Dilimiz - milli sərvətimiz
Ramiz MƏMMƏDZADƏ
Azərbaycan
Prezidenti cənab İlham Əliyevin bir neçə ay əvvəl
Azərbaycan Respublikasının Dövlət Dil
Komissiyasının yeni tərkibini təsdiq etməsi uzun əsrlərin
sınağından qalib çıxmış, möhkəmlənmiş,
daha da zənginləşmiş, ən çətin və
mürəkkəb fikirləri, mətləbləri belə
ifadə etməyə qadir olan (poeziya dilinin ilahi, cilvəli əzəməti
də öz yerində), torpağımız, suyumuz,
çörəyimiz kimi halal və istəkli, türk dilləri
ailəsində özünün ahəngdarlığı, diləyatımlılığı,
musiqisi, harmoniyası, ifadə çalarları,
yaraşıqlı əlbəsiləri, dadı-tamı ilə
seçilən Ana dilimizə dövlət səviyyəsində
çox yüksək diqqət və əhəmiyyət verilməsinin
təcəssümüdür desək, düzgün olar.
İndi dilimizin orfoqrafiyası ilə bağlı
geniş fikir mübadiləsi aparılır, təkliflər səslənir,
fikirlər haçalanır, yeni münasibətlər
bildirilir və s.
Akademik
Muxtar İmanovun “525-ci qəzet”də çap olunmuş
“Dilimiz, nitqimiz və qayğılarımız” yazısı diqqətimizi dilimizin
qorunmasına, sözlərin düzgün və yerində
işlədilməsinə, artıq (vacib olmayan) sözlərə
ehtiyatla yanaşmağa, bəzi ifadələrə “yox” deyilməsini
bacarmağa, hər kəlməyə, sözə həssaslıqla
yanaşmağın nə dərəcədə zəruri
olduğuna əhəmiyyət verilməsinə və s. bu
kimi problemlərə yönəltmişdir.
Təbii ki, dilimizi qoruyub əzizləməliyik, ondan
qızıldan, daş-qaşdan istifadə etdiyimiz kimi istifadə
etməyi, ən qiymətli nemət kimi qənaətlə
işlətməyi bacarmalıyıq.
Moskvada təhsil
alan bibim oğlu (biz tərəflərdə mamaoğlu deyirik - R.M.) Səfər Cəbrayılovun böyük şairimiz Nazim
Hikmətlə tanışlığı var idi. Onları məşhur
heykəltəraş Münəvvər Rzayeva tanış
edibmiş (Allah hər üçünə rəhmət eləsin!)
Qarabağlı
balası Səfərin ürəyəyatımlı, şirin
zənguləli səsi vardı və bu səs Nazim Hikmətə
xoş gəlibmiş.
Səfər də hərdən böyük şairin dəvətilə
bağına, evinə gedib onun üçün
oxuyarmış. Görüşlərin birində Nazim
Hikmət Səfərə deyib ki, Bakıda olanda “İnturist”
otelində Azərbaycan radiosuna qulaq asırdım. Kamançaçalan haqqında söhbət gedirdi.
Amma radionu başa düşmədim. Bir
kamançaçalan haqqında nə qədər gurultulu
söz demək olar, “dahi”, “gözəl”, “böyük”, “əla”,
“yüksək”, “ustad” kimi sözlər eşitdim və təəccübləndim,
öz-özümə dedim ki, görəsən bəs Sabirə,
Səməd Vurğuna nə deyək, onlara deyiləsi söz
qaldımı? Siz azəri türkləri sözə qənaət
etmirsiniz...
Yeri gəlmişkən,
ana dili haqqında ən mənalı, ən obrazlı fikri də
elə qüdrətli şairimiz Nazim Hikmət demişdir: “Mən
türk dilini bir kəndli öz torpağını,
öküzünü, xışını, bir dülgər
öz taxtasını və rəndəsini sevən kimi sevirəm!”
Müqəddəs dilimizin - unudulmaz Heydər Əliyevin
dediyi kimi, məhz Azərbaycan dilimizin qorunmasına, işlədilməsinə,
onun təravətinin pozulmamasına yazımızda, nitqimizdə
lazımi səviyyədə qayğı və diqqətlə
yanaşırıqmı?
Məncə,
yox!
Bir
neçə misalla bu “yox”u açmaq niyyətin
dəyəm.
Dilimizdə
“qadağa”, “qadağan” sözləri var. “Azərbaycan dilinin
izahlı lüğəti”ndə “qadağandır”
sözü belə izah olunur: - “qanunən icazə verilmir,
yasaqdır”.
İndi gəlin baxaq
görək bu söz harda və necə işlənir.
Yazı-pozu
adamlarının hər gün gedib-gəldiyi böyük bir
binanın liftinin qapısı üstdə yazılmış,
qrammatik cəhətcə əndrəbadi olan cümləni
oxuyaq: “Liftə 3 nəfərdən artıq (“çox” demək
yerinə - R.M.) minmək qəti qadağandır”.
