Vurğun ilhamlı, Müşfiq kimi zərif

 

 

 

Aramızdan vaxtsız getmiş istedadlı şair, dostum Rəhim Rəvanla bağlı "Ziyalı" qəzetinin baş redaktoru Əli Əhmədoğlunun "Dünya səndən keçməliyəm" adlı kitabı üçün mənimlə apardığı müsahibədən təəssürat

Əli müəllim çox sağ olun ki, heç zaman xatirəmdən silinməyəcək, ürəyimdə özünə əbədi olaraq, nəbzimin son vurğusunacan yaşayacaq, mənimlə bahəm o biri dünyaya gedəcək bir insan, bir sənətkar barədə xatirə danışmağı məndən rica edirsiz.

Mən əvvəlcə onu öz soyadıyla çağıracağam - Rəhim Əbdülrəhmanov. 1963-cü ildə tanış oldum onunla. Həmin il mən böyük arzularla Bakıya gəlmişdim ki, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunam. Sənədlərimi götürmədilər ki, iş stajın azdır. Həmin illər bu fakültəyə sənəd vermək üçün ən azı 2 il iş stajı tələb olunurdu. Ona görə də sənədlərimi könülsüz-könülsüz filologiya fakültəsinə verdim. Mənimlə birlikdə sənəd verənlərdən biri bu gün Xalq şairi kimi tanıdığımız Sabir Rüstəmxanlı, bir də sonralar aktyorluq sənətinin zirvəsinə ucalan Səməndər Rzayev idi. İmtahana girməzdən öncə biz abituriyentlər rayondan qəbul imtahanlarına çox hazırlıqlı gəlmiş o iki nəfərin başına yığışıb bilmədiklərimizi onlardan öyrənərdik.

Mən 2-ci imtahandan kəsildim, rayona qayıtmaq istəmədim. Neft daşlarında işə düzəldim. İndi hardasa yaşamaq lazım idi. Uzaq bir qohumum vardı, həyətində kirayənişinlər saxlayırdı (Təzə Pir məscidinin yaxınlığında). Gəldim onlara, mənə pəncərəsi olmayan bir otaq göstərib dedilər orada bir nəfər də var, onunla qalacaqsan. Mən ilk dəfə Rəhimi orda gördüm. Elə həmin vaxtdan - yəni 1963-cü ilin sentyabr ayının ortalarından başlanan dostluğumuz ta Rəhim dünyasını dəyişənə qədər davam etdi.

İlk günlər Rəhimlə demək olar ki, nəfəs-nəfəsə yatırdıq, çarpayılarımız yanaşı idi. Gecənin bir aləmində, səhərin alatoranlığında nə vaxt dursam, Rəhimi lampa işığında nə isə yazan görürdüm. Baxmayaraq ki, Rəhim hardasa işləyirdi, yazıb-yaratmağa vaxt əsirgəmirdi. Bir azdan məlum oldu ki, o da mən təki şəhərə oxumağa, gələcəyin jurnalisti olmaq sevdasıyla gəlibmiş, intəhası neçə ildi dalbadal kəsilirmiş. Həm də o, şəhərə oxumaq üçün gələn sadə bir kənd uşağı deyilmiş,  şairliyi də varmış və həyətimizin digər sakinləri də onu öz adıyla yox, eləcə "Şair" deyə çağırırdılar. Mən əsl şairi ilk dəfə doğulduğum İsmayıllı rayonunda görmüşdüm. Musa Yaqubu deyirəm. Ancaq yaşımız arasınnda xeyli fərq olduğuna görə ünsiyyətdə olmamışdım (Bu mənə çox-çox illər sonra nəsib odu). Rəhimin timsalındasa həyatımda ilk dəfə şairlə durub oturur, deyib gülür, çörək kəsir, bir tavan altında günlərimizi başa vururduq. Və mən onun şair təbiətində böyük bir zəriflik, əsl insana məxsus mərdanəlik gördüm. Rəhim məndən iki-üç yaş böyük idi, Bakıya məndən qabaq gəlmişdi. Parlaq istedadı sayəsində artıq o zamanın məşhur şairlərindən olan Xəlil Rza, Cabir Novruz, Məmməd Arazla yaxından ünsiyyət qurmuşdu. Sonralar Adil Rəsulla, Seyran Səxavətlə, Dilsuzla, Sabir Rüstəmxanlıyla məni Rəhim tanış etdi. Rəhimlə dostluğumuz get-gedə şürinləşir, ailəvi dostluğa körpü salırdı. Mən ata-ananın bir övladı idim. Valideynlərim, ən çox da atam onun xatirin çox istəyir, mənim belə bir dost tapdığıma sevinirdilər. Rəhim biləndə ki, mənim atam hələ 30-cu illərdə Teatr texnikumunda oxuyarkən böyük Hüseyn Cavidin tələbəsi olubmuş, onunla hər görüşəndə əldən-ayaqdan gedər, sualı sual dalısına yağdırardı.

