Yarımçıq
qalmış portretin taleyi
Gülşən
ƏLİYEVA-KƏNGƏRLİ
Filologiya elmləri doktoru, professor
İnsan öz taleyi ilə birlikdə doğulur. İstedad da
tale kimi Tanrı vergisidir. Hər
ömür yaşayanın taleyi olmur.
Tale yaşamaq çox çətindir, bunun
üçün həqiqi sənətkar və alim,
bütöv şəxsiyyət, tarixin və zamanın
fövqündə duran nəcib və xeyirxah İNSAN
olmalısan. Cəmisi 30 il
(1892-1922), lakin əsrlərə bərabər ömür
yaşamış dahi rəssam Bəhruz bəy Şirəlibəy
oğlu Kəngərli böyük bir tale sahibi olmuşdur. Onun taleyi yarımçıq qalmış portretə
bənzəyir.
Naxçıvan
Muxtar
Respublikası Ali Məclisinin qərarı ilə,
anadan olmasının 125 illiyi ilə əlaqədar əbədi
gənc rəssamın həyat və
yaradıcılığına həsr olunmuş "Bəhruz
bəy Kəngərli taleyi" (Naxçıvan, "Əcəmi"
nəşriyyatı, 2017, 512 s.)
ensiklopedik xarakterli fundamental bir kitab
çap olunmuşdur. Kitabın müəllifləri Əməkdar
incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev və
Naxçıvanda fəaliyyət göstərən bədii
qrafika ustası Nizami Alıyev, redaktorları tarix üzrə
fəlsəfə doktoru Musa Quliyev, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Samir Sadıqovdur.
Yüksək poliqrafik şəkildə, milli kitab mədəniyyətimizin
nümunəsi kimi nəşr olunmuş bu kitab tarixi - estetik məzmunu
və zəngin forması ilə də diqqəti cəlb edir. Müəlliflər
tərəfindən böyük zəhmət və fədakarlıqla
aparılan tədqiqatlar, kitabın annotasiyasında deyildiyi
kimi, "həmin nəşrlərin qüsurlu olduğunu
üzə çıxarmışdır. Elə
rəssam haqqında yeni kitabın yazılmasını da bu səbəb
şərtləndirmişdir". Müəlliflər
müstəqilliyimizin verdiyi imkanlardan səmərəli istifadə
edib, Naxçıvanda, Bakıda, Gürcüstan arxivlərində
Bəhruz Kəngərli ilə bağlı bu vaxtadək naməlum
qalmış Sovet rejimi tərəfindən yasaq edilmiş sənədləri
tapıb üzə çıxarmış, rəssamın
mükəmməl həyat və yaradıcılıq
bioqrafiyasını yazmış, onu təşəkkül
sorağı Şumerdən, Hun imperiyasından,
"Avesta"dan, "Kitabi-Dədə Qorqud"dan gələn
qədim və böyük Kəngərli nəslinin 600 illik
tarixi fütuhatları- qəhrəmanlıq və
yaradıcılıq ənənələri kontekstində təqdim
edə bilmişlər.
Kitabda Bəhruz Kəngərli taleyi Kəngərli nəslinin
tarixi-mənəvi tale məcrasında təqdim olunur. Azərbaycan
xalqının etnogenezində iştirak etmiş qədim
türk tayfası olan Kəngərlilər barəsində
tarixçilərimiz qiymətli tədqiqatlar aparmışlar.
Bu nəsildən olan tarixçi və şair Adil Kəngərli
yazır: "Kəngərli nəsli 6000 il tarixə malik olub,
ilk dəfə adları Şumerlə əlaqəli çəkilib.
Şumerlərin öz adı Kəngər olub, Şumer
adını isə onlara akkadlar verib. Kəngərlilər
mixi yazını yaratmış, ilk arabanı düzəltmiş,
Orta Asiyada Kanq dövlət (e.ə. IV əsr), Azərbaycanda
Salarilər dövləti (X əsr) və Naxçıvan
xanlığının (XVIII əsr) əsasını
qoymuşlar. Bu gün Fars körfəzi
adlanan ərazi, əsrlər boyu Kəngər körfəzi
adlanıb. Naxçıvanskilər məşhur
Kəngərli türk tayfasının bir hissəsinə
çar imperiyası dövründə verilən
soyaddır".
