Emin Sabitoğlu kinosu
Azərbaycan
kinosu – 120
PƏRVİN
Böyük
bəstəkar Fikrət Əmirov - “Kino musiqisi beş
dəqiqə üçün bəstələnmir, o, müstəqil
yaşaya bilər. Bu şərtlə ki, həmin
əsərin buna haqqı olsun” - deyirdi.
Fikrət Əmirovun özünün bir çox kinolara
bəstələdiyi mahnılar müstəqil yaşayır və
yeni nəsil sənətçiləri, müğənniləri
də bu əsərləri öz repertuarlarına daxil edirlər. Əslində
bu gün populyar olan mahnıların, musiqilərin
böyük hissəsi elə kinolardan gəlir. Və qəribədir ki, bəzi kinolar
aktuallığını itirsə də, mahnılar
yaşayır. Görünür musiqinin
beyinlərə nüfuzu, yaddaşlara yazılması daha asan
olur. Həm də necə musiqinin?
Azərbaycan filminin inkişaf tarixinə nəzər
salanda kino musiqisinin də necə çətin yollardan
keçdiyi görünür. İlk dəfə 1933-cü ildə
“Neft simfoniyası” sənədli filminə Sergey Paniyev musiqi bəstələyib.
Sonrakı illərdə Müslüm Maqomayev
“Sovet Azərbaycanı incəsənəti”, Niyazi “İyirminci
bahar”, “Türk qadınının baharı” kimi sənədli
filmlərə musiqi yazıblar. Bu məqamda bir faktı
qeyd edim ki, “Türk qadının baharı” filmi Azərbaycan
qadını haqqında ilk kino oçerkdir, 1936-cı ildə
rejissor Seyfulla Bədəlov elə öz ssenarisi əsasında
ekranlaşdırıb, Niyazi isə bəstəkarı olub
kinonun. Amma film arxivdən müəmmalı
şəkildə silinib. Bunun səbəbini
təxmin etmək çətin deyil. Axı
36-cı ilədək millətimiz türk, dilimiz türk dili
adlanıb. Hətta bu “türk” sözü o qədər
“qorxusuz” söz imiş ki, S.Vurğun Stalinin qəbulunda
böyük rəhbərə - “Bakının sayrışan
ulduzlarından, Çadrasız boyasız türk
qızlarından” salam deyirmiş. 36-dan sonra isə 37 gəldi
və... Mövzudan uzaqlaşmayım.
Beləliklə,1935-ci ildə “Mavi dənizin sahilində” bədii
filminə bəstəkar Sergey
Pototski ilk dəfə musiqi yazıb. Bundan sonra
musiqi kinonun ayrılmaz hissəsinə çevrilib.Amma yenə
də musiqinin kinoda yer tutması, onun tərkibi olması asan
başa gəlməyib. Hətta 1936-cı ildə
C.Cabbarlının eyniadlı pyesi əsasında “Almaz” bədii
filmi səssiz çəkilib və Niyazinin, Zülfüqar
Hacıbəyovun yazdıqları musiqilər sadəcə sonradan tətbiq
olunub filmə, yəni musiqi sadəcə ekranda gedən hadisələri
müşaiyət edib. Və belə çətinliklərlə,
hətta bəzən “kustar” üsulu ilə meydana
çıxan kino musiqisinin bu zirvəyə ucalması həmin
sahədə çalışan sənətkarlarımızın
bənzərsiz istedadının göstəricisidir. Ötən yazılarımda Üzeyir bəy
Hacıbəylinin, Tofiq Quliyevin kinomuzun inkişafında xidmətlərini
xüsusi vurğulamışam. Lakin bir
daha qeyd etmək istərdim ki, bir çox filmlərimizin (hətta
mövzu və üslub baxımından köhnələn)
aktuallığını itirməməsinin səbəbi məhz
onlara yazılmış unudulmaz musiqilər, mahnılardır.