Mən Rəhimdə təbiətə çılğın bir vurğunluq gördüm. O mənə hey Küdrü düzündən, ana yurdu Şilyandan, hər yay oraya axışan ləzgi köçlərindən, gözəl ləzgi qızlarından, Ucara xas olan təkrarsız aran təbiətindən unudulmaz xatirələr danışardı. İsmayıllıya gələndə həmişə deyərdi ki, məni dağlara apar. Son dərəcə həlim, saf, mən deyərdim uşaq xasiyyətli idi. Rəhimin şeir deməsi də ayrı bir aləm idi. İlhamı gələndə onu saxlamaq olmur, bədahətən söylədiyi poetik parçaları dinləməkdən doymurduq. İlham çeşməsinin saflığına görə, o, bizə Səməd Vurğunu, ruhunun zərifliyinə görə isə Mikayıl Müşfiqi xatırladardı. Bədəncə zəif olsa da, mənən çox güclü, zəngin idi. Son dərəcə mədəni, ədəbli, sözünün yerini bilən, özünə hörmət qoyan, həssas, duyğulu bir insandı Rəhim. Mən heç bir zaman onun dilindən söyüş, ədəbsiz ifadələr eşitmətim. Elə biləsən o, Bakıya ucqar bir kənddən yox, dünyamızın çox sivil, mədəni mərkəzindən gəlmişdi. Hətta bəzən o, mənə şəhərin qayım-qayım qaynaşan adamları arasında yad planetlərdən gələni xatırladırdı.

Adətən bir çox gənclər qaynar Bakı mühitinə can atır. Rəhimdə belə bir istək başdan-binadan yox idi. Mən inanıram ki, Rəhim öz ədəbi, jurnalistik fəaliyyətini Bakıda davam etdirsəydi, bu gün Azərbaycanın ən çox tanınıb sevilən şairləri sırasında ön cərgədə olardı. Yadımdadır, hələ o zamanlar "Rəhim Rəvan" imzası hörmətlə çəkilir, şeirləri nüfuzlu ədəbi jurnallarda, qəzetlərdə dərc olunurdu.

Universitetin yataqxanasında tez-tez ədəbi məclislər keçirilərdi. Oraya Xəlil Rza, Nəriman Həsənzadə, Məmməd Araz gələrdi, gənclərdən Ramiz Rövşən, Seyran Səxavət, həmçinin, Rəhim də iştirak edərdi bu məclislərdə. Təsəvvür edin ki, Məmməd Araz Rəhim Rəvanın şeirlərini əzbərdən deyərdi. Onun ədəbi nümunələrinə xas olan xalq ruhu, axıcılıq məclisdəkiləri heyran edir, Rəhimin ruhən Şəhriyara yaxınlığı dönə-dönə qeyd olunurdu. O illərdə ustad Şəhriyarın "Heydər baba" poeması əlbəəl gəzərdi və çoxumuz həmin ədəbi şedevrin təsiri altında haldan hala düşdüyümüz vaxtlarda Rəhim o dahiyanə əsərə nəzirə olaraq özünün "Əziz ana" poemasını tez bir zamanda ərsəyə gətirdi. Sonralar şimallı şairlərin Şəhriyarın bu əsərinə çoxlu nəzirələri işıq üzü görsə də, cəsarətlə deyərdim ki, Rəhimin "Əziz ana" poeması birincilər sırasındaydı, bəlkə də birincisiydi. Bu əsər sanki ustad Şəhriyarın "Heydər babaya salam" poemasının davamı, qardaşıydı. Poemanı nəzirə adlandırmaq bəlkə də düzgün oimazdı, elə bil bu iki əsər iki qanaddır. Elə bil Rəhim cənubdan uzanan qardaş əlini hərarətlə sıxıb və bu əllər bir bütövə - yumruğa çevrilib...

