Maarifçilik tariximizdə layiqli yer tutan
fədakar qadın: Pəri xanım Topçubaşova
Deyirlər, sağlam cəmiyyət qurmağın
başlıca şərti ilk növbədə qızlara təhsil
verməkdən, qadınları savadlı yetişdirməkdən
başlayır.
Əgər qadın savadlı,
dünyagörüşlü olarsa, onun ailəsində
böyüyən övladları da savadlı olacaq. Azərbaycanın
çoxəsrlik tarixində cəmiyyətin inkişafı,
maarifpərvər ideyaların təbliği istiqamətində
mühüm rol oynamış bir çox
qadınlarımız olub. Onlar cəmiyyətin
müxtəlif sahələrində kişilərlə
çiyin-çiyinə çalışıb, həyatını
xalqın inkişafına həsr ediblər.
Belə maarifçi qadınlarımızdan biri də
böyük ziyalı Həsən bəy Zərdabinin
qızı, görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy
Topçubaşovun həyat yoldaşı Pəri xanım
Topçubaşovadır.
Pəri xanım Topçubaşova 1873-cü ildə Zərdab
rayonunda Həsən bəy Zərdabinin ailəsində
dünyaya göz açıb. Dörd uşaqlı
ailənin ilk övladı olan Pəri xanımı atası
oxutmaq, ona yaxşı təhsil vermək arzusunda idi. Ancaq dövrə hakim olan ağır mühit, gerilik
onun bu istəyinin qarşısına müxtəlif maneələr
çıxarırdı.
XIX əsr çar Rusiyasının tərkibindəki Azərbaycanın
mətbuat sahəsindəki ağır mühiti nadan və
cahil müsəlmanların səyi nəticəsində
xüsusilə dözülməz hal almışdı. Bu o zamanlar idi
ki, təhsilli insanlar, maarifə meyl edən şəxslər
asanlıqla öldürülə bilirdi. Buna
görə də ictimai fəaliyyət göstərən
ziyalıların işi bu şəraitdə xüsusilə
çətin idi. Belə ziyalılardan
olan Həsən bəy Zərdabini hökumət 1878-ci ildə
Bakı realnı məktəbindəki müəllimlik vəzifəsindən
azad edir. İki il Bakıda işsiz
qalan Həsən bəy 1880-cı ildə ailəsi ilə
birlikdə doğma kəndinə Zərdaba köçür.
Bu zaman onun böyük qızı Pərinin 7
yaşı var idi. Ailənin maddi vəziyyətinin
ağır olmağına baxmayaraq, Həsən bəy
qızını oxutmaq arzusundan vaz keçməmişdi.
Ancaq bu arzunun özü də bir çox maneələrə
rast gəlirdi. Onlardan ən vacibi isə Azərbaycanda
qız məktəbinin olmaması idi. Bu səsbəbdən
də o, qızını Tiflisə aparır və vaxtı ilə
Hənifə xanımın təhsil aldığı rus
qız gimnaziyasına qoyur.
Tiflis mətbu orqanları və ziyalıları ilə
mütəmadi əlaqə saxlayan Həsən bəy tez-tez
gimnaziyaya gəlir, qızının dərsləri ilə
maraqlanırdı. Qısa bir müddətdə Pəri
xanım həm təhsili, həm də yüksək ədəb-ərkanı
ilə müəllimlərinin hörmətini, sevgisini
qazanır. Beləliklə, Tiflisdə rus qız gimnaziyasında
ilk təhsil alan azərbaycanlı qız Pəri
xanım oldu. Bu zamana qədər isə görkəmli
dramaturq, ziyalı Mirzə Fətəli Axundov da öz
qızı Nisəni rus məktəbində təhsil
almağa göndərmişdi ki, digər azərbaycanlılar
da qızlarını oxutsunlar.
Bir müddət sonra gimnaziya təhsili ilə kifayətlənməyən
Pəri xanım Peterburqa gedir və 1889-cu ildə Peterburq
Universitetinin Hüquq fakültəsini əla qiymətlərlə
başa vurur.
Tiflisdə, Bakıda məhkəmə köməkçisi,
dairə məhkəməsinin katibi, vəkil və s. işlərdə
işləyir. Təbii ki, bir əşya kimi
satılan, öz hüququndan xəbərsiz azərbaycanlı
qadınının nümayəndəsinin hüquq sahəsində
çalışması o dövr üçün çox
böyük nailiyyət idi.
Araşdırmaçı Qərənfil
Dünyaminqızı yazır ki, Pəri xanım hələ
Tiflisdə rus-qız gimnaziyasında oxuyarkən təhsilə,
yeniliyə olan marağı ilə yanaşı, Şərq
qadınlarına xas gözəlliyi, saflığı, sadəliyi
ilə də Əlimərdan bəyin diqqətini cəlb edib. Aralarında səmimi
bir dostluq yaranır və bu dostluq sonralar ülvü məhəbbətə,
sədaqətli ömür-gün yoldaşlığına
çevrilir. Deyilənlərə görə,
onların bu səmimi münasibəti gimnaziyada vaxtilə Hənifə
xanımın, sonralar isə Pəri xanımın müəllimi
olan Mariya xanımın diqqətindən yayınmır.
