Elçin və Ədəbi Cərəyanlar

 

Elçinin bədii təxəyyülü, öz palitrası ilə gecənin zülmət qaranlığında bərq vuran, sayrışan, irili-xırdalı, saysız-hesabsız ulduzlar harmoniyasının yaratdığı ağ işıq yoluna bənzəyən aydın, nurlu fəza, iki rəqəmi ilə dörd rəqəmi arasındakı rəqəmlər və rənglər qalereyasının əsrarəngiz tablosunu yaradan ədəbi kəhkəşandır.

 

Bu kəhkəşan, klassizm, realizm, romantizm, simvolizm, sürrealizm, modernizm, postmodernizm, absurdizm cərəyanlar toplusunun çoxluqları ilə zəngindir. Hətta, bəzi əsərləri var ki, bir əsərdə bir neçə cərəyanın ünsürlərini görmək mümkündür. Görürsən ki, komediya janrında yazılmış bir əsərində realizm, güclü lirizm və romantizm də vardır. Komizmdə tragizmin və yaxud tərsinə, lirizmdə romantizmin və yaxud tərsinə, eləcə də digər hər hansı bir janrda yazdığı əsərində müxtəlif cərəyanların ünsürlərinin müəyyən bir qatda aydın şəkildə sezildiyi hiss olunur və biz bu gerçəkliyi, yaradıcılığına ekskurs etdikcə, nümunələr göstərərək, isbata yetirməyə çalışacağıq. Bəzən absurd bir pyesində postmodernizmə, lirizmə, eyni zamanda, romantizmə, hətta  dərindən incələdikdə baxırsan ki, absurdla tam fərqli qütbdə dayanan  klassizm, realizm selinin də axınına rastlaşmaq olur. Bütün bunlar, yəni belə özünüifadə üsulu, müəllifin təxəyyül dünyasının zənginliyindən, elastikliyindən, geniş düşüncə arealının dolğun bazaya məxsus mütləq varlığından xəbər verir. Belə də demək olar ki, bu, onun çoxşaxəli düşüncə motivasiyasıdır. "Elçin öz yaradıcılığında hər dəfə yeni bir ədəbi missiyada, yeni bir ədəbi formatda gündəmə gəlir" (Məryəm Əlizadə).

Elçinin əsərlərini oxuyarkən və ya istər roman və povestləri, istərsə də dram əsərləri əsasında hazırlanan tamaşalarına baxarkən, elə bir aləmə düşürsən ki, sanki həmin aləmdə vərəq-vərəq səhifələnən kitablardan, hər birində fərqli mövzuları əhatə edən lirik, romantik, fəlsəfi şeirlər oxuyursan. Yaxud, qat-qat yığılmış, bir-bir sərgiləndikcə, ayrı-ayrı dövr mədəniyyətlərinin tarixini yaşadan xalılardakı zəngin ornamentləri seyr edirsən. Və ya, laybalay açılmış qapılardan, fərqli dizaynlarla miniatür tipli mozaik süslənmiş otaqlara keçirsən və zövqlə bəzədilmiş həmin otaqlardakı könül oxşayan tərtibatdan həzz alırmış kimi bir əhvalla, mənası, fəlsəfi qayəsi yüz min nöqtədən işaran, cərəyanlar içində qaynayan və düşündükcə düşündürən, zəngin rənglər palitrası ilə yaradılmış son dərəcə sirli, sehirli, dəyəri ən yüksək əyarla ölçülən bir tabloya baxırmış kimi valehedici bir təəssüratda olursan. Bu barədə rus ədəbiyyatşünası, tənqidçisi Yevgeni Şklovski Elçinin yaradıcılığına nəzər salarkən, maraqlı nəticəyə gəlir: "Elçin möcüzə sevir. İncəsənətin bir dili var: hisslərin və həyəcanların dili. Lakin Elçin üçün möcüzə yalnız fantastika deyil. Bu - narahat, axtarışda olan canlı insan qəlbidir, həyatı dərindən dərk edən saf və xeyirxah insani münasibətlərdir. Yazıçı çox böyük həssaslıqla və incəliklə öz qəhrəmanlarının ən adi bir hərəkətini, əhval-ruhiyyəsini, hiss və fikirlərini duyub təsvir edən rəssam kimidir". 