"Bəhruz
bəy Kəngərli taleyi" kitabı bir sıra orijinal məziyyətləri
ilə qiymətlidir: burada rəssamın dövrü və
mühiti, uşaqlıq və təhsil illəri, sənət
dünyası "Qaçqınlar" silsiləsi rəsmləri,
mənzərə, natürmort, teatr, səhnə qrafikası
ilə bağlı əsərləri, portret rəssamlığı
və qrafika sahəsində nailiyyətləri analitik təhlil
olunmaqla bərabər böyük rəssam haqqında fikirlər
də verilir. Kitabın "İthaflar"
bölməsində Bəhruz Kəngərliyə həsr
olunmuş bədii publisistik və portret əsərləri də
verilir. Bu sıradan İ. Səfərlinin
"Naxçıvan yadigarı" şeiri, Tofiq Mahmudun
"Uzaqda dağlar görünür" povesti, Elçin
İsgəndərzadənin "Rəssam və mələk"
bayatı-poeması, Adil Babayev "Bəhruz"
("Yarımçıq şəkil") pyesi, Zair Vedilinin
"Həmişəyaşar Bəhruz" şeiri kitaba
dolğun məzmun gətirir. Faktiki olaraq Bəhruz
Kəngərlinin yarımçıq portretini xəyalən
tamamlamağa imkan yaradır. Kitabda verilən
zəngin rəsmlər və fotoşəkillər nəzəri
məlumatlarla əyaniləşdirilir, ona estetik gözəllik
bəxş edir.
Bəhruz
Kəngərli taleyi və sənəti haqqında bir çox
şəxsiyyətlər bu qiymətli fikirləri söyləyib:
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov,
yazıçı-ədəbiyyatşünas Mir Cəlal,
akademiklər Məmməd Cəfər, İsa Həbibbəyli,
Rafael Hüseynov, sənətşünaslar Kərim Kərimov,
Nurəddin Həbibov, Mürsəl Nəcəfov və
başqaları Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyev ona tarixi qiymət verib: "Bəhruz Kəngərli
nadir istedada malik olan bir insan idi. O, Azərbaycan xalqının
professional rəssamlıq sənətində ilk rəssamdır.
Onun əsərləri Azərbaycan rəssamlıq
sənətinin, mədəniyyətinin ən görkəmli
nümunələrindəndir. Biz bununla fəxr
etməliyik. Fəxr etməliyik ki, Azərbaycan
xalqının belə böyük istedada malik insanları var.
Hesab edirəm ki, Azərbaycanda, o cümlədən,
Naxçıvanda sənətşünaslar, tədqiqatçılar
Bəhruz Kəngərlinin yaradıcılığını
daha professional səviyyədə tədqiq etməli, əsərlər
yazmalıdırlar". "Bəhruz bəy Kəngərli
taleyi" kitabı bu yolda atılan qiymətli addım hesab
oluna bilər.
Bəhruz Kəngərlinin əsərləri göstərir
ki, sənət həyatı bir imkan kimi yenidən
yaratmaqdır.
Sənət ilahi ilhamın və istedadın həyatla
əlaqəsidir. Sənət təkcə həyatın yox həyatda
olmayan, fəqət olmalı olanı əks etdirir. Rəssamlıq həyatda
çatışmayan boyalarla həyatı bəzəmək deməkdir. Sənətin
gücü, möcüzəsi və əbədi davam edən
gözəlliyi bundadır. Həyatda
gözəllik solur, sənət əbədi olaraq davam edir.
Rənglər əbədiləşmiş gözəllikdir. Gözəlliyin ölüm
anı rənglər... Rəssam bu son ilahi
anı boyalarla kətana köçürür. Uşaqlıqda ağır xəstəlik keçirərək
eşitmək qabiliyyətini itirən Bəhruz lazımi təhsil
ala bilməmiş, meylini rənglərin sehrli dünyasına
salmışdır. Azərbaycanda realist dəzgah
boyakarlığının təşəkkülü, portret
və mənzərənin janr kimi formalaşması Bəhruz
Kəngərlinin adı ilə bağlı olmuşdur. B.Kəngərli Tiflis rəssamlıq məktəbinin
yetirməsidir. O, 1910-1915-ci illərdə Tiflisdə
peşəkar rəssamlıq təhsili almışdır.
Bəhruz Kəngərlinin peşəkar bir rəssam kimi
yüksəlməsində dünya şöhrətli
"Molla Nəsrəddin" jurnalının misilsiz rolu
olmuşdur. "Molla Nəsrəddin" gənc rəssam
üçün bir akademiya idi. Burada onun
üslubunun tamamilə yeni bir istiqaməti
formalaşmışdır. Bu karikatura və
satirik rəssamlıq idi. Həmin istiqamətdə
istedadlı rəssam "Qoca kişi", "Toy",
"Elçilik" kimi məhşur əsərlərini
yaradır. 1914-cü ilin yayında
Naxçıvanda 22 yaşlı rəssamın sərgisi
keçirilir. Yerli ziyalılar gənc həmyerlilərinin
əsərlərini yüksək qiymətləndirirlər.
