"Uğurlarla kifayətlənmirik,
qarşıda daha böyük işlər var"
BAKI XOREOQRAFİYA AKADEMİYASI TƏHSİL KOMPLEKSİNİN REKTORU, ƏMƏKDAR ELM XADİMİ, ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ, PROFESSOR TİMUÇİN ƏFƏNDİYEVLƏ MÜSAHİBƏ
-
Timuçin müəllim, heç kəsə sirr deyil ki, uzun
zaman ərzində rektorluq etdiyiniz Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetini (əvvəllər
Azərbaycan Dövlət İncəsənət İnstitutu)
III kateqoriyalı kiçik bir ali təhsil müəssisəsindən
böyük bir universitetə çevirdiniz. Söhbətimizi
bundan başlamaq istəyərdim: bunu necə bacardınız?
- Bu suala
bir qədər geniş cavab verməli olacam. Mən rektor təyin
olunanda respublikamızda cəmi 17 ali təhsil müəssisəsi
var idi və rektorlar arasında ən gənci mən idim.
Doğru qeyd etdiniz ki, Azərbaycan Dövlət İncəsənət
İnstitutu III kateqoriyalı (sovet dövründə ali təhsil
müəssisələri kateqoriyalara bölünürdü),
4-5 ixtisası olan kiçik bir ali təhsil ocağı idi.
Çox acınacaqlı maddi-texniki bazası, müəllim
heyətində cəmi bir elmlər doktoru, 4-5 elmlər namizədi
var idi.
Qısa
müddət ərzində İnstitutun fəaliyyətinə
ölkənin görkəmli sənət xadimləri və
alimləri cəlb olundu, respublikada böyük ehtiyac duyulan
bir sıra yeni ixtisaslar (kino, televiziya rejissoru və operatoru,
dizayn, teatr dekoru və digər rəssamlıq ixtisasları,
estrada rejissoru, xoreoqrafiya sənəti, ədəbi iş və
ekran dramaturgiyası, kinoşünaslıq, aşıq sənəti,
həmçinin özündə bir çox ixtisasları əhatə
edən musiqi fakültəsi) açılmasına nail olduq.
Müstəqilliyimiz dövründə bu ixtisasların bir
çoxunun nə qədər böyük əhəmiyyəti
olduğu öz təsdiqini tapdı. Artıq
respublikamızın özündə istər kino, istər
xoreoqrafiya sənəti, istərsə də digər sahələr
üzrə yüksək ixtisaslı yerli kadrların
hazırlanması başlandı (bu dövrə kimi qeyd olunan
ixtisaslar üzrə kadrlar Rusiyada, Ukraynada
hazırlanırdı).
Həmçinin
ali məktəbin elmi potensialı qüvvətləndirildi,
30-dan artıq professor, elmlər doktoru, 80-nə yaxın dosent,
elmlər namizədi institutun fəaliyyətinə cəlb
olundu. Bir çox istisaslar üzrə müdafiə
şuralarının fəaliyyəti Ali Attestasiya
Komissiyası tərəfindən təsdiqləndi. İki
elmi-nəzəri jurnal çap edilməyə başlandı,
onlarla dərs vəsaitləri, monoqrafiyalar və s. nəşr
olundu. Ulu Öndərimizin qayğısı nəticəsində
hal-hazırda istifadədə olan möhtəşəm bina
institutun istifadəsinə verildi. Əlamətdar haldır ki,
Bakı Dövlət Universitetindən sonra respublikada universitet
adı məhz İncəsənət İnstitutuna verilərək,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universiteti adlandırıldı. Təsadüfi deyil ki,
Universitetin 90 illik yubileyində möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin fərmanı ilə universitetin 30-a
yaxın əməkdaşı yüksək fəxri adlara və
dövlət mükafatlarına layiq görüldülər.
- Hazırda həmin universitet ilə əlaqəniz
necədir?
- Kollektiv
mənim doğma kollektivimdir, 40 il orada
çalışmışam. Əlbəttə, əlaqəm
var, bayramlarda zəng edib təbrik edirlər. Hal-hazırda
rektoru olduğum Akademiyaya gəlib gedirlər. Universitetin
hazırkı rektoru Fərəh xanımla münasibətimiz
çox yaxşıdır, gözəl ziyalı ailənin
nümayəndəsidir.
