“Yarımçıq əlyazma”ya son söz

 

Bu yaxınlarda Yaponiyada professor İçiro İtonun tərcüməsində yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri çap edilib.

 

Əsər “Sehirbazlar dərəsi”ndən sonra yazıçının Yaponiyada nəşr edilmiş ikinci romanıdır. Vaseta Universitetinin professoru İçiro İtonun əsərlə bağlı həmin kitabda yer almış məqaləsini oxuculara təqdim edirik. Məqaləni yapon dilindən yaponşünas alim Yaşar İbrahimov çevirib.

 

İçiro İTO

 

Müasir Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri unikal bir ədəbi əsərdir. Unikallıq ondan ibarətdir ki, bu əsər XV əsrdə ümumiləşdirilmiş və orta əsr anadolu dilində yazılmış “Kitabi-Dədə Qorqud” adlanan  milli epik dastanların materialı əsasında yazılmış müasir bir hekayətdir. Lakin bu əsər sadəcə tarixi hekayət deyil. Bu hekayət, demək mümkünsə, fantastik orta əsr epik dastanlarının bədii düşüncələrlə ifadə edilmiş və müasir və canlı şəkildə yenidən yaradılmış bir forması olmaqla, eyni zamanda bir növ tarixi təfəkkürə əsaslanan detektiv bir əsərdir. Bizim ölkəmizin oxucularında bu əsər haqqında asan təsəvvür yaratmaq üçün onu Aktaqava Ryunosukenin “Cəngəllik içində” əsərinə bənzətmək olar. “Cəngəllik içində” əsərinin materialı kimi “Qədim dövrün rəvayətləri” hekayəsinin bir hissəsindən istifadə olunmuşdur. Bu əsər məhkəmə hakimi qabağında ifadə verən çoxsaylı əsər qəhrəmanlarının monoloquna əsasən tərtib olunmuşdur. Digər tərəfdən “Yarımçıq əlyazma” əsərində hadisələr Bayandır xanın qabağında cərəyan edir. Oğuz döyüşçülərinin dindirilməsi Dədə Qorqud tərəfindən yazıya alınıb, ondan başqa bir şaman olan Dədə Qorqud özünün əldə etdiyi məlumatları və həqiqətləri xana bəyan edir.

 

Hekayə yazıçının Bakının arxivindən yeni, hələ öyrənilməmiş əlyazma tapması səhnəsindən başlayır. Onun aşkarladığı əlyazmada Dədə Qorqud adlı rəvayətçinin şəxsən özünün oğuz elinin müharibə astanasındakı vəziyyəti real şəkildə rəvayət etməsi qeyd olunmuşdur. Bu əlyazmanın rəvayətçisi kimi çıxış edən Dədə Qorqud orta əsrlərdə Anadoluya keçmiş “Kitabi-Dədə Qorqud” dastanının qəhrəmanı olmaqla yanaşı bu dastanın yazıçısı, seir deyən və oxuyan ozanı və şamanıdır.

 

Xoşbəxtlikdən “Kitabi-Dədə Qorqud” dastanı Mutsumi Sugahara və Ota Kaorinin birlikdə əməkdaşlığı ilə yapon dilinə tərcümə edilmiş, “Heibon” nəşriyyatı tərəfindən Şərq kitabxanasının bir kitabı kimi çap çıxmışdır və hər bir adam oxuya bilər. (“Kitabi-Dədə Qorqud” - Anadolu qəhrəmanlıq hekayəsi toplusu Mutsumi Sugahara və Ota Kaoriniin tərcüməsi, Şərq kitabxanası 720, 2003). Bu dastan haqqında Mutsumi Sugahara və Hayaşi Kayoko yapon dilinə tərcüməsinə təfsilatlı izahat verildiyinə görə geniş şəkildə izahata ehtiyac olmadığını düşünürük. Lakin “Yarımçıq əlyazma  kitabının başa düşülməsinə yardımçı ola biləcəyini düşünüb bu orta əsr türk dastanı haqqında müəyyən qədər izahat vermək istərdik.

