“Azərbaycan dilinin orfoqrafiya qaydaları”
ilə bağlı düşüncə və təkliflərim
AMEA
Orfoqrafiya komissiyası ilə Nəsimi adına
Dilçilik İnstitutunun yeni orfoqrafiya qaydaları
hazırlayıb ictimaiyyətin açıq müzakirəsinə
çıxarmasını alqışlayır və bu önəmli
işdə dəyərli alimlərimizə uğurlar diləyirik.
Bəzən təhriflərə, yaxud yanlış
yozmalara yol verilsə də, orfoqrafiya qaydalarına cəmiyyətimizin
göstərdiyi maraq və aparılan müzakirələr
mahiyyətcə bizi çox sevindirdi. Son əlli ildə ilk
dəfə olaraq orfoqrafiya qaydalarına yönəlik belə
açıq və geniş müzakirələrin
aparılması, çeşidli düşüncələrin
irəli sürülməsi olduqca gərəklidir.
Bu açıq müzakirə durumundan yararlanıb biz də
bəzi düşüncələrimizi oxucularla
bölüşmək və öz təkliflərimizi bildirmək
istədik. Öncə bir neçə mühüm məsələyə
aydınlıq gətirməyə çalışaq.
Dil siyasətimiz
və onun strateji hədəfləri
Bəlli bir gerçəklikdir ki, ədəbi dil
yalnız kültürəl yox, həm də siyasi-strateji
yöndən çox böyük önəm
daşıyır. Konkret mövzumuz baxımından
yanaşsaq, ədəbi dilin özül daşı olan
düzgün yazı (imla, orfoqrafiya) qaydaları müəyyən
strateji hədəflərə yönəlik dil siyasəti
üzərində qurular və bu qaydalar da, ona əsaslanan
orfoqrafiya lüğətləri də həmin dil siyasətini
ortaya qoyar. Eyni zamanda, bəlli bir strateji hədəflərə
yönəlmiş dil siyasəti dövlətin
yürütdüyü siyasətlə, bu siyasətin
başlıca strateji yönləri ilə birbaşa
bağlı olub, onun tərkib hissəsi kimi özünü
göstərər.
Sovet dönəmində Rus xalqının “böyük
qardaş” statusundan irəli gələn hakim dil siyasəti
yürüdülür və xalqımıza
aşılanırdı ki, “Rus dili bizim dünyaya
çıxış dilimizdir”. Azərbaycan Sovet
Dövlətinin dünya dövlətlərii ilə
Moskvasız birbaşa siyasi-iqtisadi-mədəni-hərbi vb. əlaqələri
mövcud olmadığı kimi, dilimizin də
çağdaş dünya dilləri ilə əlaqəsi
yalnız Rus dili vasitəsilə mümkün idi. Ona
görə də, Sovet dönəmində həm dilimizə
keçən alınma sözlərin və yabançı
özəl adların düzgün yazılışı
üçün, həm də bütövlükdə orfoqrafiya qaydalarımız
üçün Rus dili başlıca qaynaq rolu oynayırdı.
Bəs düzgün yazı qaydalarımızın
bugünkü durumu necədir?
Artıq otuz ilə yaxındır ki, Azərbaycan
Respublikası müstəqil bir dövlətdir və hər
hansı bir dövlətlə bütün sahələr
üzrə birbaşa çeşidli əlaqələr qura
bilir.
Orfoqrafiya qaydalarımızın mövcud durumu isə
heç də bu dövlət müstəqilliyimizə
uyğun gəlmir: hələ də Rus dili bizim
üçün başlıca mənbə sayılır və
hələ də yazımızı Rus dilinin hərflərinə,
qaydalarına uyğun tənzimləyirik. İki örnək
verək:
İsveçin ikinci böyük şəhərinin
adı İsveçcədə Göteborg yazılır və
onu Rusca øòåáîðã
yazılışından alaraq Azərbaycanda ad Höteburq kimi
göstərilir. Halbuki İsveçcədə g hərfi incə saitlərdən
öncə işləndikdə y səsini, qalın saitlərdən
öncə (örn.: Gotland) işləndikdə
isə q səsini verir. Ruscanı “mənbə
dil” kimi götürüb İsveçcənin g samitini
Ruscanın ã samitinin
bizdəki h qarşılığı ilə yazmağa
heç bir ehtiyac yoxdur. Elə
İsveçcənin özünü qaynaq dil saymalı və
bu qaynaq dildəki hərflərin səs dəyərinə
uyğun gələn öz hərflərimizi əsas alaraq
Göteborg adını Yöteburq, Gotland adını Qotland...
yazmalıyıq.