- Universitet xatirələrindən ən
yadda qalanı hansıdır?
- Xatirələrim
çoxdur, ələlxüsus, Rza Təhmasib, Mehdi Məmmədov,
Mikayıl Abdullayev, Həsənağa Turabov, Tofiq
İsmayılov, Lətif Kərimov, Böyükağa Mirzəzadə
və bir çox başqa görkəmli adamlarla xatirələrimi
yazıram, bəzilərini artıq çap etdirmişəm.
Lakin ən çox yadımda qalan anı, əlbəttə
ki, qeyd etmək istəyərdim. Sabiq təhsil naziri Mikayıl
Cabbarov Universitetə yeni rektoru təqdim edib mənə də
təşəkkür bildirdikdən sonra, mən kollektivdən
ayrılıb gedərkən bütün kollektiv universitetin
qarşısında olan yeraltı keçidə kimi məni
ötürdülər və bir çox qadın müəllimələr
isə kövrəldilər. Bu, mənim xatirəmdən
heç vaxt silinməyəcək.
- 30 ildən
çoxdur ki, ali təhsil müəssisələrinin rektoru
kimi fəaliyyət göstərirsiniz. Sizcə, rektor olmaq
üçün əsas şərtlər nədir?
-
Bilirsinizmi, əsl rektor olmaq çətin və çətin
olduğu qədər də şərəflidir. Əsas şərtlər
isə yüksək təşkilatçılıq
bacarığı, dərin savadın və intellektual səviyyənin
olması, insanlarla (xüsusilə də sənət
adamları ilə) dil tapmaq bacarığının olması
və sadəlikdir.
- Timuçin müəllim, Sizi eyni
zamanda romantizmə aid, Hüseyn Cavid, Cəfər Cabbarlı,
incəsənətin inkişaf mərhələləri
haqqında fundamental elmi-tədqiqat işlərinin müəllifi
kimi tanıyırıq. Bakı Xoreoqrafiya Akademiyasına
rektorluq elmi fəaliyyətinizə mane olmur ki?
-
(gülümsəyir) Əlbəttə ki, bir qədər mane
olur, amma yazı-pozuya vaxt tapıram. Hazırda "Teatr və
müasirlik" mövzusunda elmi əsərin üzərində
işləyir, həmçinin, müəyyən xatirələrimi
nəzərdən keçirir, rəhbəri olduğum
doktorantlara məsləhətlər verirəm. Artıq iyirmidən
çox aspirant və dissertantım uğurla müdafiə edərək
elmi dərəcələr alıblar.
- Bakı Xoreoqrafiya
Akademiyasının yeni ali təhsil müəssisəsi kimi 3
il ərzində nə kimi nailiyyətləri var?
-
Bildiyiniz kimi Bakı Xoreoqrafiya Akademiyası (Təhsil kompleksi)
Respublika Prezidentinin 30 aprel 2014-cü il tarixli Sərəncamı
ilə yaradılmış və həmin il də möhtərəm
Prezidentimizin Sərəncamı ilə akademiyaya rektoru təyin
olunmuşam. Burada işləri sıfırdan
başlamışam. Akademiyanın maddi-texniki bazası yeniləndi,
peşəkar professor-müəllim heyəti akademiyanın fəaliyyətinə
cəlb olundu. Akademiyada ali təhsil pilləsinin bütün səviyyələri
(bakalavriatura, magistratura, doktorantura) ilə yanaşı həm
tam orta məktəb, həm kollec fəaliyyət göstərir
ki, bu da onun unikallığına dəlalət edir.
Akademiyanın təsis etdiyi "Sənət Akademiyası"
elmi-nəzəri jurnal Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan
Respublikasında dissertasiyaların əsas nəticələrinin
dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin
siyahısına əlavə olunub.
