Səhnədə Cənnət yaradanda...
XALQ
ARTİSTİ CƏNNƏT SƏLİMOVA TEATR
MÜHİTİNDƏ USTAD REJİSSOR VƏ
GÖRKƏMLİ ŞƏXSİYYƏT KİMİ
DƏYƏRLƏNDİRİLİR
Şahanə MÜŞFİQ
Yəqin ki, hər kəsin
həyatında unuda bilmədiyi, ilk dəfədən
yaddaşına, qəlbinə
həkk olunan, ən gözəl hisslərinə büküb
həyatının gözdənuzaq
küncündə gizlətdiyi
bir kitabı, tamaşası, filmi var.
İlk dəfə keçirdiyi hisslərin sorağıyla
ara-sıra gizlətdiyi
küncdən çıxarıb
tozunu silər, sanki özü yazıb, özü həyat veribmiş kimi bir duyğu
ilə sahiblənər,
yerli-yersiz hər kəsin yanında onun hisslərini tərpədən o əsərdən
söz salar, hər kəsin onunla tanış
olmasını istəyər.
Bəlkə də ondan başqa kimsə o əsərdən həmin
hissləri ala bilməz,
başqaları üçün
hətta adi də gələ bilər. Amma o, bu əsərlə bütünləşib bir
dəfə...
Mənim
həyatımda belə
kitablar birdən çox olsa da, tamaşa cəmi bir dənədir:
vaxtilə Gənc Tamaşaçılar Teatrının
səhnəsində izlədiyim
“Ezop” tamaşası. Guilyermo Fiqeyredonun, mövzusunu eradan əvvəl VI əsrdə yaşamış
qədim yunan təmsilçisi Ezopun həyatından götürdüyü
əsər uzun illər teatr səhnəmizdə nümayiş
olunsa da, mən onu 2012-ci ilin 22 aprel tarixində
izləmişdim. Təhqirlərə,
işgəncələrə əyilməyən, mütiliklə
barışmayan, zəkası,
ağlı, hazırcavablığı,
fəlsəfi düşüncələri
və təmkinli davranışı ilə
seçilən Ezopu Əməkdar artist İlqar
Cahangirov elə canlı, təbii yaratmışdı ki, o, döyüləndə onun
canının ağrısını
öz canında, o qələbə qazanarkən
fərəhini qəlbində
hiss etməmək mümkün
deyildi. Eləcə də filosof Ksanfın mənfiliklərini,
insanlığa zidd aləmini böyük ustalıqla sərgiləyən
Əməkdar artist Nofəl
Vəliyevin peşəkarlığı
sayəsində Ksanfa nifrət etməmək, Əməkdar artist Gülər
Nəbiyevanın zərifliyi
fonunda Ksanfın arvadı Kleyanın əzəmətinə heyran
olmamaq olmurdu.
O vaxta qədər Cənnət Səlimova adını dəfələrlə
eşitsəm də, heç bir işini izləməmişdim.
“Ezop” həm
də mənim Azərbaycan səhnəsinin
fədakar rejissor xanımını kəşfim
oldu. Səhnədəki aktyorlar nə
qədər peşəkar
olsalar da, tamaşa rejissorla başlayıb, elə onunla da bitir.
“Ezop”da peşəkar
rejissor işi göz önündə idi. Heç təsadüfi deyil ki, bu tamaşa
Bakı Kamera və Gənc Tamaşaçılar kimi
iki böyük teatrın səhnəsində
illərlə uğurla
səhnələşdirilib və hətta 2010-cu ilin 4-11 iyununda Krım Muxtar Respublikasının Sinferopol
şəhərində XII Beynəlxalq
Antik İncəsənət
Festivalında festivalın
ən yaxşı Antik tamaşası mükafatına layiq görülüb.
Yanvarın 20-si Cənnət xanımın
78-ci yaş günü
idi. Ancaq qanlı faciədən
sonra o, ad gününü
həmin tarixdə qeyd etmir. Onun bu seçimini bilən tələbələri
də ya həmin gündən bir neçə gün əvvəl, ya da sonra
onu təbrik edirlər.
