1920-ci ilin sevinc dolu yanvar ayı

 

 Azərbaycan Xalq Cümhuriyyəti-100

 

Vilayət QULİYEV

 

Hətta bizim günlərdə, insanın normal, asudə  yaşaması üçün tələb olunan rahatlıqların çoxunun pis-yaxşı təmin edildiyi bir şəraitdə qış aylarından xüsusi sevinc duymaq o qədər də asan deyil.

 

Hələ onu demirəm ki, yanvarın 20-də, fevralın 26-da və martın 31-də xalqımızın taleyinə yazılmış üç “qara”, kədərli gün insanlarımızın payına bol-bol düşən maddi, yaxud fiziki xarakterli çətinliklərin üzərinə mənəvi - psixoloji əzablar da gətirir və hər yola saldığımız qışla Anadolu türkləri demişkən, “tatsız bir mevsim” kimi bacardığımız qədər tez vidalaşmağa çalışırıq.

 

Bəs elə isə həyatın qat-qat çətin olduğu, indiki rahatlıqların əksər qisminin təsəvvürə gətirilmədiyi, ölkəyə və xalqa vurulan yaraların çoxunun  qaysaq bağlamadığı, növbənöv təhlükələrin, gələcəklə bağlı qeyri-müəyyənliyin, əndişənin hökm sürdüyü  bir dövrdə - 1920-ci ildə yanvar ayı necə sevinclə dolu ola bilərdi?

 

Amma həqiqətən də belə olmuşdu.

 

1920-ci ilin yanvarı xüsusi bir dövr idi. İnsanlarımızın nəzərində yeni bir tarixin başlanğıcı, fərqli bir dünyanın astanası idi.

 

Həmin tarixi yanvar ayında il yarım əvvəl - 1918-ci il il mayın 28-   müstəqil dövlət kimi tarix səhnəsinə qədəm qoymuş Azərbaycan Cümhuriyyəti Birinci Dünya müharibəsindən sonra planetin yeni siyasi düzənini müəyyən edən yüksək qurum - Paris sülh konfransının Ali Şurası tərəfindən de-fakto tanınmışdı.

 

1919-cu ilin yanvarında Fransaya viza almaq, sülh konfransının işində iştirak etmək üçün İstanbulda uzun və üzücü mübarizəyə başlayan, dəfələrlə ümidsizliyin astanasına qədər gəlib çıxan nümayəndə heyəti düz bir il sonra - növbəti 1920-ci ilin yanvarında Parisdə tarixi zəfər qazanmışdı - tam müstəqilliyə aparan yolda ilk və mühüm addım atılmışdı.

 

Bu xəbəri rəsmi Bakıya ilk çatdıran Azərbaycan Cümhuriyyətinin Gürcüstandakı diplomatik nümayəndəsinin müavini Faris bəy Vəkilov olmuşdu.O, Tiflisdən xarici işlər naziri Fətəli xan Xoyskiyə göndərdiyi 12 yanvar 1920-ci il tarixli teleqramda bildirirdi: Böyük Britaniya xarici işlər naziri lord  Kerzonun tapşırığına əsasən Zaqafqaziyadakı Britaniya diplomatik missiyasının başçısı, bölgədə Britaniya yüksək komissarı Oliver Uordrop Paris sülh konfransının Ali Şurasında Gürcüstan və Azərbaycanın müstəqilliyini faktiki şəkildə tanınması barəsində hökuməti adından rəsmi məlumat yaymışdır. Uordropun sözlərinə görə təklif Böyük Britaniya xarici işlər naziri Lord Kerzondan gəlmiş və Ali Şuranın işində iştirak edən dövlətlərin nümayəndələri tərəfindən yekdilliklə qəbul olunmuşdu. Diplomatik təmsilçimiz daha sonra gürcü xalqının və Gürcüstan hökumətinin bu mühüm tarixi hadisəni bayram kimi qeyd etdiklərini diqqətə çatdıraraq yazırdi: “Burada böyük sevinc əhval-ruhiyyəsi hökm sürür. Hökumət dövlət müstəqilliyinin tanınması münasibəti ilə təbrikləri qəbul edir. Sizi və bütün hökumətimizi bu sevindirici hadisə münasibəti ilə ürəkdən təbrik edirəm”.

 

O.Uordropun teleqramının mətni, habelə hökumətə və parlamentə ünvanlanan bir sıra təbrik teleqramları Azərbaycan və rus dillərində çıxan rəsmi hökumət qəzeti “Azərbaycan”ın  14 yanvar tarixli 9-cu sayında çap olunmuşdu.

