Öz yaradıcılıq iqlimi olan sənətkar
- Yusif Həsənbəy
Qurban BAYRAMOV
Tənqidçi-ədəbiyyatşünas
Yusif Həsənbəyin
"Doğma iqlim" adında bir şeiri var və şeir
bu misralarla bitir:
Yarpaq da, quş da,
Torpaq da,
Öz iqlimində
Yaşaya bilir ancaq.
İndi 85 yaşında olan Yusif Həsənbəy - bu
qocaman şair, yazıçı, dramaturq, tərcüməçi,
doğrudan da, öz yaradıcılıq iqlimi olan sənətkardır.
O, əvvəl, ilk başlanğıcdan əlinə qələm
alanda şair idi, özü də uşaq şairi kimi
tanınırdı. Yazdı-yazdı,
yazdığına mahnılar bəstələndi, oldu nəğməkar
şair. Sonra "dinc durmadı", hekayə,
povest, roman qələmə aldı, oldu nasir. Pyeslər
yazdı, əsərləri səhnəyə
çıxdı, dönüb adına
dramaturq dedilər. Dünya poeziyasından
seçmə sənətkarlardan seçmə şeirlər
tərcümə elədi bu adlara bir tərcüməçi
adı da qoşuldu.
Xülaseyi-kəlam, oldu şair, nasir, dramaturq, tərcüməçi...
Amma bu qocaman yazar nə olur-olsun, harda olur-olsun,
hansı janrda yazırsa-yazsın, bütün məqamlarda
şair olaraq qaldı. Sinəsində həssas,
zərif və kövrək, məhəbbət dolu bir şair
ürəyi gəzdirə-gəzdirə ömrün pillələrində
yuxarıda zirvə nöqtəsini göz altına alıb
addımladı.
Bu qələm
sahibi Şahdağın qoynunda qərar tutan füsunkar Quba
xanlığının mərkəzi şəhərində
anadan olmuş, yaşın şah pərdəsinə - səksən
beşə çatmış Yusif Həsənbəydir! Rəsmi
sənədlərdə adı, soyadı belədir: Həsənbəyov
Yusif Qonaq oğlu! 1932- ci ildə Qubada
anadan olub. 1959-cu ildən, 59 ildir,
Yazıçılar Birliyinin üzvüdür. 1954-cü ildən mətbuatda müntəzəm
çıxış edir. "Təhsildən
qayıdarkən" adlı ilk şeiri "Azərbaycan"
jurnalında dərc edilib. Qubada pedaqoji
texnikumu bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat
fakültəsində təhsil alıb (1952-1956). Sonra
Moskvada M.Qorki adına Ədəbiyyat
İnstitutunda oxuyub (1975-1977). Bütün bunlar
onun ədəbi dünyagörüşünün
formalaşmasına böyük təsir edib. İndi ədəbi mühitimizin
ağsaqqallarındandır. Əməkdar
incəsənət xadimidir, ziyalıya məxsus maraqlı, zəngin
bir ömür yoluna malikdir.
Azərbaycan Komsomolu Səbayel rayon komitəsində təlimatçı, Dövlət Musiqi Nəşriyyatında
ədəbi redaktor, "Bakı" axşam qəzetində ədəbi
işçi, tərcüməçi olub (1956-1969).
Beynəlxalq PEN təşkilatı Azərbaycan
PEN klubunun məsul katibidir (1990-cı ildən), həmçinin
1994-2000-ci ilə qədər Azərbaycan
Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədri
olub.
İyirmidən çox kitabın müəllifidir,
tanınmış sənətkar, ədəbi nüfuz
sahibidir.
"İşığın istisi" şeirlər,
"Sualtı döyüşlər", "Next"
romanlar, "Sarı çalı", "Təkan"
povestlər kitabları XXI əsr,
müstəqillik dövrü ədəbiyyatımızın
nümunələridir.
Tərcümə kitabları var onun. Azərbaycan
mahnılarından ibarət kitab da nəşr etdirib. İki televiziya tamaşasının, 3 pyesin müəllifidir.
Pyesləri Mingəçevir və Ağdam
Dövlət teatrlarında dəfələrlə tamaşaya
qoyulmuşdur. "Sualtı
döyüşlər" (2001) romanı məşhurdur.
Bu roman Azərbaycan gəmiçilik həyatından
bəhs edən ilk romandır. Yusif Həsənbəy bu
romanı yazmaqdan ötəri 6 il Azərbaycanın
okean gəmilərində üzmüş,
Yazıçılar Birliyinin göndərişi ilə bu gəmilərdə
işləmiş, romanı üçün faktik material
toplamış, olduqca dəyərli bir əsər qələmə
almışdır...