Azərbaycanın görkəmli teatr rejissoru, Xalq artisti Cənnət Səlimova 20 yanvar
1940-cı ildə Bakı
şəhərində doğulub. Cənnət
xanım özü uşaqlıq illərini, valideynlərini belə xatırlayır: “Keçmiş
Aziatski, indiki Əlövsət Quliyev küçəsində yaşamışıq.
Atam ləzgi, anamsa cuhud qızıydı.
Yaşadığımız bina əfsanəvi
bina idi. Onun bir mərtəbəsini “Azdrama”ya vermişdilər.
Orada Cəfər Cabbarlı, Mərziyə Davudova, Ülvi Rəcəb kimi insanlar yaşamışdı.
Atamın Mərziyə Davudovaya
çox böyük sevgisi, rəğbəti vardı. Mənim adımı da
Mərziyə qoymaq istəyib. Amma anam razı olmayıb: “Gəl, ona nə isə
gözəl bir ad tapaq. Cənnəti xatırladan bir
ad olsun”. Atam da adımı elə Cənnət yazdırıb.
Şəhadətnamə rusca olduğundan
orada Canet yazılıb. Əslində Cənnətdir”.
1957-
1962-ci illərdə Azərbaycan
Dövlət Universitetinin
filologiya, 1962-1967-ci illərdə
Leninqrad Dövlət Teatr Musiqi və
Kinematoqrafiya İnstitutunun
Dram rejissoru fakültələrində
təhsil alıb. Əvvəllər S.Vurğun
adına Rus Dram Teatrı və Musiqili Komediya Teatrlarında rejissor kimi fəaliyyət
göstərib. Bu teatrda işlədiyi müddətdə C.Səlimova
bir çox əsərlərə quruluş
verib. Onlardan F.M.Dostoyevskinin “Cinayət və cəza”, “Əbləh”, A.P.Çexovun
“Vanya dayı”, “İvanov”, C.Cabbarlının
“Aydın” və s. pyeslərini misal göstərmək olar. 1982-ci ildən 1991-ci ilədək həmin teatrda baş rejissor vəzifəsində
işləyib. 1991-ci ildə Bakı Kamera Teatrını yaradıb və bədii rəhbəri işləyib. Azərbaycan Dövlət
İncəsənət və
Mədəniyyət Universitetinin
professorudur. Bundan əlavə
Dövlət Musiqi Komediya Teatrında bir çox tamaşalar hazırlayıb.
Ü.Hacıbəyovun “O olmasın, bu
olsun”, İ.Karmanın
“Silva”, “Maritsa”, F.Ledar “Şən
dul qadın” tamaşalarına səhnə
həyatı verib.
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında “Payatsı” (R.Leonkovallo), “Traviata” (C.Verdi), “Bogema” (C.Puççini) kimi operaları səhnəyə
qoyub. 2006-cı ilin mayından Cənnət Səlimova
Opera və Balet Teatrına əvəzçilik
üzrə quruluşçu
rejissor vəzifəsinə
qəbul edilib.
2009-cu il aprel
ayının 8-dən 2012-ci il sentyabr ayının
1-dək Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrının baş
rejissoru vəzifəsində
fəaliyyət göstərib.
Hazırda teatrda quruluşçu
rejissor vəzifəsini
icra edir.
1972-ci ildə Əməkdar
artist, 1999-cu ildə Xalq
artisti fəxri adlarına layiq görülüb. 2001-ci ildən
Prezident təqaüdçüsüdür.
Cənnət Səlimova hələ institutun birinci kursundan başlayaraq, ömrünü səhnədə,
tamaşalar axtarışında,
aktyorların arasında
keçirib. Özü də “mənim
teatrdan ayrı həyatım” olmayıb deyir. Ömrünün
50 ilindən çoxunu
Azərbaycan incəsənətinin
inkişafına həsr
edən bu fədakar xanım üçün ən böyük mükafat isə tamaşaçının
onun tamaşalarına
olan reaksiyasıdır:
“İncəsənət din deyil, amma o da
vasitədir. Mən bu vasitə
ilə özümü
ifadə edirəm.