 

Müasir gürcü tarixşünaslığında Gürcüstanın dövlət müstəqilliyinin 1920-ci il yanvarın 12-də tanındığı iddia olunur. Azərbaycan tarixşünaslığında isə de-fakto tanınma günü kimi nədənsə 11 yanvar 1920-ci il üzərində dayanılır.

 

Əgər Paris sülh konfransı ilə bağlı bütün rəsmi sənədlərdə hər iki Cənubi Qafqaz respublikasının faktiki müstəqilliyinin eyni gündə tanındığı bəyan edilirsə, deməli tarix də eyni olmalıdır. Bu, elementar məntiqin tələbidir. Əslində elə bu cür də olmuşdu - hər iki respublika ilə bağlı qərar yanvarın 10-da verilmişdi. Bunu Ə.Topçubaşovun Paris arxivindəki bir sənəd - Paris sülh konfransı Ali Şurasının qətnaməsi də təsdiq edir. 10 yanvar 1920-ci il tarixli həmin qətnamədə deyilir: “Müttəfiq və dost dövlətlər ümumi demarş yolu ilə Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto mövcud hökumətlər kimi tanıyır. Bir qeyd - şərtlə ki, Birləşmiş Ştatlar və Yaponiya nümayəndələri məsələ ilə bağlı öz hökumətlərindən əlavə olaraq müvafiq təlimat istəyəcəklər”.

 

(Yanvarın 24-da dövlət katibinin müavini F.Polkun imzası ilə yayılmış məlumatda ABŞ-ın prinsip etibarı ilə Cənubi Qafqaz ölkələrinə yardım göstərilməsi ilə razılaşdığı, lakin onların tanınmasının Rusiyanın parçalanacağına gətirib çıxaracağı bildirilirdi. Başqa sözlə, ABŞ dolayı yolla da olsa, çıxarılan qərara qoşulmaqdan boyun qaçırırdı. Ali Şuranın beşinci üzvü Yaponiya isə Azərbaycanın müstəqilliyini de-fakto fevralın 7-də tanımışdı).

 

Parisdə yaşayan və hazırda mühacirət irsinin görkəmli tədqiqatçısı  Ramiz Abutalıbovla birlikdə 4 kitabdan ibarət  “Ə.Topçubaşi arxivi”ni çap edən gürcü mənşəli fransız tarixçisi, uzun müddətdən bəri dostluq etdiyim  Georgi Mamuliyanın dediyinə görə tanınma aktı barədə Azərbaycan nümayəndə heyətinə yanvarın 11-də, Gürcüstan heyətinə isə növbəti gün xəbər çatdırılıb. Amma əslində bir az aşağıda istinad edəcəyimiz sənədlərdən də göründüyü kimi, Ali Şuranın sessiyasının nəticəsi ilə bağlı nümayəndə heyətlərinə nə yanvarın 10-da, nə də növbəti günlərdə heç bir məlumat verilməyib. Hətta ola bilsin ki, gürcü tərəfi qərarın dəqiqi tarixi ilə bağlı hər hansı yazılı sənəd almayıb.

 

Böyük Britaniya, Fransa və İtaliya hökumət başçıları və xarici işlər nazirlərinin iştirakı ilə keçirilən sessiya Londonun təşəbbüsü ilə çağırıldığından çox güman ki, məlumat yaymaq preroqativi də ingilislərə məxsus olub. Ona görə   ilk rəsmi məlumat yanvarın 12-də britaniyalı diplomat, Cənubi Qafqazda İngiltərə yüksək komissarı Oliver Uordrop vasitəsi ilə yayılmışdı.  Gürcülər də qərardan rəsmi şəkildə yalnız həmin gün xəbər tutduqlarını əsas gətirərək Gürcüstanın de-fakto tanınması günü kimi yanvarın 12-sini bayram edirlər.

 

Əlimərdan bəy sənədlərə son dərəcə böyük diqqətlə, hətta deyərdim ki, pedantcasına yanaşırdı. Hər faktın, xəbərin, məlumatın arxasında mütləq onun həqiqiliyini, yerini və vaxtını bildirən müvafiq təsdiqedici sənədin dayanmasına mühüm diqqət yetirirdi. Elə buna görə də onun Parisdəki zəngin arxivi yalnız sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin fəaliyyətini və Azərbaycan siyasi mühacirətinin tarixini öyrənmək baxımından deyil, bütünlükdə konfransın gedişi, Cənubi və Şimali Qafqaz, habelə   Türkiyə və İranla ilə bağlı bir sıra məsələləri araşdırmaq üçün də qiymətli məxəz olaraq qalır.

