Cəfər Cabbarlı dramaturgiyası

 

SƏNƏTKAR DÜNYAGÖRÜŞÜNÜN ZİQZAQLARI

 

 

XX əsr Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri, heç şübhəsiz ki, Cəfər Cabbarlıdır. Bu il C.Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" prezident sərəncamında böyük sənətkar "Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq" kimi dəyərləndirilir, onun yaradıcılığının ideya-estetik əsasları və müasirliyi haqqında qiymətli mülahizələr yer alır.

C.Cabbarlı qısa bir ömür yaşasa da, zəngin və çoxistiqamətli yaradıcılıq yolu keçib. Poeziya, nəsr və dramaturgiya bu yaradıcılıq yolunun əsas istiqamətlərini təşkil edir. Bununla bərabər, C.Cabbarlının yaradıcılığının ağırlıq mərkəzini dramaturgiyasının təşkil etməsi, sənət taleyinin ecazkarlığının, qüdrətinin və nəhayət, ədəbiyyat tariximizdə tutduğu yerin dəyəri daha çox onun bu sahədə yaratdığı əsərlərin bədii səviyyəsi ilə ölçülür.

C.Cabbarlı ümumən götürəndə və öz yaradıcılıq stixiyası etibarı ilə romantik sənətkardır. Romantizm üçün isə milli həyat problemlərinin birbaşa inikası o qədər də səciyyəvi cəhət sayılmır. Lakin XX əsrin əvvəllərinin romantik sənətkarları içərisində milli həyat problemlərini romantik planda əks etdirmək baxımından C.Cabbarlı birinci yerdə durur və bu cəhət onun romantik üslubunun dominantı kimi götürülə bilər.

Hər hansı bir ideala və yaxud həyat hadisəsinə bədii nüfuzda, həmçinin, romantik nüfuzda eşq süjetinin estetik prinsiplərdən birinə çevrilməsi olduğunu qeyd etsək, elə bilirəm, bu, mübahisə doğurmaz. C.Cabbarlının pyeslərinin, demək olar, hamısını eşq süjeti hərəkətə gətirir, hadisələrin "başlanğıcı, ortası və sonu" eşq qəhrəmanlarının tale yolunu cızır. Lakin bütün, böyük sənətkarlar kimi, C.Cabbarlı da eşq süjetini qarşısına qoyduğu idealı bədii həqiqətə çevirməyin vasitəsinə çevirə bilir. Eşq süjeti bədii həqiqətin milli və bəşəri məzmununda ifadəsinə imkan verir.

C.Cabbarlının birinci pyesi "Vəfalı Səriyyə"də cəmiyyət həyatında qadının taleyi və ona münasibət problemi qoyulub, hadisələrə maarifçi tendensiya ilə bədii həll verilib. Lakin müəllifin əsərə verdiyi maarifçi həll İslam dünyagörüşünə söykənir. Milli həyat problemlərinin bədii inikasında İslam şəriətini əlində alətə çevirənlərə qarşı barışmaz mövqe və şəriət qanunlarının həqiqi mahiyyətinin müdafiəsi önə çəkilir.

C.Cabbarlı XIX əsrin sonu, XX əsrin əvvəllərində N.Nərimanov, S.M.Qənizadə, Ə.Ağaoğlu, C.Məmmədquluzadə və başqalarının yaradıcılığında meydana çıxan bir maarifçi tendensiyanı müdafiə mövqeyində durur. Din xadimləri şəriət qanunlarını və Qurani-Kərimi öz şəxsi mənafeləri üçün alətə çevirməməli, insanlara şəriətdə və Qurani Kərimdə, eləcə də Məhəmməd Peyğəmbərin kəlamlarında əks olunan məsələlərin həqiqi mahiyyətini çatdırmalıdırlar.

Məsələ burasındadır ki, C.Cabbarlının pyeslərinin hər birində İslam dünyagörüşündən çıxış və insan həyatında şəriət qanunlarına istinad cəmiyyətin irəliyə doğru hərəkətini şərtləndirən digər amillərlə paralel şəkildə verilir.

