Elçin Hüseynbəylinin Qarabağ
hekayələri
Dünya ədəbiyyatında müharibə mövzusunda çoxlu əsərlər yazılıb və bu əsərlərin bir qismi sözün əsl mənasında bədii təsir gücü, tarixi əhəmiyyəti baxımından həmişə oxucuların diqqətini cəlb edib. Daha doğrusu,
bir insan-oxucu nəsli dünyadan köçmüş, yenisi gəlmiş,
amma müharibə haqqında yazılan əsərlərə
maraq qətiyyən azalmayıb.
Azərbaycan
ədəbiyyatında müharibə haqqında geniş epik
lövhələri əhatə edən əsərlər
İkinci Dünya müharibəsi bitdikdən sonra yazılmağa başladı.
Biz Əbülhəsənin "Müharibə"
("Dostluq qalası") romanını, Mehdi Hüseynin,
İsmayıl Şıxlının, Hüseyn Abbaszadənin,
Nurəddin Babayevin, İmran Qasımovun, Həsən Seyidbəylinin
və başqa müəlliflərin povest və hekayələrini
xatırlaya bilərik.
Bəs
müasir Azərbaycan ədəbiyyatında Qarabağda
baş verən
hadisələr, xüsusilə, müharibə ilə
bağlı həqiqətlər necə əks olunur? Bu suala cavab vermək, təbii ki,
kiçik bir yazının məqsədinə aid deyil (Yenə
də adlar çəkə bilərik: Elçin, Hüseynbala
Mirələmov, Aqil Abbas, Yusif Kərimov, Eyvaz Zeynalov və
b.), ayrıca, daha geniş bir
yazının mövzusudur bu. Biz yalnız həmin mövzunun
bir yazıçının - Elçin Hüseynbəylinin nəsr
əsərlərində necə inikas olunduğunu izləyəcəyik.
Elçin
Hüseynbəyli son on-on beş il ərzində
Qarabağda baş verən olaylarla bağlı qələmə
aldığı povestlərini, hekayələrini "Ağ. Qara" (2013) və "Gözünə gün
düşür" (2018) kitablarında cəmləyib.
Doğrudur, bu kitablarda
hekayələrin bəzisinin Qarabağ müharibəsi
ilə heç bir əlaqəsi yoxdur, amma təsvir olunan məkanın
müəyyən cizgiləri haqda təsəvvür
yaradır.
Qarabağda baş verən hadisə və olaylar,
xüsusilə, müharibə ilə bağlı səhnələr,
ilk növbədə, təbii və inandırıcı
olmalıdır. Buna ancaq o zaman nail ola bilərik ki, bu müharibənin
mahiyyətini dərk edək, müşahidələrimiz dəqiqliyi və
reallığı ilə seçilsin, yalnış təsəvvür
əsasında olmasın, təsvir olunan obrazlar süni və
qondarma təsir
bağışlamasın. Elçin Hüseynbəylinin Qarabağ müharibəsi ilə
bağlı ilk sözü "Qurdun şərqisi"
("Əsirlər və "Qoca" adı ilə iki hissə)
adlı povesti olub. Bu povestdə, həmçinin,
Elçinin bundan sonra yazdığı hekayələrdə
müharibəyə tamam fərqli bir münasibətlə
qarşılaşdıq. Nədir bu fərqli
münasibət? Vaxtilə
yazıçılarımızı qınayırdılar ki, əgər
sən bir azərbaycanlının Böyük Vətən
müharibəsində igidliyini, qəhrəmanlığını
təsvir etmək
istəyirsənsə, mütləq onun keçdiyi
döyüş yolunu izləməlisən. Axı,
qəhrəmanlıq, məsələn, Həzi Aslanov kimi
general olmaq, şərəfli bir yol keçmək heç də
asan başa gəlmir. Amma Elçinin Qarabağda baş verən hadisə
və olaylarla bağlı qələmə aldığı nəsr
əsərlərinin heç birində döyüş səhnələrinə
rast gəlmədik.
