Yusifzadələrin Xoşbəxti və ya dəniz dərinliyinin dağ
ucalığı
Nizami CƏFƏROV
Son illər vaxtaşırı
- hər ay, demək olar ki, bir
neçə dəfə
görüşdüyüm bu gülərüz, ünsiyyətcil (və məşhur!) insan haqqında az
qala hər görüşdən sonra
əlimə qələm
alıb nə isə yazmaq istəyirəm. Ancaq hər dəfə tərəddüd hissləri
həmin istəyin qarşısını alır...
Ona görə
ki, Xoşbəxt müəllim kimi şəxsiyyətlər haqqında,
Mirzə Cəlil demiş, ya gərək yaxşı yazasan, ya da
ümumiyyətlə yazmayasan.
Axır
ki, özümdə cəsarət tapıb bu böyük (və sevimli) insanın "portret"ini
yaratmağa mütəvaze
bir qərar verdim...
...Xoşbəxt Yusifzadə
1930-cu ilin yanvarında
Xəzər dənizinin
qızıl qumlu sahillərində - Pirşağıda
anadan olub. Gözünü
açanda görüb
ki, dünyanın bir tərəfi qurudu, bir tərəfi
su... Fikirləşib ki, görəsən böyüyəndə suda
işləmək yaxşıdı,
ya quruda?..
Fikirləşib, fikirləşib...
Və birdən öz- özünə deyib ki, "adə, quru nedü, su!..
Təmizlikdi, genişlikdi,
dünyanın dörddən
üçüdü... Hələm-
hələm adamın
da yeri deyil..."
Azərbaycan Sənaye İnstitutunu
qurtaran kimi özünü "atıb"
dənizə - "Dənizneft"
Birliyinə... Və 1954- cü
ilin bir yaz günü görüb ki, "Gürganneft" trestinin (indiki Neft Daşları
NQÇİ) birinci mədəninin
böyük geoloqudur.
Elə o
vaxtdan, rəsmi məlumatlarda deyildiyi kimi, dəniz neft yataqlarının kəşfiyyatı və
işlənilməsinin məşhur
iştirakçılarından, rəhbərlərindən biridir.
Və ARDNŞ-ə gələnə
qədər (1994) hansı
idarədə işləmişdirsə,
həmin idarənin adında "neft" sözü ilə yanaşı "dəniz"
sözü də var...
Ona görə də Xoşbəxt müəllimin
adı çəkiləndə,
adamın yadına ilk
növbədə neft
düşür, özü
də dəniz nefti - dünyanın ən ətirli, ən enerjili, tarixdə ən çox ad çıxarmış
nefti"... Ulu öndərimiz Heydər
Əliyev deyirdi ki, Xəzər dənizində nə qədər neft varsa, Xoşbəxt Yusifzadədən yaxşı
bilən yoxdur.
Bir dəfə Xoşbəxt müəllimdən soruşdum:
"Siz, doğrudan, dənizin harasında nə qədər neft var, bilirsiz?"
Çox gözəl, ürəyə
yatan, nə deyəcəyini əvvəldən
təxmin eləməyə
imkan verən gülüşü var. Güldü. Və şirin bakılı ləhcəsilə: "Adə,
qulağ as, - dedi, - mən də namizədlik müdafiə
eliyirdim, həyat yoldaşım da... O danışdı, danışdı,
sonra lampanı elektrik cərəyanına
qoşdu, yandı... Şura üzvləri dedilər: "Əla!"
Mən danışdım,
danışdım... Soruşdular ki,
sən dediyin yerdə dəqiq neft var? Dedim, ehtimal eləyirəm... Onu dəqiq kim bilir,
bütün əlamətlər
göstərir ki, var... Lapma deyil
ki, qoşasan cərəyana, yansın, desinlər, əla!.."
Xoşbəxt müəllimlə Ali Atestasiya Komissiyası Rəyasət Heyətinin iclaslarında tanış
olmuşam. Filologiya üzrə ekspert
şurasının sədri
idim. Onun da, mənim
də cavan vaxtlarımız idi.
Mən istəyirdim ki, rəyasət heyətinin üzvlərində
təqdim etdiyim dissertasiya işi (və onun müəllifi)
barədə elə geniş təsəvvür
yaradım ki, həm əlavə suallar çıxmasın,
həm də iş təsdiq olunsun. Lakin bütün cəhdlərimə
baxmayaraq, əksəriyyəti
texniki elmlər üzrə mütəxəssis
olan rəyasət heyəti üzvləri bəzən elə suallar verirdilər ki, dissertasiya bir tərəfdə qalırdı və məcbur olurdum ki, "ədəbiyyat"
adlanan (və hər kəsin bir cür başa
düşdüyü) hadisənin
mahiyyətini anladım...
Belə vəziyyətlərdən
birində Xoşbəxt
müəllim özünü
saxlaya bilmədi:
- Adə, - dedi, - dissertasiya müdafiə eliyən adam
bu döyül e... Sualı buna nöşün verirsüz?.. Görürsüz bu yazuğ deyir
ki, yaxşı işdü, təsdiğ elüyek getsün...
Sonra üzünü mənə
tərəf çevirib
soruşdu:
- Düz demirəm?..
Onsuz da haldan düşmüşdüm,
hər cümlənin
hər sözünü
izah eləməyə
halım qalmamışdı...
Xoşbəxt müəllimə:
- Helədü, - deyib rahat nəfəs aldım.
Sonralar görüşəndə hərdən
mənə deyirdi ki, adə, bu
Maskvada-zadda ağır
işdər olur müdafiə üçün,
göndərey get onnarı
müdafiə elə...