O, Həsən bəyə məktub yazaraq bu məsələni
açır və Əlimərdan bəyin onun qızına
layiq olduğunu bildirir. Həsən bəy Mariya xanımın
məktubundan sonra böyük oğlu Midhətlə birgə
Tiflisə gəlir, Əlimərdan bəylə tanış
olur. Ədəb-ərkanlı, savadlı bu gənc
Həsən bəyin də ürəyincə olur.
Beləliklə, Əlimərdan bəy Həsən bəylə
Hənifə xanımın razılığını
aldıqdan sonra onlar Tiflisdə Pəri xanımla ailə həyatı
qururlar. Amma nədənsə Hənifə xanım bu toyda
iştirak etmir. Q.Dünyaminqızı
yazır ki, bu haqda Pəri xanımın, anası Hənifə
xanıma yazdığı məktubunda məlumat verilir.
Məktubda Pəri xanım yazırdı: "Mənim əziz
anam, heyiflər olsun ki, sən bizim toyumuzda iştirak edə
bilmədin. Dünən 31 dekabr tarixində kəbinimiz
kəsildi və mən Mərdan bəyin evinə
köçdüm. Hər şey çox
gözəl və şən keçdi, bunu hətta xalam da təsdiqləyə
bilər. Heyif, bircə sən yox idin.
Əzizim mənim, bilirəm ki, sən burada
olsaydın mənim xoşbəxtliyimə şərik
olardın. Amma mən ümid edirəm ki,
imkan tapan kimi sən yığışıb bizə gələcəksən.
Mərdan bəyin kənd məktəbində dərsləri
var və məzuniyyət götürmək üçün
münasib vaxt deyil. Mərdan bəy söz
verib ki, sənin arzunu həyata keçirəcək və sənin
sevimli qızına layiq həyat yoldaşı olacaq. Anacan, bağışla ki, biz hər şeyi səndən
xəbərsiz etmişik, amma mən ümid edirəm ki, sən
heç bir şeyə qarşı etiraz etməyəcəksən.
Öpürəm səni. Səni
sevən qızın. Mənim
ünvanım. Starovnaya küçəsi,
Vinasovun evi. Pəri xanım
Topçubaşova".
Araşdırmaçı yazır ki, dövrün
lüzumsuz "adət-ənənəsinə"
qarşı çıxan Həsən bəyin qızı Pəri
xanım üçün Əlimərdan bəydən
başlıq istəməsini Pəri xanımın anası Hənifə
xanıma yazdığı məktubunda oxuduqda çox təəccüblənib. Məktubdan bəlli
olur ki, Əlimərdan bəyin bu pulu verməyə imkanı
olmadığı üçün Tiflisdə kiçik bir
toy edərək Pəri xanımla ailə qurur. Bu haqda Pəri
xanım yuxarıda qeyd etdiyimiz məktubunda yazırdı:
"Mehriban ana. Kəbin mərasim zamanı
kiçik bir anlaşılmazlıq oldu. Sən
demə, atam Mərdan bəydən 10 000 pul tələb edib,
amma Mərdan bəyin bu məbləğdə nəğd pulu
olmadığı üçün verə bilməyib. Sonra Mərdan bəy mənə bildirdi ki, pula
görə bu toyu pozmaq olmaz. Əziz anam,
onsuz da mən əvvəl-axır ərə getməliydim və
qoy bu insan başqası olmaqdansa məhz məni sevən
olsun".
Həm Əlimərdan bəyi tanımadığına,
həm də toyun belə tez olduğuna görə Hənifə
xanım bu izdivacdan çox narahat idi. Onu sakitləşdirmək
üçün Əlimərdan bəy də Hənifə
xanıma məktub yazaraq qızının xoşbəxt
olacağını əminliklə ona bildirirdi: "Çox
hörmətli və əziz ana. Əminliklə
bildirirəm ki, bundan sonra da Pəricana olan münasibətimi
heç nə dəyişə bilməz, əksinə, bizim
ailə həyatımızın hər yeni bir günündə
mənim Pəricana olan sevgim daha da artır. Siz də bu gündən mənimçün
doğma insana çevrilirsiniz. Düzdü
hələ ki, mənə yalnız Pəricanın
çoxhörmətli atasını və qardaşı Midhəti
görmək qismət olub, amma mən tək onları deyil,
qiyabi olsa da əziz ananı və kiçik qardaş və
bacısını da çox sevirəm. Ümid edirəm
ki, fürsət düşən kimi Sizinlə
görüşüb, şəxsi keyfiyyətlərimlə
olmasa da, amma Pəricana olan sevgimlə Sizin
rəğbətinizi qazanmağa çalışacağam... Bir tək bu "xilasedici lövbərə" əsaslanaraq
ümid edirəm ki, birinci növbədə mənim belə
gec yazmağımı və toyumuzun məhz bu şəraitdə
keçdiyini bizə bağışlayacaqsınız.