Elçinin əsərlərində bir gecənin içində əsrlərin tarixini, min illərin işığını görürsən. Pıçıltılı və hayqırtılı səs sellərinin dalğalarını eşidirsən. Ədibin ədəbi-bədii sənət tablosundakı rənglər çalarlarının həmahəng dinamikası, dinlədikcə ruha rahatlıq gətirən simfonik musiqini xatırladır. Ona görə də Elçinin, özünəməxsus üslubu, özünəməxsus dili olan əsərləri, daima oxunur və teatrlar həmin əsərlərə dönə-dönə müraciətlər edir.

Akademik Nərgiz Paşayeva, Elçinin əsərlərinin özünəməxsus cəhətlərini Azərbaycan ədəbiyyatında analoqu olmayan nümunə kimi diqqəti çəkən maraqlı yanaşma ilə belə dəyərləndirir: "Elçinin fərdi, tamam orijinal üslubunu səciyyələndirən əlamətlər arasında, ilk növbədə, bu üslubun emosionallığını, ondakı analitik məzmunu, sətiraltı ironiya ilə lirikanın vəhdətini qeyd etməliyik. Bu baxımdan Elçinin üslubu Azərbaycan ədəbiyyatında analoqu olmayan tamamilə yeni bir bədii-estetik hadisədir".

Bəli, həqiqətən də Elçin, yeni düşüncə fəlsəfəsi ilə ədəbi aləmə, özünə qədərki Azərbaycan ədəbiyyatında olmayan yeni nəfəs və yeni fəlsəfi təfəkkürlə, yeni bədii ifadə tərzi, yeni estetik duyum, yeni poetik üslub gətirdi. Özünəməxsus rejissorluq dəst-xətti ilə seçilən Mehriban Ələkbərzadə Elçin yaradıcılığına müraciət edərkən, onun yaradıcılığındakı diqqətini çəkən cəhətlər barədə söylədiyi məzmunlu fikirlərlə geniş və dolğun mənzərə yaradır: "...ədəbiyyata gəlişi yeni bir gerçəklik gətirmişdi. ...Bu tərz, təbii ki, Elçinin romanlarında, hekayələrində özünü bariz şəkildə göstərirdi. Pyeslərində isə Elçin müəllim unikal bir yenilik gətirdi. Elçin müəllimin dramaturgiyasında mənə ən maraqlı gələn bugünkü günlə keçmiş, ayıqlıqla yuxu, gerçəkliklə xəyal arasında müəllifin yaratdığı körpü idi. Onun absurda qədər yüksələn, neorealizm gətirən, sürrealizm elementləri olan izmlərlə dolu əsərlərində yeni qəhrəman yaratması mənim üçün çox maraqlı idi. Baxmayaraq ki, elə ilk adını çəkdiyiniz "Ömrün son səhəri" hekayəsi ilə yanaşı, başqa əsərlərində də bekketsayağı ümidsizliyə qapanan qəhrəmanın olmazlarını göstərən müəllif kimi Elçin məni özünə cəlb etdi".

Məhz belə xüsusiyyətlərinə görə onun əsərləri üçün sərhəd yoxdur. Azərbaycan səhnələri Elçinin əsərlərinə hər zaman ehtiyac duyduqları kimi, xarici teatr səhnələri də onun əsərlərinə tez-tez müraciətlər etməyə üstünlük verirlər. Elçin yaradıcılığına xüsusi nəzərlərlə yanaşan professor Məryəm Əlizadənin bu barədəki şərhi diqqət çəkəndir: "Elçinin pyesləri nəinki Azərbaycan teatrlarının repertuarını bəzəyir, həmçinin, dünya teatrlarının repertuarını dolaşır. Onun dramaturgiyasını xarici ölkələrdə tanıyırlar, sevirlər və böyük maraqla səhnədə oynayırlar. Bu tendensiya gün-gündən artmaqda, şaxələnməkdədir".  Bu fikri xarici teatr mütəxəssisləri təsdiqləyirlər. İngilis ədəbiyyatşünası, tərcüməçi İan Piertdinin Elçinin yaradıcılığındakı dünyəvilik prinsipləri barədə əlimizdə olan yazısı, onun yaradıcılıq potensialının geniş imkanlarını isbat edir: "Elçin dünya ədəbiyyatı dəyərlərini, bu sahədəki təcrübəni mükəmməl şəkildə öz yaradıcılıq laboratoriyasından uğurla keçirən çox maraqlı bir yazıçıdır... Rejissor Devid Perri "Şekspir" pyesini oxuyub ona valeh olmuşdu. Onun quruluşunda əsər Londonun Avanqard Teatrında müvəffəqiyyətlə tamaşaya qoyuldu. Elçinin yaşanmış tarixə ironik, paradoksal şəkildə təqdim edilən münasibəti ingilis tamaşaçıları üçün çox maraqlı idi". Bu xüsusda Nizami Tağısoyun "Elçin yaradıcılığından yazmağın məsuliyyəti"  ("525-ci qəzet", 23 yanvar 2016) yazısında söylənildiyi kimi, Londondakı "St.James" teatrında "Cəhənnəm sakinləri" pyesinin motivləri əsasında hazırlanmış "Gecə yarısı" ("Midnight") musiqili tamaşasının ingilis rejissoru Matthev Qoldun quruluşunda təqdimatı da Elçin teatrının uğurları sırasındadır.