C.Cabbarlının müsbət tendensiya ilə yaratdığı qəhrəmanları çox böyük ürəklə və inamla qarşısındakını zülmdən, əyri yoldan əl çəkib insanlıq yoluna dəvət edəndə fikrinin, məntiqinin doğruluğu üçün şəriətin buyurduğu yolu həqiqət yolu kimi təqdim edir. C.Cabbarlının estetik düşüncəsində dinlə din adından alver edən ruhani təbəqəyə fərqli münasibət var. Bu fərqli münasibət, ilk növbədə, onun əsərlərində yaradılan ruhani obrazlarının tipologiyasında özünü göstərir. "Nəsrəddin şah"dakı Molla Şübhanla "Ədirnə fəthi"ndəki Molla Sübhan obrazları büsbütün əks qütbləri təmsil edirlər. Molla Sübhan həyatını təhlükə altında qoyub Fərhadı ölümün amansız pəncəsindən xilas edirsə, Molla Sübhan vətən torpağının taleyinə münasibətdə satqınçılıq, təslimçilik yolu tutur. "Ədirnə fəthi"ndə yer alan Molla Hacıbaba, Şeyxül-İslam obrazlarının estetik yükü aşkar göstərir ki, C.Cabbarlının düşüncəsində ruhani təbəqəyə total mənfi münasibət yoxdur. Elə ona görə də "Ədirnə fəthi"ndəki Molla Hacıbaba və Şeyxül-İslam vəzifəsini daşıyan obraz millətin taleyüklü zamanında millətin yanında olmağı, vətən torpağı uğrunda mübarizədə sona qədər vuruşmağı şərəfsiz yaşamaqdan üstün tuturlar. Onlar vətən torpağını işğalçılara təslim etmək istəyən Kamil paşa, Nazim paşa kimi yüksək rütbə daşıyan hökumət adamlarını yerində oturtmağı bacarırlar.

XX əsr ziyalılarını dinin dövlətdən ayrılması məsələsi dərindən düşündürür, bəzi mühafizəkar mövqeli ziyalıları çıxmaq şərtilə, onların hamısı bu nöqtədə birləşirdilər. Bu məsələ Nərimanovun "Bahadır və Sona", "Nadir şah" əsərlərində üzərində sənətkarın dönə-dönə dayandığı məsələ idi. C.Cabbarlı da eyni mövqedən çıxış edirdi. O, dinin dövlətdən ayrılması məsələsini qoyurdu. C.Cabbarlı real tarixi şəraitdən, gerçəkliyin öz məntiqindən çıxış edirdi.  "Nadir şah" pyesində olduğu kimi, "Nəsrəddin şah" əsərində də vəzir Mirzə Təqi xanın təsiri ilə hakimiyyətdə islahat aparmaq fikrinə düşən Nəsrəddin şaha var qüvvəsi ilə maneçilik törədən, Mirzə Təqi xanın tutduğu vəzifədən uzaqlaşdırılmasına səbəb olan sosial təbəqələrin önündə ruhanilər gedir. C.Cabbarlı hakimiyyətdə islahatla ruhaniliyi əks qütblər kimi təqdim edir. C.Cabbarlının "Nəsrəddin şah", "Ulduz" və "Ədirnə fəthi" əsərlərinin mətnlərinə müstəqillik dövrünün elmi düşüncəsi ilə ötəri nüfuz belə onu göstərir ki, o da Ə.Ağaoğlu, Ə.Hüseynzadə və başqaları kimi ümmətçilik mövqeyindən çıxış edir.

"Ulduz" və "Ədirnə fəthi" C.Cabbarlının türkçülük ideyalarının yüksək bədii səviyyədə estetik təcəssümü olmaqla bərabər, sənətkarın islam xalqlarının birliyinin onların taleyində həlledici faktorlardan olduğunu sübut edən əsərdir. Məlumdur ki, "Ulduz" əsərinin mövzusu İtaliya-Osmanlı müharibəsinin tarixindən (1911-1912) götürülüb.

Şübhəsiz ki, mövzunu tarixdən alarkən C.Cabbarlının məqsədi tarixi hadisəni bütün xronikası ilə əks etdirmək olmamışdır. Tarixi hadisəyə müraciət daha çox müəllifin türkçülük və müsəlman xalqlarının birliyi ideyasını bədii həqiqət şəklində ifadə etməyə xidmət göstərir. İtalyan-Osmanlı müharibəsində baş verənlər romantik sənətkarın inandığı idealların ifadəsi üçün son dərəcə münasib idi. C.Cabbarlı tarixin xronikasını verməmişdirsə də, hadisələrin təsvirində tarixi həqiqətə sadiq qalmışdı. Trablis uğrunda mübarizədə türklərin əvvəlcə məğlubiyyətlərə düçar olması, geri çəkilmək məcburiyyətində qalması əsərdə müharibədə cərəyan edən hadisələrin reallığa uyğun təsvirindən xəbər verir. İtalyanlarla müharibədə türklərin qarşılaşdığı çətinliklərdən qurtarmasında türk əsgərinin müxtəlif ərəb ölkələrindən gəlmiş könüllülərlə birliyinin, məhz bu birlik hesabına qələbənin təmin edilməsi də tarixin həqiqətlərinə tam uyğundur.