Bu adlarını sadaladığım sənətkarlardan
başqa ölməz bəstəkarlarımız Qara Qarayevin “Bir ailə”, “Bir məhəllədən
iki oğlan”, “Uzaq sahillərdə”, “Leyli və Məcnun”, “İnsan məskən salır”,
Fikrət Əmirovun “Səhər”, “Böyük dayaq”, “Sevil”,
Niyazinin “Kəndlilər”, “Fətəli xan” filmlərinə
yazdıqları musiqilər həm kino, həm də musiqi xəzinəmizi
zənginləşdirib.
60-cı illərdən başlayaraq isə mülayimləşmə
dövrü ilə əlaqədar, bütün mədəniyyət,
incəsənət sahələrində, ədəbiyyatda
olduğu kimi kinoda da yeni bir mərhələ başlanır. Və bu, yenilənmə təbii ki,
musiqiyə də, kino musiqisinə də öz təsirini
göstərir.
lll
Ötən
il 2 avqust Milli Kino günü münasibətiylə
Modern.az saytı araşdırma aparıb kino tariximizə aid
“Ən”lərin siyahısını
çıxarmışdı. Bu siyahıda ən
çox çəkilən aktyor, ən uğurlu film, ən
şanslı film kimi kateqoriyalar vardı. Diqqətçəkən
məqamlardan biri isə filmlərə ən çox
musiqi bəstələyən bəstəkarın Emin
Sabitoğlu olması idi. Emin Sabitoğlu 91 filmə - bədii,
televiziya və sənədli filmə musiqi bəstələyibmiş.Cəmisi
63 il ömür sürən, həyatının son illərində
də əsasən pedaqoji fəaliyyətlə məşğul
olan bəstəkar üçün bu, fantastik rəqəmdir.
Amma Emin Sabitoğlu istedadı, peşəkarlığı
rəqəmlərə sığmaz, kəmiyyətin
böyüklüyündən daha vacib olan keyfiyyət onun əsərlərində
ən üst səviyyədədir.
Emin Sabitoğlu 1937-ci ildə yazıçı-dramaturq
Sabit Rəhmanın ailəsində doğulub. O qanlı-qadalı illərdə,
amma Sabit Rəhman kimi söz-yumor, komediya ustasının ailəsində
doğulmaq. İkisinin də təsirini Emin Sabitoğlu
musiqisində hiss etmək olar. Həm Sabit Rəhman
yumorunun şənliyini, şuxluğunu, həm də o
ağır illərin hüznünü. Ancaq
qəribədir ki, bəstəkarın
yaradıcılığında lirizm üstünlük təşkil
etsə də, hətta ən həzin, sakit, qəmli
melodiyalarda belə o işığı, ümidi görmək
olar. Görünür bu da bəstəkarın
özünü xarakterindən, dünyaya baxışından
gələn məqamdır.
Musiqişünas,
professor Zümrüd Dadaşzadə “Bəzən
bir ümid, bəzən göz yaşı” adlı məqaləsində
yazır: “Emin müəllim öz ilk nəğmələrini
yazarkən artıq professional idi. Gözəl məktəb
keçmişdi, qələmini, özü də çox
uğurla, musiqinin ən mürəkkəb, ciddi janrlarında
sınamışdır. Mən bu faktı
qəsdən vurğulayıram. Çünki indi mətbuatda,
televiziyada bəstəkarın peşəkar
hazırlığını az qala
lazımsız bir şey adlandırır, hətta lağa
qoyurlar. Bu gün külli miqdarda üzdən iraq
“bəstəkar” meydan sulayır. Təsadüfi deyil ki, öz
çıxışlarından birində V.Adıgözəlov
“mahnı bəstəkarı” söz birləşməsinə,
anlamına qəti etiraz edərək E.Sabitoğlunun
yaradıcılığını nümunə gətirdi:
“Emin simfoniya da, operetta da, mahnı da yaza bilirdi. Yəni əsl
bəstəkar idi” - dedi”.
Bəli,
hələ 13 yaşından Midhəd Əhmədovun bəstəkarlıq
dərslərinə gedib gələn, 1955-ci ildə
Konservatoriyaya, Qara Qarayevin sinfinə qəbul olunan bəstəkarın
peşəkarlıq səviyyəsi başqa cür ola da bilməzdi.
