Azərbaycan prezidenti 2018-ci ili - Azərbaycan Xalq Cümhuriyyəti ili elan etmişdir

 

Şirməmməd HÜSEYNOV

 

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Millətlərin hüququ və hərəkətləri

 

Hürriyyətin birinci günlərində hürriyyətçilərdən bir çoxu federasyon sözünü eşitmək belə istəmiyorlardı. Yalnız hakim millət olan velikorus məhfilləri degil, məhkum millətlərə məxsus bir çox partiyalar dəxi elani-hürriyyətlə Rusiyada milliyyət məsələsinin həll olunub qurtarmış olduğunu iddia ediyorlardı. Bu iddiayə Rusiya türklərinə mənsub olan bir çox siyasilər dəxi iştirak ediyorlardı. Hələ birinci Qafqasiya qurultayında məhəlli-milli muxtariyyət tərəfdarları ilə milli muxtariyyət tərəfdarları arasında şiddətli bir mübarizədir gediyordu.

 

Federasyon ziddi olan məhfillər başqa-başqa düşünüyorlardı. Onlardan bəzisi “Rusiya bölünməz” diyor, digər qismi də “Rusiya demokratiyası buna razı olmaz” söylüyordu.

 

Birincilərə federasyonun bölgü olmadığını dəlil və sübutlarla, fənn və təcrübələrlə isbat etmək mümkün idisə, ikinciləri iqna üçün sözdən çox iş gərək idi.

 

Bu iş oldu. Rusiya inqilabçı demokratiyası iş başına gəldi. Bolşevik çıxışından sonra sırf əmələ, kəndçi və soldat kütlələrinə dayanan Xəlq Komissarları hökuməti millətlərin hüququnu bilaşərt və qeyd qəbul edib elan etdi ki, hanki millət nə cür istərsə, öz müqəd-dəratını özü həll eləsin. İstərsə muxtariyyət, istərsə istiqlal, hətta istərsə başqa bir dövlətə belə qoşulacağını elan eləsin.

 

Demokratiyanın böylə bir cəsarət və qətiyyətlə meydana çıxması eyni cəsarət və şiddətlə bir əksülhərəkə yaratdı. Bolşeviklərə qarşı kadetlər və kadet ruhlu sosyalistlər çıxdılar. Hökuməti-mərkəziyyə ortadan qalxıb hamı vilayət və millətlərə kəndi başlarının çarəsini görmək, Rusiya federasiyasını iştə əmələ gətirmək lazım gəldi. Millətlərin bu yoldakı hərəkətləri itiləşdi.

 

Ukrayna ayrıldı, Krım elani-muxtariyyət etdi. Volqaboyu ilə Sibirya müsəlmanları milli muxtariyyətlərini qurdular. Türküstan, Başqirdistan muxtariyyətləri təsis etdi, Qafqasiyada Don hökuməti ilə Terek dövləti bina tapdı.

 

Zaqafqasiya dəxi müvəqqəti bir hökumət vücuda gətirərək özünü bir növ müstəqil kibi düşündü.

 

Millətlər bir tərəfdən böylə təşəkkül edərək, digər tərəfdən də Məclisi-Müəssisan seçkiləri davam eləyib durdu. Məclisi-Müəssisan yaxında toplaşa biləcəkmi, yoxmu bu bir məsələ isə də, Məclisi-Müəssisanın federasyondan başqa bir şəkli-idarə qəbul edə bilmə-yəcəgi mühəqqəqdir. Yalnız vilayətlərlə millətlərin bütün hərəkətlərində görünən bir şey vardır ki, o da muxtariyyətlərin birər olmuş iş kibi Məclisi-Müəssisan hüzuruna çıxmasıdır. Bu xüsusda Qafqasiya millətlərindən gürcülər dəxi öz tədarüklərini görmüş, milli-məhəlli muxtariyyətlərinin əsaslarını milli qurultaylarında qət eləmişlərdir.

 

Geridə qalan yalnız biziz. Yalnız Zaqafqasiya müsəlmanları, daha doğru bir təbirlə Azərbaycan bu günə qədər sözünü söyləməmişdir.

 

Rusiya türkləri arasında birinci dəfə olaraq federasyon əsasını elan edən Azərbaycan türkləri proqramlarındakı Başqırdıstan, Türküstan, Krım muxtariyyətlərini hala kəndi muxtariyyəti naminə degil, komitə və ya firqələri adından təbrik etmək məcburiyyətində-dir. Bunun əlbəttə ki, məlum səbəbləri vardır.