 

“Kitabi-Dədə Qorqud” Azərbaycan və Orta Asiyanın oğuz tayfaları arasında yaranmış dastanlardan biri olub hal-hazırda daha çox Türkiyə, İran, Azərbaycan və Gürcüstanda yayılmışdır. XV əsrin sonlarında Şərqi Anadoluda qədim Anadolu-türk dilində yazılsa da onun yaranması daha qədim dövrlərə - X əsrə qədərki dövrə aid olub, qafiyələrə uyğun nəsr şeir uslubuna əsaslanan o dövrün şifahi xalq dilində yazılmışdır. Bütövlükdə bir kompozisiyaya malik və hər biri müstəqil olmaqla on iki boydan ibarətdir. Əsər qədim türk tayfalarının həyat tərzini və adət-ənənələrini əks  etdirir. Türk ədəbiyyatının tarixi baxımından bu əsər şedevr əsər kimi qəbul edilir və Drezden və Vatikan kitabxanalarında əsərin əlyazmaları saxlanılır. Orta əsr Anadolu dilində yazılmış bu əsər Azərbaycan xalqı üçün əvəzolunmaz bir epik poema olmaqla, bu əsərin qəhrəmanların əksəriyyəti “Yarımçıq əlyazma” kitabında təsvir olunmuşdur. “Kitabi-Dədə Qorqud” dastanında təsvir edilmiş oğuz tayfaları daxili oğuz və xarici oğuz olmaqla iki kiçik tayfaya bölünərək qruplaşdırılır və dastanın ən sonuncu boyu olan on ikinci boyunda daxili oğuz tayfasına qarşı xarici oğuz tayfasının xəyanət etməsindən və Beyrəyin ölməsindən danışılır. Beləliklə də daxili oğuz tayfası ilə xarici oğuz tayfasının qarşıdurması nəticəsində yaranan qarmaqarışıqlıq epizodun sonunu təşkil edir.

 

On ikinci boy haqqında tərcüməçi Mutsumi Sugahara yazaraq bildirir ki, rəvayətin əsas hissəsində xarici oğuzların Qazan xana qarşı çıxıb, xəyanət etmələrinin əsl səbəbinin nədən ibarət olmasına heç aydınlıq gətirilmir və hadisələri rəvayət edən tərəfindən “oğuz tayfalarının daxili münaqişəsi” hadisəsi təfsilatı ilə izah olunur və sadəcə münaqişəni törədən səbəblərin olması deyilir. Lakin “Yarımçıq əlyazma”nın qarşıya qoyduğu məqsəd bu tapmacanın cavabının ədəbi-bədii izahını verməkdən ibarətdir. Yazıçı Kamal Abdulla eyni mövzu olan “Casus” dramında da məsələyə toxunmuş, bu tapmacanın şərhinə maraq göstərmişdir. Bundan başqa Kamal Abdulla “Kitabi-Dədə Qorqud” dastanının tədqiqatçısı kimi də tanınmış, tədqiqat əsəri olan “Gizli Dədə Qorqud” türk dilinə də tərcümə olunmuş və öz qiymətini almışdır.

 

“Kitabi-Dədə Qorqud” dastanında həmişə olduğu kimi əsərin qəhrəmanlarının psixologiyası haqqında heç nə yazılmır. Ona görə də bu əsərdə iştirak edən qəhrəmanların qarşılıqlı olaraq necə bir daxili çəkişmədə və münaqişədə olmaları, onların sevgi və nifrət hissləri haqqında demək olar ki danışılmır. Bu prosesi yazıçı Kamal Abdulla öz bədii təfəkküründən məharətlə istifadə edərək canlı şəkildə təsvir etmişdir. Bununla da yazıçı “Kitabi-Dədə Qorqud” dastanının yazıçısını izləyərək seir deyən və oxuyan ozan və şaman olan Dədə Qorqudu rəvayət edən tərəf kimi müəyyən etmişdir. Yazıçı ona görə belə etmişdir ki, oğuz döyüşçülərinin qarşılıqlı psixoloji münaqişələrini səylə öyrənən, bu hekayənin baş qəhrəmanı olan Dədə Qorquddan başqa heç kim bu işləri görə bilməzdi. Həm də şaman olan Dədə Qorqud sərbəst olaraq digər insanların yuxusuna girə bilir və onların gələcəkləri haqqında xəbərlər verə bilir.

 

Daha bir baş qəhrəman oğuz tayfalarının başçısı Bayandur xandır. Bayandur xan  Kitabi-Dədə Qorqud” dastanının çox vacib surətlərindəndir. Rəvayət oğuz elində cəsusun peyda olması və tutuqlanması haqqında məlumatın yayılması ilə başlayır. Üstəlik cəsus azad olundu xəbəri də yayılır. Başqa sözlə daxili oğuz tayfası ilə xarici oğuz tayfasının qarşıdurmasından oğuz tayfalarının birliyinin dağılması astanasında cəsus xəyanəti rəvayətin başlanğıcını təşkil edir.