Ümumiyyətlə, təkcə Elçin Hüseynbəylinin
deyil, Qarabağ müharibəsi ilə bağlı yazılan roman, povest və
hekayələrin bir-iki nümunəsi istisna olunmaqla, heç
birində canlı müharibənin özünü
görmürük. Bunun səbəblərini necə izah edək? Yazıçıların
bir çoxunun həmin o canlı müharibənin
iştirakçısı olmamasındamı? Yaxud bu müharibənin öz xarakteri etibarilə
çox ziddiyyətli nəzərə
çarpmasındamı? Bir tərəfdən, güclü dövlətlərin
köməyi və "qayğısı" ilə silahlanan
düşmən ordusu, o biri tərəfdən, çox zəif,
hələ heç ordu adlana bilməyən kiçik, pərakəndə
qruplar (Əsl Ordu sonralar yaranacaqdı). Bütün
bunlar doxsanıncı illərin əvvəllərinə
aiddir.
Əslində, bizim fikrimizcə, döyüş səhnələrinin
təsvirinə ehtiyac duyulmaması təbii idi. Artıq bu
üsul ənənəvi idi, çox zaman sırf texniki
xarakter daşıyırdı, öz əhəmiyyətini də
itirmişdi. Bir də ki, "canlı müharibə"
anlayışı heç də üz-üzə gələn
qüvvələrin çarpışması demək deyil.
Canlı müharibə daha çox həmin müharibənin
ağırlığını çiynində
daşıyan, əzabını çəkən, təkcə
adi deyil, mənəvi itkilərlə üzləşən insanın keçdiyi yolu səciyyələndirir. Daha doğrusu, müharibə psixologiyasının
ayrı-ayrı fərdlərin həyatında,
varlığında necə iz buraxdığının
şahidi oluruq. Az-çox ənənəvi "canlı
müharibə" səhnələri ilə diqqəti cəlb edən
Aqil Abbasın "Dolu" romanında da silahların, topların,
tankların deyil, psixologiyaların döyüşünü
izləməli oluruq və qeyd edək ki, "Dolu" Azərbaycan
nəsrində bu istiqamətin artıq aparıcı
olduğunu sübut edir.
Elçin
Hüseynbəylinin "Qurdun şərqisi" povestində
onun təsvir etdiyi obrazların müharibəyə fərdi münasibətinin
şahidi oluruq. Müharibə
təkcə qəhrəmanlar, igidlər yetirmir, qorxaqlar,
satqınlar, tərəddüd edib fərariliyə yuvarlananlar
da yetirir. Yurdsevər, torpaqsevər
insanlarla yanaşı, rahat yaşayışa, zahiri dəbdəbəyə
uyanlar da çoxdur. Müharibə bu mənada
insanları çeşidləyir, kimin kim olduğunu ortaya çıxarır. Bu mənada Elçin Hüseynbəylinin müharibəyə
fərdi münasibətini onun təsvir etdiyi obrazların həyat
tərzində, düşüncəsində də görə
bilirik.
İki döyüşçünü - biri
yaşlı, birisə cavan - "mövqeyə" göndərirlər. Onlar tapdıqları
tankı ağacların budaqları ilə örtür və sonra yola
düşürlər. Ancaq ayrıldıqları dəstəyə
çata bilmir və meşədə ermənilərə
əsir düşürlər. Onları əsir
götürənlərdən biri "kirvə Armik"dir. Ermənilər bu iki əsirdən
- yaşlı kişi Xəlildən və
cavan oğlan Yavuzdan gizlətdikləri tankın yerini
soruşurlar. Traktorçu olmuş Xəlil bir xeyli müddət
müqavimət göstərir, cavan oğlan isə, elə hey
atasını, anasını xatırlayır, qəbul
imtahanları yaxınlaşdığı üçün
xiffət çəkir. Təsvirlərdən
belə anlaşılır ki, müharibənin ilk illəridir,
əsir düşənlərin müharibə barədə təsəvvürləri
çox zəifdir. Cavan
oğlan deyir ki: "Belə də müharibə olar? Belə də əsirlik olar? Nə
güllə atdıq, nə güllə səsi eşitdik.