Fəaliyyət
dövrü ərzində Akademiya "Xoreoqrafiya sənətinin
aktual problemləri" mövzusunda respublika elmi-praktik,
"Heydər Əliyev və Azərbaycan incəsənəti"
mövzusunda respublika elmi-nəzəri, "Multikulturalizmin Azərbaycan
modeli: tarix, mədəniyyət və incəsənət"
mövzusunda respublika elmi-praktiki, "Azərbaycançılıq
fəlsəfəsi və qloballaşma dövründə mədəniyyətlərin
dialoqu" mövzusunda elmi konfranslar keçirib.
Bakı
Xoreoqrafiya Akademiyası qarşısında duran ümdə vəzifələrdən
biri də xoreoqrafiya sənəti ilə yanaşı,
xoreoqrafiya təhsilinin bütün istiqamətləri üzrə
məqsədyönlü fəaliyyət göstərmək,
ardıcıl tədbirlər, layihələr həyata
keçirmək və bütün bu fəaliyyətlərin əsasını
təşkil edən dərs vəsaitləri, tədris
proqramları və dərsliklərin tərtib olunub nəşr
etdirilməsidir ki, bu sahədə artıq önəmli tədbirlər
görülmüş, yalnız xoreoqrafiya sənəti deyil,
instrumental ifa, səhnəqrafiya tarixi və digər sahələr
üzrə də dərs vəsaitləri, fənn
proqramları, monoqrafiyalar nəşr olunub.
Akademiyanın
üç ilik fəaliyyəti dövründə xoreoqrafiya sənəti
sahəsində beynəlxalq təcrübənin öyrənilməsi
üçün 10-dan artıq peşəkar mütəxəssilərin
ustad dərsləri təşkil olunub. Onların arasında
Rusiya Federasiyasının xalq artistləri Vladimir Vasilyevin,
Nikolay Tsiskaridzenin, əməkdar artistlər Sergey Moxnaç,
Vitaliy Axundovun və digərlərin səfərini xüsusilə
qeyd etmək istəyərdim. Akademiyanın tələbələrinin
gücü ilə Tofiq Bakıxanovun "Şərq
poeması", Çaykovskinin "Şelkunçik",
Qara Qarayevin "Yeddi gözəl"
baletləri, eyni zamanda, milli rəqs tədris tamaşaları
ölkənin qabaqcıl səhnələrində tamaşaya
qoyulub. Ötən ilin dekabr ayında akademiyanın instrumental
ifaçılıq ixtisası üzrə təhsil alan magistr
tələbələri Azərbaycan Dövlət Akademik
Filarmoniyasının səhnəsində Xalq artisti Rauf
Abdullayevin dirijorluğu ilə klassik fortepiano konsertləri ilə
çıxış ediblər. Hal-hazırda Minkusun "Don
Kixot" baletinin və Üzeyir Hacıbəylinin
"Arşın mal alan" operettasının musiqisi əsasında
rəqs tamaşanın səhnələşdirilməsi sahəsində
işlər görülür.
Akademiyanın
tələbələri böyük uğurla beynəlxalq
müsabiqə və festivallarda iştirak edir, birinci dərəcəli
laureat və diplomant adlarını qazanırlar.
Əlbəttə
ki, yalnız akademiyanın deyil, mən deyərdim ki, Azərbaycan
incəsənət tarixinin ən əlamətdar hadisələrindən
biri isə ilk dəfə olaraq Qəmər Almaszadə
adına I Beynəlxalq rəqs müsabiqəsinin akademiya tərəfindən
təsis olunmasıdır. İlk müsabiqədə ABŞ,
Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Litva kimi 10-dan
artıq ölkənin nümayəndələri iştirak
edib. Böyük müvəffəqiyyətlə keçən
müsabiqənin hər iki ildən bir keçirilməsi qərar
alınıb.
Bu,
akademiyanın uğurlarının bir hissəsidir, lakin biz bu uğurlarla
kifayətlənmirik. Fəaliyyətimiz yüksələn xətt
üzrə davam etməkdədir və artıq bu ilin iyun
ayının 25-27-də Bakı şəhərində Qəmər
Almaszadə adına II Beynəlxalq rəqs müsabiqəsinin
keçirilməsinə hazırlaşırıq.
Qarşıda daha böyük layihələr, daha
böyük işlər var.
