Ona da şeiri
yazdıran var...
Dünyanın ən müqəddəs andı Allahın "Qələmə and olsun!"
andıdır. Məncə, qələm götürənlər
(elə şairlər
də) gərək
and içələr: "And içirəm ki, həmişə qələmə
sadiq qalacağam, qələmin yanında olacağam!"
Qələmin yanında olanlar hamının yanında olanlardır. Qələmə sığınanlar Tanrıya sığınanlardır.
Həzrət Əli deyərmiş:
"Ey K və N hərfləri, sənə
sığınıram" (Söhbət ərəbcə
iki hərflə ifadə olunan "Kon" ("Ol") sözündən gedir).
Demək, qələmə üz tutmaq, sözə sığınmaq Tanrıya
sığınmaq kimi
bir şeymiş.
Qələmin yanında olanlardan (qələmi əlində
olanlardan!), sözə
Allaha sığınırmış
kimi sığınanlardan
biri də şair Şöhlət Əfşardır. Onun qələmi də Allahın dediklərini yazır. "Şairə
şeiri bir yazdıran var" inamı ilə, imanı ilə! Bu qələm Allaha
dua edir. Vətən torpağı işğal
altında olduğu üçün gözünə
yuxu getmir. Şairin Vətənə, yurda, ölməz qəhrəmanlarımıza
olan eşqini aləmə car çəkir.
Həm yana-yana, həm də qürur hissi ilə!
Bu qələm şairlə birgə əsgərlərimizin
yanına gedir, Aprel döyüşlərində
yaralanır, bayrağımızı
Lələtəpəyə sancanlarla bahəm lap həlak da olur,
lakin ölmür! Qalxıb yenidən vuruşmağa hazırlaşır. Xəzərin
"Günəşli" neft yatağında faciəli sürətdə
həlak olanların nəşini axtarıb tapanlara qoşulur, sahilə çıxarır,
dəfn edir, "Vətən, başın sağ olsun!" - deyə.
Səməd Vurğun şairi izdiham içindən boy verib göstərən adama bənzədirdi.
Şöhlət Əfşar
da bu gün
az qala
hamının şeir
yazdığı izdiham
içindən özünün
və sözünün
(qələminin!) boy-buxunu
ilə görünməkdədir.
Bütün şeirlərinin və
poemalarının bir qəhrəmanı var: İnsan! Və bu İnsanı
düşündürən özündən əvvəlki
şairləri də düşündürən İnsanlıq
amalıdır.
V.Hüqo
yazırdı: "Vətəni
ucaldan insanlara daha çox ehtiyac var". Mən deyərdim ki, indi sözü də, qələmi də, insanı da ucaldanlara böyük ehtiyac var. Şöhlət Əfşar
həmin insanlardandı,
şairlərdəndi.
Xaqani insanları nə qədər sevsə də, onların əksəriyyətindən bir
o qədər də qorxurmuş:
Qaçıram möminlərin təsbehindən
kənara,
İnsanların adından elə
qorxuram ki, ah!
- deyə fəryad
edən ulu şair babamızın çəkdiyi dərdlərdən
bu gün Şöhlət Əfşar
da çəkir:
Təzadlar içində dövran
dəyişir,
Ləyaqət, heysiyyət tükənib bitir.
Dünya
elmilənir, mədəniləşir,
Heyif ki, insanlıq, adamlıq itir.
Şöhlət Əfşar müasir düşüncə tərzinə
malik şairlərdəndir. Dünyanı
ağzına almış
qlobal faciələr, təlatümlər, mənəvi
zəlzələlər, məzhəb
çarpışmaları şairi sarsıtdığından,
görün o, nələr
çəkir və nələr yazır:
Gecəyarı sükunət, hücrəmdə
tək qalmışam,
Dərd əlində məhkumtək
sükutdan asılmışam.
Bənzəyirəm səhrada susuz, yorğun dəvəyə,
Ayaq tutub yalanlar, nəyə inanım, nəyə?
Fasiqlər hökm eyləyir,
atıb imanı, dini,
Hey çəkirəm dünyanın,
insanlığın dərdini.