Elçin öz yaradıcılığı ilə London teatrlarının, o cümlədən də Avanqard Teatrının diqqətini çəkən ilk Azərbaycan müəllifidir. Onun yaradıcılıq bazasının məhz dərin fəlsəfi zənginliyi, son dərəcə müasir düşüncə sahibi olması və ədəbi təfəkküründə yer tutan çoxxətli hərəkətlər funksionallığı ilə yazıb-yaratması, çağdaş dövrün yaradıcılıq qanunlarını önləyən güclü emosional dinamikası, dünya ədəbiyyatının daima yenilənən "izmlərini" həmən sezən və duyan istedad imkanları və təxəyyül palitrasının ahəngdar harmoniyası onun fərqli müstəvidə yarada bilmək üstünlüyünü ərsəyə gətirir. Məhz bu cəhətləri ilə də o, belə mötəbər teatrlarının səhnəsini özünə cəlb edir. Bu günə qədər ədibin əsərləri London, Moskva, Sankt-Peterburq, Ankara, İstanbul, Konya, Ərzurum, Krım, Kipr və s. bu kimi dünyanın müxtəlif şəhərlərində uğurla tamaşaya qoyulmuşdur. Və inandırıcı olan budur ki, zaman irəlilədikcə Elçinin özünəməxsus yaradıcılıq qüdrəti ilə ərsəyə gətirdiyi əsərlərinə, məhz xarici teatrlardan daha çox müraciətlər olunacaqdır. Çünki Elçin zamanı qabaqlayan müəllifdir.

Buna baxmayaraq, zamanı arxada qoyan müəllifin arxasınca irəliləmək meyli və bununla da gələcəyə yeni pəncərələr açmaq istəyi hər bir rejissorun əsas qayəsi olduğuna görə, Elçinin əsərləri heç vaxt səhnədən enməyəcəkdir.

Elçinin əsərlərinin aktuallığı bir də onunla bağlıdır ki, bu əsərlər bir ədəbi cərəyan çərçivəsində məhdudlaşmır. Yuxarıda da dediyimiz kimi, onun hər bir əsərində müxtəlif ədəbi cərəyanların işartıları əsrarəngiz bir işıq seli kimi axır və bir-birinin içindən sinergetik bağlılıqla, ilğımvari dalğalarla keçərək, dövr edirlər. Nəhayətdə şaqraq bir bulaq suyunun həzin melodiyasını dinləyirmiş kimi əhvalla təsirlənir və həmin əsərlərin sehirli avazını ruhuna çəkirsən.

Bu qədər təşbeh və təkrirlərlə yaratmağa çalışdığımız bu poetik ovqat, dolğun mənzərə hansı səbəbdən yaranır? Hardan qidalanır Elçin yaradıcılığında cövlan edən bu qədər güclü enerji ilə yüklənmiş dərin fəlsəfi-estetik cərəyanlar silsiləsi? Onların üzvi bağlılığını təmin edən hansı qüvvədir? Geniş əhatəli nəzərlərlə baxdıqca və hərtərəfli, dərindən analiz və təhlil etdikcə görürsən ki, bunun tək bir səbəbi var. Elçin təfəkkürü, istər-istəməzlikdən, qeyri-səlis məntiq nəzəriyyəsinin fəlsəfi bazasından bəhrələnir, o, qarşısına xüsusi məqsəd qoymadan, sövq-təbii həmin nəzəriyyənin imkanlarından əsaslı məntiqlə yararlanaraq çalışır və məhz bu nəzəriyyədən qida alan qələminin zəngin rəngləri ilə yazıb-yaradır.                              