 

Yanvarın 15-də və 19-da artıq reallığına heç bir şübhə yeri qalmayan de-fakto tanınma faktını və Azərbaycana ehtimal olunan yardımla bağlı məsələləri sülh konfransının yüksək səviyyəli rəhbərliyi ilə iki dəfə müzakirəsinin keçirilməsinə baxmayaraq Əlimərdan bəy yenə də rəsmi təsdiq sənədi əldə etməyi diqqətdən qaçırmamışdı.  Bu məqsədlə 1920-ci il yanvarın 29-da Paris sülh konfransının sədrinə belə bir məktubla müraciət etmişdi:

 

“Azərbaycan Respublikasının hökuməti bu ölkənin de-fakto müstəqilliyinin Ali Şura tərəfindən nə zaman və hansı qətnaməyə əsasən tanındığını bilmək istərdi. Cənab sədr! Lütfkarlıq göstərərək rəhbəri olduğum nümayəndə heyətinin Azərbaycan Respublikasının müstəqilliyinin de - fakto tanınması haqqında qərarın, habelə Ali Şuranın 15 və 19 yanvar tarixli iclaslarına dair protokolların surətlərini ala bilməsi ilə bağlı sərəncam verməyinizi xahiş etməyi özümə şərəf bilirəm”.

 

Ertəsi gün, yanvarın 30-da Paris sülh konfransının ümumi katibliyi Azərbaycan nümayəndə heyətinə Ali Şuranın 15 yanvar tarixli iclasının protokolunu, 19 yanvar tarixli iclasın protokolundan çıxarışı və Azərbaycan Respublikasının müstəqilliyini de-fakto tanınması ilə bağlı 10 yanvar 1920-ci il (kursiv mənimdir - V.Q.)  tarixli qətnamənin surətini göndərmişdi.

 

Mətnini yuxarıda gətirdiyim qətnaməyə istinadən de-fakto tanınma qərarının indiyə qədər elmi ədəbiyyatda iddia olunduğu kimi yanvarın 11-də deyil (üstəlik də 1920-ci ildə həmin tarix bazar gününə təsadüf etmişdi - V.Q.), bir gün əvvəl, yəni yanvarın 10-da verildiyini əminliklə söyləmək mümkündür.

 

Mühüm qərarın hansı şəraitdə qəbul edilməsi haqda Ə.Topçubaşov yanvarın 14-də Azərbaycan nümayəndə heyətinin həmin vaxt Londonda olan təmsilçiləri M.Məhərrəmov və M.Y. Mehdiyevə yazırdı: “Bir tərəfdən son vaxtlar baş verən hadisələr, digər tərəfdən isə  bizim və gürcülərin bəzi çıxışları taleyimizi həll edənləri respublikalarımızın vəziyyəti ilə bağlı müəyyən qayğı göstərmək mənasında  hərəkətə gətirdi. Üçlər Şurası (Böyük Britaniya, Fransa və İtaliya nəzərdə tutulur - V.Q.) iki dəfə bizim məsələmizi müzakirəyə çıxardı. Nəhayət Azərbaycanla Gürcüstanın hələlik faktiki tanınması qərara alındı. Həm də bu zaman hər iki dövlətin əməli fəaliyyət baxımından müstəqil həyata qadir olmaları və öz ölkələrində qayda-qanun yaratmaları başlıca motiv kimi nəzərə alındı”.

 

Məktubda  daha sonra bu qərarın hələ uzun və çətin yolun yalnız başlanğıcı olduğuna, arxayınlaşmaq üçün  əsas vermədiyinə diqqət yetirilərək deyilirdi:            

 

