Ələsgər
Əlioğlu
hekayə
BİR OVUC TORPAQ
Televiziyanın "Hünər" verilişi
redaksiyasının apardığı axtarışlar nəticəsində
müharibədən qara kağızı gələn
İmranın qəbri Belorusiyanın kəndlərindən
birində tapılmışdı.
Bu xəbər Gülsənəm qarını nə qədər
ağrıtsa da, yenə özündə təskinlik
tapırdı ki, heç olmasa, oğlunun qəbrinin yeri
bilindi. Amma onun yaşı doxsanı haqladığından
dizləri təpərdən düşmüş, gözlərinin
işığı öləzimiş, ürəyinin
döyüntüləri artmışdı. Ömrün
qürubunda çırpına-çırpına qalan
qarıya həkim maşına minməyi qadağan etdiyindən
bilmirdi ki, neyləsin... O, çox
düşünüb-daşındıqdan sonra zəng elədib
şəhərdə yaşayan oğlu Fərmanı
çağırtdırdı.
Bir su içimində özünü kəndə yetirən
Fərman anasıyla görüşüb-öpüşəndən
sonra işdən halı oldu. Gülsənəm qarı kövrək-kövrək
dilləndi:
-
Oğul, səni çağırtmaqda əsas niyyətim odur
ki, qapımdakı o inəyi satıb gedəsən
qardaşının arxasınca. Heç olmasa
onun qəbrindən mənə bir ovuc torpaq gətirəsən.
Daha ömür xışım daşa dirənməkdədir.
Bəlkə bundan sonra rahat öləm...
- Da inəyi
niyə satırsan, ay ana!?Sabah yola düşərəm.
Qoymaram arzun gözündə qalsın!
Fərmanın gözləri doldu. İmranı
xatırladı. Qardaşı cəbhəyə yola
düşəndə Fərmanın beş
yaşı olardı. Onun dalınca ağlayb: "Məni də
apar özünlə!" -deyə haray-həşir
salmışdı. Axı İmran balaca
qardaşını həmişə çıxarıb evlərinin
arxasından uzanıb gedən yaşıl dərəni-diki gəzdirər,
ona yemlik, keçisaqqalı, baldırğan yığıb
verərdi... Arabir də qucağına alıb
başı üzərinə qaldırardı. Öpərdi,
duz kimi yalayardı...
... Qardaşının uğrunda döyüşüb
həlak olduğu kənddə Fərman çox mehribanlıqla
qarşılandı. Hətta
İmranın qəbri üstə kənd məktəbinin
müəllim və şagirdləri də əllərində
gül-çiçək dəstəsi onunla birgə
yollandılar. Fərman
qardaşının qəbrindən bir ovuc torpaq
götürüb dəsmala bükdü və kiçik əl
çantasına qoydu. Kənd camaatı Fərmanı
bir neçə gün qonaq saxlamaq istəyirdi. O,
üzrxahlıq edib anasının səhhəti barədə
danışdı və təcili qayıtmalı olduğunu
bildirdi. Ancaq təyyarəyə bilet tapmadığından
qatarla qayıtmaq məcburiyyətində qaldı...
Qatarda Fərman əl çantasını gözdən
qoymurdu.
Axı necə də gözdən qoyaydı!? Bir ovuc torpaqdan
ötrü az qala üç min kilometrə
yaxın bir məsafə qət etmişdi. O, hətta kupedən
əl-üzünü yumağa çıxanda da, siqaret
çəkmək üçün tumbaya keçəndə
də çantasını özü ilə
götürürdü. Bu bir ovuc torpağı özü
üçün ən böyük var-dövlət
sayırdı... Gecə çantanı
balışın altda qoyub yatırdı. Fərmanın
bu cür hərəkəti istər-istəməz ətrafdakılarda
şübhə doğururdu...
Fərman ikinci gün idi ki, qatarda yol gəlirdi. Axşam
çağı növbəti dəfə siqaret çəkmək
üçün tumbaya çıxdı. Siqaretdən
bir neçə qüllab vurmuşdu ki, birdən
böyründə iki gənc oğlanın dayanıb ona
göz yetirdiyini hiss etdi. Hələ o, bir fikrə gəlməmiş,
oğlanlardan biri bir göz qırpımında döş
cibindəki qaz balonunu çıxarıb onun üzünə
fısqırtı və ikincisi isə onun
çantasını qamarlayıb qonşu vaqona keçdi...