Allahdan verilən fitri istedad, evdəki sənət
mühiti, həmçinin aldığı təhsil öz
sözünü deyirdi. Bakıda aldığı təhsillə
kifayətlənməyən Emin Sabitoğlu Moskva
Konservatoriyasına daxil olub, bu təhsil ocağını
professor Y.Şaporinin sinfi üzrə bitirib.Və tezliklə
ilk qələm təcrübələrini - simfoniya, kamera əsərlərini
dinləyicilərə təqdim edib.Hətta onun diplom işini
Qara Qarayev öz dərslərində tələbələrinə
yüksək peşəkarlıq nümunəsi kimi misal
çəkirmiş, onun kimi yazmağı tövsiyə
edirmiş.
Sonrakı illərdə Emin Sabitoğlu skripka və
fortepiano üçün poema, kantata, uvertüra, oda, romans
silsiləsi də bəstələyir. Amma tale
özü böyük bəstəkarın əsas hədəfini
müəyyənləşdirir və Emin Sabitoğlunu
unudulmaz mahnıların müəllifi kimi mədəniyyət
tariximizə yazır.
Emin Sabitoğlu yaradıcılığının əsas
hissəsinin teatr və kinoyla bağlı olması təəccüb
doğurmur. Artıq vurğuladığım kimi
yazıçı-dramaturq Sabit Rəhmanın oğlu
üçün sözü, hadisəni duymaq, musiqiylə ifadə
etmək çətin olmazdı. Amma
bütün hallarda genetik “miras”dan daha çox sənətkarın
özünün fitri istedadı, zəhmətkeşliyi
böyük uğurlarının rəhnidir. Həm də teatr, kino musiqisi bəstələmək
bəstəkardan xüsusi xarakter tələb edir; komanda ilə
işləmək məharəti, ssenaristin ideyasını,
rejissorun yanaşmasını, obrazların xarakterini duymaq
qabiliyyəti. Bütün bunlar Emin
Sabitoğlunun həm xarakterində, həm də sənətində
özünü göstərib. Ən adi vəziyyətlərdə
komik situasiya yaratması haqqında isə əfsanələr
dolaşır. Deyilənə görə o
vaxt, hələ sovet dövründə alimlərdən birinin
doğum günü tədbirində Emin Sabitoğlu Mirzə
Babayevi inandırıbmış ki, ifa edəcəyi
mahnını daha təsirli çatdırmaq üçün
royalın altına girmək lazımdı. Son dərəcə
saf və məsum adam olan istedadlı
müğənnimiz bəstəkarın bu sözlərini
ciddiyə alıb və alimlərin gözü önündə
royalın altına girib və bu cür də ifa edib
mahnını...Ölçülü, biçili, çərçivəli
adamların buna reaksiyasını təsəvvür etmək
çətin deyil!
Anar xatırlayır ki, bir dəfə Emin küçədə
polisləri görüb yanaşır və- “Diqqətli olun,
indi yoldaş Mədətov keçəcək” - deyir. Polis - “O kimdi?” - soruşanda Emin təəccüblə - “Necə
yəni, siz yoldaş Mədətovu tanımırsız?” - deyir. Və polis anındaca əlaltılarına
əmr verir: “Diqqətli olun, yoldaş Mədətov keçəcək!”
(Bu məqamda İsi Məlikzadənin “Qatarda”
hekayəsini və yoldaş Dadaşovunu necə yada
salmayasan?!)
Əlbəttə heç bir yoldaş Mədətov o
küçədən keçməyəcəkdi, bu soyad Emin
Sabitoğlunun uydurması və polislə zarafatı idi. Daha doğrusu
istedadla düşündüyü kiçik bir komik
situasiyaydı. Emin Sabitoğlunun adıyla
bağlı olan belə söhbətlər çoxdu və qəribədi
ki, bunlardan da onun ayrı bir istedadı görünür.