Axmaq kimi Armikin tələsinə düşdük... Anamın ağlamasına, yalvarışlarına
qulaq asmadım. Mən axı, bir günlüyə gəldim,
bircə günlüyə... Müharibə belə
olmur, mən onu kinolarda görmüşəm". Cavan
oğlanın içində əsirlikdən qurtulmaq
duyğusu kök salır və
yaşlı kişiyə deyir: "Armik də tanış
çıxdı, sənin tanışın, get indi
özün danış onunla, denən ki, bu gündən
sonra mənim imtahanlarım başlanır,
mən evimizi istəyirəm. De ki, mən o cındırın yerini bilmirəm, qoy
məni buraxsınlar. Birbaşa Bakıya
gedərəm, qohumlarımın yanına. Babamın tüfəngini də özümə
qaytarsınlar". Cavan oğlanın bu
sözlərini təbii sayırıq. Onun "Mən
heç evlənməmişəm də. Anam
yola salanda evlənsəydim, heç olmasa, iyini
uşağımdan alardım" deyirdi. Anama-atama
yazığım gəlir. Onların nə
günahı?" Sonda cavan oğlan
dözə bilmir, "evimizi istəyirəm" deyib
qapını təpikləməyə başlayır,
tankın yerini qışqırır. "Yaşlı
kişi yüyürüb arxadan onu qamarladı, əlləri
ilə boğazını sıxdı. Oğlan əlləriylə
onun əllərini, üz-gözünü cırmaqlamağa
başladı... Yaşlı kişi isə, avtomat sıralamasından və
öz ulartısından başqa heç bir səs eşitmədi".
Povestin ikinci hissəsində yaşlı kişinin yaralı halda bir neçə gün meşədə gəzib, axırda tankı basdırdıqları yerə gəlib çıxması, amma yerində yekə bir çala və soluxmuş ağac budaqlarını görməsi, sonra isə öz kəndinə gedib çıxması və artıq heç kimi görməməsi təsvir olunur. "Heç nə dəyişməmişdi. Kəndlərindən başqa. İndi kəndləri, bağları vəhşi adanı xatırladırdı". Boşalmış kənddə bir neçə ay tək-tənha dolanır, öz əli ilə tikdiyi, illər boyu arzuladığı evin pilləkənlərinin də söküldüyünü görür. Yaşlı kişi bir xeyli ermənini qətlə yetirir. Onlar qocanın verdiyi çaxırdan içib yerdəcə qıvrılırdılar, "qocanın sifətində ölüm gülürdü". Armikin oğlu onu öldürür. Povestin sonunu müəllif belə bitirir: "Qurdun şərqisi" ideoloji əsərdir. Birinci fəsildə müharibənin dərk olunmazlığı təsvir olunur. İkinci fəsil bizim yenicə başlayan özünüdərkimizin və məğlubiyyətimizin göstəricisidir. Üçüncü fəsildə qalibiyyət olmalıdır. Xəlilin oğlu Xaqan Armikin oğluna qalib gəlməlidir. Hələlik real ilk iki fəsildir. Bu fəsil qəhrəman Azərbaycan əsgərinə həsr olunmalıydı. Və bircə cümlə: "Armikin dəstəsi kəndi geridə qoyub öz yerlərinə qayıdırdı. Qurd oğlu Qurd isə qeyzindən ulayırdı. Qisas qiyamətə qalmamalıydı".
Elçin Hüseynbəylinin "Gözünə gün düşür" hekayəsini son illərin nəsrimizdə diqqəti cəlb edən ən uğurlu hekayələrindən biri hesab etmək olar. Bu hekayədə hətta bir romanın məzmununa sığa biləcək hadisələrlə qarşılaşırıq, təsvir olunan obraz isə, doğrudan da, İnsan və Müharibə problemini özündə dolğunluqla əks etdirir. Hekayənin qəhrəmanı ağır xəstəliyə tutulmuş əlli üç yaşlı onkoloq-həkimdir və onun yeganə arzusu doğulduğu kəndi, öz həyətlərini son dəfə görmək, orada ölməkdir. Bu niyyətlə o, bildiyi tanış yollarla öz kəndlərinə doğru yol alır. "Kəndlər yox idi. Evlərin çardaqları, divarları sökülüb aparılmışdı, talan edilmişdi, yalnız yaşayış üçün yararsız olan kərpic tövlələrin, toyuq hinlərinin divarları qalırdı. O, bunları aydınca görməsə də, duyurdu. Evlərin bir qismini sərhədin o tayında, Arazın güneyində yaşayan