Xoşbəxt müəllim elmin
(və elm adamının)
xeyirxahıdır... Ancaq
bir həddə qədər... O həddə
qədər ki, ordan sonra artıq
elm qurtarır... Və
bu xeyirxahlığı
da həm ürəkdən eləyir,
həm də çalışır ki,
eşidən-bilən olmasın;
kimsə özünü
onun qarşısında
borclu, gözükölgəli
saymasın...
Ən dəyərli xüsusiyyətlərindən
biri də elmdə, sənətdə,
ümumən həyatda
görülən yaxşı
işlərə səxavətlə
qiymət verməsi, adamı həvəsləndirməsi,
ruhlandırmasıdır ki,
mən bunun dəfələrlə şahidi
olmuşam... Bir dəfə səhər- səhər mənə zəng eləyib soruşdu: "Adə, sən Asif Rüstəmlini
tanıyırsan?.."
"Yaxşı tanıyıram,
- dedim. - Ədəbiyyatşünasdı.
Cəfər Cabbarlını
indi ondan yaxşı bilən yoxdur..." "Elə onu deyirəm, bayaq televiziyada Cəfər Cabbarlıdan danışırdı, çox
xoşuma gəldi..."
Dedim: "Xoşbəxt
müəllim, sizin bu rəyinizi ona çatdıraram"...
Əvvəl "həri?"
dedi, sonra əlavə etdi ki, "yox, onun telefon nömrəsini
ver, özüm danışım"... Bir- iki gün keçdi, Asifi gördüm. Xoşbəxt müəllimin
zəngi onu o qədər sevindirmişdi
ki, həmin telefon danışığından
aldığı təəssüratı
təsvir etməyə
söz belə tapa bilmirdi...
Rəyasət heyətinin son iclaslarının
birində Vəli müəllim (AAK-ın sədr əvəzi Vəli Hüseynov) görkəmli şərqşünas,
akademik Vasim Məmmədəliyevi yetmiş
beş yaşı münasibətilə təbrik
edib sözü qəflətən Xoşbəxt
müəllimə verəndə
o, əvvəl- əvvəl
diqqətlə Vasim müəllimə baxdı,
sonra soruşdu: "Vasim müəllimin neçə yaşı oldu dediniz?.." Hamı bildi ki, Xoşbəxt
müəllimin zahirən
sadəlövh görünən
sualının altında
nə isə bir mətləb yatır. Və yer- yerdən cavab verdik: "Yetmiş beş!.." Güldü, güldü, sonra dedi: "Adə, mənim yanımda hələ uşağdı
ki, onun haqqında nə deyə bilərəm?.." Və ardınca Vasim
müəllimin elmi, ictimai fəaliyyəti, şəxsiyyəti barədə
çox gözəl,
yadda qalan sözlər söylədi.
Ümumiyyətlə, Xoşbəxt müəllimin çox koloritli, mükəmməl və sirayətedici nitq zövqü ilə yanaşı, həm də dil-üslub texnologiyaları barədə öz xüsusi mövqeyi, təsəvvürləri var... Bir dəfə soruşdu ki, biz nə üçün "zəhmət olmasa" deyirik... "Adə, düz döyül axı... Müraciət etdiyimiz şəxs zəhmət çəkməli olacaq... Belə çıxır ki, bəri başdan onun zəhmətinə hörmətsiz yanaşırıq, ya da qarşısında şərt qoyuruq... Yəni zəhmət olmasa bu işi gör, olsa görmə..."
İndiyə qədər fikirləşirəm, ancaq hələ də Xoşbəxt müəllimin bu sualına az-çox tutarlı bir cavab tapa bilmirəm...
Xoşbəxt müəllim, sözün həqiqi mənasında, nə qədər "texnokrat" olsa da, fəlsəfi təfəkkür sahibidir. Və bu özünü ən çox onda göstərir ki, hansısa məsələ ilə əlaqədar danışanda nə təfərrüata gedir, nə də təfsilata; çalışır ki, birbaşa mətləbi desin... AAK Rəyasət Heyətinin iclaslarında da söhbətə, adətən, o vaxt qarışır ki, birdən mətləbə xələl gələ bilər.
Xoşbəxt Yusifzadə bir sıra fundamental tədqiqatların müəllifidir ki, buraya "Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub- qərb qanadının neftli obyektlərinin səmərəli işlənməsi və istismarı məsələləri" (1960), "Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları" (1987) əsərlərindən əlavə, "Azəri", "Çıraq", "Günəşli", "Əşrəfi", "Qarabağ", "Şahdəniz", "Abşeron", "Ümid"... yataqlarının kəşfi daxildir... Bu genişmiqyaslı işlərin Azərbaycan iqtisadiyyatına nə qədər böyük fayda verdiyini bir anlığa təsəvvürə gətirməyə çalışsaq, görərik ki, Xoşbəxt müəllimin özü də milli sərvətdir. Və təsadüfi deyil ki, hələ çox gənc yaşlarından - 60-cı illərin əvvəllərindən başlayaraq çox böyük dövlət mükafatlarına, fəxri adlara, orden və medallara layiq görülmüşdür ki, onların arasında müstəqil Azərbaycanın "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri, heç şübhəsiz, xüsusi məna-məzmun daşıyır...
Dünyanın bir dağ ucalığı var, bir də dəniz dərinliyi... O dərinliyə enə bilməsən o ucalığa da yüksələ bilməzsən... Və məşhur mahnıda deyilir ki, "dünya mərdlər dünyasıdı", ona görə də məsləhətdi ki, "ərənləri min yaşasın!.."
525-ci qəzet 2018.- 31 yanvar.- S.5.