Yusif Həsənbəy bir qələm əhli kimi
müxtəlif yaradıcılıq mərhələləri
keçibdir.
Keçən əsrin yetmişinci illərinin əvvəllərinə
qədər onu ədəbi ictimaiyyət əsasən
uşaqların həyatından alınmış mövzularda
yazan bir lirik şair kimi tanıyıbdır. Və bu mərhələdə
Yusif Həsənbəy Azərbaycan uşaq ədəbiyyatının,
uşaq şeirinin inkişafında xidmətləri olan,
kövrək, uşaq təbiətli, uşaq məhəbbətli
bir şair kimi "Ördəyin balaları" (1960),
"Yağışda çimən cücə" (1962),
"Qağayı" (1966) kitablarını balalara hədiyyə
edibdir.
Həmçinin onun "Çay dənizə tələsir"
(1963), "Unutmaram o günləri"(1966) lirik şeirlər
məcmuəsi də o dövrdə maraqla qarşılanan
kitablar sırasında idi.
Ümumiyyətlə, Yusif Həsənbəy həyat həqiqətlərinə
sadiq bir qələm əhlidir. Olduqca
sakit təbiətli, bir az astagəl, amma
prinsipial, sözünü deməyi bacaran ədibdir. Uşaq təbiətli, həlim, müdrik sənətkardır.
Uşaqlar üçün xeyli ədəbi
nümunələrin müəllifidir. Poeziyasındakı
lirizm onu oxucularına həmişə sevdirmiş, bəstəkar
və müğənnilərin isə diqqət mərkəzində
olmuşdur.
Arif Məlikov
kimi dünya şöhrətli bəstəkardan tutmuş, demək
olar ki, bütün məşhur Azərbaycan bəstəkarları,
məsələn, Xəyyam Mirzəzadə, Nəriman Məmmədov,
Oqtay Zülfüqarov, Süleyman Ələsgərov, Ramiz
Mirişli, Oqtay Kazımi, Elza İbrahimova, Ramiz Mustafayev və
başqaları onun sözlərinə mahnılar bəstələmişlər... 300-ə qədər mahnı mətninin
müəllifidir. Ən məşhur estrada
və vokalist müğənnilər onun sözlərinə bəstələnmiş
mahnıları həvəslə ifa etmişlər. İndinin özündə də bu mahnılar
repertuardan düşmür, vaxtaşırı ifa edilir.
Bu şeirlərdəki təbiilik, uşaq qəlbinə
və körpə dünyasına bələdlik, səmimi
hisslər daha qabarıqdır və müəllifin incə, həssas
müşahidələrinin poetik ifadəsidir. Və
yaxşı bir cəhət də odur ki, Yusif Həsənbəy
uşaqlara məxsus saflıq və şirinliyi, gəncliyə
məxsus enerji və həvəsi öz içində və
yaradıcılığında ardıcıl qoruyub saxlaya
bilmişdir.
Müstəqillik dövrü ədəbiyyatımızda
Yusif Həsənbəy yeni yaradıcılıq enerjisi ilə
qələminə sığınır, bir-birinin ardınca
müxtəlif janrlarda yazdığı əsərləri ilə
mətbuatda çıxış edir, bir-birindən maraqlı
bədii nümunələr yaradır. "Onu
çağırırlar" (2005), "Vicdan yol
açır" (2006), "Sarı Çalı" povestləri,
"Tanrımla söhbət" (2007), "Cənnətin
bağlı yolları" (2007) poemaları, "Dəniz
aclığı"- pyes, povest, hekayə və şeirlərdən
ibarət kitabı (2013) , "Təkan" kimi hekayələri,
müxtəlif şeirləri, publisistik yazıları bu mərhələnin
dəyərli bədii məhsullarıdır.
Xüsusən, "NEXT - özgə millət"
romanı müasirliyi ilə fərqlənir. Roman son
onilliklərdə, əsasən Şimali və Cənubi
Qafqazda, ümumən dağılan İttifaqda baş verən
ictimai-siyasi kataklizmlərə həsr edilib. "Next" ingilis sözüdür,
yazıçı bu adın mənasını
romanının leytmotivinə çevirmişdir, ona yeni
ictimai-sosial məna yükü aşılamışdır.