- Akademiyanın beynəlxalq əlaqələri
hansı səviyyədədir?
- Bakı
Xoreoqrafiya Akademiyası xarici ölkələrin təhsil, elm
və mədəniyyət müəssisələri ilə,
habelə Beynəlxalq təşkilatlarla, səfirliklər və
diplomatik nümayəndəliklərlə birbaşa əlaqələrin
yaradılması, inkişaf etdirilməsi və həyata
keçirilməsi sahəsində geniş işlər
aparır. Beynəlxalq əməkdaşlıq yolu ilə
professional təhsilin nəzəri və praktiki keyfiyyətinin
yüksəldilməsi, pedaqoji təcrübənin və tədqiqat
işlərinin aparılması, ustad dərslərin, müəllim,
tələbə və mütəxəssis mübadiləsinin
həyata keçirilməsi məqsədi ilə Moskva Dövlət
Xoreoqrafiya Akademiyası, A.Y.Vaqanova adına "Rus baleti"
Akademiyası, Moskva Dövlət Mədəniyyət
Universiteti, Pekin Rəqs Akademiyası, Qazaxstan Milli Xoreoqrafiya
Akademiyası, Belarus Dövlət Mədəniyyət və
İncəsənət Universiteti, T.Jurgenov adına Qazax Milli
İncəsənət Akademiyası və digər təhsil
ocaqları ilə qarşılıqlı əməkdaşlıq
müqavilələri imzalanıb. Akademiya Avropa İncəsənət
İnstitutları Liqasının (ELİA) üzvü
seçilib.
Ali təhsil
müəssisələri arasında əlverişli və səmərəli
əməkdaşlığın qurulması və həyata
keçirilməsi, yaradıcı kollektivlərin fəaliyyətini
stimullaşdırılması, gələcək planlar
haqqında fikir mübadiləsi aparmaq məqsədi ilə
2016-cı ildə Belarus Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin rəhbərliyinin dəvəti
ilə Minsk şəhərinə rəsmi səfər
etmiş, universitetin Elmi Şurası, professor-müəllim
heyəti və kollektivi ilə yaxından tanış
olmuşam. Eyni zamanda, 2017-ci ilin noyabrında mədəniyyət
və incəsənət xadimlərinin bir araya gəldiyi
geniş diskussiya, fikir və təcrübə mübadiləsi
meydanlarından biri olan Sankt-Peterburq Beynəlxalq Mədəniyyət
Forumunda Azərbaycan nümayəndə heyətinin rəhbəri
kimi iştirak etmişəm.
Bir
müddət öncə Yaponiyanın Tokio Balet
Akademiyasının Beynəlxalq əlaqələr
departamentinin müdiri, balet artisti və xoreoqraf Andrey Orlov,
A.Y.Vaqanova adına "Rus baleti" Akademiyasının
rektoru, Rusiya Federasiyasının Xalq artisti Nikolay Tsiskaridze
Bakı Xoreoqrafiya Akademiyasının qonağı oldular. Səfər
zamanı cənab N.Tsiskaridzeyə Elmi Şuranın qərarı
ilə Bakı Xoreoqrafiya Akademiyasının fəxri professoru
adı verildi.
- Atanız, böyük yazıçı
və dramaturq idi. Yəqin ki, evinizə tez-tez görkəmli
yazıçılar və yaradıcı şəxslər
yığışardı. Bu zaman nə kimi söhbətlər
olurdu?
- Mən
Bakının Hüsü Hacıyev küçəsindəki
məşhur "Yazıçılar evi"ndə
böyümüşəm. Hər gün təmasda
olduğumuz görkəmli şair və
yazıçılardan Bəxtiyar Vahabzadə, Qabil, İsa
Muğanna, Əhməd Cəmil, Hüseyn Abbaszadə,
Əliağa Kürçaylı və başqaları
haqqında olan xatirələri saatlarla danışmaq olar.
