Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln

 

Telman ORUCOV

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Zövqlərin bayağılaşması, tarixi həqiqətlərə məhəl qoyulmaması dövrümüzün diqqəti o qədər də cəlb etməyən, lakin həddi aşması ilə daha böyük ziyan vuran problemidir.

 

Linkoln öz həyatı, mübarizəsi, hətta şəhid olması ilə sonrakı nəsillərə örnək timsalı olduğu halda, ona belə ədalətsiz münasibət göstərilməsi yolverilməzdir. Hansısa hətta gözəlliyi ilə seçilən bir qıza belə diqqət göstərilirsə, keçən əsrin 60-70-ci illərinin pozğunluq simvolları olan hippiləri də asanlıqla qəhrəmanlıq, müqəddəslik haləsinə bürümək olar.

 

2017-ci ilin avqustunda isə ABŞ-da daha biabırçı hadisələr seriyası baş verdi. Prezident Donald Trampdan narazılıq, ona qarşı etiraz müxtəlif formalar aldı. Neonatsistlər, irqçilər birbaşa vandalizmə əl atdılar, Vətəndaş müharibəsində Konfederata rəhbərlik etmiş şəxslərin və sərkərdələrin heykəllərini uçurmağa başladılar. Ağların üstünlüyü ideyasının tərəfdarları, qaralara qarşı cinayət törədən ku-klus-klançıların tör-töküntüləri də bu qarışıqlıqdan faydalanmaq istədilər. Federal hökumət bir müddət bu qanun pozğunluğuna, ölkəni yenidən Vətəndaş müharibəsinə cəlb etmək istəyən qüvvələrin hərəkətlərinə laqeydlik göstərdi. Bu vaxt Cənubun məğlubiyyətindən narazı qalanlar cavab aktı kimi ən müqəddəs bir mehrabı - Abraham Linkolnun Vaşinqtondakı məşhur memorialını təhqir etməyə başladılar, mərmər divarlara qırmızı boya ilə nalayiq sözlər yazdılar. Həm Konfederat nümayəndələrinə, həm Linkolna qarşı belə münasibət Vətəndaş müharibəsində həlak olan 600 min amerikalının xatirəsinə qarsı bir həyasızlıq nümayişi olmaqla, tarixi yenidən yazmaq və Cənubla Şimalı, 300 milyonluq əhalisi olan bir ölkədə qardaşı-qardaşla yenidən üz-üzə qoymaq cəhdidir. Linkoln ömründə çox hədələr almışdı, ona kəskin hücumlar edilmişdi, lakin o, öz idealına xilaf çıxmamışdı. İndiki iyrənc hərəkət də onun şəxsiyyətinin böyüklüyünə heç cür xələl gətirə bilməz. Qayanın üstünü korlayan əbləh başa düşməlidir ki, təbiət onun izini bütünlüklə yoxa çıxaracaq, qaya isə öz məğrurluğunu qoruyub saxlayacaqdır.

 

Amerika öz tarixinə hörmətlə yanaşmağı bacarır, Bani-Ataların memorialları buna əyani misaldır. Özünün ən yaxşı və nisbətən uğursuz prezidentlərini də layiqincə qiymətləndirir, heç nəyi ört-basdır etmək istəmir. XX əsrin ikinci yarısında “11 ən yaxşı ABŞ prezidenti” kitabı nəşr edilmişdir.  Əsər tarixçilər, politoloqlar və jurnalistlər arasında aparılan rəy sorğusuna əsaslanmaqla, 11 ən uğurlu prezidentdən bəhs edir. 10 prezident müəyyən olunmalı idi, lakin axırıncı iki nəfər eyni xal topladıqlarından, say 11-ə qalxmışdı. Çoxsaylı jüri birinci yeri heç də ilk prezident Corc Vaşinqtona deyil, Abraham Linkolna vermişdi və beləliklə, ABŞ-ın iki əsrlik tarixində ona bərabər prezidentin olmadığı vurğulanmışdı.