 

Fəqət bütün bu səbəblərlə bərabər Azərbaycan muxtariyyəti haman bir əmri-vaqe halını almalıdır. Bunun üçün lazımdır ki, hər şeydən əvvəl Azərbaycan Məclisi-Müəssisanı dəvət olunsun. Bu dəvətin şəkil və tərtibi milli komitələr konferensiyası tərəfindən milli Zaqafqasiya komitəsinə həvalə olunmuşdur. Zaqafqasiya Komitəsi bu məsələyi ciddi surətdə həll edib tələsməli, bir an əvvəl Məclisi-Müəssisan dəvətinə başlamalıdır. Vəqt keçiyor, ötürülən vəqtlərin məsuliyyətindən çıxmaq müşküldür.

 

M.Ə.Rəsulzadə

”Açıq söz”, 8 dekabr 1917, ¹624

 

Vilsonun ikinci notası həqqində

 

Almaniyanın keçənlərdə sülh təklifilə yaydığı çıxışı hala kəndi izini itirmədən davam ediyor. Bu sütunlar üzərində dəfələrlə zikr olunduğu vəchlə, hər nədənsə bu dəfə meydana atılan “sülh sözləri” hənuz ortalıqda dönub dolaşmaqdan toxtamıyor. Bunun ayrı bir məna və nüfuzu olmalı ki, zahirən dəfələrlə rədd edilmiş kibi göründügü halda diplomasi aləmi həqiqət halda yenə bundan qəti surətdə əl çəkmək qərarını verəmiyor. Həm nəhayətə qədər verməsə gərəkdir. Şübhəsiz bu qədər müdhiş və sürüklü müharibənin barışması da pək qısa bir zamanda vaqe olamayıb uzun-uzadı çəkişmələr, çalışmalar, güləşmələr sonunda ancaq nəticəpəzir ola biləcəkdir. Zira imdiki müharibə ilə bütün ilə bütün dünyanın qəbzeyi-idarəsini əllərində tutan ən müəzzəm, ən mədəni və sətvətli dövlətlərin, millətlərin müqəddəratı bağlanmışdır. Bunun üçün bu vəqtə qədər ölüm-dirim məsələsi doğurmuş olan bir güləşmədən kolay-kolay çəkilmiyəcəgi məlumdur. Hələ Balkan və İtaliya müharibələri belə müsalihə (mütarikə) açılmaqla barışıq bağlama vəqtinə qədər xeyli uzun zaman çəkilmiş idilər. Halbuki o müharibələr heç bir tərəfin istiqbalını qəti surətdə ortaya qoymamış idi. Böylə olduğu halda iki tərəfin mütarikə başlaması ilə barışması arasında pək mühüm bir zaman keçmək icab etdi. Bu müharibədə isə hənuz barışma degil, tuqtaşma (mütarikə) üçün belə bir çarə və bir vəsilə tapılamıyor. Bunun barışması isə bundan daha uzun-uzadı çəkişmə və tartışmayı icab edəcəkdir. Əlbəttə, imdiki müharibənin davamı və həqiqi mahiyyəti öylə açıq bir nöqtəyə gəlmişdir ki, iki tərəfin bu xüsusda daha nə fikirdə olduğunu və qəti olaraq nəyi tələb edəcəgini ögrənmək üçün uzun-uzadı dil yormağa ehtiyac görülməsə gərəkdir. Bunun üçün ibtida bir toqtaşma əsasları qərarlaşsa bundan sonra barışma üçün uzun söyləşmənin lazım gəlməyəcəgi də pək mümkündür. Ancaq məzkur səbəblərə görə iştə, bu toqtaşma əsasları tapılması qayət çətin və qayət ciddi bir məsələ təşkil ediyor. Uzun-uzadı çəkişmə icab etsə, gərək dedigimiz və vaqeən bu çəkişmənin davamını gördügümüz keyfiyyət bundan iləri gəlməkdədir.

 