Dediyimiz kimi, fikrimizcə, Elçin məhz belə bir prinsiplə yazıb-yaratdığı üçün, onun, hər birində bir neçə cərəyanın işıq selləri kəsişən bütün əsərlərinə zəngin, əsrarəngiz bir tablo kimi baxmaq lazımdır. Teatrşünas alim, professor Məryəm Əlizadənin qənaətinə görə də, "Elçin yaradıcılığı bir tablodur..." Alim həm də bu tablonun məzmununu şərh edərək yazır ki, "...və bu tablodan... ən müxtəlif rəng çalarlarında Azərbaycanın özü... azərbaycanlıların mədəniyyəti görünür". 

Dolğun çalarlarla, müxtəlif cərəyanların boy verdiyi açıq-aşkar sezilən bu zəngin tabloda, Elçin, sözün böyük anlamında İNSAN axtarır, İNSANın bədii obrazını müxtəlif rakurslardan baxmaqla, lakin bir mahiyyətdə - İNSAN məzmununda yaratmağa çalışır. İNSANı müxtəlif rakurslardan göstərərək, bədii yaradıcılıq müstəvisində analiz edir, onun fəlsəfi məzmununu vərəq-vərəq səhifələyir. İNSAN meyarı Elçinin yaradıcılığında əsl leytmotivə çevrilmişdir. Bu leytmotiv, Elçinin özünün baxış nöqtəsindən belə görünür: "Gərgin-psixoloji, ya aram-təmkinli, şərti-qroteskvari, fantastik-mifik, ya tamamilə, real, lirik-mənəvi üslublarla... Azərbaycan ədəbiyyatı bir şeyə can atır: müasir "ümumbəşəri insan"ın xarakterinin dərinliyinə varmaq. O insanın ki, keçmişlə gələcəyin, yəni bu günün və sabahın arasında mənəvi körpü olub, bir tərəfdən faciəvi və mürəkkəb, bir tərəfdən də harmonik bir dünya ilə üzbəüzdür".  Bu qədər əhatəli düşüncə və belə geniş yanaşma, Elçin təfəkküründə yer tutan çoxxətti parametrlərin, zəngin rənglərlə boyanmış işıq selindəki əsrarəngiz dalğalar hesabına ərsəyə gəlir. Məhz bu meyar özü, qeyri-səlis məntiqin cərəyan dinamikası ilə yüklənmiş və ona aid olan cəhətdir ki, ədəbi prosesdə bu cəhət, məhz Elçinə məxsus olan yaradıcılıq tendensiyası ilə birə-birdir.

Ədibin yaratdığı ədəbi tabloda insani münasibətləri və bu münasibətlərdəki çoxcəhətli bağlılıqları, paralelləri, eləcə    kəsişən xətlərdəki nöqtələri, eyni zamanda, dərk və inkar parametrlərini göstərən hiss və duyğular arealında İNSANın  xarakterini öyrənmək, onun çoxşaxəli, mürəkkəb xüsusiyyətlərini tanımaq üçün həmin əsərlərdəki ədəbi cərəyanlar silsiləsini süzgəcdən keçirmək və bu süzgəcdən keçən həmin cərəyanları ayırmaq üçün bir-bir işarələmək, obyektin fəlsəfi qayəsini dərk və kəşf edə bilməkdən ötrü geniş və dərindən incələmək əsas şərtdir. Çünki Elçinin özünün qeyd etdiyi kimi, "bədii xarakter, qəhrəmanın təbiəti məfhumu son dərəcə rəngarəng olduğu qədər də, dəyişkəndir, dinamik mahiyyətə malikdir". Elçin yaradıcılığının əsas məqsədi məhz bu fəlsəfə ilə oxucusunu, eləcə də tamaşaçısını vəzifələndirməkdir.                                                                            