“Tanınmağımız barədə həm bizə, həm də gürcü hökumətinə  Uordrop vasitəsi ilə teleqram göndərilib. Amma eyni zamanda hələlik biz burada heç bir rəsmi məlumat almamışıq. Deyilənə görə, sabah, ya da birisi gün alacağıq. Amma tanınmağımızla bağlı bir neçə mənbədən məlumatımız var. Az əvvəl gürcülərlə birlikdə iclasımız oldu. Fikir mübadiləsi apardıq və bir daha təsdiq etdik ki, Azərbaycanla Gürcüstan həqiqətən də faktiki  tanınıblar. Hələlik gözləməyi qərara aldıq, məsələ aydınlaşandan sonra isə əvvəlkindən daha fəal  işləyəcəyik. Ümumiyyətlə, indi hamımıza tarazlığı qoruyub saxlamaq çox vacibdir. İstəyirəm ki, hər birimiz məsələyə ciddi yanaşdığımızı, həyəcana qapılmadan işimizi davam etdirdiyimizi sübuta yetirək. Bir sözlə, istədiyim budur ki, həm sevincli, həm də kədərli anlarımızda biz bu xüsusiyyətimizi hər zaman əldə rəhbər tutaq”.

 

Yanvarın 15- də Azərbaycan və Gürcüstan heyətlərinin Böyük Britaniya, Fransa və İtaliya xarici işlər nazirliklərinin təmsilçiləri ilə birgə iclası keçirildi. Fransız diplomatı, Fransa dövlətinin sülh konfransındakı fövqəladə və səlahiyyətli nümayəndəsi Jül Kombonun sədrliyi altında keçən iclasda Azərbaycanı Ə.Topçubaşov və M.Məhərrəmov, Gürcüstanı İ.Sereteli və Z.Avalov, Böyük Britaniyanı baş nazir D.Lloyd Corcun şəxsi katibi F.Kerr, Fransanı J.Kombon, İtaliyanı markiz P. della Toretto təmsil edirdilər. İclasa həmçinin hərbçilərin nümayəndəsi polkovnik V.Gribbon, fransız diplomatları F.Ermitt, L.Kamerrer, R.Massiqli də qatılmışdılar. Burada üç ölkə rəsmisi Ali Şura adından tanınma faktını rəsmən açıqladılar və yeni müstəqil dövlətlərin təmsilçilərindən öz qənaət və müşahidələri, habelə ölkələrinin vəziyyəti ilə bağlı fikirlərini bölüşməyi,  eləcə də soruşulacaq  suallara cavab verməyi  xahiş etdilər. İclasda hər iki Azərbaycan nümayəndəsi mövcud siyasi-iqtisadi vəziyyət, milli ordu quruculuğu, bolşeviklərə və Denikinə münasibət məsələsi ilə bağlı fikirlərini bölüşdülər.

 

Yanvarın 19-da isə Azərbaycan tərəfdən Ə.Topçubaşov və M.Məhərrəmov, Gürcüstan tərəfdən A.Çxeidze, İ.Sereteli və Z.Avalov Paris sülh konfransı rəhbərliyi - Fransa prezidenti J.Klemanso, Böyük Britaniyanın baş naziri D.Lloyd Corc, İtaliyanın baş naziri F.S.Nitti, habelə Britaniya hərbi naziri U.Çerçill, xarici işlər naziri lord N.Kerzon, marşal H.Vilson, marşal F.Foş, admiral D.Bitti ilə görüşdülər. Əvvəlcədən əldə olunan razılığa əsasən hər iki nümayəndə heyəti adından İ.Sereteli məlumat vermişdi. Ə.Topçubaşov və M.Məhərrəmov Azərbaycanda milli ordu quruculuğu, ordunun ehtiyacları, ölkənin müdafiə qabiliyyəti  ilə bağlı məsələlərə aydınlıq gətirmişdilər.

 

İki gün sonra sülh konfransı öz işini başa çatdırmışdı və təəssüf ki, Cənubi Qafqaz respublikalarına (Ermənistanın de-fakto müstəqilliyinin tanınması haqda qərar yanvarın 17-də qəbul edilmişdi -V.Q.), ilk növbədə isə Azərbaycana verilən vədlər kağız üzərində qalmışdı.

 

Amma Ə.Topçubaşovun rəhbərliyi altındakı nümayəndə heyəti ən böyük və vacib işi bacarmışdı - dünyaya hür yaşamaq istəyən, demokratik inkişaf yolunu tutan, dinindən və millətindən asılı olmayaraq bütün insanlara sayğı ilə yanaşan Azərbaycan dövlətinin mövcudluğunu bəyan etmişdi. Bu elə bir gerçəklik idi ki, üç ay sonra ölkəni işğal edən bolşeviklərin də onu inkara cəsarətləri çatmamışdı...