Yaxud Ruscada dil adları isim yox, sifətdir və ona
görə də, kiçik hərflə yazılır. Ancaq bizim üçün
dil adları sifət yox, varlığı tək olan özəl
adlardır və ona görə də, dil (eləcə də
tayfa, xalq, millət) adları mütləq böyük hərflə
yazılmalıdır: Azərbaycanca, Türkcə, İngiliscə;
Rus, Özbək, Tatar, Bayat, Qaşqay vb.
Deməli,
indiki dövlət müstəqilliyimiz dönəmində təkcə
Rusiya imperiyasının ağalığından yox, həm də
Rus dilinin “böyük qardaş” nağılından
qurtulmalı və dilimizin dünya dilləri ilə birbaşa
əlaqəsini qurmağa yönəlik dil siyasətinə yiyələnməliyik.
Çünki artıq Azərbaycan Rusiya
imperiyasının bir müstəmləkəsi
olmadığı kimi, Azərbaycan dili də Rus dilindən
asılı bir dil deyil. Bu gün Rus dilindən
hansısa bir sözü alıb işlətməmiz
mümkündür, ancaq daha Rus dilini bizim “dünyaya
çıxış dilimiz” saya bilmərik və artıq Rus
dili bizim üçün vasitəçi dil olma özəlliyini
itirmişdir.
Qaynaq dil
və vasitəçi dil anlayışları
İndiyədək orfoqrafiya qaydalarımızda və dərsliklərimizdə,
dilçiliyə aid əsərlərin bir çoxunda “Rus
dilindən və Rus dili vasitəsilə Avropa dillərindən
alınan sözlər” haqqında ayrıca
danışılmış və bu vasitəsilə
sözünün nə linqvistik sonuclarına, nə də
daşıdığı siyasi-strateji anlama ciddi diqqət
yetirilməmişdir. Qaynaq dili yox, vasitəçi dili və
onun hərflərinə uyğun səs dəyərlərini əsas
götürdüyümüz üçün linqvistik
baxımdan dilimizdə nə qədər yabançı
adların və alınma sözlərin yanlış
yazılışları ortaya çıxmışdır.
Göteborg = Yöteburq adının Höteburq kimi uyduruq
yazılışına toxunduq. Alınma sözlərdən də
bircə örnək verək: İngilis dilində hygiene, Alman
dilində Hygiene, Fransız dilində hygiène,
İsveç dilində hygien vb. kimi işlənən söz
Ruscanın səs dəyərlərinə uyğun olaraq ãèãèåíà kimi yazılmış, biz də
Rus dilinin ã samitinin
dilimizdəki səs dəyərinə uyğun g hərfini əsas
götürməklə sözü gigiyena formasında ədəbi
dilə gətirmişik. Halbuki qaynaq dil əsas
götürülsəydi, dilimizdə o sözü higyen kimi
yazmalı idik.
Siyasi-strateji baxımdan isə vasitəçi dil
anlayışı mahiyyətcə siyasi tabeçiliyi və
kültürəl asılılığı ortaya
qoymaqdadır.
Ona görə də, biz hər hansı bir dilin vasitəçi
dil kimi əsas götürülməsini yanlış
sayır, dünyaya vasitəçi dilin “gözlüyü” ilə
yox, öz dilimizin “gözü” ilə baxmağı daha
üstün bilirik. Düşünürük ki, dilimiz dünyanın
heç bir dilindən aşağı deyil və ona görə
də, dünyaya çıxış dilimiz hər hansı
bir başqa dil yox, məhz öz dilimiz olmalıdır. Sadəcə, diqqət yetirməli və müstəmləkə
dönəmindən dilimizdə qalmış kəsir yönləri
ortadan qaldırmaq yolunda israrla çalışmalıyıq.
Bu kəsir yönlər orfoqrafiya qaydalarımızda da az deyil və aşağıdakı təkliflərimiz
də onlardan bəzilərini ortaya qoymaqdadır.