Elə Mirzə Babayevlə də bağlı
olan o hadisə bir film, teatr tamaşası epizodu təsiri
bağışlayır. Axı Emin
Sabitoğlunun teatrla əməkdaşlığı
kinodakı işlərindən qat-qat çoxdur. Elə bir “Hicran” tamaşasının adını
çəkmək kifayətdir. Sabit Rəhmanın
pyesi əsasında Emin Sabitoğlunun bəstələdiyi bu
musiqili komediya ölməz sənət incilərimizdən
biridir. Sadədən sadə bir süjet; baş aşbaz
Mitoşun gənc həkim xanım Hicrana aşiq olması, onunla
evlənmək arzusu, köməkçisi Dadaşbalanın və
onun keçmiş həyat yoldaşı Qızbacının
gülməli “kömək”ləri. 1973-cü
ildə səhnəyə qoyulan əsərin televiziyaya çəkilmiş
versiyası bu gün də sevilərək baxılır.
Artıq əzbər bildiyimiz replikalar, hadisələr
hələ də gülməlidir. Musiqi həm lirik xətti,
həm də komedik məqamları tamamlayır... Məsələn, mərhum aktrisamız Nəsibə
Zeynalovanın qaraçı rəqsi üslubunda oxuyub
oynadığı “Hicranı kim tanımır?” mahnısı
unudularmı?! Ümumiyyətlə, bu cür son dərəcə
uğurlu əsərlərin bir çoxunun sirri peşəkar
komandadı... Rejissor Şəmsi Bədəlbəyli, aktyorlar
Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov
kimi istedadlı sənətkarlarımızla bərabər
Emin Sabitoğlunun da musiqisi bu əsərə ölməzlik bəxş
edib.
Ümumiyyətlə Emin Sabitoğlu özü belə,
neçə tamaşaya musiqi yazdığını
bilmirmiş, “o qədər çoxdur ki unutmuşam” -
deyirmiş.
O, Akademik Milli Dram Teatrında Sabit Rəhmanın “Xoşbəxtlər”,
“Yalan”, “Nişanlı qız”, İlyas Əfəndiyevin “Məhv
olmuş gündəliklər”, “Bizim qəribə taleyimiz”, Bəxtiyar
Vahabzadənin “Yağışdan sonra”, Anarın “Şəhərin
yay günləri”, “Təhminə və Zaur”, “Adamın
adamı” pyeslərinin tamaşalarına musiqi bəstələyib.
Və elə bu tam olmayan, kiçik siyahı sənətkarın
zövqünü,
hansı səviyyədə əsərlərlə
işləməsini göstərir.
Kinoşünas
Aydın Kazımzadə “Kinomuz, musiqimiz” məqaləsində
yazır: “E.Sabitoğlunun filmlərə yazdığı
mahnılar melodikliyi baxımından rəvan və
axıcıdır. Onun musiqisi filmlərin əksər
epizodlarını müşayiət edir, kadrarxası və
kadrdaxili səslənir, o bir çox funksiyaları yerinə
yetirir: hadisələrin inkişafını xarakterizə edir,
əsas epizodların ab-havasını tamamlayır,
personajların rəftarını və xarakterlərini şərh
edir”. Hörmətli Aydın müəllimin
fikirlərinə onu da əlavə etmək olar ki, bəstəkarın
qarşısında qoyulan tələb də elə budur.
Ümumiyyətlə
çağdaş dünyada, daha dəqiq söyləsək sənətin
“bu yerə”, “bu məqama” gəlib çatdığı
zamanda kinoda musiqi lazımdırmı, lazım deyilmi
polemikaları çox aparılır. Bəzi
kinomanlar musiqinin mane olduğunu, digərləri isə əksinə
əlavə təsir, effekt yaratdığını söyləyirlər.
Hər halda bu gün dünya kinosunda
böyük uğurlar qazanan bir çox rejissorlar musiqiyə
minimum yer verirlər, bəzən isə ümumiyyətlə
istifadə etmirlər.
