"Mənim peşəm dərd çəkməkdir..."
Bakıda
- əksəriyyəti peşəkar
və istedadlı şairlərdən, nasirlərdən
ibarət olan sağlam ədəbi mühitdə hər yazdığı şeirdən
tərif, təltif, şöhrət, sərvət
umanlar da az deyil.
Belələriylə bir zamanda Azərbaycanın kiçik əyalət şəhərində heç
bir iddiası olmayan zərif bir qadın yaşayır və heç kəsin yazmadığı ecazkar təşbehlər yaradır:
"Yuxular çıxır
qınından", "öpür
ayağımı yorğun
ləpirlər. Gedər gəlməzlərdən qayıdım deyə",
"macəra axtarır
veyil küləklər,
tökür kal tutları ağacdan yerə". "Sən
yox idin, sənsizlik də yox idi, sənsizliyi
sən gətirdin ömrümə..." "Yenə
divarlarla qaldıq təkbətək, Hər
yanı gecədir bu dörd divarın".
"Gizlənpaç oynayır ərköyün
günəş, Dolu buludları tutub üzünə", "Həsrət
yumağı tək uzanan yollar. Dolanır zamanın biləklərinə".
"Əlimin sığalında ağrılar
mürgüləyir".
Onlarca belə
deyilməmiş deyimlərin,
ifadələrin müəllifi
Sabirabadda yaşayan şair, nasir Nisə Bəyimdir. İddiasız
şairənin gileyi də həzindir, kövrəkdir:
Hələm-bələ ağlamazdım
itirməzdim başımı
İndi
sanki kövrəlmişəm
Dəymə-düşər olmuşam
Yaxınlardan - uzaqlardan
İnciməyə bir bəhanə
gəzirəm
İçim-çölüm sınıq-sınıq
ağrılar-acılardan
Bulud kimi dolmuşam.
Bir neçə
maraqlı nəsr əsərinin müəllifi
Nisə Bəyim zənnimcə, ilk növbədə
şairdir, bənzərsiz
şairdir və cəsarətlə deyə
bilərəm ki, zənnimcə, bugünkü
çağdaş şeirimizin
ən parlaq nümayəndələrindəndir.
Şairənin bu günlər oxuduğum son şeir kitabı "Miraj" adlanır. Kitaba 2015, 2016, 2017-ci illərdə yazılmış şeirləri
toplanmışdır. Bu üç ilin
poeziyası yaralı bir qəlbin etirafıdır. Nisə Bəyim
kədər şairidir.
Şeirlərinin dəyəri də
kədərin ən müxtəlif çalarlarını
ifadə etmək məharətindədir.
Yaxşı şeirdən yazmaq çətindir, çünki
şah misraları onlara bərabər sözlərlə izah etmək zor işdir. Belə olduqda yalnız o misraları gətirməklə onlardan
aldığın zövqü
oxucularla bölüşmək
qalır.
TƏNHALIQ,
XATİRƏLƏR, PAYIZ, YAĞIŞ, AYRILIQ, GECƏ,
AĞRI, ÖLÜM Nisə Bəyimin ən çox işlətdiyi sözlərdir.
Mənim peşəm dərd çəkməkdir
hər zaman iş başındayam.
Çəkdiyim
acılar hər gecə ölür
hər
səhər dirilib quşa çevrilir.
Payıza yolun düşsə, darıxdığımı söylə,
de ki ayrılıqları uzun çəkdi bu dəfə
Mən də tənhalığın
uzaqlığında,
çırpınan yaralı
qanad kimiyəm
Bütün rüzgarları içinə
yığmış,
gah dolan, gah yağan bulud kimiyəm
Sənə söylədimmi darıxdığımı,
dedimmi kimsəsiz liman kimiyəm
Yalqız
yelkən açan ayrılıqların,
boynuna sarılan duman kimiyəm.
Bir ayrı dünyanın
adamlarıyıq,
nağıldan düşmüşük bu yer üzünə.
Ən yaxşı öyrəndiyim həyat
dərsim - tənhalıq
Tənhalıq diksinib oyandı
qəmdən,
yuxulu-yuxulu kədərə
baxdı
Payızın üstə köklənir
uzaq-yaxın xatirələr
Yağışa qarışıb yağır
axın-axın xatirələr
Dünyada hər kəsdən
məhrəmdir mənə
ağır dərdlərimi
gizlədən gecə
Çəkir sinəsinə ağrılarımı
Sabahı
mənimlə gözləyən
gecə
Gecə
qəfil qapım çala, açıb görəm yuxum gəlib
Bax bu imiş tənhalıq
öz-özünə qısılmaq
Ömrün dar ağacında sənsizlikdən
asılmaq.
Tənhalıq ölüm kimidi heç kəslə paylaşılmır.
Belə
və buna bənzər misraları
sitat gətirdikcə gətirmək istəyirsən,
amma onda gərək kitabın azı yarısını bura köçürəsən.
Bu şeirləri oxuduqca düşünürdüm: görəsən,
sovet vaxtı olsaydı, belə şeirlər yazıla bilərdimi?
Bəlkə də... Olsun ki,
bir tərki-dünya zamanla hesablaşmadan, öz tənhalığının
hücrəsinə çəkilib
ancaq özü üçün xəlvət
şeirlər yaza bilərdi. Təbii ki, onların
çapından söhbət
gedə bilməzdi.
Amma gəlin fantastik bir fərziyyə irəli sürək.