"Next" əslində özgə millətdən olan adam deyil. Adını
daşıdığı millətə, çörəyini
yediyi, suyunu içdiyi, havasını udduğu torpaqda geninə-boluna
yaşayan, amma Vətəninə, torpağına, millətinə
bir darı boyda xeyir verməyənlərdəndir. Adını azərbaycanlı qoyub, azərbaycanlıya
aid heç bir mənəvi-əxlaqi yükü
daşımayanların, millətin, xalqın, dövlətin dərdlərinə
biganələrin ümumiləşmiş tipik
obrazıdır.
Demək olar ki, bu əsərlərin hamısında
müasirlik, ictimai problemlər, sosial mühitin
sıxıntıları, milli-mənəvi, əxlaqi dəyərlər,
bu dəyərlərə insani münasibətlər, ruhi məqamlar,
intellekt sahibi olan xoş yazıçı niyyəti ilə qələmə
alınmışdır.
Yaradıcılığının son dövrünə
aid olsa da, mövzu cəhətdən səsləşdiyinə
görə yazıçının "Sarı
Çalı" povesti barəsində elə bu məqamda
danışmaq istərdim.
Qeyd
etdiyim kimi, iş elə gətirib ki, Yusif
Həsənbəy gəncliyində bir müddət komsomol
işində fəaliyyət göstərib, 50-ci illərin
ortalarında çox nüfuzlu bir idarəetmə sahəsi
olan bu təşkilatın Səbail rayon komitəsində təlimatçı
olub. Bu sahədə işləmək ona böyük həyati
təcrübə qazandırıb, gəncliyin və xüsusən
Xəzər gəmiçiliyi sahəsində işləyən
insanların həyatı ilə yaxından tanış
olmaq imkanı yaradıb.
Bütün bunlar onun bədii təfəkküründə
dərin izlər buraxıb. "Sualtı
döyüşlər" (2001) romanı, bir çox povestləri,
şeirləri öz mövzusunu buradan alıb.
Mövzusu gənclərin həyatından
alınmış "Sarı Çalı" povestində
hadisələr kənddə cərəyan edir və kənd
uşaqlarının, əvvəlki anlayışla desək, kəndli
gənclərin həyatından, mübarizəsindən, hisslərindən,
məhəbbətlərindən bəhs edir və mövzuya
yanaşma tərzinin orijinallığı ilə fərqlənir. Əslində bu povestdə
Avropa ədəbiyyatında məşhur olan "fiziki şikəstliklə" "mənəvi şikəstlik"
problemi ("Notrdam qozbeli - Kvazimodo effekti") (V.Hüqo.
"Paris Notrdam kilsəsi" əsərinin qəhrəmanı)
əksini tapıb.
Povestdə təsvir olunan hadisələr Sarı
Çalı obrazının ətrafında cərəyan
edir. Orta məktəbi təzəcə başa vurmuş,
həyatları hələ qabaqda olan Sarı Çalı, Rəcəb,
Leyla aparıcı surətlərdir. Sarı
Çalı həyatın ona bəxş etdiyi fiziki şikəstliyinə
baxmayaraq bir gənc kimi işığın, xeyirin, Pir baba cəddinin
nurunun, Pir bulağının şəfqətinin
daşıyıcısıdır, mənəvi təmizliyin,
mərdliyin, qorxmazlığın ifadəçisidir. Rəcəb fiziki cəhətdən sağlam,
boy-buxunlu, gözəgəlimli olsa da, mənən, mənəviyyatca
şikəst bir obrazdır. Leyla isə
öz gözəlliyi ilə fərqlənir və mənəvi
gözəlliyə meyl edir, Sarı Çalını sevir.
Milli-mənəvi
düşüncələr, gəncliyə məxsus emosiyalar,
hisslər, duyğular həyat fəlsəfəsinin
çözələnməsinə, açılmasına xidmət
edir, yazıçı sübut etməyə
çalışır ki, fiziki şikəstlik Tanrı qismətidir,
amma mənəvi şikəstlik ondan da əzablı və
müdhişdir, qorxuludur, sosial bəlalar, faciələr mənbəyini
mənəvi şikəstlikdən alır... Povestin əvvəlində
Hitlerin, Bethovenin və Homerin həyatlarından gətirilən
epiqraflar da əsrin əsas ideyasının şərhinə
açar olur və ibrətamizdir...