Günahsız qanlar axır, çatan yoxdur köməyə,
Adam özü utanır - mən insanam! - deməyə!
Bunlar adi misralar deyil, şair harayıdır. Aydın şair
mövqeyidir. Müasir Azərbaycan
şairinin üsyankar
səsidir. Zülmə, haqsızlığa qarşı
Ədalət tələbidir.
Bu, iyirmi faizi işğalçı yağı
tapdağında inləyən
Vətənin, Şuşanın,
Xocalının azadlıq
istəyən, "Burda
bir şir darda qalıb bağırır" (Şəhriyar)
deyən hayqırtısıdır.
Şair
belə olmalıdır:
Üsyankar, Vətənin,
Dünyanın, İnsanın
dərdini çəkən!
Y.Yevtuşenko deyirdi ki, əgər Puşkinin
"Sibirə məktub"
şeiri olmasaydı, mən onu böyük
şair saymazdım.
Rus şairi
doğru deyirdi.
Əsl şairin
qələminin gücü
ictimai xarakterli, bəşəri mövzularda
daha çox üzə çıxır. Ş.Əfşarın yaradıcılığında bu mövqe qabarıq
şəkildə nəzərə
çarpır.
Şöhlət Əfşarın hadisə
kimi qiymətləndirilmiş
"Poema-trilogiya"sı, eləcə də yaradıcılığı haqqında
Q.Bayramov, N.Şəmsizadə,
M.Qasımlı, Ş.Vəliyev,
B.Qaraca, V.Aslan, A.Rüstəmli, A.Babayev kimi görkəmli və tanınmış söz və fikir adamlarının, ziyalıların, şair və yazıçıların
söylədikləri qiymətli
fikirlər göstərir
ki, Ş.Əfşar doğrudan da istedadlı bir qələm sahibidir.
Şöhlət Əfşarın harda
olsa, hara getsə, bircə ünvanı var: qələmin yanı, sözün yanı, insanın yanı:
Axtarın qoşmada, ya gəraylıda,
Dədə Ələsgərdən soruşun
məni.
Baxıb
Füzulidə "Şəbi-hicran"a,
Məcnundan, Leylidən soruşun məni.
- deyən şair
əslində, biz gördüyümüz
yerlərdə deyilmiş.
Sən demə, o, bizim tanıdığımız
Şöhlət deyilmiş!?
Bu yaxınlarda Tərtərdən bir ağsaqqal təhsil işçisi mənə zəng etmişdi. Dedi ki, bilirsənmi, niyə zəng etmişəm? Əlimə bir poema düşüb, çox xoşuma gəlib, oxuyuram. Oxumaqdan doymuram. Şöhlət Əfşarı tanıyırsanmı?
Dedim:
- Nətər tanımıram ki? Dostumdu, gözəl şairimizdi.
Dedi:
- O, bu əsərində elə məsələlərə toxunub ki, şair kimi cəsarətinə, sözünü demək bacarığına heyran qaldım.
Ona Şöhlətin
telefon nömrəsini
verdim. Danışdılar. Təkrar mənə
zəng etdi:
- A kişi, bunun
sözü kimi özü də nə gözəl adammış! - dedi
- Allah adamı, söz
adamı, könül
adamı!
Bu fakt bir daha
sübut edir ki, yaxşı əsəri oxuyurlar, yaxşı şairi sevirlər, axtarıb tapırlar...
İllah
da Şöhlət Əfşar kimi könüldən-könülə söz daşıyan, eldən-elə köz daşıyan bir şairi necə tanımayasan, necə oxumayasan, necə ona qoşulub sən də deməyəsən:
Bülbültək çiləyən tuti
dilimdə,
Ustad ozanlara söz gətirmişəm.
... Sönməz ocağımız,
qoy bilsin cahan,
Ocaqdan ocağa
köz gətirmişəm.
Şöhlət Əfşarın poetik
dünyası ilə tanışlıq göstərir
ki, necə ki, belə şairlər
- insanın və insanlığın keşiyində
duranlar var, öz haqq sözünü
ucadan deyə bilən könül, qələm sahibləri var, söz ölməyəcək,
insanın və insanlığın közü,
od-ocağı qaralmayacaq,
sönməyəcək!