 

Bu bir səbəb olur ki, Bayandur xan öz iştirakı ilə oğuzun tanınmış və məşhur igidləri ilə ardıcıl olaraq söhbətlər və sorğular aparmağa başlayır. Cəsus kimdir, onun tapılması ilə necə məşğul olurlar? Əvvəlcə Bayandur xanın qızının əri Salur Qazanın sorğusuna başlanılır.

 

Sorğuda verilən ifadəyə görə Bayandur xanın qızı Burla Xatunun əri Salur Qazanla (bu iki nəfər daxili oğuz tayfasına mənsub olan şəxslərdir)  arası pisləşənlər igid döyüşçü Bəkil və Salur Qazanın anasının dayısı, Dış oğuz tayfasına mənsub Aruzdur. Qazan və Aruz, eləcə də Aruzun oğlu, Təpəgözü öldürən igid döyüşçü Basat ətrafında konflikt yaranır. Sorğu arasında Qorqudun danışdığı rəvayət, Bayandur xanın qızı, həm də Salur Qazanın arvadı Burla Xatun və Beyrəyin arvadı Banuçiçəyin ifadəsi, öz güçü və igidliyi ilə vəzifəyə gəlmiş Qazan xanın inanılmış döyüşçüsü Şir Şəmsəddinin ifadəsi və s. arasında uyğunsuzluqlar ortaya çıxır. Sorğu prosesində əsərin qəhrəmanları arasında psixoloji cəhətdən münasibətlərin pisləşməsi məsələləri bir-birinin ardınca aydınlaşaraq açıla-açıla gəlir.

 

Bayandur xanın önündə verilən ifadələrin içində təkrar səhnəyə gələn surətlərdən biri boğazca qadın, cəsusun anasıdır. Bu qadın bir-bir döyüşçülərə “cəsus sizin oğlunuzdur” deyir. Ona görə də cəsus kimi tutuqlanmış cavan döyüşçü öldürülmür, əksinə azadlığa buraxılır. Sorğu və sorğu arası Bayandur xan və Qorqud arasında olan söhbətlərdən qarışıq məsələlər ardıcıl şəkildə aydınlaşır. Belə ki, heç başdan cəsusun olmaması və onun Qorqud tərəfindən döyüşçülərin arasında olan münaqişənin səbəblərinin öyrənilməsi üçün etdiyi, eləcə də onların həlli üçün yalanın uydurulması, hamilə qadının sorğuya çağırılan döyüşçülərə bir-bir cəsus sizin oğlunuzdur deməyə təhrik edilməsində də Dədə Qorqudun əli olduğu bir fakt kimi ortaya çıxır. Yazıçının tapmacalara cavab tapmasının sonu da elə burdadır.

 

Mətnin içinə daxil edilmiş və digər hadisələrlə paralel olaraq inkişaf edən bir rəvayət də vardır. Bu Səfəvi imperiyasına daxil olan İranın yaradıcısı Şah İsmayıl haqda rəvayətdir. O Azərbaycanın sərhədlərini genişləndirərək, 1501-ci ildə Təbrizi paytaxt etməklə Səfəvi imperiyasını yaradır. Şah İsmayıl 1514-cü ildə I Səlimin Osmanlı İmperiyasının qoşunları ilə Çaldıran çölündə üz-üzə gəlir və bu müharibədə məğlub olur. Rəvayət bu müharibədə Şah İsmayılın öldürülməsi və onun kölgə döyüşçüsü kimi təlim almış şairin (Xızır) ondan sonra şah kimi hakimiyyətə gəlməsi kimi fantastik epizodlara əsaslanır. Şah İsmayıl həqiqətdə Xətai təxəllüsü ilə çoxlu şeirlər yazmışdı və onların əksəriyyəti Azərbaycan dilində yazılmış şeirlər idi. Buna görə də Şah İsmayıl Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir yer tuta bilmişdir. Sah İsmayıl 1524-cü ildə ölsə də bu hekayə şahın etibarlı döyüşçüsü Lələnin kölgə adam Xızırı axtarıb tapması və həmin il əsirlikdən qayıtması, şahlıq taxtında oturmuş Xızırı öldürməsi ilə sona çatır.

 

 

Bayandur xanın sorğusu ilə paralel təsvir edilən şahlıq taxtına çıxmış Xızırın rəvayəti hər biri inkişaf edərək psixoloji gərginliyi artıra-artıra faciəvi bir sonluğa doğru istiqamət alır. “Yarımçıq əlyazma” romanının bu cür ədəbi quruluşuna və əsərin qəhrəmanlarının canlı və real təsvirinə əsaslanan Kamal Abdulla orta əsr oğuz tayfasının eposu olan “Kitabi-Dədə Qorqud” əsərini müasir Azərbaycan ədəbiyyatına uyğun,  yüksək səviyyədə canlandıraraq uğur qazana bilmişdir.