Doğrudur,
bu gün bir çox qüsurlarını musiqiylə
ört-basdır etməyə çalışan rejissorlar da az deyil. Ona görə bəzən
bu, kinosevərlərin etirazına səbəb olur.
Tarkovskinin yerinə düşən bir fikri var, deyirdi ki,
kinonun özünün ifadə vasitəsi güclü
olduğuna görə digər sənət növlərindən
bir az ehtiyatla istifadə etmək
lazımdır. Və elə bu fikirləri rəhbər
tutaraq söyləyə bilərik ki, Emin Sabitoğlu kinonun
özünün ifadə vasitələrinə mane olmadan, əksinə
onları duyaraq, musiqisindən keçirərək işləyən
sənətkar idi. Həm də axı o Həsən
Seyidbəyli, Rasim Ocaqov, Arif Babayev, Tofiq Tağızadə kimi
rejissorlarla çalışıb. Bu
cür sənətkarlara isə aldadıcı effekt yox, məhz
yüksək səviyyəli musiqi lazım idi. Daha dəqiqi, məhz Emin Sabitoğlunun musiqisi.
Hətta başqa bəstəkarlar buna görə
rejissorlardan inciyirlərmiş. Bir dəfə
tanınmış bəstəkarlarımızdan biri Rasim
Ocaqovu yola gətirmək istəyir ki, Eminlə yox, onunla
işləsin, Moskvada mehmanxananın ətrafında gəzə-gəzə
Eminin əleyhinə döşəyir. Bir
neçə dövrədən sonra Rasim Ocaqov “başa
düşdüm hamısını, amma mən Eminlə
işləyəcəm” - deyir və söhbəti birdəfəlik
bağlayır. Axı doğrudan da Rasim Ocaqovun “Təhminə”, “Ölsəm
bağışla”, “Otel otağı” kimi dərin dramatizmi olan
filmləri başqa musiqiyə təsəvvür etmək, qəbul
etmək olarmı?!
Emin Sabitoğlunun kino yaradıcılığına nəzər
salanda mövzu rəngarəngliyi diqqəti çəkir. Məsələn, Anarın
ssenarisi əsasında Tofiq Tağızadənin çəkdiyi
“Dədə Qorqud” filmindəki qəhrəmanlıq,
döyüş motivləri, yaxud yenə Anarın ssenarisi ilə
Rasim Ocaqovun “Təhminə” filmindəki sevgi mövzusu tamam
ayrı-ayrı üslubları, yanaşmanı, tərzi tələb
edir. Təhminə də sevgidən danışır, Beyrək
də... Amma Təhminənin “Görüşdük nə
çətin, ayrıldıq nə asan” deyə həzin-həzin
sızlaması ilə Beyrəyin güc, əzəmət,
vüqar yağan “İncə donlum yer basmayıb yeriyən” sözləri tamam
fərqlidir. Beyrəyin də, Zaurun da duyğusu
sevgidir. Amma onlar özləri fərqli
olduqları üçün musiqi də, tərz də
seçilir və belə də olmalıdır. “Dədə
Qorqud” filmindəki o məşhur kadrı, Beyrəyin at
üstündə çapıb getməsi və
Yalçın Rzayevin məşhur ifasını kim xatırlamır?!
Qurulu yaya
bənzər çatma qaşlım!
Qoşa
badam sığmayan dar ağızlım!
Qar üzərinə
qan dammış kimi
al
yanaqlım!
Sevgilim,
gözəlim, adaxlım!
Əslində Beyrək sevgilisini əzizləyir. Amma bu musiqidə vətənə
məhəbbət də var, torpağa bağlılıq da, sədaqət
də, güc də, şövq də... Və
bir musiqidə bunların hamısını cəmləşdirmək
əlbəttə ki, sadə məsələ deyil. Həmçinin “Otel otağı” (ssenari Anar, rejissor
Rasim Ocaqov) filminin də çoxqatlı ideyasını, qəhrəmanın
ağrısını musiqiylə çatdırmaq asan deyildi.