iranlı soydaşları, bir qismini də ermənilər aparmışdılar". Xəstə həkim çox çətinliklə də olsa, öz həyətlərinə girir və yurdunun yağmalandığını görür: "Xarabalığa dönmüş evə girdi. Bir zamanlar üstündə iməklədiyi, qardaş-bacıları ilə qaçdı-tutdu oynadığı evin döşəməsi də sökülmüşdü. Ara-sıra çürük taxta qırıqları gözə dəyirdi... Kimsəsizlik hər tərəfə hakim kəsilmişdi". Amma bu, uzun çəkmir, kənddə olan iki erməni əsgəri onu qabaqlarına qatır, kənddən iki kilometr aralıda yerləşən zastavaya gətirirlər. Zastavada o, erməni zabitinə məsələni açır və deyir ki, mənim ömrümə bircə gün qalıb, istəyirəm öz kəndimdə öz qəbrimi qazım, ölə bilməsəm, sizlərdən kim isə məni öldürsün. Zabit tərəddüd edir, amma həkim ona rüşvət vəd edir, gəlib qəbiristanlığa çatırlar. Həkim sürünə-sürünə atasının qəbrinə çatır, daha qəbir uçulmuşdu və xəstə həkim özünü həmin boş qəbirə yuvarladır. "Gözlərinin önünə güllü-çiçəkli dağlar, məktəb illəri, quzu otardığı yerlər, çayda balıq tutduğu günlər gəlirdi. Hər şey gözəl idi. Onun yadında daha çox günəş qalmışdı. Amma bu gözəllik yox olmuşdu və bunun nə zaman baş verdiyini xatırlaya bilmirdi. İndi bu gözəlliyin və itkinin yerini acı bir boşluq doldururdu. Səhər açılırdı. Həkimin ürəyi və yaddaşı hələ diriydi. Ölərkən hiss elədi ki, gözünə gün düşür. Gözlərini ovuşdururdu". Hekayə beləcə sona yetir və "gözlərini ovuşdururdu" cümləsi elə bil, bizi qəflət yuxusundan ayıldır.
Elçin Hüseynbəylinin hekayələrində zaman və məkan məsələsi də önəmlidir. Təsvir olunan hadisələrin zamanı məlumdur - əsasən müharibənin ilk illəri, köçkünlük başladığı, kəndlərin boşaldıldığı, insanların dəhşətli həyəcanları, daha çox uşaqların və qocaların fikir və duyğularını əks etdirən illər. Məkan da məlumdur-kəndlərin, qəsəbələrin son günləri. "Ağsaqqal" hekayəsində yaşlı bir insanın - ağsaqqalın vaxtilə əldə etdiyi bir tapançanın taleyindən söz açılır. Amma bu tapança açılmır. "Sevgiylə döyüşmək" hekayəsi isə daha təsirlidir. 15 yaşlı Sənan könüllü olaraq vuruşan dəstəyə qoşulur. "Onu dəstəyə götürmək istəmirdim. 15-16 yaşı ancaq olardı. Hansı kənddən gəldiyini bilmirdik. Özü qəsdən demirdi ki, geri qaytara bilərik. Müharibənin nə olduğunu kinoda görmüşdü". Həmin bu oğlan Nahidə adlı bir qızı sevir, ürəyinin sözünü telefonla ona çatdırmaq, ad gününü təbrik etmək istəyir, amma onu vururlar. Əvəzində komandir həmin qızla telefonda danışır, qız onu acılayır. Nə etmək? Həyat, insan münasibətləri çox mürəkkəb və ziddiyyətlidir.
Elçin Hüseynbəylinin hər iki
kitabındakı hekayələr öz dilinin
aydınlığı, səlisliyi ilə seçilir. Mərhum
akademik Tofiq Hacıyev yazırdı ki: "Elçin dil-ifadə
tərzində də yenilikçidir. Bu fakt bitkin üslub
gerçəkliyidir". Onun hekayələrində
dialektdən, şivədən gələn sözlərə,
ifadələrə də təsadüf edirsən, amma bunlar ədəbi
dil materialında xaric səslənmir, heç bunları hiss
eləmirsən də. Təsvir etdiyi obrazlar da təbiidir, həyatdan
gəlir. Qoy bu təbiiliyi o, gələcək
yazılarında da həmişə qorusun, saxlasın.
Müharibə isə hələ bitməyib və Elçin
Hüseynbəylinin deməyə sözü çoxdur...
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2019.- 3 aprel.- S.21.