Almanların birinci notası ilə Amerika rəisi-cümhuru Vilsonun sülh təklifinə gərək müttəfiqlərin və gərək Almaniya ittifaqdaşlarının nə kibi ruhda cavab verdigi oxucularımızın yadındadır. Fəqət bu cavab nə ruhda olsa-olsun, müşarileyh rəis Vilson bu uğurda diplomasi təşəbbüsdən hənuz geri durmamaqdadır. Şöylə bu günlərdə müşarileyh yenə uzun bir təbliqnamə nəşr edib mühariblər cavablarından və hüquq və həqqaniyyət mətləbləri iddia edildikcə hanki təriqlə barışmaq mümkün və lazım olacağından bəhs ediyor. Vilsonun dediginə görə bəni-bəşərin və bəşəriyyəti təşkil edən böyük-kiçik millətlərin artıq hürriyyət və səadətlə yaşamaq vəqti gəlmişdir. Böyük millətlərin kiçik millətləri, güclü xəlqlərin gücsüzləri əzib, çeynəyib əsrlərdən bəri özlərinə qul və əsir etmələrinə yer üzündə qanlı və qaranlıq zülm və vəhşət hökm sürməsinə xitam verməlidir. Artıq bəşər balaları gərək öz məmləkətlərində və gərək digər millət və məmləkətlərin vəhşiyanə təcavüz və təsəllütləri nəticəsində bu qədər naməlum min sənələrdən bəri güc və ixtiyar sahiblərinin əllərindən cəhənnəm əzabları, dəhşətli vəhşətlər çəkmiş, bu qədər müddət qanlı yaşlar tökmüş, cahanın cəmi bəla və fəlakətlərinə bu üzdən düçar olmuş, ağlamış-dır, sızlamışdır, bu qədər yetər, bəsdir. Yer üzündə həqq və hüquq, həqqaniyyət və həqiqət, mədəniyyət və hürriyyət istənilərsə - artıq bəşər övladının bir-birilə insaniyyətcə hərəkət etməsi və yer üzündə vəhşilik və əsarət degil, insaniyyət və hürriyyət hökm sür-məsi gərəkdir. Naməlum əsrlərdən bəri bəni-bəşər susadığı, təşnəsi olduğu şey - budur. Təzəllüm və qüvvətdən iləri gələn dəhşətlərin, ağırlıqların dərəcəsi nə qədər olduğunu mühariblər artıq ölçməlidirlər. Çünki bunun nə olduğunu öz arxalarında hiss etdilər. Başqasından, gücsüzlərdən soruşub xəbər almaya artıq lüzum yoxdur. Əskidən bəri təqib olunub gələn “gücsüzü əzmək” və kəndisi dünyaya sahib olmaq, başqaları dilsiz, əqlsiz bir əsir və iş heyvanı etmək və bunun sayəsində kəndiləri “mədəni”, “tərbiyəli”, “nəzakətli” və rahətli və daha bilməm kim olmaq politikasından vaz keçməlidir. Bu politikanın ayı politikası, bir yırtıcılıq siyasəti olduğu artıq Avropaya - mühariblərə məlum olmalıdır. Binaənileyh imdiki müharibəyi bitirməkdən məqsəd həqiqət və həqqaniyyət demək isə - həqqaniyyət budur, insaniyyət bunu təqaza ediyor.

 

İştə, Vilsonun bu dəfəlik mühariblərə tapşırdığı təbliğnaməsinin məzmunu başdan-başa bu ruhdadır. Bu yüksək məqsədi-əqsayi, bu amali-zikəmal təqib ediyor. İnsan hissilə hisslənən və “insan olmaq” arzusu bəsləyən cümlə bəşər balasının bu təbliği kəmali-təbriklə təbrik edəcəgi və əmaq ruhundan təşəkkürlə alqışlayıb qarşılayacağı şübhəsizdir. Fəqət əsrlərdən bəri başqaların qanı ilə bəslənməgi adət edən canavar təbiətli, yırtıcı xislətli olanlar - əlbəttə, bunu məqbul görəməzlər.

 

Vilson təbliğnaməsinin ehsasinə, qayei-kəmali-insaniyyətə aid olan cəhəti və məzmunu və onun könüllərə ilqa etdigi təsiri budur. Fəqət bir də şu Avropanın “həqiqət hal” (real) dedigi maddi və materyalnı bir cəhəti var ki, bu cəhətin zaviyeyi-nəzərindən baxıldıqca təbliğin nasıl görüləcəgi və hətta görülməgə başladığı iləridə ayrıca bir bənd ilə mütaliə edilsə gərəkdir.

 

“Açıq söz”, 15 yanvar 1917, ¹377

 

Qəbz - tutma, ələ alma

Sətvət - qüdrət

Təsəllüt - ağalıq etmə

Təzəllüm - zülm və təcavüzdən şikayət etmə

Əmaq - dərin

 

Vilson nitqinin ikinci cəhəti

 