Allahın mənə göstərdiyi
işığı tamaşaçıya
göstərməliyəm. Bilirsiniz, insanın ən böyük dəyəri sevgidir. Bizim ömrümüz azdır. Əsrimiz o
qədər qısadır
ki... Onu nifrətə xərcləmək
olmaz. Bütün yaradıcılığım bunun üzərində qurulub. “Şeyx Sənan” da, “Aydın” da, “Romeo və Cülyeta” da, “Danabaş kəndinin əhvalatları”
da, hətta Mirzə Fətəli Axundovun komediyaları da bunun üzərində
qurulub”.
Cənnət Səlimova yalnız rejissorluq fəaliyyəti ilə yetinmir, həm də çox uzun illərdir bir pedaqoq kimi yeni-yeni rejissorların, aktyorların yetişməsində mühüm rol oynayır həm səhnədə, həm auditoriyada, həm də həyatda. İndi səhnəmizdə öz sözünü demiş, özünəməxsus yer tutan tanınmış aktyorlarımız var ki, onlar Cənnət Səlimova məktəbinin davamçılarıdır. Çox gözəl haldır ki, Cənnət xanım həm də öz tələbələri tərəfindən sevilən bir müəllimdir. Ancaq onu yalnız auditoriyadakı tələbələri deyil, eləcə də onun rejissorluğu ilə tamaşalar ifa etmiş bir çox gənc aktyorlar da müəllimləri kimi qəbul edirlər. Bunu onların səsləndirdiyi fikirlərdən də bilmək olur.
RF Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov Cənnət xanımı bir insan kimi xarakterizə edərkən deyir: “Cənnət xanımın rejissorluğu, sənətkarlığı haqqında çox yazılıb, çox deyilib, ancaq o, insan kimi dəyərli, səbrli, xeyirxahdır. Bunlar isə insan üçün ən vacib keyfiyyətlərdir. O, elə göründüyü kimidir. Bir çox kişilərin eliyə bilmədiyi xeyirxahlığı, dəyanəti Cənnət xanım göstərir. O, mərd, kinsiz, səmimidir. Cənnət xanım teatrı, tələbələrini, ümumilikdə Azərbaycan incəsənətini çox sevir. Eləcə də teatr, tələbələri və Azərbaycan tamaşaçısı onu sevir”.
Əməkdar artist Şövqi Hüseynov həm universitetdə onun tələbəsi olub, həm də bu sənətə ilk addımlarını 1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyətə başlamış Bakı Kamera Teatrının səhnəsində atıb. Ona görə də o, heç bir tərəddüdsüz Cənnət Səlimovanı özünün və özü kimi onlarla aktyorun ustadı adlandırır: “Şəraitdən, vəziyyətdən asılı olmayaraq, dəyişməyən xüsusi insanlar var. Onlar vəziyyətin özünü dəyişir, həmin vəziyyətdən, şəraitdən faydalanaraq, yeni, daha gözəl şeylər yaradırlar. Mənim üçün Cənnət xanım belə insandır. O, mənə təkcə sənətin sirlərini deyil, insanlığın sirlərini də öyrədən bir USTADDIR.
O, mənim həyatımın, sənət yolumun bütün çətinliklərini asanlaşdırmağı bacardı, mənə sənət əxlaqı, bir ömür boyu yaşaya biləcəyim sənət səadəti bəxş etdi”.