Bədii-fəlsəfi və estetik qayəsinə görə ideallara çevrilən sənət əsərləri ilə xalq yazıçısı Elçin, müxtəlif nəzəriyyələrin kristallarından qurduğu zəncirvari formullarla İNSAN mexanizminin ən dərin qatlardan cücərtisi hiss olunan  dəyərlərini istər psixoloji faktorla, istər fəlsəfi və bədii meyarlarla açıb göstərmək üçün əsl ədəbi düstur yaradır. Həmin düstur vasitəsi ilə əsərlərində yaratdığı personajların xarakterik xüsusiyyətlərini ilmə-ilmə, naxış-naxış, not-not, söz-söz çözür, açır və izah edir. Akademik Nizami Cəfərovun təbirincə desək, "Elçin yaradıcılığını ona layiq bir səviyyədə təhlil edib dəyərləndirmək, qaldırdığı ictimai-ideoloji problemlərin "coğrafiya"sını tələb olunan şəkildə əhatə eləmək, bədii idrakının özünəməxsus texnologiyalarını, ritmini, intonasiyasını az-çox elmi interpretasiyanın predmetinə çevirmək o qədər də asan deyil". Görünür, bu səbəbdən də Elçinin qeyri-adi səciyyə daşıyan dramaturgiyasını tədqiq eləmək xüsusi məsuliyyət tələb edir. Və bir də bu məsuliyyətlə yanaşı, böyük diqqət və dərin analizlərə istinadən onun yaradıcılığı haqqında danışmaq doğru hesab olunmalıdır.

Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lüfi Zadə çıxışlarının birində bu nəzəriyyə haqqında fikirlərini bölüşərkən, qeyd edir ki, bu nəzəriyyə haqqında dərin mülahizələri olmadığı halda nəzəriyyə haqqında məqalə yazmışdır. Yalnız məqalə dərc olunduqdan sonra nəzəriyyənin mahiyyəti barədə dərindən düşündüyünü, nəzəriyyənin predmetləri haqqında müfəssəl qənaətə gəldiyini, ondan sonra onu  elmi müstəviyə çıxardığını etiraf edir. Əgər böyük alim belə bir etirafı açıqlayırsa,  biz də etiraf etməliyik ki, Elçin idrakı, həmin nəzəriyyənin tənliklər sistemi ilə yüklənmiş təfəkkürlə yaradır və bunu, yalnız təhlillərlə görmək, dəqiqləşdirmək, öz vacehinə qovuşdurmağın gərək olduğunu dərk etməliyik.

Ədibin təkcə ağıllılar və dəlilər paradoksuna nəzər salsaq ("Mənim sevimli dəlim" (Diaqnoz "D"), "Mənim ərim dəlidir") görərik ki, o,  personajların xarakterlərini şəffaf bir ədəbi-bədii kolbaya doldurur, sonra isə həmin kolbada xüsusi formullarla, bütün cərəyanları yaradan, cərəyanlar bazisi olan İNSAN fəlsəfəsinin dərk düsturunun həlli istiqamətində gediş yollarını açır və aydınladır. Elçin göstərir ki, insanı dərk etmək üçün mütləq insanın özünün kəşf etdiyi elmi, fəlsəfi nəzəriyyələr və ədəbi cərəyanlar texnologiyası ilə onun idrakında olan zərrəcikləri və həmin zərrəciklərin yaratdığı fəlsəfi qayəni, eləcə də idrak mexanizmini mikroskopik baxışla incələməli və elmi nəzəriyyəsini öyrənərək müəyyənləşdirməlisən. İnsan fenomenini öyrənməyin yolu məhz bu meyara bağlıdır. Əks halda, insanın dərk prinsipi qeyri-mümkündür. Elçin məhz İNSANın idrak mexanizmini öyrənir və öyrədir. Akademik Nizami Cəfərov deyir ki: "Elçinin əsərlərində mənəviyyat, paklıq, ideal məsələləri həmişə ön planda yer alır. O, insanın mənəvi ucalığını müstəsna bir məntiqlə təsvir edə bilir".

Cəmiyyətdə baş verən xaosun aynası olan ədəbi əsərlər və teatr tamaşaları ərsəyə gələn məhsulda, əks etdirdikləri bütün xaosları öz "izmlər" cərəyanlarının nizam düsturu ilə elə həll edirlər ki, yaranan həmin xaos, sakit bir aydınlıq müstəvisinə varid olur. Çağdaş dövr müəllifləri dərk edirlər ki, yaranmış xaosdan rəvan çıxışa doğru gedən yol boyu baş verənlər, oxucunun və ya tamaşaçının diqqətini özünə daha çox cəlb edir, onları daima intizarla sona qədər hadisələrdən ayrılmamağa vadar edir. Ona görə də əksər müəlliflər çalışırlar ki, öz əsərlərində az da olsa xaos yarada bilsinlər. Bəzən buna nail olmaq o qədər də asan olmur, hətta nail ola bilməyənlər da tapılır. Çünki öncəliklə ədəbi əsərdə xaosu yaratmağın özü güclü təfəkkür və dərin irudisiya tələb edir. Sonra da ki, yalnız xaosu yaratmaqla iş bitmir, onun rəvan yola varmasını da müəllif elə həll etməlidir ki, çözülməz proseslərlə qarşılaşmalı olmasın.