Orfoqrafiyamızın
prinsipləri
Sözlərin düzgün yazılış qaydaları
kimlərinsə şəxsi istəyi ilə yox, bəlli
prinsiplər əsasında müəyyən edilir. Hər dil
üçün uyğun prinsiplər əsas
götürülür və bizim dilimizdə də
düzgün yazı qaydalarımız üç prinsipə
(fonetik, morfoloji və tarixi-ənənəvi) görə tənzimlənir.
Vurğulayaq ki, Türk kökənli milli sözlərimizin
yazılışı ilə tutuşduranda alınma sözlərin
və yabançı adların yazılışı daha
çox sorun yaratmaqdadır. Ona görə də,
alınma söz və adların yazılışında
dilimizin yazı qaydalarını tənzimləyən prinsiplərə
ayrıca önəm verilməsi olduqca önəmlidir. Bu baxımdan, fonetik prinsip dilimizin düzgün
yazı qaydaları üçün çox böyük dəyər
daşıyır. Ancaq təbii ki, tarixi-ənənəvi
və morfoloji prinsiplər də gözardı edilə bilməz.
Örnəyin, tarix boyu ənənəvi olaraq Tiflis kimi
işlətdiyimiz adı bir göstərişlə Tbilisi
formasında yazmağımız, yəni tarixi-ənənəvi
prinsipi “unutmağımız” öz dilimizə qarşı
sayğısızlıqdan başqa bir şey deyildi.
Dünən vasitəçi dildən asılı
olduğumuz üçün alınma sözlərin və
yabançı adların yazılışında daha
çox Rus dilinin orfoqrafiya qaydalarını
yamsılayırdıq. Bu gün isə çoxsaylı dünya
dilləri ilə üz-üzəyik və öz dilimizin
sisteminə uyğun prinsiplərimiz əsasında yazı
qaydalarımızı vaxtında tənzimləməsək,
orfoqrafiyamıza ciddi zərbə vurmuş olacağıq.
Dövlət müstəqilliyimizə uyğun
dil siyasətimiz və onun strateji özülləri tam sabitləşib
oturuşmadığına, dilimizi qorumaq üçün
ona-buna satılmaz dil gömrüyümüz hələ
yaradılmadığına görə, başqa dil
qaydaları asanlıqla yazımıza yol tapır, ədəbi
dil standartlarımızı pozub ikilik salır və dilimizi
korlayır. Örnəyin, dilimizin qaydaları əsasında
doğru yazılışı şou, kafe, sent... kimi olan
alınma sözlərin show, cafe, cent... kimi yazılması,
“Speys”, “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Fridom Haus”... kimi olan
yabançı adların “Space”,
“The Washington Post”, “The New-York Times”, “Freedom House”... kimi
verilməsi orfoqrafiya qaydalarımızı kiçik
düşürməkdən, ayaqlar altına atıb
tapdalamaqdan başqa bir şey deyil...
Burada
bir-birinə tərs olan iki qayda var:
1. alınma sözlər və yabançı adlar
dilimizin qaydalarına uyğun yazılmalıdır;
2. alınma söz və yabançı
adların qaynaq dildəki yazılışı eynilə bizdə
də qorunmalıdır.
Birinci qayda dilimizin orfoqrafiya qaydalarını düzənləyən
fonetik prinsipdən irəli gəlir və dilimizdə geniş
yayılmış tam aparıcı bir qaydadır.
İkinci qayda tarixi-ənənəvi prinsipə
uyğunmuş kimi görünür. Ona görə
“uyğunmuş kimi” deyirik ki, gerçək tarixi-ənənəvi
prinsip qaynaq dildəki yazılışı deyil, öz
dilimizdəki yazılışı bildirir və bizim tariximizdə
olan, bizim keçmişdən indiyə sürüb gələn
yazı gələnəyimizi ortaya qoyur. Qaynaq
dildəki yazılışı olduğu kimi qoruma isə
bizim yox, qaynaq dilin tarixi-ənənəvi prinsipinə
uyğunluqdur. Qaynaq dilin tarixi-ənənəvi
prinsipinə uyğun olmanı qaynaq dili yamsılama prinsipi
adlandırır və onu ədəbi dili korlayan bir vasitə
hesab edirik.