 

Linkoln həqiqətən də müqayisə edilə bilinməyən bir dövlət rəhbəri idi. Ondan sonra Franklin Ruzveltə qədər amerikan prezidentləri içərisində  təəssüf ki, zəiflikləri ilə seçilənlər daha çox olmuşdu.  Linkolnun varisi Endryu Consonla Konqress arasında  Birliyin bərpasına görə fikir ayrılığı  olduğundan, 1868-ci ildə ona impiçment elan edilməsi səsə qoyulduqda, yalnız bir senatorun səsi onu bu ağır cəzadan xilas etmişdi. Bir əsr sonra etimadı itirmiş prezident Riçard Niksona 1974-cü ildə impiçment elan edilməsi qaçılmaz olduqda, o, könüllü istefa verməklə canını qurtarmışdı. Hətta Vətəndaş müharibəsinin qəhrəmanı Uliss Qrant da prezident kimi əvvəlki şərəfini qoruyub saxlaya bilməmiş,  silahlı qüvvələrdən fərqli olaraq, ölkəyə uğurlu rəhbərlik edə bilməmişdi. Olduqca səmərəsiz  prezident sayılan Herbert Huverin dövründə (1929- 1933-cü illər) Birləşmiş Ştatlarda Böyük Depressiya dağıdıcı miqyas almış, ölkə başçısı isə əslində laqeyd müşahidəçiyə çevrilmişdi. 1929-cu ildə fond birjası dağılanda o, Depressiyanı müvəqqəti yanlışlıq hesab edərək, tam mənfi xarakterli tədbirlərə əl atırdı. Pensiyasını tələb edən I Dünya müharibəsi veteranlarının üzərinə hətta ordu göndərmiş, gələcəkdə II Dünya müharibəsinin qəhrəmanı olacaq, general Duqlas Makartur isə bu biabırçılığın qarşısını almışdı. Nüfuzu çox aşağı düşdüyündən Huver 1932-ci il seçkisində F. Ruzveltin 472 elektoral səsinə qarşı vur-tut 59 səs toplayaraq, məğlub olmuşdu. 1933-cü ilin əvvəlində prezidentliyə başlayan Franklin Ruzvelt özünün inqilabi “Yeni Kurs”u ilə ölkəni fəlakətdən xilas etmışdi. O, İkinci Dünya müharibəsində alman natsizmi üzərində çalınan qələbəyə əvəzsiz kömək göstərmiş, militarist Yaponiyası isə ABŞ ordusuna 1945-ci ilin sentyabrında qeyd-şərtsiz təslim olmuşdu. Bu müharibədən Amerika ən qüdrətli fövqəldövlət kimi çıxdı. Ruzveltin siyasi xadim istedadında və cəsarətində Linkolnun ilhamlandırıcı təsiri əks olunurdu.

 

ABŞ XX əsri yeganə fövqəldövlət kimi başa vurdu, iqtisadi və texnoloji cəhətdən dünyada müqayisəyə sığmayan bir nəhəng qüdrətə yiyələndi. Axı parçalanmış dövlət hətta təsəvvürdə də buna nail ola bilməzdi. Quldarlıq da bütün eybəcər cəhətləri ilə yanaşı həm də iqtisadi inkişafın buxovuna çevrilmişdi. Yalnız Linkoln dühası və iradəsi bu nəhəng maneələrin öhdəsindən gəlməyi bacardı. Ona görə də Amerikanın sonralar fəth etdiyi hər bir zirvədə Linkolnun danılmaz payı vardır.

 

Linkolnun uşaqlıq və yeniyetməlik dövrü

 

Abraham Linkoln 12 fevral 1809-cu ildə Kentukki ştatındakı Hocenvilldən üç mil cənubda olan bir komada dünyaya gəlmişdi. İki yaşı olanda o, qonşuluqdakı fermaya aparılmşdı. Öz evləri barədəki erkən xatirələrində atasına kömək etməsini, əkdikləri qarğıdalı və boranı toxumlarının daşqın nəticəsində yuyulub məhv olmasını təsvir edir.