"İqbal" qəzeti yazır: "Cavan rəssamımız
gələcəkdə iftixarımız olacaqdır". Tez bir zamanda tarix bu arzunu həqiqət kimi təsdiq
edir.
Bəhruz Kəngərli portretçi rəssam kimi də
rəssamlıqda öz imzasını atmışdır. Azərbaycan
incəsənətində Kəngərliyə qədər
şərtilik və dekorativlikdən tamamilə azad, müasir
formalı, əsl mənada, realist xarakter daşıyan portret əsərləri
olmayıb. Mənzərə əsərlərində
olduğu kimi, portret əsərlərində də realizm ənənələrinə
sadiq qalan rəssam, bu janrı istər məzmun, istərsə
də bədii forma cəhətdən yeni keyfıyyətli
realist sənət səviyyəsinə qaldırıb.
O, öz portretlərini də realizm üslubunda işləyirdi.
Rəssamın "Qaçqınlar"
adlı silsilə portretləri Naxçıvana pənah gətirmiş
qaçqınların təsvirləridir. Onların
arasında ən çox uşaqların portretləri
üstünlük təşkil edir. Onların
məsumluğu ilə törədilən vəhşiliklər
arasındakı təzadı rəssam əsl sənətkar məharəti
ilə tamaşaçıya çatdırmağa
çalışmışdır.
Bəhruz bəy Azərbaycan boyakarlığında
realizmin əsasını qoyub, onu yeni ictimai məzmun və
janr, yeni təsvir metodu və ifadə vasitələri ilə
zənginləşdirib. Bəhruz Kəngərli
bütün yaradıcılığı boyu təbiətə,
naturaya sadiq qalan, ona realist rəssam gözü ilə baxan bir
sənətkar idi. Onun şairanə ilhamla
çəkilmiş əsərlərində zəngin lirika,
nikbin əhval-ruhiyyə duyulur. Bu isə rəssamın
Vətənə, təbiət gözəlliklərinə bəslədiyi
sönməz məhəbbətindən doğur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bəhruz
Kəngərli müntəzəm işləyərək
boyakarlıq və qrafık əsərləri yaradıb. Rəssam
1921-ci ildə "Qızıl əsgər" əsərini
çəksə də, bu işi onun ömrünə zəmanət
vermədi. Öncə qeyd etdiyimiz kimi
1922-ci ildə dünyasını vaxtsız dəyişərək
xatirələrə köçdü. Tədqiqatçıların
fıkrincə, Bəhruz Kəngərlinin iki minə yaxın
portret, mənzərə və rəsm əsərləri əldən-ələ
düşərək itmişdir. Hazırda
Azərbaycan Dövlət İncəsənət Muzeyində Bəhruz
Kəngərlinin 500-ə yaxın əsəri qorunur. Naxçıvandakı muzeydə isə 50-dən
çox orijinal əsəri nümayiş etdirilir. Moskva Dövlət Tarix Muzeyində və şəxsi
kolleksiyalarda da əsərləri saxlanılır. Bəhruz
Kəngərlinin yaradıcılığı barədə bu
günə qədər az yazılıb. Onun mənsub olduğu Kəngərli nəsli
haqqında tədqiqatçılar müəyyən kitablar da
çap etdiriblər. Təbii ki, indən
belə də bu orijinal fırça sahibinin rənglər
dünyası zaman-zaman araşdırılacaq və tədqiq
ediləcəkdir. Bəhruz Kəngərlinin
yaradıcılığı haqqında ən dəyərli
fikirləri planetar miqyaslı siyasətçi, Ümummilli
lider Heydər Əliyev demişdir: "Bəhruz Kəngərlinin
əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustadlığına
görə, ikincisi, onun yaratdığı obrazlara görə
- mən insan obrazlarını deyirəm. Xüsusən,
o ağır dövrün, 1918, 1919, 1920-ci illərin çətin
dövründə xalqımızın ağır vəziyyətdə
olmasını az da olsa öz əsərlərində əks
etdiribdir". Bu elə qiymətdir ki, bizim
hər birimizə bələdçilik edir. Yəni Bəhruz
Kəngərlinin kim olduğu, Azərbaycan
mədəniyyəti tarixində hansı mövqedə
dayandığı tamamilə aydınlaşır. Bir daha qürur duymağa dəyər ki, Azərbaycan
incəsənətinin tarixində özünəməxsus
xidmətləri ilə yaşayan Bəhruz bəy Kəngərli
kimi sənətkarlar bəşəri ideyalı insanlar olublar.