Amma Emin Sabitoğlu Albinoninin “Adajio”su ilə
yanaşı, özünün bəstələdiyi musiqilər
vasitəsiylə də Kərim Əsgəroğlunun
ziyalı xarakterini, Qarabağ dərdini daha da dolğun şəkildə
çatdırıb.
Daha
öncə də qeyd etdiyim kimi kino spesifik sahə olduğu
üçün komandayla çalışmaq məharəti
tələb edir. Emin Sabitoğlunun isə
çalışdığı komanda son dərəcə
peşəkar və istedadlı idi. Məsələn,
elə bircə Arif Babayevin “Gün keçdi” filmini örnək
gətirsək, bu komandadakı adları sadalasaq yetər.
Anarın “Gürcü familiyası” hekayəsinin əsasında
özünün yazdığı ssenari, Arif Babayevin rejissorluğu,
Vaqif Səmədoğlunun mahnı mətnləri və Eminin
musiqisi, üstəgəl Həsən Məmmədov və
Leyla Şıxlinskayanın oyunu, bütün bunların cəmi
başqa nəticə verə bilərdimi? Təbii
ki, yox. Və filmin uğurunun əsas sirri
də budur. Amma bütün bunlar asan
başa gəlməyib. Filmi senzuradan keçirənə
kimi müəlliflər xeyli zəhmət çəkiblər...
Vaqif Səmədoğlu “Bir axşam taksidən
düşüb payıza, dayandıq üzümüz qibləyə
sarı” - yazıbmış. Nə qədər
dəqiqdir, deyilmi? Axı uzaqlardan doğma şəhərinə,
uşaqlığına, sevimli Oqtayının yanına gəlmiş
Əsmər məhz bu ovqatda idi, sanki ilahi həqiqəti
açacağına, nəyisə dərk edib, anlayıb,
bundan sonrakı həyatında daha rahat, yüksüz
yaşayacağına inanırdı... Bu elə
üzü qibləyə, Allahla üz-üzə dayanan
adamın halı deyilmi? Amma məgər
Sovet dövründə üzü qibləyə dayanmaq
olardı? Bəlkə də dayanmaq olardı, amma bu barədə
yazmaq, əsla... Ona görə mətni dəyişib,
“dayandıq üzümüz dənizə sarı” - ediblər.
Dərin
sularını qatıb ayaza
Dəniz
də bağlandı yay kinosu tək...
Elə bu misralara da senzura “ilişib”, “sonra deyərlər
ki, kinoteatr planı yerinə yetirmədiyi üçün
bağlanıb” - deyə etiraz bildiriblər. İndi bunlar bizlərə
gülməli gəlir, amma o böyük sənətkarların
necə sənətbilməzlərə nələrisə izah
etməyə çalışdığını düşünəndə
gülməyə yer qalmır...
Rejissor Ramiz Həsənoğlu danışır ki,
Anarın ssenarisi əsasında “Evləri köndələn
yar” tamaşasının çəkilişinə
hazırlıq ərəfəsində Vaqif Səmədoğlunun
evində müzakirələr edirdik. Ona süjeti
danışıb mahnılar üçün necə mətn
yazmalı olduğunu müəyyənləşdirirdik.
O zaman Ramiz Həsənoğlu Vaqif Səmədoğlunu ilk dəfə
görürmüş və bu qalın eynəkli adamın
ciddi, bir az da sərt görkəmindən
özünü naqolay hiss edirmiş. Hamının
zarafatcıl adam kimi tanıdığı
şair, ən gülməli komediyaların müəllifi iş
prosesində ən sərt, ən ciddi adama çevrilibmiş.
Məncə o sənətkarların uğurunun, sevilməsinin
əsas səbəbi məhz budur, işinə ciddi
yanaşma... Yeri gəlmişkən elə “Evləri
köndələn yar”ın da bəstəkarı Emin
Sabitoğludur. O tamaşadan da “Şap elə bilir
şupdadı”, “Göndərərmi” kimi mahnılar xalqın
dilinə düşüb.