 

Bu yaponca kitab Kamal Abdullanın Azərbaycan dilində yazdığı “Yarımçıq əlyazma” hekayətinin Vaqif  İbrahimoğlu tərəfindən müəllifin də iştirakı ilə rus dilinə tərcümə edilmiş kitabından tərcümə edilmişdir. Rus dilinə tərcümə olunmuş “Nepolnaə rukopisğ” əsəri 2006-cı ildə Moskvanın “Xronikyor” nəşriyyatı tərəfindən “Müasir nəsr seriyası”-nın bir cildi kimi çap olunmuşdur. İknci adı “Dədə Qorqudun çatışmayan kitabı” olan bu kitabın tərcüməçi tərəfindən bu cür adlandırılması oxucuların başa düşməsini asanlaşdırmaq məqsədi daşımışdır. Mən əsərin tərcüməsini öz üzərimə götürdükdən sonra 10 ildən çox bir müddət keçmişdir. Kitabın nəşrinin gecikməsi səbəbi, həm türkologiya üzrə ixtisasçı alim olmadığımdan “Kitabi-Dədə Qorqud” əsərinin bir hissəsi olan bu kitabın məzmunu anlamağa çox vaxt sərf etməyim, həm də kitabın nəşr vəziyyətinə gətirmək məsələsinin gecikməsi olmuşdur. Çap məsələsini öz öhdəsinə götürən “Suiseişa” nəşriyyatının müdiri Suzuki Hirokiyə və çətin tərtibat işini öz üzərinə götürmüş Kenta İtaqakiyə ürəkdən təşəkkür etmək istərdim. Bu kitab Yaponiyada Azərbaycan ədəbiyyatını təqdim etməkdə az da olsa əhəmiyyətli olarsa, onda mən bir tərcüməçi kimi çox sevinərdim.

 

Tərcümə zamanı “Kitabi-Dədə Qorqud” əsəri ilə ümumi olan qəhrəmanların adlarının yazılmasında oxucuların mövqeyini nəzərə alaraq Heibon nəşriyyatı tərəfindən çap edilmiş “Kitabi-Dədə Qorqud” dastanlarının tərcüməsində qəbul edilmiş işarələrdən və adlardan istifadə olunmuşdur.

 

Sonda onu demək istərdim ki, bu tərcuməyə görə keçmiş müəlimim Kato Kyuzonun ruhu qarşısında onun xeyir-duasını almaq istərdim. Özüm haqqında onu qeyd edərdim ki, Kato Kyuzo müəllim 40 il bundan əvvəl mən Osakanın Dövlət Milli-Etnik Muzeyində rus dili üzrə köməkçi kimi işə düzələn zaman heç bir dəfə də belə görüşməməyimizə baxmayaraq məni həmin işə layiq görmüşdü. Mən həmin iş yerində həyatımın bir hissəsinə çevrilən Slavyan Müqayisəli Etnologiyasının tədqiqatına start verə bilmişdim. Mən hal-hazırda tutduğum mövqeyə görə Kato Kyuzo müəllimə borcluyam.

 

Kato müəllim Sibir və Orta Asiya etnologiya və arxeologiyası üzrə ixtisasçı alim olmuş və həyatının sonuna qədər dayanmadan tədqiqat aparmışdır. Keçən il 2016-cı ilin payızında Özbəkistanda budist abidələrinin qazıntısı zamanı 94 yaşında vəfat etmişdir. O bütün həyatı boyu sona qədər aktiv bir fəaliyyət göstərmişdir.

 

Azərbaycan şimalı Qafqazın qərb hissəsində Xəzər dənizinin sahilində yerləşmiş bir islam ölkəsidir. Milli tərkibə görə Orta Asiyanın türk əsilli xalqlarından olub, hal-hazırda Türkiyə ilə sıx mədəni əlaqələrə malikdir.

 

Təkcə Orta Asiya deyil, Qafqaza da qeyri-adi maraq göstərən Kato Kyuzo müəllimə bu kitabın tərcüməsini onun yetirməsi kimi mənə edilən yaxşılığın əvəzi olaraq qaytarmaq istərdim.

 

İyul, 2017-ci il

 

525-ci qəzet  2018.- 27 yanvar .- S.14-15.