Bu günlərdə Amerika rəisi-cümhuru Vilson müharib dövlətlərin hökumət nümayəndələrinə təkrar birər nota vermiş və bu nota ilə bərabər kəndisinin Amerika məclisi-əyanında söylədigi xitabəsinin mündəricatını da əlavə qılmış idi. Müşarileyhin mühariblərə verdigi notasının mündəricatı bu dəfə elan qılınmadı. Buna görə mətbuat hənuz bu xüsusda bir şey bəyan edəmiyor. Yalnız şu qədər var ki, müttəfiqlərin bu dəfəki Vilson notasına cavab vermiyəcəkləri teleqraf xəbərləri cümləsində bildiriliyor. Bundan böylə bu notanın nədən ibarət olduğu naməlum qalıyor. Amma nota ilə bərabər təbliğ etdigi xitabəsinin məzmununu və anın ilqa etdigi təsiratı dünki nömrəmizdə müxtəsərən və zimnən yazmış idik. Fəqət xitabənin o qismi - yalnız insaniyyətpərvəranə ehtisasət üzərinə bina olunan və yalnız böylə hislərdən nəbiyan edən mülahizələr idi. Qaldı ki, xitabənin əhvali-hazirənin həqiqətinə (realnı xüsuslarına) təəllüq edən cəhətinə gəlincə, əlbbəttə Vilson tərəfindən bəyan olunan arzular imdiki əhval və vüquat qarşısında o qədər ciddi bir təsir verməsə gərəkdir. Çünki irq və milliyyət mübarizəsi üzərinə bina olunan materyalnı siyasət və mənfəət bu kibi ehtisasi şeylərə o qədər qulaq vermiyor. Əkrdə insanlar başdan-başa fənafüllah bir filosof olsalardı, yer üzündə yalnız üxüvvəti-bəşəriyyə məqsədlərini təqib etmək mümkün olsa idi, bəlkə bunu ciddi surətdə hesaba almaq icab edərdi. Hasili:

 

“İnsan mələk olsa idi,

Cahan cənnət olardı”

 

Fəqət heyhat ki, bu günə qədər bəni-bəşər arasında “əzməyən-əzilir” düsturu hökm sürüyor və bunun üçün insanlar da bu düsturdan qorxaraq “özü əzilməmək” üçün ibtida “başqasını əzməgə” çalışıyor. Bunun üçün şeytanın əməlini şaşırdacaq siyasətlər, məharətlər, fərasətlər sərf olunuyor, cəhənnəmi qorxudacaq dərəcədə atəş püskürən silahlar, toplar, qələlər, dired notlar və daha kim bilir nə qədər və hanki bəşərin doğurduğu şeylər meydana çıxarıyor. Bu gün gördügümüz bütün bu müdhiş siyasətlər, bu siyasətlərin doğurduğu müdhiş qan və atəş tufanları - cümləsi bundan, bu düsturun hikmətindən, yaxud bu hikmətin dəsturindən və hər halda bunun təzəlzül tapdığı hökmündən iləri gəliyor. İndi insanlar, insanların təbiət və tinəti bu hökmü dəyişməgə, dəyişdirməgə qadir ola biləcəgini - “əzməyən əzilər” düsturu yerinə “əzməyən əzilməz” hökmünü iqamə etməgə və bütün cahan üçün “heç bir kimsə əzməsin əzilməsin” düsturunu hökmran etməgə çarə və imkan tapacaqmı? iştə, bu məsələ həll olunsa Vilsonun da, digər çox “insan oğlu insanın” da amali-aliyyəsi hasil olur. Yırtıcılıqda misli olmayan “bəşər balası bəşər” olaraq dəryalarla qan və atəş tufanları qoparmazlar. Fəqət Darvinin kəşf etdigi laintinahi mübarizədən ibarət olan “qanuni-təbiət” və buna bir düstur şəklini verən Nakiyavelin “siyasət prinsipi” hökmünü qeyb etmədikcə, təbiət məxluqatında başqa əsaslar hökm sürmədikcə bu məqsədlərin, bu ali amal və arzuların yer üzündə hasil olmasına imkan görülməsə gərəkdir. Avropanın həqiqət hali-siyasəti (realnı politikası) bu nöqteyi-nəzərdən iş yürütüyor və bunun üçün imdilik hiss və xəyal aləmində dolaşan amal və arzular yerinə həqiqi mənfəət və məqsədini təmin üçün şimdilik müdhiş siyasətlər dolabını çevirməgə və bu üzdən şimdiki müdhiş boğuşmaları törətməgə lüzum görüyor. İştə, həqiqəti-hal demək bu-dur.

 

Vilson təbliğnaməsini bu zaviyədən mütaliə edən mətbuat təbliğnamənin hiss və arzu almaq həsəbilə gözəl olduğunu bəyan ediyorlar isə də, anın həqiqəti-hala yanaşmasına şübhə ilə bakıyorlar.