Hansısa bir redaktor siyasi sayıqlığını itirərək,
sinfi səhlənkarlığı
ucbatından bu şeirləri üzə çıxaraydı. Nəinki şeirlər,
ayrı-ayrı misralar
belə dərhal SOSrealizm tənqidçilərinin yaylım atəşinə tutulardı:
Pessimizm, bədbinlik, mürtəce burjua əhval-ruhiyyəsi, işıqlı həyatımıza
qara böhtan, şən, xoşbəxt yaşayışımızı inkar edən küskünlük,
düşkünlük, bezarlıq,
azarlıq və s. və i.a.
Amma Nisə Bəyim dediyi kimi:
"Həqiqətdə xoşbəxtlik
yox,
xoşbəxtlikdə həqiqət"
SOSrealizm deyilən təlimə tapınanlar onu başa düşmək istəmirdilər ki, ən bədbin şeirlər də - əgər onlar doğurdan da əsl şeirdirlərsə,
- insanlara bədbinliyi
təlqin etmir, onlara təsəlli verir. Eyni hissləri keçirən hansısa oxucu bu kədərli
sətirlərlə tanış olarkən
öz yalqızlıq
dərdlərinə həmdərd,
öz kədərinə
ortaq tapır və acılarını bu şeirlərlə ovudur.
Nisə
Bəyimin şeirlərində
kədərin müxtəlif
çalarları varsa,
müxtəlif səbəbləri
də var. Bütün duyan,
düşünən insanlara
xas olan bir qüssə - həyatın
ötücülüyü, ən uzun ömrün
belə qısalığı
haqqında fikirlərdən
doğur.
Əlim
ayağım belə şişib üzümə
durur
Yaşımın keçdiyini Ömür üzümə vurur.
Xəstəliyin fəsadları - yuxusuz
gecələrin ağrılarıyla
bərabər, şairənin acıları
başqa şərtlərlə
də bağlıdır.
Ailəsinə aid həzin misralar:
Heyif məndən, heyif məndən, ay ana
Heyif mənim ürəyimdən
Başındakı qovğanın hamısı
məndən keçdi
Sənə düşmən olanlar
mənim qanımı
içdi
Unudub haqqı-sayı azıb haqdan döndülər
Diriykən ikimizi bir məzara gömdülər
yaxud:
Ömür beş daş oynayan ağılsız
bir uşaqdı
sellər aldı
apardı,
Anam mənə beş
qardaş doğmuşdu
ellər aldı
apardı.
Şairənin həssas qəlbi nəinki yaxınlarının
dərdini çəkir,
hətta arvadını
itirib dul qalmış qonşuları
Mirzağa dayının
da yalqızlıq nisgilini paylaşır.
Bu şəxsi itkilərlə
yanaşı, Nisə
Bəyimi daha
böyük ictimai faciələr -
Xocalı soyqırımı,
Şuşanın itirilməsi
də yandırıb yaxır.
Biz elə özümüz dərdin özüyük
Yazıb
üstümüzdə Şuşa, Xocalı...
Konkret hadisələrdən həyat
dərsləri çıxır:
Bir gün üstünə cəhalət yürüyəcək
Daşqalaq edəcəklər sevgilərini
Ən böyük daşı
ən çox yaxşılıq etdiyin adam atacaq.
Bəs nicat nədədir?
Bu ciddi suala şairə
zarafatla cavab verir:
Adamın
çox pulu ola
Pul verib adamlıq ala
Ya adam kimi yaşaya
ya da ki biryolluq ola.
Təəsüf ki, bu da
mümkün deyil.
Fəqət bu kədərli
kitabdan ümidsizliklə
ayrılmırsan, çünki:
Səni
tərk etsə də, yadlar doğmalar
üzülmə
dünyanın sonu deyil ki...
Bu fani dünyada
əbədi qalmağın
bir yolu da sənətə, şeirə, poetik sətirlərə çevrilmiş
duyğulardır.
O cümlədən, Nisə
Bəyimin yaratdığı
sətirlər:
Öldürüb torpağa deyil, məni sözümə basdırın
- deyir şairə və haqlı olaraq inanır ki:
Ruhumun məskəni nə xatirələr
Nə torpaq, nə məzar, nə təndir mənə
Məni xatırlayan bütün könüllər
Yaşadan sevgilər vətəndir mənə.
Nisə Bəyimin ölümə münasibətində həm mistik, həm də elmin yeni fərziyyələriylə bağlı qəribə bir ümid yeri var - Ölümdən sonrakı həyata ümid... Bu fərziyyə onun maraqlı nəsr əsərində "Onlayn" romanında da əks olunub, şeirində də:
Öləsən...
sənə məktub yazalar
ölməmiş kimi
yerini-yurdunu bilməmiş kimi
səni axtaralar başqa dünyada
başqa adam kimi, başqa vaxt kimi
Dünyanın üstündə hər kəs qocala
ölüm də qocala ölməmiş kimi
sənsə gənc qalasan vaxtın gözündə
heç nə dəyişməmiş, olmamış kimi.
Kim bilir? Bəlkə doğrudan da belədir... Kim insanı
bu fikirdən, bu ümiddən, bu təsəllidən daşındıra bilər
ki?
Və niyə
də daşındırsın?
Nisə
Bəyimin şeirlərindən
gətirdiyim sitatlar deyəsən, elə mənim öz mətnimdən
çox oldu. Olsun! Bəlkə bu başqa oxucuları
da istedadlı şairənin kədər
və ümid dolu kitabını alıb oxumağa həvəsləndirdi.
30 mart 2019
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin
sədri
525-ci qəzet.- 2019.- 3 aprel.- S.11.