Əvvəla,
“liftə minmək” demək olmaz, ata və ya başqa minik
heyvanının üstünə qalxıb oturmağa “minmək”
deyirlər, sonra əgər “qəti qadağandır”sa, liftə daxil olan adamlar (tutaq ki, 4-cü
şəxs) cəzalandırılmalıdır, çünki
“qadağa” cəza tələb edir axı...
Mənim
də vaxtaşırı baş çəkdiyim bu binanın
liftinin qapısına sadəcə olaraq məncə,
yazılmalıdır: “Lift 3 nəfərlikdir”.
Şəhərdaxili
marşrut avtobuslarında (misal üçün, 6-cı
marşrutla işləyən maşınlarda)
“qadağandır” sözünün işlədilməsinin necə
deyərlər, biri bir qəpikdir... Bu rahat,
yaraşıqlı maşının salonuna daxil olan kimi
maşındakı radio başlayır səni
“qadağandır” atəşinə tutmağa: “oturacağa əşya
qoymaq qadağandır”, “sürücü ilə
danışmaq qadağandır” və s. Avtobusa giriş
qapısının içəri tərəfinə
qırmızı hərflərlə yazıb
yapışdırıblar: “Çıxış
qadağandır”.
Təbii ki, bu qadağalar sərnişinlərin
ovqatına pis təsir edir.
Şəxsən mən Bakı Nəqliyyat Agentliyinin
avtobuslarda göstərilmiş telefon nömrəsinə
(0772505757) dəfələrlə zəng edib təklif
etmişəm ki, “çıxış qadağandır” yerinə
“çıxış yoxdur” yazsanız düzgün olar. Kimdir məni
eşidən, mənə qulaq asan.
Hətta
Dövlət Avtomobil Müfəttişliyində məsul vəzifədə
çalışan hörmətli polkovnik Vaqif Əsədovdan
da xahiş etmişəm ki, bu məsələyə əhəmiyyət
versin. Belə çıxır ki, heç ona
da qulaq asan yoxdur. Çox təəssüf...
Hələ onu demirəm ki, həmin marşrutlarda
maşındakı radio “Dövlət Bayrağı meydanı”
əvəzinə “Dövlət Bayraq meydanı” deyir və s.
Dükanların
birində kolbasa satılan bölmədə oxudum: “Kolbasaya əl
vurmaq qadağandır”.
Mən
cavan satıcıya dedim ki, bax, indi mən kolbasaya əl
vurasıyam. Mənə neyləyəcəksən?
O dedi ki, heç nə. Dedim ki, “qadağandır” yazmısan,
məni cəzalandırmalısan, cərimələməlisən
axı.
Cərimə
də cəzanın pulla ödənilməsidir, dedim
cavan oğlana…
Əgər
Milli Məclisimiz müəyyən yerlərdə siqaret
çəkməyi (belə yerlərin siyahısı var -
R.M.) qadağan edibsə, bu qadağaları pozanların məsuliyyəti
var, şübhəsiz ki...
Elə
sahələr, obyektlər, lap elə iş yerləri (hərbi
düşərgələrdə, sərhəd xidmətində,
qapalı müəssisələrdə, xüsusi istehsalat sahələrində
və s.) var ki, bu kimi yerlərdə “qadağandır” ifadəsinin
geniş şəkildə istifadə olunması heç bir
sual doğurmur, bu sözün işlədilməsi vacibdir, zəruridir
və heç kəsi qıcıqlandırmır.
Bununla belə, universitetlərin birində müəllimlər
üçün nəzərdə tutulmuş ayaqyolunun
qapısına yazılmış “Tələbələrin
girişi qəti qadağandır!” sözlərini oxuyanda mat
qalırsan.
Əgər giriş qapısına “qadağandır”
sözü yazılmış yerlərin adını
siyahıya alsaq, böyük bir kitab bağlamaq olar.
Mən
başa düşə bilmirəm ki, bu söz hansı elmi-məntiqi
fikrə, hüquqi-qanuni akta əsaslanır...
Mənim iki oğlan nəvəm respublika Təhsil
Nazirliyinin 132-134 nömrəli təhsil kompleksində oxuyur. Səkkizinci sinif şagirdi
Fərhad bir gün məndən soruşdu ki, baba, bizim məktəbin
adında nömrə
sözü var. Televizorda məktəb göstərirlər,
qapısının üstünə yazılıb misal
üçün “125 nömrəli tam orta məktəb”. Amma aparıcı “125 nömrəli” yox, “125
saylı” deyir. Hansı düzdür?
“Nömrə”nin işarəsi də var
axı.
Açığı mən nəvəm Fərhadın
sualına doğru-düzgün cavab verməyə tələsmədim. Yaxşı olmazmı ki, bu
sualın elmi cavabını dil mütəxəssisləri
versin, uşaqlar da, böyüklər də
çaş-baş qalmasın...
O da
yadımdadır ki, bir az əvvəllər telekanallarda hətta deyirdilər
ki, “filan saylı telefona zəng edin”... Məlumat
üçün onu da bildirim ki, rəsmi dövlət sənədlərində ... nömrəli sözü işlədilir.