 

Çünki anın qövldən-felə gəlməsi təbiyyət və bəşəriyyət aləmində başqa düsturun hökm sürməsinə vasitədir.

 

Bundan böylə Vilson bu dəfə Amerika əyan məclisində söylədigi şu xitabəsi büsbütün təsirsiz keçməyəcək olsa da belə, ancaq bir məmləkətin hökmdarı tərəfindən bəyan olunan amal və arzu olmaq həsəbilə fövqəladə qiymətdar bir vəsiqeyi-tarixiyyə və insaniyyətpərvəranə olub qalmaqda başqa bir səməreyi-ciddiyyəsini göstərməsə gərəkdir. Zatən bunu müşarileyhə kəndisi də “hökmdar sifətilə yapılmış birinci hərəkət” deyə qeyd edərək təşəbbüsünün mahiyyət və qiymətini təyin eliyor.

 

“Açıq söz”, 16 yanvar 1917, ¹378

 

Zimnən - yeri gəlmişkən

Ehtisas - hiss etmə, duyma

Zaviyə - bucaq

Təzəlzül - sarsılma, zəlzələyə düşmə

Tinət - xasiyyət, maya

İnfial - iztirab

Tənfir - nifrət

 

Hürriyyət qarşısında

 

Bütün Rusiya millətləri qəlblərinin ən dərin guşəsində bəslədikləri arzularına, arzui-ümumilərinə çatdılar. Yalnız öz qələmrovunda degil, dünyanın hər tərəfində hürriyyət və səltənəti-milliyyənin düşməni-biimanı olan Rusiya heykəli-istibdadi, bu qanlı “jandarm”ı yıxdılar!

 

Köhnə idarənin ənqazı üstündə bina tutan hökuməti-müvəqqətə əsas məmləkətdə gözədəcəyi bina və əsasları, başqa sözlə, öz proqramını elan etmişdir. Dünki nömrəmizdə dərc olunan bu proqramda hər şeydən əvvəl siyasi, dini işlərdən ötrü həbs olunanlara əfvi-ümumi elan olunacaq. Danışıq, yazı, ittifaq, ictima və tətilə hürriyyət veriləcək: sinfi, dini, irqi və milli təzyiqlər kamilən ortadan qaldırılacaq; ümumi, müsavi, doğru (bilavasitə) və gizlin rəylər vermək surətilə seçilmiş vəkillərdən ibarət Məclisi-Müəssisan dəvətinə hazırlıq görüləcək. Və bu məclis məmləkət üsuli-idarəsinin nə şəkildə olacağını qərarlaşdıracaqdır. Polis və zabitə adamları cəmaət tərəfindən seçilmiş milislə əvəz olunub, məmurlar seçki üsulu ilə təyin olunacaqlar və məhəlli cəmaət idarələrinə tabe bulunacaqlardır. Məhəlli idarələr seçkiləri də haman müsavi, doğru, ümumi və gizlin rəylər vasitəsilə seçiləcəkdir.

 

Görüyorsunuz ki, bütün hürriyyətpərvər Rusiyanın yolunda qurbanlar verərək tələb elədigi əsaslar bu gün hökuməti-müvəqqətə tərəfindən tətbiq etdirilmək istənilir. Hər növ hüquqi-milliyyə və hürriyyəti-vətəniyyənin bəqa və davamı üçün yeganə bir əsas ümumi və müsavi surətdə tətbiq olunacaq seçki üsuli ilə bu seçkiyi təbii bir yolda icrayə müsaid olan ümumi hürriyyətlərin təminidir.

 

Bugünki hökuməti-məzkur seçkilər, o seçkilərə lazım olan hürriyyətlərin təmininə söz veriyor. Və bunun üçün müharibə zamanı olduğunu dəxi bəhanə etməyəcəgini söylüyor.

 

Rusiya övladı, bütün məslək, sinif, firqə və millətlərə mənsub vətəndaşların ən birinci borcu şübhəsiz ki, bu müqəddəs əsasları elan edən hökumətə kömək durub cərəyani-əhvalın öylə bir yolda getməsini asanlaşdırmaqdır ki, artıq heç bir növlə peşimanlıq olmasın və yeni elan olunan hürriyyət əsasları var-qüvvətlərilə kökləşib qala bilsinlər.

 

Bu xüsusda ilk dəfə olaraq müsəlmanlar naminə səslərini ucaltmış olan Moskva müsəlmanlarının təşəbbüs və qərarı demək olar ki, bütün Rusiya müsəlmanlarının tərcümani-əfkarıdır. Heç şübhə yoxdur ki, bütün Rusiya türk-tatarlığı moskvalı irqdaş və dindaşları ilə bərabər yeni hökuməti “ögey-doğmalığı” ortadan qaldıran o böyük qüvvəti canu-könüllə qarşılarlar.

