Öz yaradıcılıq iqlimi olan sənətkar
- Yusif Həsənbəy
Qurban BAYRAMOV
Tənqidçi-ədəbiyyatşünas
(Əvvəli ötən
sayımızda)
Əsərləri
Mirzə İbrahimov, Bəkir Nəbiyev, Qılman İlkin,
Qabil, Fikrət Qoca, Hüseyn Abbaszadə, Nazif Qəhrəmanlı
və başqa qələm dostları tərəfindən
yüksək qiymətləndirilmiş Yusif Həsənbəyin
bədii yaradıcılıq imkanlarının daha
böyük bir sferaya və mərhələyə keçidi
Azərbaycan dövlətçiliyinin müstəqillik
dövrünə düşür.
Bu mərhələyə
qədər Yusif Həsənbəy bir şair, tərcüməçi,
dramaturq, publisist kimi tanınsa da, geniş masştablı nasir
kimi az tanınırdı. Doğrudur,
onun maraqlı novellalar, hekayələr müəllifi kimi
ara-sıra nəsr nümunələri ilə rastlaşsaq da,
yeni əsrdə o, birdən-birə roman müəllifi kimi
oratya çıxdı. "Sualtı döyüşlər"
romanı (2001) bu janrın yeni və təzə bir nümunəsi
kimi qarşılandı, Yazıçılar Birliyində və
başqa ictimai yerlərdə geniş müzakirələri
keçirildi, təqdimatı oldu, haqqında ədəbi tənqidin
maraqlı fikirləri ortaya çıxdı...
Yazıçılar
Birliyindəki təqdimatda məruzəçi mən idim və
həmin məruzənin mətni "Nəsrimiz: yeni
mövzunun yeni bədii həlli" adında ("Ədəbiyyat
qəzeti" (2002) irihəcmli ədəbi-tənqidi məqaləm
dərc olundu...
Bu romanın özəlliyi nədən ibarət idi? Ən əvvəl, mövzu
seçimində və mövzuya yanaşma üsulunda! Süjeti və ideyanın bədii həllinə gedən
təhkiyə isə ənənəvi roman janrının
uğurlu davamı idi.
Azərbaycan
qədim dənizçi ölkəsi olmasına baxmayaraq (Tur
Xeyerdal Qobustan qayaüstü rəsmlərinə görə
Azərbaycanı dünyada dənizçiliyin beşiyi
adlandırmışdı; Azərbaycanda rəsmi dənizçilik
idarəsi 1858-ci ildə yaradılmış, dünyada ilk
buxar gəmisi Xəzər dənizində üzmüş,
1901-ci ildə Xəzər dənizçilik donanmasında
788 gəmi olmuşdur), hələ
bu romana qədər Azərbaycan dənizçilərinin həyatından
bəhs edən irihəcmli bir bədii əsər
yazılmamışdı və doğrudan da təəccüblü
o idi ki, bu heç kimin diqqətini cəlb etməmişdi. Dənizçilik
ölkələrindən biri olan Azərbaycan, onun paytaxtı
Bakı (hələ Bakı limanına qədər tarixən
Azərbaycanda Xəzərsahili qədim şəhərlərimizdə
bir neçə böyük ticarət limanları mövcud
olmuşdu) şəhərinin dəniz
donanmaçılarının həyatından, fəaliyyətindən
bəhs edən bədii əsər
yazılmamışdı...
Yusif Həsənbəy
"Sualtı döyüşlər" romanı ilə
dünya ədəbiyyatı ənənələrindən bəhrələnərək
sırf real dənizçi həyatından bəhs edən, bu
sahədə işləyən müasirlərimizin, həməsrlərimizin
obrazlarını real həyat lövhələrində
canlandıran, müasir dənizçi məişətini
bütün nüansları ilə əks etdirən
yaxşı bir əsər yazıb, Azərbaycan ədəbiyyatında
bu mövzuda ilk bünövrə daşı qoymuş, yeni bir
mövzu istiqaməti müəyyənləşdirmişdir...
Bununla Azərbaycan bədii nəsrinin dövriyyəsinə
yeni mövzu daxil olmuş, aktual, çağdaş ədəbi-bədii
fakta çevrilmişdir.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar bu roman haqqında deyib:
"Şair, populyar mahnı mətnlərinin müəllifi
kimi tanınan Yusif Həsənbəyin romanını oxudum,
sevindim. Kitabda dənizçi həyatından və müxtəlif
ölkələrdən aldığı təəssüratı
qələmə alan müəllif
maraqlı obrazlar yaradıb. Yusif Həsənbəy mövzuya
aid olan həyatı dərindən öyrənib, uzaq ölkələrdən
keçərək o yerlərin insanlarının həyatına
nüfuz edib və tanış olduğu sferaları əsərinə
bacarıqla gətiribdir".