...Fərman
gözünü açanda özünü vaqon bələdçisinin
kupesində gördü. Uzanıqlı vəziyyətdə
idi. Huşu yeni-yeni özünə gəlirdi.
Başının üstə bir milis nəfəri, bir tibb
işçisi və vaqon bələdçisi
dayanmışdı... O, ətrafa göz gəzdirib ilkin olaraq
bu sözləri dilinə gətirdi:-
"Mənim əl çantam hanı? Hanı bir ovuc torpaq?.." Tibb işçisi: "Bu nə çəkmiş
adama oxşayır, nə də içmiş... Amma danışığı çox qəribədir!"
-dedi. Handanhana özünü yaxşı hiss edən Fərman
tumbada başına gələnləri onlara
danışdı...
Sanki Fərmanın bütün dünyasını,
bütün varlığını
oğurlamışdılar. Bilmirdi ki, nə etsin.
Təzədən geri qayıtsınmı, yoxsa yoluna davam
etsin... Geri qayıtmağa pulu, yoluna davam etməyə
tabı çatmırdı. Axı indi anasına nə
deyəcəkdi!? Tərəddüdlər burulğanında boğula-boğula
qalmışdı... Anası bəs deməyəcəkdimi:
"A bala, bir ovuc torpaq nəyidiki, onu da gətirib
çıxara bilmədin!?"
... Mənzilə çatmağa daha saatlar
qalmışdı. Bu saatların hər
biri ona vahiməli qaranlıq bir mağaranı
xatırladırdı. Hər mağaranı keçdikcə
həyəcanı artır, əti ürpənirdi... Fərman
hələ də fikrində aranı dağa, dağı arana
daşıyırdı... Çırtma vursan qanı
damardı...
... O,
qatardan düşüb taksiyə əyləşdi. Elə ki, kəndlərinə yetişdi, taksini yola
salıb çəpərlərinin aşağısından məhlələrinə
keçdi. Əyilib yerdən bir ovuc torpaq
götürdü. Ustubca cibindən
çıxartdığı dəsmala bükdü...
Pəncərədən
Fərmanın həyətə girdiyini görən Gülsənəm
qarı birtəhər özünü toplayıb eyvana
çıxdı:
-Amanatı gətirə bildinmi, a
bala!?
-Gətirdim,
gətirdim, ana!. .
-Bura ver
görüm!. .
Fərman əlindəki bükülü dəsmalı
anasına uzatdı. Qarı dəsmalı açıb göz
yaşları içində torpağı qoxuladıqca-qoxuladı.
Sonra öpüb gözünün üstə qoydu:
-Goruna
qurban olum, İmran!.. Çox
şükür ki, sənin torpağın da elə bizim
torpağın ətrini verir!..
Fərman
başını aşağı salıb dərin fikrə
getmişdi... İçərisində çəkdiyi
əzablar qızarmış saca dönmüşdü.
Onu qovurduqca - qovururdu...
2014
DƏRMAN
Əllərinin damarları kökdən
düşmüş sazın simlərini
xatırladırdı. Bu damarlar daha nə qədər gərilsə
də, ötən ömrün-günün
çılğın havası üstə bir daha köklənən
deyildi. Şuşa... Cıdır düzü... İsa
bulağı... O yerlər qarış-qarış gəlib onun
gözləri önündən keçirdi...
Xəstələnib yatağa düşən Şirin
kişinin yaşı səksənin
aşırımını geridə qoymuşdu. İyirmi ildən
artıq idi ki, İsa bulağının suyunu dadmırdı.
Həmişə də söz düşəndə deyirdi:
"Mənim xəmrimin suyu İsa bulağından
götürülüb". Ömür-gün
yoldaşını da hələ altmış il
qabaq ilk dəfə bu bulağın başında görərkən
sevib-seçmişdi...
Üç oğlu, bir qızı vardı Şirin
kişinin. Yenə də onun başına
yığışmışdı övladları. Olub-keçənlərdən
danışa-danışa kişini bir hovur ovundurmaq, xəstəliyini
unutdurmaq istəyirdilər. Ancaq nədən
danışırlar-danışsınlar atalarının
fikri-zikri İsa bulağındaydı. Birdən o,
yastığa dirsəklənib xırıltılı bir səslə
dilləndi:
-Ay
uşaqlar, iynə vurula-vurula bədənim dönüb
şadaraya. Mədəmin yükünü yeməkdən
çox dərmandan tuturam. Heç birinin də bir xeyri
yox... Bircə onu bilirəm ki, mənim dərmanım
İsa bulağının suyudur. Bircə qurtum içsəm,
özümə gələrəm...