Rejissor Gülnar Hacıyeva da Cənnət xanımı çox sevən, hər zaman yanında olan tələbələrindəndir. O da Cənnət Səlimovanı gənclərə qayğıkeş insan, tələbələrinə diqqətcil müəllim, sənətinin fədaisi rejissor kimi xarakterizə edir: “Mən 1998-ci ildən indiyədək onun yanındayam. O, mənə həm teatr, həm də tədbir rejissorluğunu öyrədib. Cənnət xanım kövrək ürəyə malik, gözəl insandır. Tələbələrinin arxa, dayağıdır. 78 yaşı tamam olan ustadımdan mən hər gün nəsə öyrənirəm”.
Əməkdar artist Nofəl Vəliyev isə “Ezop” tamaşasından və Cənnət Səlimova məktəbindən bəhs edərkən onun bir çox tövsiyələrini xatırladı: “Ezop” tamaşası mənim ən sevdiyim tamaşalarımdan, Ksanf isə sevdiyim rollarımdandır. Bunu və bunun kimi bir sıra böyük və məsuliyyətli rolları mənə Cənnət xanım həvalə edib. Cənnət xanım demək, hər şey deməkdir. O, mənim məktəbim, müəllimim, rollarımdır. Bizim onunla münasibətimiz müəllim-tələbə deyil, ustad-şagird münasibətidir. O, bizim qarşımızdakı mayakdır, yolumuza hər zaman işıq salır. Cənnət xanım bizə ən vacib iki şeyi öyrədib: bu sənətlə zarafat etmək olmaz və səhnə bizim üçün hər yerdən müqəddəs bir yerdir”.
Aktrisa Şəbnəm Hüseynova isə deyir ki, onun bu sənəti seçməsində birbaşa Cənnət xanımın rolu var: “1996-cı ildə Bakı Kamera teatrında Cənnət Səlimovanın quruluşunda “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasına baxdıqdan sonra aktrisa olmaq qərarına gəldim. İmtahanımı da təsadüfdən, ya qismətdənmi Cənnət xanım özü götürdü və mən yüksək qiymətlərlə universitetdə, özü də onun kursuna daxil oldum. Əgər o kursa düşməsəydim, dörd il gözləyib yenidən imtahan verməyə qərarlı idim, təki o məktəbi keçim. Azərbaycan teatr sənətində özünəməxsus yeri, öz dəsti-xətti olan Cənnət Səlimovanın tələbəsi olmaq, daha sonra onun teatrında çalışmaq, uzun illər onun quruluş verdiyi tamaşalarda rol almaq məncə, hər bir tələbə üçün böyük xoşbəxtlikdir. Cənnət Səlimova məktəbi keçmək hər aktyora nəsib olmur. Aktyor birinci növbədə rejissora inanmalıdır. Biz də Cənnət xanıma çox inanırıq. O, mənim üçün əvəzedilməz rejissor və böyük insandır”.
Cənnət xanım bu gün də yorulmadan, usanmadan çalışır, yeni-yeni tamaşalar hazırlayır. Hazırda Gənc Tamaşaçılar Teatrında “Dəlixanada qətl” tamaşası üzərində işləyir, Mədəniyyət və İncəsənət Universitetində Nofəl Vəliyevin rəhbəri olduğu kursla birgə “Ezop” tamaşasına yeni quruluş verir.
Cənnət Səlimova teatrla, səhnəylə nəfəs alan və bundan bir an olsun peşmanlıq duymayan sənətkardır. Bu qədər tamaşaya quruluş verən, bu qədər əsəri səhnələşdirən rejissor öz həyatı haqqında danışarkən “Teatr” sözündən başqa söz işlətmir və “mən öz həyatımın çox pis rejissoruyam”-deyir. Bu bir cümlənin arxasında illərin hansı ağrısı, acısı, əzabı, çətinlikləri dayanırsa, bunu bir özü bilir, bir də ürəkdən inandığı və sevdiyi Allah...
Biz də Cənnət Səlimovanı növbəti yaşı münasibətilə təbrik edir, ona yeni-yeni sənət uğurları diləyir, tamaşaçı alqışı və çox sevdiyi səhnədən uzaq düşməməyi arzulayırıq!
525-ci qəzet 2018.- 27 yanvar.- S.24.