Dilçilik
İnstitutuna üç təklifimiz
Ədəbi dilin bitkin bir səviyyəyə yüksəlməsində
düzgün yazı qaydalarının cilalanması və
normaya salınıb standartlaşdırılması çox
böyük rol oynayır. Əslində standartlaşdırma təkcə
ədəbi dil baxımından yox, bütövlükdə
millətləşmə sürəci baxımından ciddi
önəm daşıyır. Bu önəmi gözə alaraq
AMEA Dilçilik İnstitutuna üç ümumi təklif
veririk:
1.
Dilçilik İnstitutunda ayrıca bir Orfoqrafiya şöbəsi
yaradılsın. Şöbənin vəzifəsi: dünya
dillərinin orfoqrafiya qaydalarını araşdırıb
öyrənmək və onlardan praktik olaraq yararlanmaq, Azərbaycanda
var olan orfoqrafik sorunları müəyyənləşdirmək
və onları günlük ictimai müzakirəyə
çıxarmaqla çözüm yollarını
aydınlaşdırmaq, bütün üslublar üzrə ədəbi
dilimizin lüğət tərkibini, var olan və dilə yeni
gələn/gətirilməsi istənən sözləri,
onların yazılışını izləmək, ədəbi
dilimizi korlayan sözləri, onların
yazılışlarını vaxtında ictimai diqqətə
yetirmək vb.
2. Yaradılacaq Orfoqrafiya şöbəsinin veb-saytı
açılsın. Bu veb-sayt şöbə ilə toplum arasında
günlük əlaqə xəttinə çevrilməli,
müəllimlərimiz, jurnalistlərimiz vb.
aydınlarımız başda olmaqla hər kəsin
düzgün yazı qaydaları və ya yeni sözlərlə
bağlı təkliflərini qeydə alacaq, onların
günlük iş həyatında tuş gəldikləri
orfoqrafik sorunları çözməyə yardım edəcək
ciddi bir bilgi qaynağı olmalıdır.
3.
Orfoqrafiya qaydaları ayrıca əsər kimi
vaxtaşırı çap edilsin. Təbii ki, bu əsər
“Orfoqrafiya lüğəti”nə artırılan 60-70 maddəlik
qaydalar kitabçasından yox, bütün üslublar üzrə
ədəbi dilimizin düzgün yazı qaydalarını
normaya salacaq, milli və alınma sözlərin
yazılışında, qısaltma və ixtisarların,
durğu işarələrinin, kimyəvi, riyazi, texniki...
işarələrin işlədilməsində ciddi rol
oynayacaq və dilimizdə yazı yazan hər kəs
üçün masaüstü əsərə çevriləcək
bir kitabdan ibarət olmalıdır.
Orfoqrafiya
qaydalarındakı yeniliklərə aid təkliflərimiz
Yeni orfoqrafiya qaydalarında irəli sürülənlərin
çoxunu doğru sayır və qəbul edirik. Aşağıdakı məsələlərdə
isə fikrimiz fərqlidir:
Söz
köklərində samitlərin yazılışı
22.
Aşağıdakı sözlərin mənbə dildəki
yazılışı əsas götürülərək, k
hərfi ilə yazılması məqsədəuyğun
sayılır: əskər, əskinas, İskəndər,
işkəncə və s.
Bizcə, “Mənbə dildəki yazılışı əsas
götürmə” nə qədər maraqlı bir qayda olsa və
başqa bir durumda özünü doğrulda bilsə də,
mövcud məqam üçün orfoqrafiyamızın fonetik
və tarixi-ənənəvi prinsiplərini pozduğundan yerinə
düşmür və göstərilən sözlərin
öncəki əsgər, əsginas, İsgəndər,
işgəncə... yazılışı saxlanmalıdır.
Birinci hərfi
böyük yazılan sözlər
55.
Yaradanın və səmavi kitabların adları böyük
hərflə yazılır: Allah, Rəbb, Tanrı, Bibliya,
Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim,
Tövrat, Zəbur və s.
56. Planet
adları, mifonimlər böyük hərflə
yazılır: Ay, Günəş, Ülkər; Afrodita, Herakl,
Zevs və s.