Pyesdə müsəlman xalqlarının birliyi ideyası zamanın diktə etdiyi zərurət kimi təqdim edilir. C.Cabbarlı bu birliyi Avropanın müsəlman dünyası üzərinə "səlib yürüşü"ndən qalib çıxmağın yeganə çıxış yolu kimi görür. Avropanın, xristian dünyasının şərqi parçalamaq və bölüşdürmək siyasəti burada bütün reallıqları ilə  öz əksini tapır.

C.Cabbarlının 1917-ci ildə yazdığı "Ədirnə fəthi" əsəri türk milli düşüncəsinin, türkün vətəndaşlıq şüurunun formalaşmasını və bu prosesin türkün tarixi taleyində oynadığı həlledici rolu bədii təsvirin mərkəzinə çəkən bir əsərdir. Bizans imperiyası ilə Osmanlı imperiyası arasında Ədirnənin fəthi ilə bağlı gedən çarpışmaların (1361-1371) bədii əksini verən əsərdə Osmanlı qoşunlarının qələbəsində millətin vətən-torpaq təəssübünün böyük qələbələrə imza atmaq gücündə olması müəllif mövqeyinin ifadəsi kimi önə çəkilir. Burada müsəlman xalqlarının birliyi ideyası "Ulduz"da olduğu kimi qabarıq bir xətt kimi verilməyib. Lakin C.Cabbarlı öz mübariz qəhrəmanlarını təsvir edərkən onları "damarlarında türk, islam qanı fırlanan bir osmanlı" kimi təsvir etməklə dövrünün tarixi həqiqətlərini yaxşı bildiyini və ona sadiq qaldığını bir daha nümayiş etdirir. "Ulduz"da olduğu kimi, "Ədirnə fəthi"ndə də türklüyün Avropa dünyası ilə üz-üzə qaldığını tarixin həqiqəti kimi əsərinə gətirib, qeyri-bərabər gücə qarşı mübarizədə türkün öz vətəninə sonsuz məhəbbətini, vətən torpaqlarının müdafiəsini namus yükü hesab etməsini bütün gücü ilə təsvir obyektinə çevirir. Bununla bərabər, Cabbarlı türkün öz varlığını təsdiqində onun milli hissi ilə bərabər dini hissinin, inancının da rolunu xüsusi vurlamağı unutmur. Cabbarlı yaradıcılığında milli və dini inancdan irəli gələn güc türkün qələbəsinin mənəvi-psixoloji əsasında dayanır.

C.Cabbarlının islam dininə inancı və rəğbətli münasibəti 1919-cu ildə yazılmış "Aydın"da da, 1922-ci ildə qələmə alınan "Oqtay Eloğlu"nda da qorunub saxlanır. Doğrudur, bu əsərlərdə qəhrəmanların dinə açıq və şüurlu münasibəti məsələsi qoyulmayıb. Lakin hər iki qəhrəman Allah sevgisi və inamı olan insanlar kimi təsvir edilir. İslam inancına qail bütün insanlar kimi, onlar da təhtəlşüur olaraq Allaha tez-tez and içir, ona olan inamlarını kifayət qədər intensiv şəkildə büruzə verirlər. Aydının dilində "Ey uca pərvərdigarım", "Ey ulu tanrım", "Allah eşqinə" kimi ifadələr işlənir. Bununla bərabər, qeyd etmək lazımdır ki, ağır mənəvi zərbə aldığı miqyassız sarsıntılar keçirdikləri məqamda onların düşüncəsində Allaha asilik psixologiyası özünü göstərir. Lakin Aydında və Oktayda dinə inkarçı münasibət, yaxud Allahın varlığını mübahisə obyektinə çevirmək məsələsi onların düşüncə və idealının məntiqi nəticəsi kimi meydana çıxmır. Burada Cabbarlının insanın daxili aləminə nüfuzunun dərinliyi, insanı bütün psixoloji halları ilə bədii təsvirin predmeti etmək bacarığı, onun düşündüklərinin və yaşadıqlarının alt və üst qatlarını təhlil obyektinə çevirmək imkanları üzə çıxır. Aydının və Oktayın dinə və Allaha yanaşmada yol verdikləri sapmalar psixoloji affekt halının təzahürləri kimi mənalanır. Buna görə də nə müəllifin, nə də qəhrəmanların dinə münasibətinin həqiqi ifadəsi kimi götürülə bilər.

C.Cabbarlının dramaturji yaradıcılığında "Oktay Eloğlu"ndan sonra "Od gəlini" pyesi gəlir.  Lakin müəllif dünyagörüşündə İslam dininə yanaşma, onun milli həyatda oynadığı rola verilən bədii təfsirlər baxımından "Od gəlini" C.Cabbarlının bu əsərə qədərki yaradıcılıq ənənəsindən doğulmur.