Xaos, özlüyündə qarışıqlıq məhvəri hesab olunsa da, hər bir xaotik vəziyyətin öz nizam qanunu vardır. Təbiətin nizam qanunlarının hökmü ilə, xaosu doğan enerji, onu, çözülmə prinsipləri ilə yaradır. Xaosu çözmək üçün onun ip-ucunu tapmaq və təmkinlə, ilmə-ilmə çözmək, xaosun püskürmə imkanını heçə endirməyə bərabərdir. Hərəkətin hər bir dinamikası onun matimatikası ilə hesablandığı kimi, əsərlərdə də xaosun hərəkət sürəti və dinamik inkişafı müəllif təxəyyülünün istedad tutumuna bağlıdır. "Elçin dramaturgiyamızda ilk dəfə olaraq xaosun, hərc-mərcliyin obrazını yaradır! Onların əsasında duran mənəvi, əxlaqi, ideoloji streotipə, normativ düşüncə və rəftar tərzinə ən müasir, ayıq, oyaq, ədəbi, estetik münasibət ifadə edir". Yaşar Qarayevin demiş olduğu bu dəyərli fikirlər sübut edir ki, dramaturgiyamızda ilk dəfə xaosun obrazını yaradan Elçin, xaosu yaradır, sonra isə onu tənlik həll edən kimi, səbrlə, hissə-hissə həll edir. "Elçinin pyesləri sanki xaosun parametrlərsiz məkanında strukturlaşır", deyən Məryəm Əlizadə də məhz Elçinin ən çətin formanı ən asan üsulla həll edə bilmək imkanına malik olduğunu göstərir. Onu da demək yerinə düşür ki, bütün xaosların hər birinin bir elmi, nəzəri əsaslara bağlı məntiqi qanunauyğunluğu vardır. Hər bir xaosun içindən mütləq bir ədəbi, fəlsəfi cərəyan boy verir, hətta bir neçə cərəyanın dalğaları görünə bilir. Elçin də öz əsərlərində yaratdığı xaos içindən birdən-birə bir fırtına kimi püskürən ən gərgin vəziyyətdən, hətta çıxılmaz bir vəziyyətdən belə, çıxmaq üçün, həmin nizam düsturuna əsaslanaraq, özünəməxsus ədəbi üsulla, öz Elçin teoriyasını yaratmışdır. Buna xüsusən "Teleskop" və "Şekspir" əsərlərini nümunə göstərmək olar.

Həmin əsərlərdə Elçin tərəfindən yaradılmış vəziyyətin dramatizmi və  xaotik gərginlik çox ustalıqla rəvan vəziyyətə gətirilir. Rus ədəbiyyatşünası Vladimir Boborikinin söylədiyi kimi, "Elçin psixoloqdur, O, ən mürəkkəb situasiyalarda belə, "xislət dərinliyinə" daxil olur".

Maraqlı olan cəhət ondan ibarətdir ki, Elçin məxsusi olaraq hər hansı bir cərəyanda yazmağı və ya bir əsərində bir neçə cərəyan ünsürlərini bir araya gətirməyi qarşısına məqsəd qoymur, sadəcə olaraq, onun təfəkkür bazasında yer tutan qeyri-səlis məntiq nəzəriyyəsinin nüvə potensialı, yəni həmin nəzəriyyənin geniş arealı əhatə edən funksiyası onu, istər-istəməz əhatəli düşünməyə və çoxcəhətli yanaşma ilə yaratmağa istiqamətləndirir. Bu fikrə bir də belə bir bucaqdan nəzər salaq ki, Elçinin əsərlərində, deyək ki, klassik formada yazdığı bir əsərində, ədəbi tənqiddə realizm, simvolizm, lirizm, romantizm ünsürlərinin rast gəlindiyi qeyd olunduğu halda, həmin əsərdə modern yanaşma, dadaist və sürrealist ünsürlərin və ya postmodernizmin də olduğunu diqqətə gətirən mütəxəssislərlə rastlaşırıq. Bax, bu mənada Elçin özünəməxsusdur. Məhz Elçin, özünəməxsusluğu ilə fərqlənən və ciddi fərqlənən müəllif olduğu üçün, onun yaradıcılığnda geniş yer tutan qeyri-səlis düşüncə, motivasion dinamika ilə şaxələnir. Rejissor M.Ələkbərzadənin müşahidələrinə görə: "...Elçinin yaradıcılığında müasir dialoqlara uyğun gəlməyən dialoqlar var. Amma bu üsul absurd üsluba gəlib çıxır. Və yaxud da Ədilə obrazı sürrealizm cərəyanını özündə ehtiva edən obraz idi..."