Bu poemanın bir çox parçaları mənim gözüm önündə yaranıb, bəlkə də ilk oxucusu mən olmuşam. Əsərin dili o qədər axıcı, qəlbəyatan idi ki, bir dəfə oxuyan kimi yaddaşlara hopurdu. O illərdən oxuduğum parçalar indi də yadımdadır.

Əziz ana, qırış nədir üzündə,

Bir layla çal mürgüləyim dizində,

Xatirələr dilə gəlsin sözündə,

Xoş ləhcəlim, bəstəkarım sən oldun,

Ömrümüzdə bir əbədi gün oldun.

Ata deyib həsrətində qalmışam,

Ana, təsəllini səndən almışam,

Sənə baxıb - baxıb fikrə dalmışam,

Ay demişəm nola atam gəleydi,

Heç gülməyən üzlərimiz güleydi.

... Ləzgilərin allı-güllü hanası,

Bəsləyərdi məni ləzgi anası,

Onun qızı - binələrin sonası,

Heç bilmədim o dilbilməz necoldu,

Hayıf mənim yetişməyim gec oldu.

O zaman tək mən yox, bizim ədəbi mühitdəki bir çox gənclər - Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Seyran Səxavət, Dilsuz bu şeirləri əzbər bilərdi. Ona görə deyirəm ki, kaş o, Bakıya bağlanıb qala biləydi.... Rəhimdə Bakıya qəribə münasibət vardı. Deyirdi burda adamların sanki özləri deyillər, torpaqdan ayrılmış yabanı bitkilərdi. Deyirdi insanın ayağı torpaqda olmalıdır, asfalt, beton örtüklər onu torpağa yadlaşdırır. Yadımdadır, bizə - İsmayıllıya gələndə ayaqqabılarını çıxardıb göy otun üzərində uzanar, uşaq kimi atılıb düşərdi. Torpaqla qılıqlı - sülüklü olduğundandı ki, Bakıda qərar tutammadı, baş alıb getdi öz doğma torpağına, yurduna...

Məndən sonra Rəhim yenə bir müddət kirayələrdə qalandan, sonra yataqxanada - həmyerlisi şair Məmməd İsmayılla bir otaqda yaşayası oldular. Onda spirtli içkilərə qəti meyl yox idi, əla yeməklər bişirər, özü də tək yeməz, dostları süfrəsinə dəvət edərdi.

Rəhimin tələbəlik həyatı da çox mənalı, yaddaqalan idi. Tələbə yoldaşları- qızlar, oğlanlar Rəhimi çox istəyərdilər. Ən çox da məhəbbət şeirlərinə görə ona "Azərbaycan Yesenini" adını vermişdilər. Rəhim Rəvan Mikayıl Müşfiqə pərəstiş edirdi, onun "Küləklər" şeirinə nəzirə yazmışdı, şeir nəzirə də olsa çox qüvvətli, orijinal idi. Ritm, vəzn, mövzu eyni olsa da, tamamilə fərqli bir poetik əsər meydana gətirmişdi.

Müşfiqin "Gecələr" şeirinə də nəzirə yazmışdı. Eyni adlı həmin şeirə necə də gözəl, müasir düşüncə tərziylə yanaşmışdı.