"Od gəlini"nə qədər islami düşüncəni milli varlığın tarixi və müasir xarakterinin keyfiyyəti kimi təqdim edən Cabbarlının "Od gəlini"ndə din düşməninə çevrilməsi, xalis ateist mövqedən çıxışı arasındakı fərq əvvəlki əsərlərin yazılma zamanının ictimai-siyasi şəraiti ilə bu faciənin yazılmasını şərtləndirən ictimai-siyasi zaman arasındakı fərqdən doğur.

Müasir ədəbiyyatşünaslıq təsdiq etməkdədir ki, 20-ci illərin birinci yarısına qədər estetik düşüncə milli ədəbi ənənənin davamı kimi meydana çıxırdı. 20-ci illərin ikinci yarısından başlayaraq  isə sovet rejiminin ədəbiyyat siyasəti milli-estetik fikri öz tarixi ənənəsindən uzaqlaşdırır, heç bir ədəbi ənənəyə söykənməyən proletar ədəbiyyatı yaratmaq ideyasını zorla şüurlara yeridirdi. Sovet rejiminin siyasi xəttində dinə inkarçı və tənqidi münasibət önə keçir, ateizm təbliğatı qüvvətlənirdi. İctimai həyatda özünə yer alan siyasi xətt ədəbi düşüncəyə də hakim kəsilirdi. Bu gün biz "Od gəlini"nin baş qəhrəmanının dilindən səslənən və əsərin ideya istiqamətlərindən birini təyin  edən" yoxdur allah, yoxdur allah" sözlərini Cabbarlı dramaturgiyasının müasirliyini şərtləndirən cəhətlərdən biri kimi qəbul edə bilmərik. Ən azı ona görə ki, ateist düşüncə bizim milli mənəviyyatımızı ifadə etmir. Digər tərəfdən, müəllif ideyasının ifadəsi kimi görünən bu sözlər və bütövlükdə Elxanın dinə inkarçı münasibəti, İslam dininə kəskin tənqidi yanaşmaları C.Cabbarlının iç dünyasından qopub gələn inam deyildi. Cabbarlı bu sözləri Elxanın dilinə verərkən siyasi rejimin ateist mövqeyini əsərə gətirdi. Elxan uca səslə elan edir ki, onun qurmaq istədiyi "bütün bəşəriyyət üçün örnək ola biləcək bir ölkə"də "tənasül heç bir qanun altında gizli olmayacaq, əsas: azad könüllərin uyuşması və usanması olacaqdır. İstəyənlər ər-arvad, istəməyənlər bacı-qardaş olacaqlar". Elxanın bu fikirləri tarixi gerçəkliyin, başqa sözlə, Xürrəmilər hərəkatı üçün tarixi mənbələrin tam təsiq etdiyi bir həqiqət deyildir. Aşkar görünür ki, Cabbarlı ailə münasibətləri ilə bağlı Elxanın düşüncələrində tarixi müasirləşdirmək yolunu tutmağa məcbur olur. Sovet rejiminin qadını ailədən çıxarıb dəzgah arxasına keçirmək siyasəti, bu siyasətdə qadın azadlığına anarxist baxışlar, ailəyə münasibətin mental qanunlarının gözdən salınması qadını təkcə işçi qüvvəsinə çevirmək məqsədi yox, həm də sovet əxlaq siyasətinə uyğunlaşdırmaq məqsədi daşımışdır. Son nəticədə isə bu sovet rejiminin müstəmləkə siyasətinin qurbanına çevrilmiş xalqları milli tarixi ənənələrindən uzaqlaşdırıb "sovet xalqı" yaratmaq düşüncəsinə hesablanmışdı.

C.Cabbarlı IX əsr qəhrəmanının düşüncəsində yer alan fikirləri "Sevil" pyesində müasiri olan qadın qəhrəmanın dilindən də səsləndirir. Sevilin yazdığı "Azərbaycan qadının azadlıq yolu" kitabında məsələ belə qoyulur: "Azərbaycan qadınlarının ən böyük düşmənlərindən biri də namus keşikçisi olmalarıdır. Kişi istədiyini və bir neçəsini birdən əldə edə bilər, qadın isə ikincisinə göz ucuyla belə baxa bilməz. Bu, kişi üçün bir nadinclik, qadın üçün isə namussuzluq sayıla bilər. Halbuki hər ikisinin təşəbbüsünü doğuran eyni fizioloji hadisədir".  Sevilin mühakimələri Elxanın "tənasül"  fəlsəfəsinə söykənir və onun məntiqi davamıdır.  Sevil öz əvvəlki təbii xarakterində milli varlıqdakı qadın təbiətini təcəssüm etdirdiyi məqamda əri "Allahın kölgəsi" hesab edir. Bu cür düşüncə tərzi qadının milli tarixi xarakterini daha təbii və dəqiq ifadə edir. Onun bu cür düşüncəsinə əks mövqedən çıxış edən Gülüş isə deyir: "Boş sözdür, nə Allah var, nə də kölgəsi". Gülüşün bu cür düşünməsi qadının milli xarakterinin ifadəsi kimi səslənə bilmir və sovet rejimində qadına verilən rolun ifası kimi kifayət qədər qeyri-təbii səslənir.