 

Yeni hökuməti yalnız ürəknən, kökündən gələn səmimi sözlərlə qarşılamaq kafi degildir. Lazımdır ki, millətin bütün qüvvai-səlahiyyəsi birləşib mütəşəkkil bir qüvvə surətilə ümumi işin imdadına gəlsin. Bu vəqtə qədər biri-birindən ayrı düşən müsəlman cəmaətinə yığışıb birləşmək mümkün degil idisə, imdi artıq o ədəmi-imkan ortadan qalxmışdır. İttifaq və ictima azadlığı elan olunmuşdur.

 

Rusiyada ruslardan sonra ən böyük bir kütlə təşkil edən Rusiya türk-tatarlığı, Rusiya müsəlmanlığı kəndi mövcudiyyətilə hürriyyətin bəqasına kömək etmək üçün yığışıb ümumi bir ictima qurmalıdır. Moskva müsəlmanları bu təşəbbüsi Dövlət Dumasındakı müsəlman fraksiyasından gizliyorlar.

 

Əlbəttə, bu təşəbbüs olunca fraksiya tərəfindən olmalıdır. Çünki bu vəqtə qədər mövcud siyasi bir müəssəmiz ancaq odur. Fəqət fraksiyanı gözləyib oturmaqla da qalmaq olmaz. Hər tərəfin müsəlmanları əvvəla “ağırlığı” tərklə hər tərəfdə hərəkətə gəlmiş olan vətəndaş cərəyanlarına qapılmalı, mövcudiyyətlərini göstərməlidirlər. Bununla bərabər kəndi aralarında yeni hökumətə və tazə Rusiya əsasını həqiqi hürriyyətlər üzrə qurmaq istəyən demokratiyaya kömək olmaq üçün kəndi qüvvələrini toplamaya və mütəşəkkil bir hala qoymaya başlamalı və hər tərəfdə ümumi Rusiya müsəlmanlar ictimai həqqindəki fikirlərini açıb bildirməlidirlər.

 

Cana gəlmiş millətlərin hürriyyətə susamış əmələlərin və qəhrəman əskərlərin əzm və mətanətləri sayəsində yeni hökumət Məclisi-Müəssisanın tərtib edəcək və orada məmləkətin əsas qanunları yazıldıqda, şübhəsiz ki, millətlərin hüquqi-milliyyələri dəxi mühafizə olacaqlar. Bugünki hökumət proqramında bu xüsusda elan olunan maddə millətləri razı qoyacaq bir haldadır. Fəqət bu maddənin bütün sərahətilə yazılacaq qanuni-əsasi maddələri cüzində olmasını təmin üçün dəxi ən səmimi hürriyyət partiyalarının qalibiyyəti-tamməsi lazımdır və müsəlmanların xətti-hərəkəti dəxi bu həqiqi hürriyyət partiyaları ilə bərabər getmək və onlarla həmavəz olmaqdır.

 

İştə, Moskva müsəlmanlarının lüzumundan bəhs elədikləri Ümumrusiya müsəlmanları ictimainin hər şeydən əvvəl qərara alacağı bir məsələ!

 

M.Ə.Rəsulzadə

”Açıq söz”, 7 mart 1917, ¹420

 

Qələmrov - hökm sürən ərazi

Ənqaz - sökülmüş binanın qalıqları

 

Cümhuriyyəti-ənam (Xalq Cümhuriyyəti) şüarı, Kadet firqəsi və müsəlmanlar

 

Cümhuriyyəti-ənam şüarı artıq Rusiya hürriyyətpərvərlərindən ötrü ixtilaf götürməz siyasi bir ideal halını alıyor. Rusiya hürriyyətpərvər partiyalarından hürriyyəti-milliyyə Kadet firqəsi idi ki, məşrutəli padşah üsuli-idarəsinə tərəfdar idi. Son firqə ictimaində bu partiya dəxi özünün cümhuriyyəti-ənam tərəfdarı olduğunu ittihadla elan eləmiş və məmləkət üsuli-idarəsinə aid olan proqram maddəsini aşağıdakı vəchlə təbdil eləmişdir.

 

“Rusiya parlaman üsuli və cümhuriyyəti-ənam əsasilə idarə olunmalıdır. Qüvvəyi-icraətin başında müəyyən bir zaman üçün cəmaət nümayəndələri tərəfindən seçilmiş cümhur rəisi bulunmalıdır ki, bu rəis də məmləkəti məsuliyyətli heyəti-vüzəra vasitəsilə idarə eləməlidir”.