 

lll

 

İndi isə 1920-ci ilin yanvar günlərində Azərbaycanda, paytaxt Bakıda cərəyan edən hadisələrə qayıdaq. Oliver Uordropun teleqramı alınan kimi hökumət təcili iclasa toplanmış və Parisdən gələn sevindirici xəbəri layiqincə qeyd etmək üçün tədbirlər planı təsdiq etmişdi. Təntənələrin yanvarın 14-də keçirilməsi nəzərdə tutulduğundan həmin gün qeyri-iş günü elan olunmuşdu.

 

Azərbaycan Cümhuriyyəti parlament respublikası idi. Təbii ki, bu səbəbdən də ölkənin həyatında baş vermiş ilk mühüm beynəlxalq əhəmiyyətli ictimai-siyasi hadisə ilə bağlı tədbirlərə  qanunverici qurumdan start verilmişdi. Yanvarın 14-də, gündüz saat 12-də Paris sülh konfransında Azərbaycan Cümhuriyyətinin de-fakto tanınması münasibəti ilə Parlamentin təntənəli iclası işinə başlamışdı. İclasa sədrlik edən Həsən bəy Ağayevin təklifi ilə həyatını istiqlal yolunda qurban verənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdu.

 

Daha sonra sədr Parlamentin ünvanına gələn təbrik teleqramlarını elan etmişdi. Onların arasında Gürcüstan Müəssislər Məclisi sədrinin birinci müavini A.Lomtatidze, Türküstan Müəssislər Məclisi çağırılması üzrə Şuranın sədri M.Çokayev, Gürcüstan Müsəlman Şurasının sədri Ə.Nərimanov (N.Nərimanovun böyük qardaşı - V.Q.), Polşa Respubliasının Qafqazdakı diplomatik nümayəndəsi V.Krımski, Krım Millət Məclisinin üzvü Şəfiqə xanım Qaspıralı, Gəncə bələdiyyəsinin sədri Ə.Xasməmmədov,  Bakı şəhər bələdiyyəsinin sədri Q.Qasımzadə, Ermənistan Xarici İşlər Nazirliyi, Qafqaz almanları şurası, Ukrayna, Norveç və Polşanın Bakıda olan konsul və diplomatik nümayəndələri, sıravi vətəndaşlardan və “Müsavat” partiyası fəallarından gəlmiş çoxsaylı teleqramlar vardı. Onların bir çoxunun mətnləri dövri mətbuatda  çap olunmuşdu.

 

Təbriklərdən birinin altında sadəcə rəmzi xarakter daşıyan “Azərbaycan dostu” sözləri yazılmışdı. Parlamentin ünvanına maraqlı və riqqətləndirici təbrik teleqramlarından biri də “Azərbaycanın zəhmətkeş müsəlman qadınları” tərəfindən göndərilmişdi. Eynülhəyat Yusifbəyli, Səlimə Yaqubova, Sara xanım Xuramoviç, Məryəm xanım Muxtarskaya, Gülsüm Sübhanqulova, Fusa Dudarova, Qəribsoltan Məlikova (Həsən bəy Zərdabinin kiçik qızı- V.Q.) kimi ictimai-mədəni həyatda fəal iştirak edən qadınların imzaladıqları teleqramda müstəqil  respublika şəraitində müsəlman qadınının əsrlər boyu sürən hüquqsuz vəziyyətdən qurtaracağına və xoşbəxt həyata qovuşacağına ümid ifadə olunmuşdu.

 

Məclisi-Məbusan üzvləri qarşısında qısa təbrik nitqi ilə çıxış edən xarici işlər naziri Fətəli xan Xoyski demişdi: “1918-ci il mayın 28-də Azərbaycan xalqı öz müstəqilliyini elan etdi. Lakin təkcə bu elanla iş aşmazdı. Biz bütün dünyaya müstəqil  yaşamağa qadir olduğumuzu göstərməli idik. Və budur, aradan keçən il yarım ərzində Azərbaycan xalqı Avropaya nümayiş etdirdi ki, o, müstəqil yaşaya və öz-özünü idarə edə bilər. Avropa əməldə həyat qabiliyyətimizə inandıqdan sonra müstəqilliyimizi tanımağa qərar verdi. İlk Azərbaycan hökuməti təşkil olunan zaman mən onun rəhbəri idim. İndi isə müstəqilliyimizin tanınması haqqındakı xəbəri sizə verməklə özümü çox xoşbəxt hiss edirəm”.

