
qeyd edilirdi. Bu isə əslində
"dilimizin normalarını pozur. Fikrimizcə,
bu kontekstdə məlum olduğundan" hissdən yazmağa
ehtiyac yoxdur.
7. Məlum
olduğu kimi, abreviaturalara (qısaltmalar) şəkilçilər
artırılarkən qısaltmanın son hərfinə
uyğun yazılır. Məsələn, Azərbaycan
Turizm Təşkilatı - ATT-nin və s. Bura Amerika Birləşmiş
Ştatları - ABŞ-nin (Bu qısaltma Azərbaycan dilində
A-Be-Şe şəklində tələffüz edilməlidir) əlavə
edilsin.
8.
2013-cü ilin lüğətində "anten" kimi
yazılan söz antena kimi yazılsın.
9. "şeir", "feil" sözlərinə saitlə başlayan şəkilçi qoşularkən kökdəki son saitin düşdüyü qeyd edilsin. Məsələn, şerə, feli və s.
10. Ay adları bəzən böyük, bəzən kiçik yazıldığından (8 Mart, 10 mart) onlar bütün hallarda böyük hərflə yazıldığı qeyd edilsin.
Rasim HEYDƏROV
Filologiya üzrə
fəlsəfə doktoru, dosent
525-ci qəzet.-2018.-26 yanvar.-S.8.