 

Günün ən mühüm qüvvətini və inqilabın ən dəyanətli istinadgahını təşkil edən fəhlə firqələrilə soldat təşkilatının cümhuriyyəti-ənam fikri həqqindəki rəyləri aşkar idi. Onlar başqa dürlü üsuli-idarəyə məhəl və imkan belə buraxmaq niyyətində olmadıqlarını bəyan edib duruyorlardı. Həm başqa dürlü də olamazdı. Çünki bu əksərən sosialist və sol firqələrdən təşəkkül edən təşkilatlar bu gün degil, ta “Qalübəla”dan cümhuriyyəti-ənam tərəfdarı olmuşdur və şübhəsiz ki, bu gün ələ keçən fürsəti qaçıramazlardı.

 

Yalnız ehtiyat olunuyordu ki, Rusiyanın mərkəzi firqəsini təşkil edən və əksərən Rusiya intelligensiyasından ibarət olan mötədil kadetlər bəlkə bu şüarla barışmazlar və bu surətlə hürriyyətpərvərlər arasında üsuli-idarə həqqindəki siyasi bir nəzər ixtilafi hadis olar. Kadet firqəsinin son qərarı isə bu ehtiyatı tamamilə zail edib göstərmişdir ki, Rusiya hür-riyyətpərvərlərinin sağından ötüb soluna qədər artıq hamısı cümhuriyyəti-ənam tərəfdarıdır. Və imdidən demək də olar ki, Rusiyanın Məclisi-Müəssisanca qəbul olunacaq yeni üsuli-idarəsi haman “cümhuriyyəti-ənam”dan ibarət olacaqdır.

 

Şübhəsiz ki, bütün Rusiya demokratiyası ilə bərabər müsəlmanların da amalı, mənafei-milliyyələri ilə müvafiq gördükləri bir üsuli-idarə varsa, haman cümhuriyyəti-ənamdır. Cümhuriyyəti-ənam tələbimiz Məclisi-Müəssisanda lehinə rəy verəcəgimiz müqəddəs şüarımızdır. Fəqət yalnız bir bu əsas bütün ehtiyacati-milliyyəmizi izalə edər, bütün diləklərimizi razı sala bilərmi?

 

Əlbəttə, yox. Əlbəttə ki, kəndi milliyyətimizin tamamilə təmini-bəqası və milli qüvvətlərimizin meydan alıb da hər növ maddi və mənəvi təsirlərdən azad qalaraq müstəqilən böyüyüb artması üçün başqa nəzərlər və başqa tələblərimiz də vardır. Fəqət üsuli-hərəkət iqtizası olaraq bu tələblərimizi zamani-axirə təliq ediyoruz.

 

Bu tələblər qəbilindən olaraq “hürriyyəti-milliyyə” firqəsi ictimaində hazır bulunan Ukrayna nümayəndələri Rusiyanın yalnız cümhuriyyəti-ənamla qalmayıb “cümhuriyyəti-müctəmeə” əsası üzərinə qurulması tələbində israr eləmişlərdir ki, Rusiya müsəlmanları naminə məclisdə bulunan orenburqlu Mənsurov cənabları da bu fikrə iştirak eləmişdir.

 

Böylə bir fikrə iştirak etdigi üçün Mənsurov cənabları əlbəttə ki, müaxizə olunamaz. Fəqət Mənsurov - teleqraflardan anlaşıldığına görə - daha iləri getmiş, demiş ki, “bütün Rusiya müsəlmanları hürriyyəti-milliyyə firqəsinin idealı üçün sinə sipər elər və hanki tərəfdən olsa da, cəmaətin azadlığını təhdid edən qüvvətlərə qarşı mübarizə edərlər”.

 

Millətin azadlığını, Rusiyanın hürriyyətini və cümhuriyyəti-ənam əsasını müdafiə üçün şübhəsiz ki, müsəlmanlar sinə sipər elər, lazım olursa ölər, məqsəddən dönməzlər. Fəqət bu fədakarlığı Kadet denilən “hürriyyəti-milliyyə” firqəsinin idealı naminə edərlər - demək, bütün müsəlmanların ancaq bu firqəyə mənsub və ya tərəfdar olmasını iddia etməkdir. Böylə bir iddia səlahiyyətini Mənsurov millətdaşımıza əcəba, kim vermiş və böylə qəti bir bəyanda bulunmaq cəsarətini haradan almışdır?