Qeyd etdiyim kimi, Şöhlət Əfşar həmişə
qələminin yanındadır. Bu qələm özündən
qabaq yüyürür
hər işinin dalınca. "Sən burda dur, dayan, mən
indicə gəlirəm"
deyib getmədiyi yer, uçmadığı
göy qalmır.
Ən çox
İnsandan narahatdır
Şöhlətin qələmi. Kimsə kimisə
sevir. Lap dərdindən dəli-divanə
də olur. Şöhlətin qələmi
bütün insanları
sevir!
Faciələr içində sanki öz sonuna tələsir dünya. Bu, hamı kimi Şöhləti də, onun qələmini də rahat buraxmır. Səməd Vurğun istəyirdi
ki, "Dünyanın
son adı qurtuluş olsun!" Ş.Əfşar
da müqəddəs bir istəklə yaşayıb-yaradır, deyir:
Mənə bir dünya verin,
Bu dünyadan uzaqda...
... Orda bütün fəsillər
Həmişə bahar olsun!
Bax, beləcə Şöhlətin qələmi bütün fəsillərin bahar olmasını, bütün arzuların çin olmasını, çiçəklənməsini istəyir. Qəlbi də, qələmi də məhz bu cür çiçəklənmək arzusundadır.
Belə məqamlarda Şöhlət Əfşarın qələmi "Ədalət səltənəti" qurmaq arzusu ilə dünyadan köçüb gedən sufi düşüncəli babalarımızın, böyük idrak və düşüncə sahiblərinin yurd (qələm) davamçısı təsirini bağışlayır.
Ruhu "ölməzdən əvvəl ölmək gərək" deyən ürfani ruhlara bağlıdır.
Hər gün yaşaya-yaşaya "hər gün bu dünyaya vida edirəm" demək kiməsə asan gəlməsin!
Ölməzlər, əbədilər "Bu dünyada hər gün ölürmüş kimi yaşa!" deməmişdilərmi?!
Şöhlətin özü də, sözü də (qələmi də) hər gün həmin ölümlə üz-üzə, göz-gözədir! Amma qorxmur. Nədən? Çünki deyə bilir:
Şöhlətəm, Qurana iman etmişəm,
Əhd edib Musatək Tura yetmişəm.
Mən Ərşü-Əlada məkan
etmişəm,
Hər gün bu dünyaya vida edirəm.
"Hər gün
bu dünyaya vida edirəm" desə də, şairin hər gün yaşadığını
da görmək mümkündür. Qələmi ilə, Amalı ilə, Kamalı ilə!
Şair gərək öz taleyini (tərcümeyi-halını),
qələminin dediklərini
yazsın.
Şöhlətin özü də, sözü də bu işlə məşğuldur. Şeirlərindən
biri belə bitir: "Daha can evimə sığa bilmirəm". Bu misra kifayət edir ki, şairin də, qələmin də kim,
nə olduğunu bir yolluq anlayasan
və deyəsən:
Qoy Qələmi
həmişə əlinə
özünə sığmayanlar
götürsün.
Qoy nə yazsa, Qələm yazsın.
Nə deyiriksə, Tanrının dedikləridir.
Nə yazırıqsa, Qələmin yazdıqlarıdır.
Nə yaxşı ki, Şöhlət Əfşara da şeiri yazdıran varmış!
P.S. Xalq şairi Sabir Rüstəmxanlı keçən ilin mayında Qazaxa gəlmişdi. Maşından düşən kimi əlindəki öz bağından dərib gətirdiyi gül dəstəsini S.Vurğunun heykəli önünə qoydu və dedi:
- Qazaxa gələndə Səməd Vurğuna salam vermədən keçmək olmaz.
Şair geri qayıtdıqdan sonra sosial şəbəkələrin birində həmin başlıqla bir yazı çap elətdirdi.
Sözümün canı var: Sən də Səməd Vurğuna salam verənlərdənsən, Şöhlət Əfşar! Sən də qələmə and içənlərdənsən! Vallah-billah! Yox, ey, qələmə and olsun!
Barat
VÜSAL
525-ci qəzet.- 2019.- 3 aprel.- S.17.