Sizi sevən və hörmət edən kürəkəniniz
Əli Mərdan bəy Topçubaşov.
29 yanvar 1894-cü il".
1896-cı ildə Həsən bəy Zərdabdan ailəsi ilə birlikdə Bakıya köçür. Deyilənlərə görə onu Bakıya Hacı Zeynalabdin Tağıyev dəvət edir və ailəsi ilə birlikdə yaşaması üçün şərait də yaradır. Həsən bəy Bakıya gələndə şəhərdə inkişaf, canlanma hiss olunurdu. Buna görə də Həsən bəy ziyalıları başına toplamaq, mübarizə aparmaq, elmi təbliğ etmək fikri ilə ilk olaraq öz qızını və kürəkənini Bakıya dəvət edir. Elə həmin il ailə Həsən bəyin və Hənifə xanımın təklifi ilə Tiflisdən Bakıya köçür. Həsən bəylə Əlimərdan bəy arasında səmimi əqidə, məslək dostluğu yaranır. Həsən bəy hələ Zərdabda olarkən Əlimərdan bəyin redaktoru olduğu "Kaspi" ilə əməkdaşlıq edir, "Zərdabdan məktublar" adı ilə məqalələr göndərirdi. Lakin Bakıya köçdüyü həmin ildən etibarən bu əməkdaşlıq daha da sıxlaşır. 1896-cı ildən 1907-ci ilin noyabrına, yəni həyatının sonuna kimi Həsən bəy demək olar ki, "Kaspi"nin əksər problemlərini öz üzərinə götürür. Çünki bu zaman gənc redaktor Əlimərdan bəyin Həsən bəy kimi qocaman, təcrübəli bir jurnalistə, publisistə çox böyük ehtiyacı var idi. Xalqının mənafeyinin müdafiə olunması, islahatların hazırlanması, ictimai rəyin yaranması məsələlərini Əlimərdan bəy Həsən bəyin köməkliyi sayəsində "Kaspi"nin səhifələrində təbliğ etməyə nail olur. Daha çox siyasi işlərlə məşğul olan Əlimərdan bəy qəzetin taleyi üçün narahat deyildi. Çünki Həsən bəy kimi bir qəzetçi "Kaspi"nin qayğısına qalırdı.
Bu illərdə Hənifə xanım ilk övladı Pəri xanımın ailə həyatından çox məmnun idi. Kürəkəni Əlimərdan bəy həqiqətən onun sevimli Pəricanını xoşbəxt etmişdi. Təəssüf ki, bu xoşbəxtliyin ömrü qısa oldu. Onlar vətən, millət sevgisi yolunda Vətəndən didərgin düşdülər, təqiblərə, təhqirlərə məruz qaldılar.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında əvəzsiz xidmətləri olmuş, fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərilmiş, müstəqil Azərbaycanın ilk parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşov 1919-cu ildə Paris sülh konfransına yola düşərkən ailəsini də özü ilə birlikdə aparır. Bu, Topçubaşovlar ailəsinin Vətəndən ömürlük gedişi olur. İllərlə Vətən həsrəti ilə qürbətdə Vətənin azadlığı uğrunda mübarizə aparan Əlimərdan bəyə Pəri xanım hər tərəfli dəstək olur. Hər ikisi yüksək hüquq təhsili almışdılar. Deyilənlərə görə, çox vaxt sənədlərin hazırlanmasında da Pəri xanım ona yardım edirmiş.
1895-ci ildə Əlimərdan bəy Topçubaşov qaynanası Hənifə xanıma yazdığı məktublarından birində Pəri xanımı "xilaskar mələyi" adlandırırdı. İllər keçdi və Pəri xanım ömrünün sonunacan Əlimərdan bəyin hərtərəfli xilaskarı oldu.
Əlimərdan bəy və Pəri xanım Topçubaşovaların izdivaclarından beş övladı olmuşdu. Onlardan dördü - oğulları Ələkbər bəy, Ənvər bəy Topçubaşovlar, qızları Sara xanım Sultanoğlu, Sevər xanım Topçubaşova anaları ilə birlikdə Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində iştirak ediblər.
Fransada mühacirətdə olan Pəri xanım 1947-ci ildə orada dünyasını dəyişib, Paris yaxınlığında Sen-Klu məzarlığında, vəfalı həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn olunub.
Şahanə
MÜŞFİQ
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu və
"Kaspi" qəzetinin keçirdiyi müsabiqəyə təqdim
etmək üçündür
525-ci qəzet 2018.- 31 yanvar.- S.6.