 

Hər şeydən əvvəl Mənsurov bilməz degildir ki, hər bir mədəni millət kibi müsəlmanlar arasında müxtəlif cərəyanlar, müxtəlif siyasi və ictimai nəzəriyyələr vardır: yalnız bir burası mülahizəyə alınsaydı, bütün müsəlmanların kadetlər müridi olduqlarını iddia etmək mümkün olmadığı özü-özündən anlaşılardı. İctimai nəzəriyyələr, sinfi mənfəətlər kənarə qoyulub da sırf milli-siyasi nöqteyi-nəzərdən baxılsa belə, müxtəlif müsəlman cərəyanları “hürriyyəti-milliyyə” firqəsinin ideallarını kəndi milli idealları ilə müvafiq görəməzlər. Bəzilərincə müvafiq görülsə belə, bütün Rusiya müsəlmanlarının “Milyukov şöbəsi” olduğu fikrini əqldən belə keçirmək olmaz.

 

Biz biliyoruz ki, daxilən bütün millətlərin hürriyyətini, mədəni və milli istiqlalını o partiyalar təmin edərlər ki, onlar hər növ imperializm ruh və siyasətindən uzaqdırlar. Rusiyanın əzəmətini, azadlığını, səadətini xaricdə bir taqım nüfuzlar, istilalar və qazanclarda görən firqələr nə qədər özlərinə hürriyyətpərvər desələr də, daxilən bütün millətlərin hüququnu, azadlığını təmin edəməzlər.

 

1905-ci ildəki müsəlman syezdləri “hürriyyəti-milliyyə” firqəsinə yaxın bir proqram qəbul eləmiş və bu firqə ilə bərabər getməyə meyl göstərmişdi. Fəqət o zaman belə bu tərzi-hərəkətin bütün müsəlmanlar naminə qəbulunu protesto edənlər bulunmuş və Rusiya müsəlmanlarının mənafeini səmimiyyəti şübhələr altında olan kadetlərlə degil, sol firqələrlə bərabər olmaqla görmüşlərdi.

 

1917-ci il 1905-ci ilə nisbət çox böyümüşdür. 12 illik təcrübə bütün Rusiya əfkari-amməsində olduğu kibi müsəlman əfkari-amməsində də külli təbəddülat əmələ gətirmişdir. Bu təcrübələri ilə müsəlmanlar çox vədləri qovmuş, firqələri təcrübədən keçirmişlərdir. Böyük aləm vüquatı qarşısında, bilxassə Kadet firqəsinin verdigi imtahan, izhar elədigi sima müsəlmanları, ən ciddi kadet tərəfdarı olan cəmaət xadimlərimizi belə düşündürmüş, tamamilə başqa xətti-hərəkət ittixazinə məcbur eləmişdir.

 

Hürriyyəti-milliyyə firqəsinin ən parlaq nümayəndəsi, bütün ruhi, canı bir əməl kibi bəslədigi siyasətinin müvərrici bu günün xariciyyə vəziri Milyukovdur. Milyukov siyasətinin demokratiya siyasətinə - Rusiya millətlərinin mənafeinə ən uyğun gələn bu siyasətə - qarşı müarizligi gün kibi aşkardır. Bu böylə ikən müsəlmanlar əcəba, hanki məntiqlə özlərini Milyukov şiəsi elan edər, özlərinə məxsus ideal və nəzəriyyədən əl çəkib də Kadet firqəsi üçün sinə sipər edərlər!? Yox, müsəlmanların sipər edəcəkləri sinələri varsa, bu sinə yalnız Rusiya hürriyyətini mühafizə edər və yalnız kəndi milli əməlini müdafiə üçün hər bir bəlaya açılar.

 

Rusiyanın hürriyyəti ilə amali-milliyyəmizin təmininə Rusiya hürriyyət firqələrindən hansılarının daha ziyadə ümidli olduğunu kəsdirmək lazım gəlirsə, bunun üçün hər halda sabiq məşrutəli padşah firqəsindən sola baxmalıdır.

 

M.Ə.Rəsulzadə

 

”Açıq söz”, 31 mart 1917, ¹438

 

Qalübəla - lap əvvəldən, köhnədən

Hadis - baş verən, üz verən

Müctəmeə - birləşmiş

Müaxizə - məzəmmət etmə, töhmətləndirmə

Müariz - etiraz edən, qarşı çıxan

Şiə - tərəfdar

Təliq - təxir etmək, yubatmaq

Müvərric - yayan, rəvac verən, intişar edən

 

(Ardı var)

 

525-ci qəzet  2018.- 27 yanvar.- S.20-21.