Tanrı onu dünyanın gözəl səslərini
eşitməkdən məhrum etmişdi. Bəlkə də
o, daha artıq dərəcədə rənglərin
simfoniyasını duyar, çoxlu portret, mənzərə,
natürmort əsərləri yaradardı. Ümumiyyətlə əbədi gənc rəssamın
yaradıcılıq politrası zəngin və rəngaərəng
idi. Bu rəngarənglik sırasında rəssamın
bu gün üçün olduqca aktual
"Qaçqınlar" silsiləsi bədii-fəlsəfi əhəmiyyətə
malikdir. Xüsusu ilə kişi
qadın, oğlan qız portretləri öz realist məzmunu
ilə tarixliyə cavab verməsi ilə diqqəti cəlb
edir.
Vaxtı ilə Naxçıvanda açılan ilk
böyük sərgidə Bəhruz Kəngərlinin 500 əsəri
nümayiş etdirilir. Bu əsərlər sırasında "Şəlalə",
"Dağlıq mənzərə", "İlandağ ay
işığında", "Günəş batarkən",
"Ağrıdağ", "Köhnə qala",
"Əshabi-kəhf dağı" kimi mənzərə rəsmləri.
"Əshabi-kəhf dağı" mənzərə rəsmində
Bəhruz Kəngərli müqəddəsliyin ülviyyətini
əbədiləşdirməyə nail olmuşdu. Əgər "Ağrıdağ" əsərində
azərbaycançılıq idealı əksini tapırsa,
"Mömünə xatun türbəsi" rəsmində
tarixi yaddaşımızın əbədiyyətinə inam
ifadə olunur.
Bəhruz Kəngərli yaradıcılığının mühüm bir qolunu da teatr rəssamlığı təşkil edir. Dahi rəssam Rafael deyib: "Anamın bircə öpüşü məni rəssam elədi". Fəqət Bəhruz Kəngərliyə belə bir ilahi mərhəm qismət olmadı. Əfsus ki o anasını tez itirdi. İnamla demek olar ki, Bəhruz Kəngərlinin yaradıcılığı uşaq səmimiyyətidən yoğurulub. Kəngərli sənətinin mayası səmimiyyətdən tutulub. O, bu rəsmləri ilə təbiətdən əbədiyyətə yol gedir. Onun rəsmləri də, əbədi gəncdir,özü kimi əbədi gənc. Onun kətana yaxdığı rənglərinin fəlsəfəsi coşqunluq, ehtirasdır. Bu şəkillər qocalıqdan xəbərsizdir, müəllifı kimi onlar da heç vaxt qocalmayacaq.
Bəhruz Kəngərinin rəngləri günəşdən qopmuş zərrələrdi. Onun istər mənzərələrində, istər portretlərində bolluca günəş var. O, rənglər vasitəsilə kətana günəşi hopdurmağa nail olub. Onun rəsmlərinə baxanda günəşin haləsini görür, hərarətini duyursan.
Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2012-ci il tarixli sərəncamına əsasən milli təsviri sənətimizin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin 120 illik yubileyi geniş qeyd olundu. Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 12-22 iyun 2012-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Bəhruz Kəngərlinin yubileyinə həsr olunmuş sərgi keçirilmişdir. Sərgidə Bəhruz Kəngərlinin 80-nə yaxın əsəri nümayiş etdirilib. Dekabırm 7- də isə Naxçıvan şəhərində, Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Rəsm Qalereyasında Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında görkəmli sənətkarın əsərlərindən ibarət sərgi təşkil olunub. Ölkə Prezidentinin müvafıq sərəncamına əsasən görkəmli rəssamın yubileyi respublikada silsilə tədbirlərlə qeyd olundu. Yubileylə əlaqədar poçt markası buraxılmış və elmi konfranslar keçirilmişdir. Rəssamın əsərlərindən ibarət ilk albom-kataloq nəşr olunmuş, "Sənətin Bəhruz zirvəsi" adlı sənədli film hazırlanmışdır. Haqqında söz açdığımız "Bəhruz bəy Kəngərli taleyi" kitabı bu işlərin fundamental yekunu oldu. Bəhruz Kəngərli yaradıcılığının çiçəkləndiyi bir dövrdə 1922-ci il fevralın 7-də vəfat etmişdir. 30 il ömür sürmüş və cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruzun əsərləri Azərbaycan boyakarlıq sənətinin nadir inciləridir.
Bəhruz Kəngərli rəsmlərində qəhrəman Kəngərlilərin yenilməz ruhu əbədiləşir. Bu ruh mənə doğmadır, o mənim damarlarımdan qanımla birgə axır.
525-ci qəzet 2018.- 30 yanvar.- S.7.