İşığın inadın qırarsız,

Qocalıb fikirli durarsız,

Siz nədən sükuta dalarsız

Bozumtul, zil qara gecələr,

Çöl qara, gül qara gecələr.

Əsərsiz, dəyişər havalar,

Qəlbləri oxşayar gilavar,

Quşlara pənahdır yuvalar,

Uçurub yıxmayın küləklər,

Vəfasız çıxmayın küləklər.

Bəli, yaşasaydı bu sayaq poetik incilərinin sayı çox olardı. Bakıda qalıb bir işə düzəlsəydi, bəlkə də adı bu gün klassik adlandırdığımız şairlər sırasında çəkilərdi.

Rəhim Rəvan məni təkcə ədəbiyyatçılarla tanış eləmədi, o, mənə böyük ədəbiyyata aparan yolun başlanğıcını göstərdi, onda ilk addımlar atmağa məni sövq elədi, həvəsləndirdi. Mən yazmaq istəyirdim, ancaq hansı janrda yazmaq, bədii qabiliyyətimi ədəbiyyatın, ümumiyyətlə, yazı sənətinin hansı sahəsinə yönəltmək mənim üçün hələ qeyri müəyyən idi. Bax, bu zaman qələmimi hekayə janrında sınamağa həvəsləndirən Rəhim oldu. Yazdıqlarımı ilk olaraq ona oxuyardım. Diqqətlə qulaq asar, bəzən gülər, zarafat edər, hətta dolayar, bəzən də... "bax bunu yaman yazmısan" deyə mənə qol-qanad verərdi. Sonralar hekayələrim jurnallarda çap olunanda məni ilk təbrik edən, sevincimə şərik olan da Rəhim oldu. Xeyirxahlıq, əl tutmaq onun təbiətində idi. Ona görə də böyük minnətdarlıq hissi ilə ədəbi mühitdə atdığım hər bir uğurlu addım üçün Rəhim Rəvanı həmişə yad edəcəyəm.

Rəhim mənim üçün mənən, ruhən həmişəyaşardır... Rayona gedəndən sonra vaxtaşırı Bakıya gələr, hər gəlişi dostları üçün, mənim üçün əsil bayram olardı...

Sonra bir müddət görünmədi. 90-cı illərin qarışıq bir dövrü idi. İş elə gətirdi ki, dostum Məmməd İsmayılla qonşuluqda ev almışdım, tez-tez rastlaşıb hal-əhval tutardıq. Günlərin bir günü Məmməd İsmayılı çox pərişan gördüm. Mənə astaca dedi: Xəbərin var, dostumuz rəhmətə gedib... Məmməd İsmayıl özü də gec xəbər tutmuşdu, üstündən xeyli müddət keçmişdi. Mən sözün əsl mənasında sarsıldım, özümü həddən artıq pis hiss elədim...Amma artıq gec idi. İndi mənə yalnız onun ruhuna duaçı olmaq, yaxınlarına, doğmalarına təsəlli vermək qalır. Bizimsə təsəllimiz odur ki, bu gözəl şairimizin küllü miqdarda şeirləri, poemaları şəxsi arxivində, dostlarının, doğmalarının yaddaşında qorunmaqdadır, onun işıqlı ruhuna hörmət əlaməti olaraq gələcək nəsillərə kitab halında ərməğan ediləcək.Və həmkarım, qələm dostum Əli Əhmədoğluna üzümü tutub deyirəm ki, siz böyük bir zəhmətə qatlaşıb, ağır bir yükü üzərinizə götürmüş, heç bir təmənna güdmədən Rəhim Rəvanın külliyyatını toplu şəklində çap eləməklə böyük bir savaba ürcah olmusunuz. İnanır, sizi də inandırıram ki, zaman gələcək bu əməyinizin sayəsində Rəhim Rəvanın şair boyu, şair siqləti klassiklərimiz sırasında apaydınca görünəcək.

 

 

İntiqam MEHDİZADƏ

 

525-ci qəzet.- 2019.- 3 aprel.- S.20