Dilimizin düzgün işlədilməsi, ifadələrin
yerli-yerində deyilməsi (yazılması) məntiqi əsaslara
bağlı olmalıdır. “28 May” metro stansiyasına
yaxın ərazilərdə əsasən çərəz
satılan dükanlarda “quru meyvə” sözünə rast gəlmək
olar.
Nə deməkdir “quru meyvə”? Məncə, dilimizdə
belə bir söz birləşməsi yoxdur.
Xalq arasında geniş yayılmış və məntiqi
cəhətcə düzgün olan “meyvə qurusu” ifadəsi
var (tut qurusu, alça qurusu, ərik qurusu və s.). Misal üçün, biz
dükançıdan tut qurusu, ərik qurusu istəyirik, ta
demirik ki, quru ərik ver, quru tut ver...
O Hitler
müharibəsi illərində cənnətlik Sayad nənəmə
desəydim ki, mənə çay içmək
üçün quru tut ver (o vaxtlar qənd, şəkər
hardaydı ki...) arvad dəli olardı, şübhəsiz ki,
deyərdi, a bala, bir adam dilində
danış görüm nə istəyirsən...
Tənbəllik eləməyib “Azərbaycan dilinin
izahlı lüğəti”nə nəzər yetirdim, “çərəz”
sözünün izahını oxudum. Kitabda “çərəz”
sözü belə izah olunur: “adətən xörəkdən
sonra yeyilən quru meyvə”...
Daha sözüm yoxdur.
Başqa bir məsələ. Bu soyuq qış aylarında
televizordan, radiodan eşidirik, qəzetlərdən oxuyuruq:
“iki-üç dərəcə isti olacaq”. Axı
iki-üç dərəcə isti necə ola
bilər?
İsti əsasən yayda olar (yaz-payız aylarında da
təsadüf edilir). İsti paltar geyindiyimiz, evimizi
qızdırdığımız halda “istidir” necə demək
olar...
İsti yayın atributudur, əlamətidir. Əslində məncə, belə deyilməlidir,
yazılmalıdır: “hava müsbət 2-3 dərəcə
olacaq”...
Təəccüb doğuran, başadüşülməz
bir məsələdən danışmağı məqsədəuyğun
hesab edirəm.
Və məcburam ki, diqqətli oxuculardan üzr istəməklə
bu “ayaqyolu”
söhbətinə bir də qayıdım.
Əhali arasında yayılmış “tualet” deyilən
bir ifadə var ki, bu sözün mənası haqqında
izahlı lüğətlərdə belə yazılır:
“Tualet fransız sözüdür, güzgülü və
qutulu kiçik stol deməkdir, qadınların özlərini
səliqəyə salması üçün nəzərdə
tutulur” və s.
Bu söz də kifayət qədər işlənilir. “Kişi” və “qadın”
sözləri kimi hörmətli, sanballı sözləri
böyük hərflərlə qapıların üstünə,
divarlara yazıb bu ifadələri urvatdan salmaq nə qədər
etikdir, mədənidi, görəsən... Şəkil
asılan yerlər də var...
Nə etməli, başqa variant varmı?
Var.
Yunanıstanda
özüm görmüşəm ki, belə obyektlərin
üstündə qadın ayaqqabısının (dikdaban) və
kişi ayaqqabısının şəkli
var, heç bir yazı-filan yoxdur. Zatən, belə
işarələr dilimizdəki “ayaqyolu” ifadəsi ilə səsləşir,
məncə.
Əlbəttə, mənim bu dediklərim bəlkə də
kimlərinsə xoşuna gəlməyə bilər, deyə
bilərlər ki, bu kişinin işi-gücü qurtarıb,
gör nələrdən danışır.
Belə düşünənlər məni qəti
narahat eləmir, desəm, inanın.
Hələ
o qədər yerində işlənməyən, səhv
yazılan (deyilən) ifadələr var ki, saymaqla qurtarası
deyil...
Mənə
elə gəlir ki, yazı-pozu ilə məşğul olan
şəxslərin stolu üstündə “Azərbaycan dilinin
izahlı lüğəti” və “Azərbaycan dilinin orfoqrafiya
lüğəti” kitabları hökmən olmalıdır.
Azərbaycan dilimiz şəxsi mülkiyyət deyil, milli
sərvətimizdir, Dilimiz sapsağlamdır, öz incəliyiylə,
gözəlliyiylə, lətafətiylə hər birimizindir. Əlifbamız
baxımlıdır, sözlərimiz dadlı-tamlıdır,
məna çalarları cilvəlidir. Bu
dillə zarafat etmək olmaz. Onu qoruyub əzizləməliyik,
nazı ilə oynamalıyıq, bütün
ömrümüz boyunca.
Musiqisi,
melodiyası, səmimiyyəti, şirinliyi və kövrəkliyi
ilə seçilən bu bayatı Azərbaycan dilindən
başqa hansı bir dildə deyilə, yazıla bilər ki...
Mən
aşiq gül üşüdü,
Şeh
düşdü gül üşüdü,
Güldün
ağlım apardın,
Bu necə
gülüş idi...
Gəlin
and içəndə də “Dilimiz haqqı!” deməyi öyrənək!
Şüvəlan, yanvar, 2018