 

Atası Tomas Linkoln toxucu şagirdliyi ailəsindən çıxmış və onun əcdadı 1637-ci ildə, “Meyflauer” gəmisində buraya gələnlərdən 17 il sonra İngiltərədən Amerikaya, Massaçusets yarımadasına mühacirət etmişdi.  “Meyflauer” sərnişinlərinin 1620-ci ilin noyabr ayında gəmini tərk etməmişdən əvvəl bağladıqları müqavilə gələcək ABŞ Konstitusiyasının rüşeymi hesab olunur. Onlar “Yeni Plimut” koloniyasını yaradaraq, əkinçiliklə məşğul olmuşdular. Bu barədə koloniyanın qubernatoru olmuş Uilyam Bredford öz kitabında geniş məlumat verir. Koloniya sakinləri qonşuluqdakı hindu tayfası ilə də dil tapa bilmiş, onların təcrübəsindən və köməyindən xeyli faydalanmışdılar. Sonra gələnlər də yəqin ki, onların qazandıqları təcrübədən istifadə etməmiş deyildilər.

 

Tomas Qərbdə məskunlaşmağa ilk olaraq can atmaqla pioner adlananlar dəstəsində güclü bir şəxs idi. 1806-cı ildə o, Kentukkidən gətirdiyi Nensi Henksə evlənmişdi, bu qız nikahdan kənar doğulan uşaq olmuşdu. Yəqin ki, taleyin möhürünə uyğun olaraq qızğın dindar bir adam olmaqla yanaşı, bu qadın həm də daim qəmgin olması ilə seçilirdi. Onların Sara, Abraham və körpəlikdə ölən Tomas da daxil olmaqla, üç uşağı olmuşdu.

 

1816-cı ildə ailə cənub-qərbi İndianaya köçəndə, burada özünə koma tapdı, sonra isə komanın yerləşdiyi torpağı satın aldı. Sahəni təmizləməkdə, taxılı biçməkdə Abraham atasına kömək edirdi, ona görə də erkən yaşlarından onun ov etməkdən və balıq tutmaqdan xoşu gəlmirdi. Sonralar o, həmin illərdə “panteranın nərəsini”, “donuz ovlayan” ayıları və İndiana sərhədindəki yaşadıqları həyatın yoxsulluğunu xatırlayırdı. Abrahamın 9 yaşı olanda anası öldü, onu meşədə də dəfn etdilər.

 

Xoşbəxtlikdən, ikinci qış mövsümündən əvvəl atası Kentukkidən özünə arvad gətirdi, o, uşaqlara yeni ana olacaqdı. Özünün iki qızı və oğlu olan Sara adlı bu dul qadın yeni ərinin uşaqlarına da özününkülər kimi baxmağa başladı. Onun Abrahamdan daha çox xoşu gəlirdi. Abraham da öz ögey anasını sevirdi. Sonralar o, analığını “mələk ana” adlandırmışdı. Qadın onun kitab oxumağını da çox bəyənirdi, yeniyetmə isə kitablara, sirrin hansısa bir qalığını öyrənmək üçün orijinal bir mənbə kimi baxırdı. O, “azacıq” müddətdə məktəbə getmişdi, bu müddət üst-üstə yalnız bir il ola bilərdi. Qonşuları sonralar xatırlayırdılar ki, o, kirayəyə kitab götürmək üçün bir neçə mil məsafədəki ağır yolu qət edirmiş. “Corc Vaşinqtonun həyatı və yadda qalan əməlləri” kitabını, “Robinzon Kruzo”nu, “Zəvvarın tərəqqisi” kitabını və Ezopun “Təmsillər”ini oxumuşdu. Yaşa dolduqca isə etiraf edirdi ki, heç də çox şeyi bilmir. O, öz ailələrinə məxsus olan “Bibliya” da oxumuşdu.

 

1830-cu ildə Linkolnlar ailəsi ikinci köç etdi. Bu, İllinoytsa səfər idi. Abraham bu vaxt öküz dəstəsini sürürdü. 21 yaşı olanda o, öz müstəqil həyatına başladı. 6 fut 4 inç hündürlüyündə olan bu adam möhkəm əzələlərə malik olmaqla, fiziki cəhətdən güclü idi. Balta ilə işləmək onu daha da qüvvətli etmişdi. Onun mimika sahəsində və əhvalat söyləyən kimi istedadı olduğundan, özünə dostlar qazanırdı. O, malik olduğu digər qabiliyyətlərini də nümayiş etdirirdi. 

