“Azərbaycan” jurnalının yubiley buraxılışı
”Azərbaycan” jurnalının
2018-ci il üçün ilk sayı
jurnalın 95 illik yubileyinə həsr olunub.
1923-cü
il yanvarın 28-də
“Maarif və mədəniyyət” adı
ilə nəşrə
başlayan jurnalı “Azərbaycan”-
95” adlı xüsusi rubrikada Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar
“Ədəbiyyatımızın güzgüsü”, Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik İsa Həbibbəyli “Böyük
yaradıcılıq məktəbi”,
Xalq şairi Nəriman Həsənzadə
“Yazıçılarımızın ədəbi taleyində “Azərbaycan”, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Milli ədəbi təfəkkürün
“Azərbaycan” miqyası”
yazıları ilə
təbrik edirlər.
Anar jurnalın Azərbaycan ədəbiyyatındakı yeri
və rolundan söz açarkən yazır: “Azərbaycan” jurnalının 95 il ərzində çıxan
saylarını izləsək,
Azərbaycan ədəbiyyatının
70 illik sovet dövrü və müstəqillik əldə
etdikdən sonra yaranan ədəbiyyatımız
bütün çalarları
ilə gözlərimiz
önündə canlanır:
dünyanın fərqli
dərki, fərqli ədəbi-bədii ifadə
imkanları, fərqli
üslublar, fərqli baxış - hər şey göz qabağındadır.
Ümummilli Liderimizin “ədəbiyyatımızın
güzgüsü” adlandırdığı
“Azərbaycan” jurnalı,
həmişə olduğu
kimi bu gün
də üzünü
nə yaxşı ki, xəstə təxəyyülün törəməsi
cəfəng yazılara
sarı yox, sağlam təfəkkürün,
yüksək ədəbi-bədii
düşüncənin məhsulu
olan ədəbi nümunələrə tərəf
tutur, məhz bu cür əsərləri,
belə ədəbiyyatı
əks etdirməyə
çalışır”.
İ.Həbibbəyli yazır ki, “Azərbaycan” jurnalı-böyük
ədəbiyyat uğrunda
mübarizənin ağır
artileriyası və uzaq vuran topudur. Ölkəmizdə əsl milli və dünyəvi ədəbiyyatın yaranması
və inkişaf etdirilməsinə yazıçı
və şairlər qədər də “Azərbaycan” jurnalı cavabdehlik daşıyır.
“Azərbaycan” jurnalı bu gün əsl yaradıcılıq məktəbi
kimi ölkəmizdə
böyük nüfuza
malikdir”.
N.Həsənzadə özünün
“Azərbayca” jurnalında
ilk çap olunduğu
dövrü, sonradan isə jurnalın poeziya şöbəsinə
rəhbərlik etdiyi zamanları xatırlayır:
“Azərbaycan jurnalının
mənim tərcümeyi-halımda
xüsusi yeri olub: ilk dəfə onun səhifələrində
şeirlərim çıxanda
özümü şair
hesab etmişəm,
ilk dəfə də burada yazıçılığa
başlamışam. Nəsr əsərim
çıxıb. “Azərbaycan” jurnalı - Azərbaycan Yazıçılar
Birliyinin baş ədəbi orqanı, Azərbaycan yazıçılarının
ədəbi taleyidir”.
N.Cəfərov jurnal haqqındakı
düşüncələrini belə yekunlaşdırır:
“Özünün 90 yaşını
arxada qoyub 100-ə yaxınlaşan “Azərbaycan”
jurnalı Azərbaycan
ədəbiyyatının nə
qədər tarixidirsə,
heç şübhəsiz,
o qədər də gələcəyidir... Bütün
miqyası, ideya-estetik
fundamentallığı və
milli ictimai təfəkkürə əhəmiyyətli
təsiri ilə...”
Azərbaycanın Qırğızıstandakı səfiri, yazıçı-dramaturq
Hidayətin “Yüzə
nə qaldı ki?”, Azərbaycanın
Macarıstandakı səfiri,
ədəbiyyatşünas, tərcüməçi Vilayət
Quliyevin “Azərbaycan qədər yaşayacaq “Azərbaycan”, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun
direktor müavini Paşa Əlioğlunun “Azərbaycan köhnə
dost”, yazıçı Qan
Turalının “Nəsillərin
jurnalı”, jurnalın
baş redaktoru İntiqam Qasımzadənin
“...peşman deyiləm”
məqalələri də
jurnalın xüsusi yubiley rubrikasında yer alıb.