Əlbəttə, evimizdə yalnız yazıçılar
yox, həmçinin atamın dostları olan görkəmli bəstəkarlarımız
Soltan Hacıbəyov, Səid Rüstəmov, rejissorlar Tofiq
Kazımov, Mərahim Fərzəlibəyov, alimlər Cəfər
Cəfərov, Məmməd Cəfər, Kamal Talıbzadə,
riyaziyyatçı alim Əmir Həbibzadə, rəssamlar Səttar
Bəhlulzadə, Toğrul Nərimanbəyov və digərləri
qonağımız olardı. Təbii ki, söhbət ədəbiyyatdan,
teatrdan, ümumilikdə mədəniyyət və incəsənətdən
olardı. Bəzən mübahisələr də olurdu. Mənim
bir insan, bir ziyalı və alim kimi formalaşmağımda bu
söhbətlərin və atamın kitabxanasının
böyük rolu olub.
- İlyas Əfəndiyev haqqında
az adamın bildiyi başqa nə söyləyə bilərsiniz?
- İlyas Əfəndiyev böyük yazıçı və dramaturq olmaqla yanaşı əvəzolunmaz bir ata idi. Mən və qardaşım Elçin uşaq olarkən anamız dünyasını dəyişmişdi, atam onun da əvəzindən bizi böyük qayğı ilə əhatə etmişdi. Atam çox savadlı və alicənab insan, dünya ədəbiyyatının gözəl bilicisi, bir sözlə, ədəbiyyat, teatrla yaşayan insan idi. Əlindən ancaq xeyirxahlıq və yaxşılıq gəlirdi. Yaltaqlıqdan, ikiüzlülükdən zəhləsi gedirdi. İnsanlara inanardı. Kimsə yalan desə belə, özünün məşhur "yox əşi" sözünü söyləyərdi. Qara rəngi, ümumiyyətlə, iniltili, pessimist söhbətləri sevməzdi. Gözəl hafizəsi var idi, keçmişdə olmuş maraqlı hadisələri tez-tez danışardı. Özü də olduqca sadə insan idi.
- Ta
uşaqlıqdan ədəbi mühitin, söz
adamlarının içərisində
böyümüsünüz. İndiki ədəbi mühitlə
o dövrki ədəbi mühiti müqayisə etdikdə
hansı mənzərə ortaya çıxır?
- Müqayisəyə gəlməyən şeyi necə müqayisə etmək olar? Ədəbi mühitin birinci göstəricisi böyük istedad sahibi olan yazıçılar, şairlər, tənqidçilər, ədəbiyyatşünasların ümumi bir amala, ədəbiyyata xidməti deməkdir. Təəssüflə deyim ki, belə amala xidmət edən böyük istedad sahiblərimizi indi barmaqla saymaq olar. Müəyyən cılızlaşma prosesi nəzərə çarpır.
- Xaraktercə çox sərt insan təsiri bağışlayırsınız.
- Sizə elə gəlir. Mən bütün məsələlərin həllində ziyalılığımı, humanistliyimi qorumağa çalışıram. Lakin bəzən sərtlik də ola bilər.
- Timuçin
müəllim, sizcə, dünya yaxşıya doğru gedir,
yoxsa əksinə?
-
Dünyanın hara getdiyini demək çətindir. Lakin
ekoloji problemlər get-gedə kəskinləşir. Texniki tərəqqinin
fantastik şəkildə inkişafı sanki təbiətlə
cəmiyyət arasında gözə görünməyən
qarşıdurma təsiri bağışlayır. Və bunun
axırının nə ilə bitəcəyini zaman göstərəcək.
Hər halda pessimist olmaq lazım deyil.
- Bu müsahibəni Sizin tələbələriniz
də oxuyacaq. Onlara məsləhətiniz nə olardı?
- Tək
onlara deyil, bütün gənclərə məsləhətim
budur ki, milli mənsubiyyətləri ilə fəxr etsinlər,
Vətəni sevsinlər və onu ləyaqətlə təmsil
etsinlər. Bütün bunlar üçün isə mükəmməl
savad, seçdikləri ixtisası dərindən öyrənmək,
millətinin tarixini, tarixi şəxsiyyətləri
düzgün qiymətləndirmək bacarığına yiyələnməli,
milli adət-ənənələri qorumalıdırlar.
Şahanə MÜŞFİQ
525-ci qəzet 2018 - 31 yanvar.- S.4.