C.Cabbarlının Sevili öz tarixi xarakterindən, inam və inancından, ailə mühitindən qopararaq fabrikə yola salması Azərbaycan qadınlığının təbii inkişaf yolu kimi yox, sosrealizmin qəhrəmanı "inqilabi inkişafda" göstərmək tələbindən irəli gəlir və obrazı öz xarakterindən çıxarmaq, onun xarakterinə yad keyfiyyətlər calamaq məcburiyyəti kimi mənalanır.

Sevilin ictimai həyata gedən yolunun davamı "Almaz" pyesindəki Almaz obrazında meydana çıxır. Bu əsərdəki Yaxşı obrazı milli qadın xarakterinin təcəssümü baxımından Sevilin, əgər belə demək mümkünsə, sovetləşmədən əvvəlki xarakterini ifadə edir və tamamlayır. Əri "Allahın gölgəsi" hesab edən Sevil kimi, Yaxşı da hesab edir ki, "ər bir, Allah bir". Lakin Almaz onun dini inancına, "Qurani-Kərim"ə iman gətirməsinə, Allaha qəlbən bağlılığına geridə qalmışlıq, avamlıq kimi baxır.

Heç şübhəsiz, "Od gəlini"ndə də, "Sevil"də də, "Almaz"da da iti realist qələmin ifadə etdikləri ilə yazıçının ideoljinin təsiri altında əsərlərinə gətirdiyi hadisə və obrazlar üz-üzə dayanır və müəyyən mənada yazıçının həyat həqiqətinə sədaqətini sığortalayır. Ancaq bu halda da ədəbiyyatşünaslığın indi də realist qələmin təsvir etdikləri ilə ideolojidən gələn təsvirləri bir-birindən ayırmağa təşəbbüs etməməsi təəccüb doğurur. Çünki Sevilin, Almazın düşüncə və hərəkətlərini ictimai həyatın qanunauyğunluğu, tipik hadisəsi kimi qələmə verəndə C.Cabbarlının öz estetik prinsiplərinə əks getdiyi aşkar görünür. Buna görə də "Od gəlini"nin, "Sevil"in və "Almaz"ın, eləcə də sovet dövründə yazdığı sonrakı əsərlərin ideoljidən gələn tərəflərinə - həyat həqiqətini təhrif edən tərəflərinə göz yumub, onları "gerçəkliyi əks edən yox, dəyişən, yenidən yaradan sənət möcüzəsi" (Y.Qarayev) hesab etmək elmi düşüncənin müqaviməti ilə qarşılaşır.

C.Cabbarlının "Oktay Eloğlu"dan sonra yaradıcılığının tamamilə fərqli müstəvidə cərəyan etməsinin, onun yaradıcılığındakı "keyfiyyət" dəyişməsinin səbəbləri tarixilik prinsipinə uyğun olaraq araşdırılmalıdır. "Oktay Eloğlu"nun səhnəyə qoyulması ili (1923-cü il fevralın 16-da) C.Cabbarlının birinci dəfə həbs olunması ili ilə üst-üstə düşür. Asif Rüstəmli C.Cabbarlının birinci dəfə həbsdən azad olunmasının səbəbi üzərində dayanır: "Yalnız çekistlər tərəfindən hazırlanmış bəyannamə mətninə avqustun 12-də müsavatçılarla bərabər Cəfər də imza atdıqdan sonra həbsdən azad edilir". 

1923-cü ildə C.Cabbarlının "çekistlər tərəfindən hazırlanmış bəyannamə mətninə" qol çəkməsi ilə 1923-cü ildən sonrakı yaradıcılığında baş verən sapmalar arasında dərin bir əlaqə vardır. Demək, mövzunun bədii həllində yazıçının sərbəstliyi artıq onun əlindən alınır. "Od gəlini"ndə, "Sevil"də və "Almaz"da islam dininə münasibətdə baş qəhrəmanların ortalığa qoyduğu mövqelər bütövlükdə ideoloji yönümlüdür, müəllifin hadisələrin cərəyanını gerçəkliyin ona təlqinləri müstəvisindən çıxarıb ideolojinin istəklərinə tabe tutmağa məcbur qalması müstəvisində izah olunmalıdır.