Emin Sabitoğlunun bəstəkar kimi bir çox
üstünlüklərindən biri də, yalnız peşəkar
şairlərlə işləməsiydi. O heç vaxt təsadüfi
müəlliflərin sözlərinə musiqi bəstələməyib.
Fikrət Qoca kimi, Vaqif Səmədoğlu kimi
şairlərlə çalışıb. Ona görə də hər əsəri hadisə
olub. Məsələn, elə Fikrət
müəllimlə birgə işləri olan “Payız gəldi”
bitkin bir əsərdir, novelladır. Həmçinin
bu, mədəniyyət hadisəsi olan əsərlərin
ifaçıları da bəstəkar tərəfindən
xüsusi həssaslıqla seçilib. Şövkət
Ələkbərova, Zeynəb Xanlarova, Flora Kərimova, Mirzə
Babayev, İlhamə Quliyeva, Xədicə Abbasova kimi sənətkarların
ifasında bu mahnılar sevilib, xalqın malına
çevrilib.
Emin Sabitoğlu həyatda da əsərlərindəki kimi azad olub. Birinci ailəsindən olan qızı, məşhur musiqişünas-alim, professor Ceyran Mahmudova da bir çox müsahibələrində atasının bu xarakterini xüsusi vurğulayır. Gənc xanımların sevimlisi olan, məhəbbət mövzulu mahnılarına görə cazibəsi bir az da artan, xarizmatik bəstəkar ikinci dəfə müğənni Xədicə Abbasova ilə ailə qurub. Xədicə xanım lap əvvəldən bəstəkarın fanatı olduğunu gizlətmir, müsahibələrində hər zaman söyləyir. Emin Sabitoğlunun məhz onun üçün bəstələdiyi “Aman ayrılıq”, “Çiçək yağışı”, “Mən sizə gələcəm” kimi mahnıları bu iki insanın sevgi nəğmələri kimi səslənir.
Emin Sabitoğluyla bağlı dostlarının danışdığı əhvalatlardan biri də son dərəcə maraqlıdır. Deyirlər bir dəfə gənc fanatı Emin Sabitoğluna yanaşıb heyranlıqla “sizin mahnıları sevirəm, siz böyük bəstəkarsız” filan deyə tərifləyirmiş. Emin müəllim qulas asıb, sonra deyib “Qızım, lazım deyil, mən bu bəlaya bir dəfə düşmüşəm”... O zaman Xədicə xanımla evli idi artıq. Və “bəla” dediyi də məhəbbət imiş. Doğrudan da o BƏLAnın hər qatını, hər üzünü yaşamayan adam o cür eşq mahnıları yarada bilərdimi?! Yox, əlbəttə!
1994-cü ildən Emin Sabitoğlu Türkiyəyə köçdü, İstanbul Texniki Universitetində dərs dedi ömrünün sonuna kimi. Həm Bakıdan uzaq, həm doğma vətən üçün darıxaraq, həm də ürəyi Bakıyla döyünərək.
Anar xatirələrində yazır: “Bir dəfə Rasim Ocaqov, mən və Emin söhbət edirdik. Mən də İstanbulda dərs dediyim vaxtlar necə darıxdığımı, Emin də Bakıdan ötrü qəribsədiyini dedi. Rasim Ocaqov təklif elədi ki, bu duyğularımızdan bir mahnı yaradaq. Mən sözlərini yazım, Emin musiqisini bəstələsin. Belə də oldu, yazdıq”.
Həmin əsəri Emin Sabitoğlu heç kəsə vermədi oxumağa, yalnız özünün royal arxasında ifası qalıb...
Göy Bosforda gəmi üzər,
Yada düşər mavi Xəzər...
Emin Sabitoğlunun geniş yaradıcılığına, fəaliyyətinə, həmçinin kino yaradıcılığına nəzər salanda onun vətəni necə duymasını, sevməsini də aydın hiss etmək olur. Və mənə belə gəlir ki, göy Bosforun, ya da mavi Xəzərin sularından baxanda o uzaq yaşıl ada həmişə onun gözünün önündə olub.
525-ci qəzet 2018.- 27 yanvar .- S.16-17.