 

Alqışlar altında kürsüyə gələn M.Ə.Rəsulzaqə müstəqilliyin tanınmasını Azərbaycan xalqının azad və təhlükəsiz həyatına yol açacağından bəhs söz açaraq demişdi: “Əfəndilər, mən bu gün Müsavat firqəsi və bitərəflər naminə Məclisi-Məbusanı və onun təmsil etdiyi bütün Azərbaycan millətini təbrik etmək istərkən bir il əvvəl, dekabrın 7-də açılan Məclisi-Məbusan iclasını yadınıza salıram.

 

Əfəndilər! O gün burada açılan Məclisi-Məbusanda heç kimsə inkar edə bilməz ki, bütün Azərbaycan xalqının qəlbində gizlətdiyi o məşru və böyük həqiqəti zikr edərkən sokaklarda elani-zəfər edən bu xalq yox idi. Çünki o zaman biz qorxurduq və bu üçrəngli bayrağı burada əllərimizdə titrədərək yüksəltdiyimiz zamanda bir ümid bəsləyərək deyirdik ki, bir kərə yüksələn bayraq bir daha enməz. Bu gün isə sokaklarda  elani-şadmani edən xalqla bərabər bütün dünyaya göstəririk ki, bir dəfə yüksələn Azərbaycan bayrağı bir da enməz!”

 

M.Ə.Rəsulzadə həyatları bahasına müstəqillik arzusunu xəyaldan gerçəyə çevirənləri bir daha yada salaraq zalda böyük coşqunluq yaradan nitqini belə tamamlamışdı: “Bu gün Azərbaycan Cümhuriyyəti kəndi arzu və kəndi istəyindən başqa bir qüvvə ilə meydana çıxmamışdır. O qardaşlar ki, bizə dəsti-qüvvətlərini uzatdılar, qanlarını axıtdılar və bizi bu günlərə çıxartdılar,  biz bu gün Azərbaycan istiqlaliyyətini müdafiə edərkən o müəzzəz ruhları yadımıza gətirməliyiz. Çünki o ruhlar bizə indi daha çox lazımdır...”

 

İclasın sonunda ədliyyə naziri X.Xasməmmədov mühüm hadisə münasibəti ilə Parlamentdən ölkədə əfvi-ümumi elan olunmasını xahiş etmişdi.

 

Parlamentin təntənəli iclası ilə yanaşı həmin gün Bakıda da bir sıra digər bayram tədbirləri də keçirilmişdi. Gündüz saat 2-də şəhərin dənizkənarı hissəsində milli ordu hissələrinin rəsmi keçidi olmuşdu. Parad bitəndən az sonra, təxminən  gündüz saat 4 radələrində Xarici İşlər Nazirliyinin təşkil etdiyi təntənəli qəbul başlanmışdı. Qəbulda baş nazir  Nəsib bəy Yusifbəyli  və bütün nazirlər, Həsən bəy Ağayev başda olmaqla Parlament üzvləri, İngiltərə, Fransa, Gürcüstan və Ermənistanın diplomatik nümayəndələri, Seyid Ziyaəddin Təbatəbainin rəhbərliyi altında Azərbaycanda rəsmi səfərdə olan İran missiyası,xarici dövlətlərin konsulları və konsul agentləri iştirak edirdilər.

 

Xarici işlər naziri Fətəli xan Xoyski qısa təbrik nitqindən sonra Azərbaycan və Gürcüstanın de-fakto müstəqilliyini tanınması prosesini sürətləndirdiyinə görə Böyük Britaniyanın şərəfinə badə qaldırmağı təklif etmişdi. Ardınca ayrı-ayrılıqda qonşu ölkələrin - Gürcüstan, Azərbaycan, İran və Ermənistanın hər birinin şərəfinə badə qaldırılmışdı. S.Z.Təbatəbai İran nümayəndə heyəti adından söylədiyi sağlıq nitqində Gürcüstan və Azərbaycanı dövlət müstəqilliyinin beynəlxalq miqyasda təsdiqi yolunda atdıqları ilk həlledici addım münasibəti ilə təbrik etmiş, tezliklə İranın tarixən bağlı olduğu bu qonşu ölkələri de-yure tanıyacağını bildirmişdi. Rəsmi “Azərbaycan” qəzeti müxbirinin yazdığına görə iki saatdan çox sürən   qəbul zamanı, təəssüf ki, bizim günlərə gəlib çıxmayan çoxlu fotoşəkil çəkilmişdi.

 

(Ardı var)