"Sarı
Çalı" povestinin ideya-estetik qayəsinə yüksək
qiymət verən Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev
yazır: "Bu povestdə daim inkişaf edən həyatımızın
rəngarəng bədii lövhələri, insanların mənəvi-psixoloji
aləmləri, məhəbbət duyğuları, eləcə
də yaşadıqları dövrün ictimai problemləri
yüksək bədii-estetik səviyyədə qələmə
alınıbdır. Yazıçı əsərində
mənsub olduğu xalqın bənzərsiz mənəvi-əxlaqi
zənginliklərini, adət-ənənələrini təsvir
edibdir. Müəllifin bədii təsvirində
Azərbaycan kəndinin mənzərəsi, koloriti, gözəllikləri
aydın və qabarıq şəkildə verilir".
Yusif Həsənbəy ciddi, həyatsevər, yaradıcılıq zəhmətinə tablaşan, məhsuldar, ədəbiyyatın müxtəlif janrlarına cəsarətlə müraciət edən yazıçılarımızdandır. Moskvada təhsil illəri onun yaradıcılığının mühüm, məhsuldar dövrüdür. O, bu mərhələdə ictimai-ədəbi mühitdə daha geniş tanınmağa başlayır, dövrün ən məşhur İttifaq mətbuatında - "Pravda", "İzvestiya" qəzetlərində, "Yunost", "Molodaya qvardiya", "Selskaya jizn", "Znamya", "Zvezda", "Neva" dərgilərində müntəzəm çap olunur, əsərləri tanınmış rus şairləri tərəfindən tərcümə edilir. Həmçinin, onun Moskvada uşaqlar üçün nəzərdə tutulan "Skvoroçniki dlya pesni" ("Mahnılar üçün quş yuvası", Alla Axundovanın tərcüməsində), "Melnitsa" ("Dəyirman, Yakov Kozlovskinin və Nikolay Novikovun tərcümələrində), "Reka toropitsa k more" ("Çay dənizə tələsir", Yakov Kozlovskinin və Eduard Balaşovun, Nikolay Novikovun tərcümələrində) böyük tirajla çap olunub, o vaxtkı İttifaq oxucularına çatdırılmışdı. İttifaq mətbuatındakı çıxışları onu digər bir arenaya çıxarır və onun şeirləri bolqar, macar, yuqoslav, alman dillərində səslənir, ittifaq məkanında yaşayan xalqların dillərinə çevrilərək yayılır.
Yusif Həsənbəy bu mərhələdən başlayaraq ciddi və və ardıcıl tərcüməçilik işi də görür, Asiyanın və Avropanın tanınmış sənətkarlarının əsərlərini dilimizə çevirərək çap etdirir və onun tərcüməsində Qərbi Avropa şeiri antologiyası "İnadkar sətirlər" (1991) adı ilə dərc edilir.
Şairin "İnsan ömrü" (1971), "Evin ulduzu" (1973), "Nəğməli yarpaqlar" (1976), "Zirvə qarı" (1978), "Məhəbbətli dünyamız" (1980), "Günəş doğanda" (1981), "Məhəbbət məşəlləri" (1984), "Xəcalətli qalmayaq" (1987), "Çəmən gülləri" (1987) kimi şeir kitabları bu mərhələnin bəhrələridir və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Bu mərhələdə "Ayı kürkü", "Dağlarda işıq" televiziya pyesləri onu dramaturq kimi də tanıtmış, bir qələm əhli kimi yaradıcılıq imkanlarının getdikcə genişlənməsini göstərmişdir... Bu dövrdə Yusif Həsənbəyin "Sehirli bulaq" pyesi Mingəçevir Dövlət Dram Teatrında (1963), "Yıxılanı qaldırın" pyesi isə Ağdam Dövlət Dram Teatrının səhnəsində (1965) dəfələrlə oynanılır və maraq doğurur.
Yusif Həsənbəy bir ziyalı kimi həmişə ədəbiyyatımızın, mədəniyyətimizin mənafeyini düşünüb, Azərbaycan Dövlət Musiqi Nəşriyyatında işlədiyi müddətdə (1956-1967) zəhmətə qatlaşaraq, musiqi mədəniyyətimizin mənafei xatirinə Azərbaycan mahnılarını toplayıb, tərtib edib, kütləvi tirajla "Mahnılar" (1967) adı ilə irihəcmli kitab şəklində nəşr etdirmişdir. Və toplayıcı işi olsa da, bunu onun fəaliyyətinin ən yaxşı, səmərəli işi hesab edirəm. Çünki Yusif Həsənbəyin bu zəhməti hesabına onlarla çox mühüm Azərbaycan mahnı mətnləri əbədiyyət qazanmışdır, itmək, mənimsənilmək xofundan qurtarmışdır...
(Ardı var)
525-ci qəzet 2018.- 30 yanvar.- S.6.