Ümumiyyətlə, C.Cabbarlının milli bir sənətkar olduğu, azad sənətkar düşüncəsi ilə yazdığı əsərlərdə xalqımızın milli mənafeyindən çıxış etdiyi, bu mənafeyi əsərlərində cəsarətlə əks etdirdiyi heç bir şübhə doğura bilməz. Ona görə də onun yaradıcılığının təkamül yolunu türkçülük, azərbaycançılıq, milliliyin təzahür xüsusiyyətlərindən kənarda təsəvvür etmək mümkün deyil. C.Cabbarlı dramaturgiyasında millilik, türkçülük konsepsiyasının birbaşa bədii ifadəsi kimi meydana çıxan xeyli əsəri var. "Nəsrəddin şah", "Ulduz", "Ədirnə fəthi", "Oktay Eloğlu" və "Od gəlini" əsərləri bu sırada xüsusi dəyərə malikdir.

Cabbarlı estetik idealında milli düşüncəyə ayrılan yer onun sovet dövrü dramlarından "Oktay Eloğlu" və "Od gəlini"ndə də qabarıq nəzərə çarpır. Oktay səhnəyə milli özünüdərk düşüncəsi ilə gəlir. Oktayın milli səhnə uğrunda mübarizəsi milli varlığın özünütəsdiq uğrunda mübarizəsi kimi səslənir. Eyni zamanda, XX əsrin əvvəllərindəki ədəbi-mədəni hərəkatın mahiyyətini ümumiləşdirir, bu dövrdə Azərbaycan teatrının formalaşması uğrunda mübarizələrlə bağlı tarixi həqiqətləri əks etdirir.

Elmi ədəbiyyatda Oktayın dağıtmaq istədiyi mühit kimi ancaq "burjua mühiti"ndən söhbət gedir. Halbuki Oktayın səhnə taleyini ancaq burjua mühiti həll etmir. Maraqlı burasıdır ki, Oktayın milli səhnə uğrundakı mübarizəsindəki bütün uğurları onun kapitalist mühitindəki fəaliyyəti dövrünə düşür. Bütün çətinlikləri ilə bərabər, Oktay məhz bu mühitdəki fəaliyyəti  ilə milli səhnə formalaşdıra bilir. Burjua mühitindəki fəaliyyəti onu "adı dillərdə dastan kimi gəzən, bir zamanlar Azərbaycan səhnəsini titrədən Oktay Eloğlu"na çevirir.

Oktayın sovet səhnəsində Firəngizlə "Qaçaqlar"ı oynayarkən dediyi sözlərin hamısı ikibaşlıdır. Qoyub getdiyi teatr mühitində təbiilikdən, səmimilikdən, həqiqətdən heç bir iz qalmadığını görən Oktay milli təbiətinin təlqinləri ilə qarşısıalınmaz çılğınlıq məqamına qədər gəlir. Məhz bu məqamda reallıq haqqında həqiqəti dilə gətirir: "Yetər sünilik! Yetər yalan! Siz həqiqəti mənə göstərin! Mən onu görmək istəyirəm". C.Cabbarlının estetik düşüncəsində milli teatr uğrunda mübarizə bütövlükdə milli cəmiyyət uğrunda mübarizə kimi metaforalaşır. Bu metaforiklik əsərin sonuna doğru bir qədər də qüvvətlənir. Yeni teatrı hədəf alıb oradakı bütün süniliklərin, saxtakarlıqların ünvanına deyilən sözlər əslində, yeni cəmiyyət quruluşuna qarşı çevrilir. Oktayın Firəngizi öldürməsi sadəcə intihar aktı deyil. Firəngizin öldürülməsi və Oktayın "ədalət divanı"na təslimi milli teatrın və onun simasında milli varlığın "ölən dünya"sını simvollaşdırır. Oktayın Firəngizi öldürməsi "yaşadaraq öldürən" cəmiyyətə qarşı etiraz aktının ifadəsidir.