Bizcə,
burada planet adları ilə mifonimlərin – mifik varlıq
adlarının bir sıraya qoyulması bölgünün məntiq
əsasına tərs düşdüyünə görə,
mifonimlər 56-cı yox, 55-ci maddəyə daxil edilməli və
həmin maddələr aşağıdakı kimi
yazılmalıdır:
55.
Yaradanın, səmavi kitabların və mifonimlərin – mifik
varlıqların özəl adları böyük hərflə
yazılır: Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid,
Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur; Afrodita,
Herakl, Zevs və s.
56. Səma
cisimlərinin adları böyük hərflə
yazılır: Ay, Günəş, Ülkər, Dan ulduzu,
Ağ yol/Saman yolu və s.
Orfoqrafiya
qaydalarına təklif etdiyimiz artırmalar
Bir daha xatırladaq ki, Rus dilinin vasitəçilik rolu
bitmiş və müstəqil bir dövlətin – Azərbaycan
Respublikasının Dövlət dili olan dilimiz dünya dilləri
ilə bilbaşa təmas xəttinə
çıxmışdır. Rus dilinin hakim və tək
qaynaq olduğu sadə situasiya yerinə indi çoxdilli
mürəkkəb bir situasiya ilə üz-üzəyik.
Söz adlığımız/alacayımız və
özəl adlarını yazmalı
olduğumuz/olacağımız müxtəlif dünya dilləri
ilə bağlı bilgi əldə etməmiz onların
yazıları – əlifbaları, heroqlifləri ilə
tanışlıqdan başlanır. Eyni
zamanda, onların da bu gün ən azı bizim özəl
adlarımızı doğru yaza bilmələrinə yönəlik
fəaliyyətlərimiz olmalıdır. Bir də
unutmayaq ki, dilimiz təkcə Azərbaycan Respublikasının
yox, əlli milyonluq Azərbaycan xalqının milli dilidir və
yaxın keçmişdə olduğu kimi, yaxın gələcəkdə
də ən azı Qafqaz və Ön Asiyanın
ümumünsiyyət dilinə çevrilmə imkanına
malikdir. Bütün bunlar isə dilimizlə bağlı ən
ali qurum olan Nəsimi adına Dilçilik
İnstitutu qarşısında o günə indidən
hazırlaşma, ədəbi dilimizin ən yüksək səviyyədə
normaya salınıb standartlaşdırılması sürəcinə
gerçəkdən birbaşa rəhbərlik etmə vəzifəsi
qoyur.
Deyilənləri
gözə alıb təklif edirik ki, orfoqrafiya
qaydalarımızda aşağıdakılardan da
yararlanılsın:
Birinci hərfi
böyük yazılan sözlər
011. Dil, qəbilə,
tayfa, xalq, millət kimi varlığı tək olan adların
birinci hərfi böyük yazılır: Azərbaycanca,
Türkcə, Ərəbcə, İngiliscə, Almanca;
Türk, Alman, Özbək, Tatar, Bayat, Qaşqay vb.
(011 Yeni orfoqrafiya qaydalarındakı maddələri
göstərən rəqəmlərlə qarışıq
düşməməsi üçün biz rəqəmləri
0-la başladıq – A.R.)
Alınma
söz və yabançı adların yazılışı
Düşünürük
ki, alınma söz və yabançı adların
yazılışı ilə bağlı qaydaları bu
söz və adların aid olduğu yazı sistemləri
üzrə gözdən keçirmək daha doğru olar:
a) Ərəb
əlifbalı qaynaq dillərə aid alınma söz və
özəl adların yazılışı
02. Ərəb
əlifbalı qaynaq dillərə aid alınma söz və
özəl adlar deyildiyi kimi yazılır: darvaza, şəhər,
adam, şeytan,
heyvan, saat, Kövsər, Akif, Vasif, Arzu, Dilşad, Kirman, Qahirə
vb.
03. Ərəb
əlifbalı qaynaq dillərə aid bir sıra alınma
söz və özəl adlar tarixən
yazıldığı kimi yazılır: hətta, şair,
neştər, Rza, Əfrasiyab vb. (deyilişdə: hətda,
şayir, neşdər,
İrza, Əfrasyab vb.)
04. Ərəb
əlifbalı qaynaq dillərə aid söz və özəl
adlar yazılarkən onların tərkibindəki
özümlü hərflərin səs dəyəri dilimizin
uyğun hərflərilə verilir: صمد – Səməd, ثانیه – saniyə,
سئل – sel vb.
