Köksüz münasibət və dibi tutmayan ağac
Uşaq vaxtı ən sevimli məşğuliyyətlərimdən
biri ağac əkmək idi. Elə ki
martın sonu, aprelin əvvəli gəlirdi, bizi torpaqdan ayırmaq müşkül məsələyə
çevrilirdi. Yəqin ki,
bacım yaşımızı
daha yaxşı xatırlayar, yaddaşımda
9-10 qalıb.
Təzə-təzə tingləri torpağa basdırır, həmin gün su verir,
nazıyla oynayırdıq. Növbəti gün yenə eyni həvəslə sulayır, əzizləyirdik.
Sonra oynamağa, hoppanıb düşməyə başımız
o qədər qarışırdı
ki, ağaclar yaddan çıxırdı.
Bir müddətdən sonra digərləri çiçək
açanda, bizim əkdiklərimiz qurumuş
vəziyyətdə olurdu.
İlk dəfə bir canlının baxımsızlıqdan
yox olduğunun fərqinə belə varmışdıq. Anam
deyirdi çıxarıb
atın, onsuz da bu saatdan
sonra ondan nə bar olar, nə bağça... Ağlayır, özümüzü yerdən-yerə vururduq, quru ağac özünə gələcək,
yenidən canlanacaq deyə dayanmadan su verirdik. Amma təbii ki, mənasız idi. Çünki ölən ölür,
gedən gedir, quruyan quruyur, məhv olan olur. Geri dönüş
yoxdur! Bax, münasibətlər də belədir. Can atır, əlaqə qurur, bir-iki gün başına dolanırıq, sonra bizim olduğuna əmin olub başını buraxırıq.
Bir gün dönüb baxanda hər şeyin puç olduğunu görürük.
Sevgi də ağac kimidir, torpağa əkmək yetmir, qulluq etmək, su vermək, səbr göstərmək
lazımdır. Köksüz münasibətlər köksüz
ağaclar kimidir, dibi tutmasa quruyub
gedir.
Növbəti mövsüm heyva ağacı əkməyə
qərar verdik. Bu ting elə
balaca, zəif, nazik idi ki,
sanırdın, bir az sərt
rəftar etsən ortadan ikiyə ayrılacaq. Amma budaqlarından sapsarı,
yupyumru, yaşıl yarpaqların arasından boylanan, məst edən qoxusu ilə bir-bir dərdiyimiz meyvələri
gözümüzün önündə
canlandıranda həyəcandan
başımızı itirirdik.
Elə bilirdik ki, indi əkiriksə,
növbəti il bu arzumuzu
gerçəkləşdirəcəyik. Eyni zamanda, əvvəlki mövsümdəki səhvləri
təkrarlamamaq üçün
dəridən-qabıqdan çıxırdıq.
Ağacı əkdik. Ətrafında dörd dolanmağa başladıq. Sağa keçəndə
də su verirdik, sola keçəndə
də. Dibində su o qədər
çox olurdu ki, torpağı görünmürdü. Hətta o dövrlərdə
bir çox ağacın gövdəsində
gözə dəyən
əhəngdən biz də
öz tingimizə çəkmişdik. Günlər bir-birini əvəz etdi, yenə həyətdəki o biri ağaclar boy atmağa, çiçək açmağa
başlayırdı. Bizim tingimiz
isə nəinki tumurcuqlayır, əksinə,
getdikcə quruyub çöpə dönürdü.
Çünki bu dəfə
fərqli münasibət
göstərdiyimizi düşünsək
də, yenə eyni səhvləri etmişdik. O qədər
su vermişdik ki, kökü torpağa qarışıb,
özünə yer sala bilməmişdi. Əslində, çoxumuz
ümidlərimizin əkdiyimiz
ağac kimi saralıb-solmağı ilə
belə tanış
olmuşuq. Xəyal qırıqlıqlarımızın,
heçə dönən
gözləntilərimizin qarşımıza
keçib üzümüzə
irişə-irişə baxmasını
bu cür seyr etmişik. Böyüdükcə dərk edirsən
ki, əslində, qanlı-canlı, barlı-bağçalı,
güllü-çiçəkli eşqin məhv olması da elə həmin heyva ağacının başına gələnlərə
bənzəyir. Əvvəlcə vecsiz davranıb itirirsən. Sonra səhvləri
düzəldim deyir, diqqəti, marağı on
barmaq edib boğazına pərçimləyirsən.
Göstərdiyin qayğının dozası o qədər şiddətlənir ki, bununla qarşıdakının
ağzını, burnunu
tutur, nəfəs almağına imkan vermirsən. Onda dərk edirsən ki, həddən artıq göstərilən
şəfqət münasibətlərin
qatilidir!
Sonuncu ağac əkməyimiz bu günə qədər gözümün
önündədir. Özümüzdən iki
dəfə böyük, yaşı bir-iki ili keçmiş,
qol-budaq açmış, yazın gəlişindən
dolayı üstündə təzə yarpaqları olan, gövdəsi qalınlaşmış
salxım söyüdü
kökündən çıxardıb gətirdik ki, həyətimizə əkək. Anam bunu görüb,
bizi danladı. Belə ağacları
yerindən etmək olmaz, onu
boş yerə tələf etdiyimizi dedi. Dinləmirdik.
Öz inandıqlarımız uğrunda möhtəşəm xətalar toxumağa qüsursuz
şəkildə davam edirdik.
Üstümüz-başımız torpaq,
qan-tər içində geniş çala qazdıq. Ağacı sürüyüb gətirib ora
saldıq. Dibini torpaqladıq, böyük olduğu üçün külək əsəndə
aşırmasın deyə üstünə kərpic düzdük. Bu dəfə
gündə bir dəfə su verirdik. Amma
getdikcə canlanmaq əvəzinə
saraldığını görürdük.
Bir neçə həftə keçdi. Külək əsərkən qurumuş yarpaqlar bir-birinə
dəyib xışıldamağa başlayanda
onu itirdiyimizi fərq etdik. Yenə yanlış iş
görmüşdük. Zəhmət
çəkmədən, əmək vermədən, qulluq etmədən, hazıra nazir
olmaq istəmişdik. Necə də, sevgi münasibətlərinə bənzəyir,
deyilmi? Dəlicəsinə istəyir, əldə
edirik, amma
ağrısına, əzabına, həsrətinə, dəliliyinə,
çılğınlığına, nazına, qəmzəsinə
dözmək istəmirik. Sevmədən sevilmək, axtarmadan aranmaq, üzr istəmədən
bağışlanmaq, vermədən almaq,
səhvimizi düzəltmədən
çırpdığımız qapıları istədiyimiz
vaxt açmağı arzu
edirik. Amma bu, mümkün deyil ki! Əvvəlcə kök salmaq
lazımdır, sonra gövdə,
ardınca zoğ, sonra
tumurcuq, ən axırda isə bar! Yoxsa köksüz
münasibətlərin dibi tutmayan ağaclardan heç bir fərqi olmur.
Türkan
TURAN
525-ci qəzet.- 2019.- 3 aprel.- S.12.