"Oktay Eloğlu"nda Cabbarlının mövzuya verdiyi bədii həldə romantik sənət prinsiplərinə, azad sənətkar mövqeyinə sadiqlik özünü axıra qədər qoruyub saxlayır. Lakin bu azadlığın Cabbarlı yaradıcılığının sonrakı mərhələsində qorunub saxlanması mümkünsüzləşir. "Oktay Eloğlu"nun səhnəyə qoyulmasından (1923-cü il fevralın 16-sı) bir neçə ay sonra Cabbarlının iki dəfə dalbadal həbs olunması onun yaradıcılıq ideallarına təsirsiz qala bilməzdi və qalmadı. Bu təsirin ilk qabarıq izləri "Od gəlini"ndə görünür. Cabbarlı "Od gəlini"ndə artıq simvolik təsvir üsuluna keçir. Öz milli ideallarını tarixi mövzunun bədii həlli üzərinə yükləmək qərarına gəlir. Babəkin ərəb işğalçılarına qarşı mübarizəsini bədii təsvir obyektinə çevirir. Əsərin simvolik planda yazılması və müasirliyinin də məhz bu planda meydana çıxmasını vaxtı ilə M.Ə.Rəsulzadə çox inandırıcı şəkildə ifadə etmişdir: "Tamaşaçılar üçün "ərəb" və "islam" sözləri yerinə "rus" və "kommunizm" sözlərini qoymaq mənanı aktuallandırmaq üçün kifayətdir".

Elmi ədəbiyyatda Elxanın qurmaq istədiyi "azad vicdanlı geniş bir məmləkət" utopik cəmiyyət kimi mənalandırılıb. Məsələ burasındadır ki, Elxanın qurmaq istədiyi "azad vicdanlı məmləkət" "Od gəlini"nə utopik cəmiyyət kimi yox, sovet cəmiyyətinin qurmağı planlaşdırdığı "kommunizm"in ifadəsi kimi daxil olur. Başqa sözlə, "azad vicdanlı məmləkət" kommunizmi metaforalaşdırır.

"Od gəlini"nin sujetinin və qəhrəmanının xarakterinin milli idealın ifadəsindən sosializm, kommunizm ideallarının ifadəsinədək keçdiyi yol, hadisələrin milli planda təsvirdən sinfi planda təsvirə keçid alması, mövzuya verilən bədii həldə sinfilik amilinin birmənalı şəkildə önə keçməsi bu həqiqəti təsdiqləyir. Ədəbiyyatşünaslığın qənaətlərindən biri budur ki, "Od gəlini"ndə Elxan bütün irqi, dini, milli ayrı-seçkilikləri bir tərəfə atır, mübarizələrin yalnız bir növünü qəbul edirdi - sinfi döyüşləri" (Y.Qarayev).

C.Cabbarlı dramaturgiyasında sinfiliyin ifadəsi haradan başlanır? Y.Qarayevin mülahizəsini təsdiq edərək deyək ki, "Od gəlini" faciəsindən. Bəs, Cabbarlı yaradıcılığında məzlumların mənafeyindən çıxış hardan başlanır? Cavabımız belədir: ilk dramı "Vəfalı Səriyyə"dən. Onda ortaya belə bir sual çıxır. Məgər, sinfiliyin ifadəsi ilə məzlumların mənafeyinin müdafiəsi eyni məzmunlu deyilmi? Yox, eyni məzmunlu deyil. Cabbarlının yaradıcılığında məzlumların mənafeyini müdafiə etməsi onun məsələlərə sinfi baxışının ifadəsi kimi mənalana bilməz. Sinfi baxış birmənalı şəkildə milləti aşağı və yuxarı təbəqələrə bölür. Aşağı təbəqənin nümayəndələri birmənalı şəkildə məzlum, yuxarı təbəqənin nümayəndələri isə birmənalı olaraq zalım hesab edilir. Sinfi baxışda məzlumluğun və zalımlığın meyarı hansı təbəqəyə mənsubluqla ölçülür. Cabbarlı yaradıcılığında da məzlumluğun əks qütbünü zalımlıq təşkil edir. Lakin Cabbarlının məzlumluğu zalımlıqdan ayırma meyarı sinfi mənsubiyyət deyildir. Sənətkarın estetik baxışlarında məzlum haqqı tapdanandır. Zalım haqqı tapdayandır. Cabbarlıda haqqı tapdanan yuxarı təbəqənin də nümayəndəsi ola bilər və o, Cabbarlı yaradıcılığında məzlum statusunda təqdim olunur. "Solğun çiçəklər"də Sara və Bəhram yuxarı təbəqəni təmsil edirlər. Lakin Saranın haqqı tapdandığı üçün o, məzlumdur. Saraya edilən zülmlərin səbəbkarı və iştirakçısı olan Bəhram zalımdır. Cabbarlıda məzlumluq və zalımlıq insanın daxili dünyası ilə bağlıdır. İnsanın öz vicdanı, ürəyinin səsi qarşısında hesabat verib - verə bilməməsi məsələsidir. Təsadüfi deyil ki, onun qəhrəmanları ya müəllif, ya digər obrazların mövqeyində, ya da özü-özünə daxili mühakimədə meyar olaraq ancaq "vicdan"ı seçirlər.