Qeyd: (ﻩ ﺡ) ha və he, (ﺹ ﺙ ﺱ) sad, se və sin, (ﻁ ﺕ) ta və te, (ﻅ ﺽ ﺫ ﺯ) za, zad, zal və ze hərfləri
Ərəb dilində fərqli məxrəcə malik
ayrı-ayrı səsləri bildirsələr də, Azərbaycan
dilində h, s, t və z səslərinə uyğun gəlir və
yalnız bu səsləri bildirən hərflərlə
yazılır.
b) Kiril əlifbalı
qaynaq dillərə aid alınma söz və özəl
adların yazılışı
05. Kiril əlifbalı
qaynaq dillərə aid alınma söz və özəl adlar
deyildiyi kimi yazılır: sovet, kolxoz, vaqon, maşın,
Rusiya, Minsk, Volqa, Nataşa, İvan vb.
06. Kiril əlifbalı
Slavyan dillərinin (Rus, Ukrayna, Belorus, Bolqar, Serb vb.) özümlü ö (tse) səsi dilimizdə
yerinə görə həm s səsini, həm də ts səsini
verir.
Tərkibində
ö olan ümumi isimlər
s ilə yazılır: dosent, konsert, sex, sirk, sement, lisey.
Vitse sözü istisnadır.
Özəl
adlarda sözün əvvəlində s, sözün
ortasında və axırında ts yazılır: Setkin,
Sialkovski, Vorontsov, Kuznetsov, Muromets...
Qeyd: Mayns
adı istisnadır (Tutuşdur: Mainz – Ìàéíö
– Mayns)
07. Kiril əlifbalı
Slavyan dillərinin özümlü ù (şşa) səsi/hərfi
çağdaş Bolqarcada şt kimi, Ruscada uzun yumşaq
şş kimi, bəzən də şç kimi deyilir.
Ruscadan alınma sözlərdə və Rus adlarında
işlənən bu səs/hərf sözönü və
sözsonu durumlarda bir ş səsi ilə, sözortası
durumlarda isə iki şş səsi ilə yazılır: ùàéáà – şayba; Ì.Å.Ñ.-Ùåäðèí –
M.E.S.-Şedrin; áîðù
– borş; ìàðù –
marş; Â.Â. Âåðåùàãèí – V.V.Vereşşagin; Ä.Â.Ãóùèíà – D.V.Quşşina vb.
Ancaq
sözortası durumlarda da ù səsi bir ş ilə verilə bilir: ìàðùàë – marşal; ìàðùðóò – marşrut; Ñ.Ìàðùàê – S.Marşak vb.
08. Kiril əlifbalı
Slavyan dillərinin e səsi sözönü və
söziçi durumlarda ye kimi deyilir və tərkibində e hərfi
olan sözlər, adlar dilimizdə ye ilə yazılır: åïèñêîï – yepiskop; êàðàáèíåð – karabinyer; Ñ.
Åñåíèí – S. Yesenin, Á. Åëöèí – B. Yeltsin,
Ä.È.Ìåíäåëååâ – D.İ.Mendeleyev vb.
09. Kiril əlifbalı
bəzi Slavyan dillərinin (Rus, Belorus...) ¸ (yo) səsi və bu səsi bildirən
iki nöqtəli e – ¸ hərfi dilimizdə yerinə görə
yo, e, bəzən də o kimi yazılır: ¸ëêà – yolka; ñòàæ¸ð//ñòàæåð – stajor; Ïîò¸ìêèíú// Ïîòåìêèíú – Potyomkin; ϸòð//Ïåòð – Pyotr; Ïåòåðáóðã – Peterburq; Ô¸äîð – Fyodr; Êîðîë¸â//Êîðîëåâ – Korolyov; Í.Ñ. Õðóù¸â//Í.Ñ. Õðóùåâ – N.S.Xruşşov; Ãîðáà÷¸â// Ãîðáà÷åâ –
Qorbaçov vb.
Qeyd: Kiril
kökənli Slavyan əlifbalarında ¸ bəlkə də ən çox
dartışmalı səs və hərfdir. Slavyan
əlifbalarının heç də hamısında ayrıca
göstərilməyən bu hərf Slavyan dillərinin
özündə belə bir sıra durumlarda gah e, gah da yo səsini
bildirir.
c)
Latın əlifbalı qaynaq dillərə aid alınma söz
və özəl adların yazılışı
010.