Belə bir müvəffəqiyyətli
yaradıcılıq işindən sonra Yusif Həsənbəy
yeni enerji ilə qələminə sarılır, bir-birinin
ardınca müxtəlif janrlarda yazdığı əsərləri
ilə mətbuatda çıxış edir, bir-birindən maraqlı
bədii nümunələr yaradır. "Onu
çağırırlar" (2005), "Vicdan yol
açır" (2006), yuxarıda bəhs etdiyimiz
"Sarı Çalı" povestləri, "Tanrımla
söhbət" (2007), "Cənnətin bağlı
yolları" (2007) poemaları, "Dəniz
aclığı", "Təkan" kimi hekayələri,
müxtəlif şeirləri, publisist yazıları bu mərhələnin
dəyərli bədii məhsullarıdır.
Yusif Həsənbəyin
"Sualtı döyüşlər. Next"
(2012) kitabına onun son illərdə qələmə
aldığı iki romanı və "Təkan" povesti
daxil edilib. Müəllifin qəhrəmanları
həyatlarının ən çətin anlarında belə ən
yaxşı insani keyfiyyətləri -
düzgünlüyü, səmimiliyi, doğruluğu və
xeyirxahlığı saxlamağa çalışır.
Yazıçı ədəbiyyatımızda az
işlənən dəniz, eləcə də
çağdaş gənclik mövzusuna özünəməxsus
üslubda yanaşır.
Yusif Həsənbəyin
maraqlı, diqqətçəkən əsərlərindən
biri "Təkan" ("Ədəbiyyat qəzeti", 20
dekabr, 2007) - xatirə motivində yazdığı sənədli
hekayəsidir. Hekayədə ədəbiyyatın zəhmli
yollarında mənəvi sıxıntılar keçirən,
mühitin biganəliyindən psixoloji
deqradasiyaya uğrayan istedadlı şairə nəhəng,
müqtədir, şöhrət çələngi gəzdirən,
dağ siqlətli bir sənətkarın (qəhrəmanının
probrazı müqtədir Xalq yazıçımız
İlyas Əfəndiyevdir) qayğısından, köməyindən,
ona güc-qüvvət, təkan verməsindən söhbət
açılır. Xatirə elə çözələnir
ki, bu böyük sənətkara adi insanların məhəbbəti,
hörməti, izzəti ilmələnir, aşkarlanır,
görsənir və son olaraq ümumxalq məhəbbətinin
ifadəsinə çevrilir... Bu hekayə sonra
genişləndirilərək 2014-cü ildə povest
janrında oxuculara təqdim edilmişdir ("Təkan",
Bakı,"Azpoliqraf", 2014, 80 səh.). Povestin ideya-estetik xəttində əsas cəhət
ondan ibarətdir ki, insan həyatındakı təsadüflər
ilahi zərurətdən yaranır. Və
bu təsadüf elə bir zərurətə çevrilir ki,
bütöv bir həyatın məna və məzmununu şərtləndirir.
İnsanın həyatındakı təsadüflər,
əslində, onu məqsədinə doğru aparan yolda bir əlamət,
bir rəmzdir. Bu rəmzlər mahiyyət etibarı ilə
insanın sonadək anlamadığı, dərk etmədiyi
ilahi "sifətlər"dir. Müəllif povestdə, həmçinin
xeyirxahlıq, vicdanlılıq, dürüstlük kimi
yüksək mənəvi-əxlaqi keyfiyyətləri
ustalıqla oxucusuna təlqin edir.
Demək
olar ki, bu əsərlərin hamısında müasirlik,
ictimai problemlər, sosial mühitin sıxıntıları,
milli-mənəvi, əxlaqi dəyərlər, bu dəyərlərə
insani münasibətlər, ruhi məqamlar, intellekt sahibi olan bəşər
üzvünün Tanrısı ilə saflıq
axtarışlarında ruhi söhbətləri, iç
dünyadan "cənnətin" nədənsə
üzümüzə bağlı qalan yollarının
axtarışları, bu yolları yenə mənəviyyat
açarı ilə "vicdanın açarı ilə
açmaq istəyi, insanı təmizliyə, mənəvi
saflığa çağırış istəkləri,
arzuları Pir babanın bizlərə qoyub getdiyi Pir bulağının
itirdiyimiz saflığına, duruluğuna" inama qayıdış bəzən
zəif, bəzən güclü, amma təmiz, xoş
yazıçı niyyəti ilə qələmə
alınmışdır.
Bu cəhətdən "Cənnətin bağlı
yolları" poeması xüsusən fərqlənir. Burada "cənnət"
mistik obraz deyil, Cənnət kimi gözəl olan Qarabağa
işarədir:
Üz
tutmamış yaramdı Qarabağım!
Nə
sönür, nə qaysaqlanır,
Sulandıqca
dağlanır,
Dağıdılmış
yuvamdı
Qarabağım!
Nə qədər
ki,
Düşmən
əlindədir torpağımız,
Yatdığımız
yuxu haramdı, qardaşlar,
İçdiyimiz
su haramdı...