 

Linkolnun gəncliyi və vəkillik illəri

 

İllinoysa gəldikdən sonra fermerliyə həvəsi olmadığından Linkoln müxtəlif peşələrlə məşğul oldu. O, yeni fermanın sahəsini təmizləməkdə və ona çəpər çəkməkdə atasına kömək edirdi. Qayıq sürən kimi, o, Missisipi çayı ilə Nyu Orleana qədər üzmüşdü. Oradan qayıtdıqda Nyu Salemdəki kənddə məskunlaşdı. Burada o, gah anbar qarovulçusu, gah poçt işçisi, gah da müşahidəçi kimi işlədi. 1832-ci ildə hindularla Black Hawk (“Qara quzğun”) müharibəsində o, volyunter kimi xidmətə girdi və öz dəstəsinin kapitanı seçildi. Sonralar o, zarafatla deyirdi ki, müharibə ərzində döyüşən və diri olan heç bir hindunu görməmiş, lakin ağcaqanadlarla çox sayda “qanlı mübarizə” aparmışdı.

 

Qanunverici olmağa can atdığı həmin vaxt o, ilk cəhdində məğlub oldu və sonra təkrar-təkrar ştat assambleyasına seçildi. O, bir sənətkar kimi dəmirçi olmağı düşünürdü, lakin nəticədə hüquq praktikası ilə məşğul olmağa meyil etdi. O, təkbaşına qrammatikanı və matematikanı öyrənirdi və bu vaxt qanuna aid kitabları da oxumağa başladı. 1836-cı ildə vəkillik üzrə imtahan verdi və hüquqşünas praktikasına başladı.

 

Sonrakı ili o, İllinoysdakı Sprinqfildə köçdü, bu, yeni ştatın paytaxtı idi. Nyu Salemdən fərqli olaraq, bura vəkil işləmək üçün çoxlarına daha geniş imkanlar verirdi. Əvvəlcə o, Con Styuartın partnyoru oldu, 1844-cü ildən sonra isə Uilyam Herndonla işlədi. Herndon yaşca Linkolndan 10 yaş kiçik idi, lakin geniş mütaliəyə malik idi, məhkəmədə çıxış edərkən daha emosional olmaqla yanaşı, həm də baxışlarında daha radikal idi. Onlar pulun kimə ödənilməsindən asılı olmayaraq, aldıqları nəğd pulu yarı bölürdülər. Bu, o demək idi ki, onların pul barədə heç bir sözləşməsi olmamışdı.

 

Sprinfildə gəldikdən sonra Linkoln bir neçə il ərzində ildə 1.200-1.500 dollar pul qazanırdı, həmin dövrdə ştatın qubernatorunun illik maaşı 1.200 dollar idi, mahal (distrct) hakimlərinin maaşı isə 750 dollar idi. O, gərgin işləyirdi, təkcə ştatın paytaxtında deyil, mahaldakı məhkəmələrdə də işə çıxırdı. Hər yaz və payız mövsümündə at üstündə o, yüz millərlə ölçülən məsafədə məskunlaşmış preriyalıların yanına səfər edirdi.

 

Dəmir yolunun çəkilməsi ilə, xüsusən 1850-ci ildən sonra belə səyahətlər daha yüngül xarakter daşıyırdı. Linkoln İllinoys Mərkəzi dəmir yoluna ştatdan çarter (xartiya) almaq üçün lobbist kimi xidmət göstərirdi. Həm də həmin dəmir yolu üçün müntəzəm işləyən vəkil olaraq qalırdı. Makklellan qraflığının cəhdləri əleyhinə kompaniyanı uğurla müdafiə etdikdən sonra o, öz hüquqşünas karyerasında birdəfəlik ən böyük qonorar kimi 5.000 dollar aldı. O, məhkəmədə Missisipi çayı üzərindən Rok Aylend körpüsünün çəkilməsi işini xilas etdi, çaydakı nəqliyyata təhlükə kimi həmin körpünün uzaqlaşdırılması nəqliyyat kompaniyasının xeyrinə uyğun idi.

 

(Ardı var)

 

 

525-ci qəzet 2018.- 27 yanvar .- S.22.