Özünün jurnalla bağlı
xatirələrindən söz
açan Hidayət qeyd edir ki,
“...amansız, vahid sovet senzurası (“Qlavlit”i) dönəmində
“xalq düşməni”,
“antisosialist”, “siyasi korluq”...vaxtlarında (oxu: ovunda!) jurnalın naşirləri
həmişə müəlliflərin
“yanında”, onun mövqeyində dayanırdılar”.
V.Quliyev
təbrik məqaləsində
yazır: “Milli ədəbiyyat və mədəniyyətin, ana dilimizin daha geniş yayılmasına və zənginləşməsinə
aparan yollardan biri və deyərdim
ki, ən böyüyü “Azərbaycan”dan
keçir”.
Jurnalın dünəndən, bu
günündən bəhs
edən P.Əlioğluya
görə: “Bugünki
“Azərbaycan” jurnalının
danılmaz təqdirəlayiq
cəhəti var: Mövqeyindən asılı
olmayaraq, hər kəsin əsərlərini
bu dərgidə çap etdirmək imkanı vardır. Yetər ki, əsər keyfiyyətli olsun”.
“Azərbaycan ədəbiyyatı
tarixinin “Azərbaycan”
jurnalına ehtiyacı
var”- deyən Qan Turalı jurnalın bütövlükdə
tədqiqata cəlb edilməsinin zəruriliyini
vurğulayır: “Azərbaycan”
jurnalının tarixi
eləcə də Azərbaycan ədəbiyyatının
tarixidir... Ədəbiyyat tariximizin “Azərbaycan”
jurnalının nəşrləri
prizmasından öyrənilməsinə
böyük ehtiyac var”.
Jurnalda
ilk dəfə 1976-cı ilin
yanvarında ədəbi
işçi kimi işə başlayan İ.Qasımzadə aradan
keçən 42 ilini jurnala həsr etməyinə peşman olmadığını deyir:
“Mən və mənim yoldaşlarım gördüyümüz işin
məsuliyyətini hər
zaman hiss edirik. Bilirik ki, mötəbər bir jurnalın varisləriyik, son dərəcə
diqqətli və ədalətli olmalıyıq.
Xüsusən istedadlara qarşı.
Şəxsi münasibətlərdən yüksəkdə durmalıyıq.
Kimliyindən asılı olmayaraq,
hər bir müəllifin uğurlu yazısına öz uğurumuz kimi sevinməyi bacarmalıyıq.
Bunu bacarmayanlar ədəbi-bədii
jurnallardan, qəzetlərdən
kənar durmalıdırlar”.
Jurnalın “Poeziya” bölməsində
Əlizadə Nuri, Gülnarə Cəmaləddin,
Narıngül və Xatirə Nurgülün poeziya nümunələri,
“Şairin arxivindən”
rubrikasında Anar Həbiboğlunun şeirləri
çap olunub.
“Nəsr” bölməsində
Məmməd Oruc “Zəng” və “Çəkiliş” adlı
iki hekayəsi, Mübariz Cəfərli “Səmadakı quyu” povesti, Azər Abdulla “Fizika pilləsi”, Yaşar Bünyad “Portret” hekayələri ilə çıxış
edirlər.
“Yeni tərcümələr”
rubrikasında müasir
Avstriya yazıçısı
Radek Knappın “Cənab Trombka və İblis”, “Yulius evə gedir” hekayələri yer alıb. Hekayələri alman dilindən Vilayət Hacıyev çevirib.
“Esse” bölməsində Günel Natiq “Sevgi və xəyanət”,
“Publisistika”da Südabə
Ağabalayeva “Yanvar düşüncələri” yazıları
ilə çıxış
edir.
Qorxmaz Quliyevin “Kontekst və kod” məqaləsinin birinci hissəsi, Təyyar Salamoğlunun “Türk qanlı” sənətkarın “Avropa qiyafəli, müsəlman etiqadlı” əsərləri”, Möhsün Nağısoylunun “Bir nöqtənin hökmü”, Aynurə Paşayevanın “Azərbaycan” jurnalının tarixindən” məqalələri jurnalın “Tənqid və ədəbiyyatşünaslıq” bölməsindədir.
Ən yeni nəşrlər haqqında məlumat jurnalın “Kitab rəfi” rubrikasında verilib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 27 yanvar.-
S.12.