Baxın, tragikomediya janrında yazılmış "Poçt şöbəsində xəyal" əsərində, rejissor M.Ələkbərzadənin baxış bucağının nəzərləri ilə sürrealizm cərəyanı görünməkdədir.

Elçin, öz konsepsiyasını müəyyən etmək üçün rejissorlara, məhz Elçin özünəməxsusluğunu  elə zəngin bütövlükdə təqdim edir ki, həmin rejissorlar ərsəyə gətirdikləri məhsullarda, müəlliflə yanaşı, məhz öz özünəməxsusluqlarını da rahat şəkildə təcəssüm etdirə bilirlər. M.Ələkbərzadənin müşahidələrində görünən bir də odur ki, "Elçinin əsərləri hərdən mənə uzun görünəndə onları ixtisar etmək istərkən iflasa uğradığımı görürəm. Çünki mən onun özünəməxsusluğunu əlindən alıram. O isə özünəməxsusluğu ilə gözəldir". Elçin, "Poçt şöbəsində xəyal" povesti əsasında səhnələşdirdiyi eyniadlı pyesində, xəyallar aləminin kosmopolit fəlsəfəsini açmaq üçün yansıtdığı modernizm, lirizm, romantizm, bəzi hallarda sürrealizm cərəyanlarının bir-birini çevik şəkildə əvəzləyən rənglər toplusundan istifadə edərək, əfsunlu bir səhnə əsəri yaratmışdır. Həmin əsərə müraciət edən rejissorların hər biri, o cümlədən də M.Ələkbərzadə məhz əsərin səhnə yozumunu müəyyən etmək üçün, çox asanlıqla, öz təxəyyül dünyası ilə həmahəng səslənən konseptual nəticə əldə edə bilmişlər.

Elçin hələ, elə ilk səhnə əsərini yazarkən öz özünəməxsusluğu ilə dramaturgiyaya gəlmişdir. İlk səhnə əsəri "Salam, mən sizin dayınızam" iki hissəli komediyasıdır. Premyerası 5 aprel 1995-ci ildə Rus Dram Teatrında, A.Şarovskinin quruluşunda oynanılan, klassik formada yazılan bu əsər, modern düşüncə məhsulu olaraq, teatr ictimaiyyətinin böyük diqqətini çəkmişdir. Haqqında yazılan resenziyalarda, əsərdəki çoxxətlilik teatrşünaslığın diqqətindən kənarda qalmamışdır. Sənətşünas A.Dadaşov 2005-ci ildə nəşr etdirdiyi "Müstəqillik dövrünün dramaturgiyası" adlı kitabının 129-cu səhifəsində yazır ki: "Teatr mühitinin sosializmdən miras qalan əcaiblikləri fonundakı istedadlı gənc aktyor Əhməd bəyin işdən qovulması və hardansa peyda olmuş dayısının onu vəzifəsinə bərpa etməsi əsas dramaturji hadisəni yaratsa da, qeyri-əsas hadisələri əks etdirən süjet xəttinin çoxşaxəliliyi fabulanı arxa plana atır". Burada, fabulanın arxa plana atılmasını, alim, süjet xəttinin çoxşaxəliliyindən irəli gələn amil kimi önə çəkməklə, məhz, Elçin təfəkküründəki düşüncə arealının geniş konturlarını göstərir. 

Ədibin "Şekspir" əsərində də bir neçə ədəbi, fəlsəfi cərəyanın hərəkət dinamikasını görmək mümkündür. Həmin cərəyanlar, əsəri hazırlayan hər bir müxtəlif üslublu rejissorların yansıtdığı traektoriyada fərqlilik təşkil edir. Demək ki, bu da onun göstəricisidir ki, Elçinin əsərlərində cərəyanlar axını zəngindir və hər yaradıcı rejissor öz baxış bucağından görünən cərəyanlarla öz konsepsiyasını ərsəyə gətirir.