"Nəsrəddin şah" pyesində Mirzə Rza Kirmani və Rəhim xan, Nadir və Cavad xan eyni təbəqəyə - yuxarı təbəqəyə mənsub insanların obrazıdır. Lakin pyesdə Mirzə Rza Kirmani və onun oğlu Nadir məzlumluğun təmsilçisidirlər. Mirzə Rza Rəhim xana deyir: "Sənin heç vicdanın yoxmu ki, hənüz dünyadan kam almamış balalarımı qanlar ilə əlvan etdin?" Məzlumluğun və zalımlığın meyarı belə müəyyənləşir: Balaları nahaq yerə öldürülənlər məzlum, "dünyadan kam almamış balaları" öz şəxsi və haqsız iddialarına görə al qana qərq edənlər zalım statusu daşıyır. Cabbarlı dramaturgiyasında vicdan haqq-ədalət tərəzisidir, insanlığın meyarıdır. Cabbarlıya görə, insan hər bir hərəkətinə görə vicdanı qarşısında məsuldur. Vicdan qarşısında məsulluq insana insani münasibət tələb edir.

C.Cabbarlı yaradıcılığında insana humanist münasibətin xarakterinin məzlumluğun və zalımlığın meyarı olması prinsipi "Od gəlini"ndən başlayaraq metamorfozaya uğrayır. Bu meyarın yerini sinfi münasibət alır. Elxan deyir: "Soruşma, Aqşin. Bu yazıq, gözü qapalı xalq, özü öz səadətinin tanrısı olduğuna inanmır" (313). Sosrealizmdə "xalq" anlayışı bütün sosial təbəqələri öz içinə almır, "xalq" deyəndə ancaq aşağı təbəqə nəzərdə tutulur. Çünki sosrealizmdə xalq sinfi məzmun daşıyır. C.Cabbarlının "xalq" anlayışına sinfi yanaşması "məzlumluq" anlayışını ancaq "məzlum əməkçilər"ə aid edir.  İlk dəfə C.Cabbarlı qəhrəmanının mövqeyində prinsipial dəyişiklik baş verir. Cabbarlı qəhrəmanı ilk dəfə olaraq xalqa, millətə, yaxud məzlumlara deyil, məzlum əməkçilərə müraciət edir. "Məzlum"un "məzlum əməkçilər"lə əvəzlənməsi məsələyə sinfi baxışın Cabbarlı dramaturgiyasına nüfuzudur. Sənətkar bu dramda tam şüurlu olaraq və tam bir məcburiyyət, ideoloji təzyiq qarşısında səhifədən səhifəyə keçdikcə, məzlumluğun sinfi məzmununu konkretləşdirir. Elxan deyir: "Dünyada iki cəbhə vardır: əzənlər, əzilənlər". "Od gəlini"ndə "əzilənlər"in "məzlum əməkçilər" kimi şərhindən əlavə, onların məhz "yoxsullar" olmasına qəti işarələr edilir. Beləliklə, əsərdə "məzlumlar" anlayışı "məzlum əməkçilər", "yoxsullar" anlayışlarına adekvat işlənir və Elxanın mübarizəsinə sinfi məzmun verilir. Məhz bu cəhət milli ideal uğrunda mübarizənin sinfi mənafe uğrunda mübarizə ilə əvəz olunmasını göstərir və C.Cabbarlı dünyagörüşündə baş verən ziqzaqları - metamarfozaları əks etdirir. Bu metamarfozalar C.Cabbarlının "Od gəlini"ndən sonrakı bütün əsərlərində özünü göstərir. Lakin biz C.Cabbarlı dünyagörüşündəki bu metamarfozaları onun həqiqi sənət idealının ifadəsi kimi yox, rejimin təzyiqləri qarşısında onun geri çəkilməyə məcbur qalması kimi başa düşürük. Buna görə də vəzifəmiz C.Cabbarlı yaradıcılığına baxışda tarixiliyi önə çəkmək, tarixi-siyasi şəraitin diktələri ilə sənətkarın daxili dünyasından, həqiqi inancından və idealından gələnləri bir-birindən riyazi dəqiqliklə ayırmaqdır. C.Cabbarlı yaradıcılığının yaşarılığını, başqa sözlə, müasirliyini şərtləndirən cəhətləri ancaq bu halda dəqiq müəyyənləşdirmək olar.

 

Təyyar SALAMOĞLU

 

525-ci qəzet.- 2019.- 3 aprel.- S.22-23.