Onun bu qəbildən olan poemalarında, ümumiyyətlə,
şeir yaradıcılığında gerçəklik, həyatilik
emosional müstəvidə təqdimi yaxşı bir cəhddir,
amma mühitlə səsləşən, həmahəng olan və
sadəliyə meyilli emosionallıqdır. Yusif Həsənbəyin
şeirlərində psixoloji-analitik təhlildən çox
real hadisələrə müraciət, monoloqlar
üstündür. Onun ictimai məzmunlu
şeirləri birtərəfli monoloqdur, dialoqa çevrilmir;
şairin oxuculara ünvanlanan düşüncələridir.
Şairin üslubunda poetik-bədii situasiyanın tərənnümdən
çox, şərhinə üstünlük verilir... Ümumiyyətlə, Yusif Həsənbəyin misra
intonasiyasında bir nəsr düzümü, nəsr sərbəstliyi
var. Həmçinin, nəsrində, xüsusən povest və
hekayələrində sadə lirizm, şairanə
müşahidələr üstünlük təşkil edir.
Onun təhkiyəsində şeir dilinin sintaktik
biçimləri yer alır. Və bu biçimli hekayələr
oxucusuna lirik, şairanə effekt aşılayır...
İndinin
özündə də, Yusif Həsənbəy böyük Səməd
Vurğun demiş "Əlimdədir hələ qələm!"
devizi, gənclik enerjisi ilə yazıb-yaradır.
Müstəqillik dövrünün mətbuatında
tez-tez silsilə şeirləri dərc edilir. Bu şeirlərdəki
lirizm, yeni deyim tərzi, gənclik ehtirası, orijinal qafiyə
və bənzətmələr diqqəti cəlb edir.
Onun bu yaxınlarda "525-ci qəzet"də dərc edilən
"Bahar gəlir", "Səndən
heç nə istəmirəm", "Məhəbbət
şirin acıdır", "Qocalar tələsmir",
"Dənizdə fırtına var" şeirlərinə
göz atdım və bu şeirlərdəki coşğun
ovqatı elə bil özünün "Qocalar tələsmir"
şeirində təsvir etdiyi:
Alnım
qırış-qırış, sanki xış kəsib,
Basır kipriyimi codlaşan
qaşım!
Qamətimi
elə hey dikəltsəm də,
Qurşaqdan
yuxarı qalxmayır başım!
- qocaman şair yazmayıb! "Səndən
heç nə istəmərəm" şeirindəki
şövqə, ehtirasa diqqət yetirin:
Bir sən olasan, bir də mən,
Səndən
heç nə istəmərəm!
Ölüm
istərəm əcəldən,
Səndən
heç nə istəmərəm!
...İstəsəm
qaynar ağuşlar,
Dolana
boynuma saçlar,
Qarışa
ağıllar, huşlar!
Gəlsin baş-başa qaşların.
Od
püskürsün baxışların!
Sel-sel
axsın göz yaşların!
Yağdır başıma yağışlar.
Qoy məni
yaxsın atəşlər,
Sönsün gözümdə günəşlər.
Gözlərin
köksümə xəncər,
Sözlərin
qəlbimə şeşpər!
Səndən
heç nə istəməsəm,
Tökülər
başıma daşlar!
Dondurar
yazımı qışlar!
Çəkərəm şövqümə neştər.
Yetər
sona bu təşvişlər
Səndən heç nə istəmərəm!
... Yusif, dəryadı səbrimiz,
Hər möhnətə dözərik biz.
Nola bir düşə qəbrimiz,
Məzarda yox,
Yar qoynunda, o cənnətdə,
Sinə boyu, qol boyunca,
Sən doyunca, mən doyunca.
Aşkar öpüşə qəlbimiz, -
Odlara düşə qəlbimiz.
Bir ocaqda külə dönsək,
Uf demərəm,
Ancaq səndən,
Səndən heç nə istəmərəm.
Allahverdi Eminov haqlı olaraq yazır ki: "Yusif Həsənbəy sədaqətini, ülviliyini qorumaq naminə, poeziyanın ən kövrək və kontrastlı imkanlarını gerçəkləşdirmişdir. Epitetlər, poetik assosiasiyalar, zərif nüanslar məhəbbətin bakirəliyini işıqlandırır".
Yusif Həsənbəy həm yaradıcılığının, həm də həyatının müdriklik çağlarını yaşayır. Bu, çətin, əzablı, axtarışlı, səmərəli, zəngin, öz iqlimi, ab-havası olan yaradıcılıq ömrünün çox dəyərli məqamı deməkdir. Yusif Həsənbəyə yaradıcı ömrünün 85-ci məqamında möhkəm sağlamlıq, sözdən süzülən yeni-yeni uğurlar, yorulmazlıq arzulayıram.
525-ci qəzet.-2018.-31 yanvar.-S.6.