Müəllifin  "Teleskop" əsəri, iki rəqəmi ilə dörd rəqəmi arasındakı məsafədə sıralanan çoxluqların saysızlığına bənzər olan, yerlə göy arasındakı məsafədə cərəyan edən hadisələr çoxluğunu və bu çoxluqların hər birinin dəfələrlə artan hissəciklərinin, işıq selində qaynaşan toz zərrəciklərinə bənzər dinamikasını göstərir. Göydən yerə, yerdən göyə istiqamətlənən, həmin məsafədə bir-birinin içindən daraqvari çarpazlarla keçən fikirlər zəncirində qaynaşan fikirlər çoxluğunda, mülahizələr və mükalimələrin hər biri öz hikməti, rəngi və mənası ilə bütöv, dolğun bir mənzərə yaradır. Həmin mənzərədə hər baxış bucağı öz dərk mexanizmi ilə özünəməxsus konsepsiya kəşf edir; fərqli çalarlar, müxtəlif rənglər və bir-birini cəzb və inkar elementləri ilə zəngin fəlsəfi qayə təsirini diktə edən bir neçə elmi-fəlsəfi nəzəriyyənin və ədəbi cərəyanların işartılarını və əsərdəki artan, inkişaf edən və müxtəlif vəziyyətlər yaradan mürəkkəb dramatizmdə rənglər çoxluğunu göstərir. Bu, məhz Elçin təxəyyülünün özünəməxsus ədəbi polifoniyasıdır.

"Elçinin bədii yaradıcılığının janr diferensiallığı da onun ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir... və bu diferensiallıqda aydın görünən bir özünəməxsusluq: hekayədə, povestdə, romanda, dramda... "Elçin janrı"!.."nı (Nizami Cəfərov) təyin edir. 

Onun son illərin məhsulu olan absurd janrda yazdığı "Şeytan əməlləri"  və özünün üç ayrı-ayrı mövzuları əhatə edən "Xüsusi sifariş", "Qızıl və "Mehmanxana otağında görüş" kiçik pyeslərinin  birləşməsindən ərsəyə gətirdiyi "Akvariuma xüsusi sifariş" əsərləri nəinki müxtəlif elmi-fəlsəfi və ədəbi cərəyanlarla əhatə olunmuş zənginliyi ilə fərqlənirlər, bu əsərlərin hər birində ədib, üç ayrı-ayrı mövzuları bir mahiyyətdə birləşdirə bilir. Həm də, hər mövzunun içində bir neçə müxtəlif fəlsəfi nəzəriyyələr, ədəbi cərəyanlar cövlan edir, mövzular bir məzmuna formalaşdıqca, nəzəriyyələr və cərəyanlar da silsilə şəklində sıralanırlar. Bu gerçəklik bir də onu sübut edir ki, Elçinin əsərlərində yer tutan özünəməxsus elastiklik, onun hər bir əsərini, digər əsərləri ilə konponofka etmək imkanına meydan açır. Onun ayrı-ayrı mövzulara həsr olunmuş hər hansı bir əsərini, digər, fərqli mövzunu əhatə edən əsəri ilə ayrıca bir kontekstə gətirərək yeni əsər yaratmaq olar. Etiraf etmək lazımdır ki, bütün bu prosesi yalnız qeyri-səlis məntiq nəzəriyyəsinin verdiyi imkanlara istinadən  həyata keçirmək mümkündür.

Açıq demək lazımdır ki, üç ayrı-ayrı mövzunun bir məzmunda sinergetik bağlılığını yaratmaq qabiliyyəti və həmin mövzuları bir süjet istiqamətində cilalamaq bacarığı, yazıçının həm də bütün digər nailiyyətləri, onun qeyri-səlis məntiq nəzəriyyəsinin bazasından yararlanmaqla, belə desək daha doğru olar ki, bütün yaradıcılığı boyu, həmin nəzəriyyənin tənliklər sistemi ilə çalışmaqla nail olduğunun göstəricisidir. Ədəbi əsərdə çoxxətli variasiyaların performansı, hərəkət dinamikası binar nəzəriyyəsinin imkanlarını ciddi şəkildə aşan bir dinamikadır. Məhz Elçin təxəyyülü, ərsəyə gətirdiyi sərhədsiz hüdudlar meydanı yaradan əsərlərində öz rənglər palitrası və hərəkət dinamikası ilə elmi-fəlsəfi nəzəriyyələr və ədəbi cərəyanlar kəhkəşanının parlaq mənzərəsini yarada bilir.

 

 

 

İFTİXAR

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi

iftihar-piriyev@mail.ru

 

525-ci qəzet.- 2019.- 3 aprel.- S.18-19.