Latın əlifbalı qaynaq dillərə aid alınma söz
və özəl adlar deyildiyi kimi yazılır: abiturient –
abituriyent; Byron – Bayron; Beethoven – Bethoven; Molière – Molyer;
Montesquieu –Monteskyö; Richelieu –
Rişelye ; Shakespeare – Şekspir vb.
Qeyd: Gərəkərsə,
dilimizdə ilk yazılışdan sonra mötərizə
içərisində söz və adların orijinal
biçimi də göstərilə bilər: Monteskyö
(Montesquieu); Şekspir (Shakespeare) vb.
011.
Latın əlifbalı qaynaq dillərdəki x (eks) hərfi k
və s səslərinin bir araya gəlməsi ilə düzəlib
dilimizdə ks kimi deyilir və ks kimi də yazılır:
taksi, boks, faks, Marks vb.
Qeyd: Texas
(=Teksas) adının dilimizdə Texas yazılışı
adlım yanlışlıqlardan biridir. Həm Kiril, həm də
Latın kökənli Azərbaycan əlifbalarında x səsini
(cingiltili ğ səsinin kar qarşılığı) bildirən
və transkripsiyada kh kimi göstərilən x hərfi işləndiyi
üçün bu yanlışlıq ortaya
çıxmış (Rus dilinin etgisini də unutmayaq) və
Azərbaycan x (kh) hərfi İngilis
x (eks) hərfilə eyniləşdirilmişdir. Bu gün taksi əvəzinə taxi, maksi əvəzinə
maxi... yazılması isə yanlış olub yazı
qaydalarımızı pozmaqdır.
012.
Almancanın z (tset) səsi Kiril əlifbalı Slavyan dillərindəki
özümlü ö (tse) səsi ilə uyğun
olub söz önündə s kimi, söz sonunda ts kimi
yazılır: zitat – sitat; zisterna – sisterna; zivil – sivil; zyklon –
siklon vb.; Zürich – Sürix; G.W. Leibniz – Q. V. Leybnits; W.A.Mozart
– V.A.Motsart vb.
Qeyd: bəzi
özəl adlarda sözortası və sözsonu durumlar
üçün z (tset) və ö (tse) səslərinin
qarşılığı olaraq təkcə ts yox, həm də
s səsi işlənə bilir: Leipzig – Ëåéðöèã – Leypsiq; Mainz – Ìàéíö – Mayns vb.
013.
Latın əlifbalı qaynaq dillərə aid
özümlü hərf birləşmələrilə
işlənən alınma söz və yabançı özəl
adlar dilimizdə bu özümlü hərf birləşmələrinin
uyğun səs dəyərini bildirən milli hərflərlə
yazılır:
a)
Çeşidli Batı dillərinə aid ch hərf birləşməsi
yerinə görə üç cür deyilir/yazılır:
ç
hərfi ilə: charter – çarter; Chile – Çili; check –
çek vb.
ş hərfi
ilə: chans – şans; chef – şef; chock – şok vb.
x hərfi
ilə: Christ – Xrist; charakter – xarakter, Friedrich – Fridrix vb.
Qeyd: Təbii
ki, burada sözün/adın hansı dilə məxsusluğu
və o dildə hərf birləşmələrinin özəllikləri
(necə səslənməsi də daxil) aparıcı rol
oynayır.
b) sh hərf birləşməsi dilimizdə ş
hərfi ilə verilir: sherif – şerif; show – şou; W.
Shakespeare – V. Şekspir vb.
c) sch hərf birləşməsi dilimizdə
ş hərfi ilə verilir: schablon – şablon; schimpans –
şimpanze; F. Nietzsche – F.
Nitsşe vb.
ç) ph hərf birləşməsi dilimizdə f hərfi
ilə verilir: phonem – fonem; Phoenix – Feniks; paragraph - paraqraf;
philolıgie – filologiya vb.
d) ck hərf birləşməsi dilimizdə k hərfi
ilə verilir: Stockholm – Stokholm; M.Jeckson – M.Cekson vb.
ç)
Heroqlif yazı gələnəkli Doğu Asiya özəl
adlarının yazılışı
014.
