Rəşad Məcid “Məşhurlarla görüş”ün
qonağı oldu
Dünən Bakı Şəhər
Mədəniyyət və
Turizm Baş İdarəsinin təşkilatçılığı
ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli filialında
“Məşhurlarla görüş”
silsiləsindən növbəti
görüş keçirilib.
Görüşdə Azərbaycan Yazıçılar
Birliyinin (AYB) Gənclərlə
İş üzrə
katibi, “525-ci qəzet”in
baş redaktoru, şair Rəşad Məcid qonaq olub.
Tədbiri giriş sözü
ilə açan Səbail MKS-nin filial direktoru Gülşən Abbasova “Məşhurlarla görüş” layihəsi
haqqında geniş məlumat verib, Rəşad Məcidin yaradıcılığından söz açıb: “Bu layihəmizdə məqsəd
məktəblilərimizi, gənclərimizi
cəmiyyətdə söz
sahibi olan, tanınıb-seçilən ziyalılarla
görüşdürmək, onların uğur formullarını öyrənmək,
gənclərimizi maraqlandıran
suallara onların öz dilindən cavab almaqdır. Belə ziyalılarımızdan biri
də Rəşad Məciddir. Rəşad müəllim çoxşaxəli
fəaliyyəti, zəngin
yaradıcılığı ilə gənclərimizə
örnək bir şəxsiyyətdir”.
Layihənin rəhbəri, rəssam
Elnurə İsgəndərova
çıxışında R.Məcidi həm şair, həm də bir şəxsiyyət
kimi xarakterizə edib, onun, yaşından
və statusundan asılı olmayaraq, hər kəs tərəfindən sevildiyini
vurğulayıb: “Özünün
məşğul olduğu
sahədə hansısa
uğurlar əldə
etmək, hansısa pillələrə qədər
yüksəlmək olar,
ancaq bir insan kimi hər
kəs tərəfindən
sevilmək tək-tək
şəxslərə nəsib
olur. Rəşad müəllim bu
sevgini qazanmış insandır. O, hər
kəsə qarşı
diqqəti, səmimiyyəti,
istedadlara olan xüsusi rəğbəti
ilə daima seçilir”.
Göstərilən diqqətə görə layihənin təşkilatçılarına, çıxışçılara təşəkkürünü bildirən Rəşad Məcid gəncliyi, ədəbi mühitə gəlişi, jurnalistika sahəsindəki fəaliyyəti
ilə bağlı xatirələrini bölüşüb:
“Bu kitabxana ta gənclik illərimdən
mənim üçün
çox doğmadır.
Özüm fizika-riyaziyyat təmayüllü
məktəbdə təhsil
alsam da, hər zaman ədəbiyyata, sözə,
poeziyaya qarşı məhəbbətim olub, mütaliəni çox sevmişəm. Buna görə də kitabxanalarla həmişə
sıx əlaqədə
olmuşam. Yeniləşən zamanda, texnologiyanın həyatımızın bütün
sahələrinə nüfuz
etdiyi, kitabların, qəzetlərin telefonlarımıza,
planşetlərimizə “köçdüyü”
bir dövrdə, təəssüf ki, kitabxanalar yavaş-yavaş
diqqətdən kənarda
qalmaqdadır. Ancaq kitab
sevən insan üçün kitablar, təbii ki, əvəzsizdir, səhifələrə
toxunmaq, onları hiss etmək böyük zövqdür. Belə bir
zamanda kitabxanaları yenidən diqqət mərkəzinə gətirmək
üçün bu cür tədbirlərin, layihələrin təşkil
edilməsi çox mühümdür. Buna görə də sizin bu təşəbbüsünüzü
təqdir edirəm”.
Sonra R.Məcid gənclərin uğur qazanması üçün öz təcrübələrindən çıxış edərək
tövsiyələrini verib:
“Mən uğurun sirrini onu dəlicəsinə
istəməkdə görürəm.
Dəlicəsinə istəmək
heç bir iş görmədən arzulamaq demək deyil. Nəyisə istəyən adam
mütləq ona çatmaq üçün
çalışmalı, can atmalı, zəhmət çəkməlidir. Yaxşı nitq
qabiliyyətinin olması,
auditoriyanı ələ
ala bilmək, söz ehtiyatının çox olması üçün
şeir oxumaq və əzbərləmək
çox önəmlidir.
Ümumiyyətlə, gənclərin özünüinkişafında
mütaliənin rolu əvəzsizdir”.
Ədəbiyyat, poeziya haqqında düşüncələrini bölüşən
qonaq hər zaman ədəbiyyatın nələrisə dəyişmək
gücünə inandığını
deyib.
16 saylı Texniki-Humanitar Liseyin şagirdləri Zeynalov Qalib, Murtuzəli Leyli və Ruslan Kazımov şairin yaradıcılığından nümunələr səsləndiriblər.
Səbail
MKS-nin direktoru Nüşabə Ələkbərova
şairin həyat və yaradıcılığından
bəhs edib, onu müasir poeziyamızda öz dəsti-xətti ilə seçilən şairlərdən
biri kimi qiymətləndirib, görüşün
əhəmiyyətini vurğulayıb:
“Burada cəmiyyətimizin
tanınmış bir
simasının həyatı,
yaradıcılığı haqqında çox maraqlı faktlar öyrəndik, onun uğur açarını
kəşf etdik. Rəşad Məcid bütün yönləri ilə gənc nəsil üçün örnəkdir.
İnanıram ki, bu uğur tarixçəsi gənclərimizin gələcək
həyatlarında onlara
yardımçı olacaq”.
Tədbir boyunca Rəşad Məcid tədbir iştirakçılarının suallarını cavablandırıb,
öz şeirlərini
oxuyub.
Tarix elmləri doktoru, şair və tərcüməçi Şahin
Fazil çıxışında
deyib ki, Rəşad Məcid hər şeydən öncə sözə dəyər verən insandır: “Mənim Rəşad müəllimlə
tanışlığım uzun illər öncə başlayıb.
Onu hər zaman səmimi, sadə, sözə, istedada dəyər verən bir şəxs kimi tanımışam.
Yalnız şair kimi
deyil, həm də bir jurnalist,
təvazökar insan kimi də o, hər zaman xalqımız üçün
dəyərlidir. Elə öz
kitabının adından
çıxış edərək
deyə bilərəm
ki, onun kimi insan bir
də gəlməyəcək.
Bu görüşdə səmimi çıxışı,
mehriban və gülərüz münasibəti
ilə onun haqqındakı düşüncələrimizə
yanılmadığımızı sübut etdi”.
Daha sonra Azərbaycan Pedaqoji Universitetin müəllimi Zümrüd Əliyeva, Rəssamlar İttifaqının
üzvü, layihənin
kuratoru Aygün İsgəndərova və
başqaları şairin
poeziyası haqqında
düşüncələrini bölüşüblər.
Sonda R.Məcid özünün imzalı kitablarını kitabxanaya hədiyyə edib, “Xatirə” kitabına ürək sözlərini yazıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 27 yanvar.- S.13.