Şirin kişinin sözündən sonra araya
ağır bir sükut çökdü. Evin kiçik oğlu Asif
handan-hana dilləndi:
- Ay ata,
heç xiffət eləmə, bu gün-sabah
torpaqlarımızı qaytaracağıq. Dönəcəyik
öz doğma yurd-yuvamıza. Yenə də İsa
bulağının başında süfrə
açacağıq...
Aradan bir-iki gün keçmişdi. Səs yayıldı ki, Asif
çadır şəhərciyindən yoxa
çıxıb... Qohum-əqrəbanın hərəsinin
ağlına bir fikir gəlirdi. Həyat yoldaşı
Gülyanaq isə deyirdi:"O mütləq işləmək
üçün Bakıya gedib. Neçə dəfə
mənə bu haqda demişdi, amma mən razı
olmamışdım. Bəlkə də elə buna
görə evdə bildirməyib... " Birdən
Gülyanağın ağlına gəlmişdi ki, Asif
Bakıya getsə sənədlərini də özü ilə
götürər. Sandığı
açıb gözdən keçirəndən sonra o da qohum-əqrabaların
hamısı kimi həyəcanlanmağa
başlamışdı. Şirin kişidən
başqa qohum-əqrabaların hamısı elə bil ki, tikan
üstə yatırdı. Nə gündüzləri
vardı, nə də gecələri... Bütün bunlara
baxmayaraq çalşırdılar ki, ağır yataq xəstəsi
olan Şirin kişi bu hadisədən hələlik
xəbər tutmasın. Qorxurdular ki, sonra kşinin əhvalı
qarışar...
Artıq aradan bir neçə gün
ötmüşdü. Asifin anası Sürəyya qarı
xısın-xısın ağlayırdı. Elə ağlayırdı ki, əri ondan duyuq
düşməsin. Hətta bir dəfə Şirin kişi onun gözünü yaşlı
görüb soruşmuşdu:
-
Ağlamış adama oxşayırsan, ay arvad...
Tez
özünü ələ alan Sürəyya
qarı demişdi:
- A kişi, indicə soğança
hazırlayırdım, soğan gözümü
acışdırdı...
Atasının "mənim dərmanım İsa
bulağının suyudur" sözləri Asifin
dinini-imanını qaçırmışdı. Heç
dinclik tapmırdı. İlan kimi
qıvrıla-qıvrıla qalmışdı. Ora-bura
vurnuxurdu... Atasının murazını gözdə qoya bilməzdi...
Gecə əl-ayaq yığışandan sonra gündüzdən
hazırlayıb kənar bir yerdə gizlətdiyi plastmas
qabı da götürüb yola çıxdı... Heç kəsə
də bildirmədi ki, birdən xofa düşərlər... O,
gecə səhərə qədər dayanmadan yol getdi. Sübh açılan çağı özünü
yaxınlıqdakı kol-kosluğa verib daldalanmalı oldu.
Ehtiyatsız bir hərəkət onun həyatı
bahasına başa gələ bilərdi. Ona
görə də yenidən qaranlıq düşənə
kimi gözləməliydi.
Elə ki, axşam düşdü, ətrafı
qaranlıq bürüdü, Asif yenidən yoluna davam etməyə
başladı.