Heroqlif yazı gələnəkli Doğu Asiya özəl
adları dilimizdə tarixən yazıldığı kimi
yazılır Çin, Pekin, Turfan, Konfutsi, Yaponiya, Tokio, Koreya
vb.
015.
Heroqlif yazı gələnəkli Doğu Asiya özəl
adları deyildiyi kimi yazılır və adlardan sonra gərəkərsə,
mötərizə içərisində Pinyin əlifbası
ilə qarşılığı da verilir: Naqasaki, Osaka,
Şanxay, Yarkənd (Pinyin. Shāchē),
Qarğılıq (Pinyin. Yèchéng)
vb.
016.
Heroqlif yazı gələnəkli Doğu Asiya şəxs
adlarında öncə soyad, sonra şəxs adı gəlir və
birdən çox hecası olan bütün özəl adlar
bitişik yazılır: Mao Tzedun, Den Syaopin, Sun Yatsen, Çan
Kayşi, Hon Myunbo, Kim Namil, Yu Sançul vb.
Qeyd:
1979-cu ildə Çin dövlətinin xahişi ilə
YUNESKO-nun Uluslararası Standartlaşdırma Qurumu (İSO)
tövsiyə verdi ki, bütün
ikihecalı Çin şəxs adları bitişik
yazılsın.
Hazırda ikihecalı Koreya şəxs adlarının da
bitişik yazılması meyli getdikcə
yayğınlaşmaqdadır.
017.
Çindəki özəl adların Çincə və
Uyğurca variantları bir-birindən fərqlənirsə, dilimizdə oturuşmuş ənənəvi
variantları çıxmaqla, Uyğurca variantın Azərbaycan
deyilişi əsas götürülür və gərəkərsə,
Çincə variantın Pinyin əlifbası ilə
yazılışı mötərizə içərisində
verilir: ئۈرۈمچى ىشەھر – Ürümçi
Shehri (Pinyin.
Wūlǔmùqí Shì) – Ürümçü
(Rus.Óðóì÷ó) şəhəri; ۋىلايىتى تارباغاتاي – Tarbağatay Vilayiti (Pinyin. Tǎchéng
Dìqū) – Tarbağatay vilayəti; ۋىلايىتى قەشقەر
– Qeshqer Vilayiti (Pinyin.
Kāshí Dìqū) – Qaşqar vilayəti; ئارال شەھر
– Aral
Shehri (Pinyin. Ālā'ěr Shì) – Aral şəhəri;
ۋىلايىتى
قۇمۇل – Qumul Vilayiti (Pinyin. Hami diqu) – Qumul vilayəti vb.
Qeyd:
Çindəki özəl adların Uyğurca
yazılışı və deyilişi dilimiz
üçün çox önəmli bir qaynaqdır və bu
qaynaq imlamızın bir sıra
yanlışlıqlarını düzəldə bilər. Örn.: Pinyin əlifbası ilə Çincə
Ākèsù yazılan ad bizə heç nə demir,
ancaq adın Uyğurca ئاقسۇ – Aqsu yazılışı
göstərir ki, Şincanda bir vilayət adı olan Aqsu
dilimizin Ağsu adı ilə eynidir vb.
Sonuc
Təbii ki, biz göstərilə biləcək
orfoqrafiya qaydalarının heç də hamısına
toxunmağı düşünmür və buna ehtiyac da
duymuruq. Bu göstərilən qaydaların da böyük
çoxunluğu indiyədək var olan orfoqrafiya
qaydalarımızda mövcuddur. Biz, sadəcə,
qaydaların verilməsinə bir az fərqli yöndən
yanaşdıq və istədik ki, orfoqrafiya qaydalarımız
Sovet dövrünün alışılmış strukturundan
qurtulsun, ədəbi dilimiz, o sıradan, orfoqrafiyamız
dövlət müstəqilliyimizin ortaya qoyduğu
çoxdilli mürəkkəb situasiya şəraitində
öz milli dil siyasətinə və onun strateji hədəflərinə
ayrıca diqqət yetirə bilsin.
Arif RƏHİMOĞLU
Filologiya üzrə fəlsəfə
doktoru İsveç, Yöteburq şəhəri
525-ci qəzet 2018.- 30 yanvar.- S.4.