Atasnın sözlərini tez-tez xatırladıqca
addımlarını daha da yeyinlədirdi... Ancaq
tez-tez dayanır, ətrafa boylanır, yenidən yoluna davam
edirdi. Arabir qarşısına çıxan
irili-xırdalı çətənə plantasiyaları onu həm
çaşdırır, həm də
qıcıqlandırırdı: "Alçaq ermənilər
öz mənəviyyatları kimi bizim torpağı da zəhərləyirlər!.. Bir vaxtlar gül-çiçək qoxuyan bu
yerlərdən indi üfunət iyi gəlir... "
Asif fəhminə bel bağlaya-bağlaya gedirdi... İnanırdı ki, fəhmi heç vaxt onu aldatmaz. Daha hiss edirdi ki, uşaqlıqda qoyun-quzu otardığı yamaclardan keçir... Buralarda o qədər çiling-ağac, mərə-mərə, dirədöymə oynamışdı ki... Səhərin ala-toranında İsa bulağını axtarıb tapan Asif bir az rahat nəfəs aldı. Amma ona elə gəldi ki, İsa bulağı doğmaları üçün qəribsədiyindən daha özünə sığmır. Şırıltısı daha dəyişib olub "Cəngi" üstə... "Cəngi" çalıb ər oğulları başına toplamaq istəyir... O, kövrəldikcə-kövrəldi... Əyilib bulağın suyundan içərkən suya düşən əksinə baxıb pıçıldadı:"Bu iyrənclərin arasında nə qədər qalsan da, çox şükür ki, duruluğunu qoruyub saxlaya bilmisən, İsa bulağı!. . " Sudan içdikcə-içdi. Sonra plastmas qabı ağzınadək doldurdu. Əyilib bulağı son kərə öpdü... Daha havanın işıqlandığını hiss etdiyindən axtarıb axşama kimi daldanacaq bir yer tapdı. Gecə yuxusuz qaldığından azacıq da olsa mürgüləmək, gözünün çimirini almaq istədi... Bir də ki, onsuz da yenidən axşamı gözləməli idi. Elə bərk yorulmuşdu , bir vaxt oyandı ki, şərqarışıb. Su qabını götürüb gəldiyi yolla da geri döndü...
Asif ikinci gecə idi ki, yol gəlirdi. Qarşıdakı
yoxuşu da aşandan sonra daha bütün təhlükədən
sovuşacaqdı. Həmin yoxuşu yenicə aşmaq istəyirdi
ki, qəfildən atəş səsləri eşidilməyə
başladı... Görünür düşmənlər
duyuq düşmüşdülər. O, dərəyə
sarı yumalandı... Düşmənlərin
atmış olduğu güllələrdən biri qabı dəlib
keçmiş, çəpəki deşik
açmışdı. Qab Asifin əlndən
çıxıb üzü dərəyə diyirlənmişdi...
Asif özünü qabın üstə
atdı. Güllənin açmış
olduğu çəpəki deşiklərdən su axıb
tökülürdü. İşin tərsliyindən
güllə qabın aşağısından dəyib,
yuxarısından çıxmışdı. Bir yandan qaranlıq, bir yandan da vaxtın
azlığı imkan vermirdi ki, Asif həmin deşiklərə
nəsə bir şey tapıb tıxasın. Buna görə də qabı sinəsinə tutub el
sarasında "balaca bacı" deyilən çöçələ
barmaqlarının hər birini deşiyin birinə
keçirdi. Barı qalan suyun
sızmaması üçün barmaqlarını
bacardıqca deşiklərə kip yerləşdirdi.
Barmaqlarında kəskin ağrılar hiss etsə də, yeganə
çıxış yolunu canını dişinə tutub
dözməkdə gördü...
... Asif axır ki, gəlib çadır şəhərciyinə
yetişdi. Birbaşa atasıgilə üz
tutdu. O, çadırın qabağına çatıb
səsləndi:
- Ana, ay
ana! Bir çadırın ağzını aç!..
Yuxa yaymaq
üçün xəmir yoğuran Sürəyya qarı bu
doğma səsdən diksinən kimi oldu. Elə
əli xəmirli-xəmirli bayıra çıxdı.
Oğlunun qucağındakı su qabını görən
qarı daha da heyrətləndi:
- Bu nədir,
a bala!? Harda qalmışdın bu neçə günü?.. Bu nə qabdı?..
- Ana,
atama dərman gətirməyə getmişdim! Cəld
bir vedrə gətir. Barmaqlarımı qabın
deşiyindən çxarsam, dərman axıb tökülər...
Sürəyya qarı cəld vedrə gətirdi. Asif su
qabının deşiklərinə kipləşmiş
barmaqlarını birtəhər çəkib
çıxardı. Qan işləmədiyindən
barmaqları uyuşub taxtaya dönmüşdü... Vedrədə
isə cəmisi iki dolça su olardı-olmazdı...
Şirin kişi İsa bulağının suyundan bir stəkan
başına çəkdi. Bir azdan hiss etdi ki, bədəninin
ağrı-acıları səngiyir... Ürəyi təpərlənir,
gözləri işığa gəlir... O, dik qalxıb əyləşdi
çarpayıda:
-A bala, o
sudan bir stəkan da ver!.. Çox
şükür, İlahi! Axır ki, dərmanım
tapılıb gəldi! Deyəsən yaşayacam, İsa
bulağını görmək mənə də qismət
olacaq! - dedi.
2015
Ələsgər
ƏLİOĞLU
525-ci qəzet 2018 - 31 yanvar.- S.8.