Haruki Murakaminin debüt romanı - "Norveç meşəsi"

 

YAZIÇININ 70 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNUR

 

 

Dünya ədəbiyyatına öz postmodern damğasını vuran çağdaş yapon ədəbiyyatının ən görkəmli nümayəndələrindən Haruki Murakaminin əsərləri təkcə Yaponiyada deyil, bütün dünyada ədəbi tənqidin obyektlərindən olub, 50-dən çox dilə tərcümə olunmuşdur. 

 

Murakami 12 yanvar 1949-cu il, II Dünya müharibəsindən sonra yaralarını sağaltmağa çalışan Yaponiyanın qədim paytaxtı Kyoto (794-1868) şəhərində, ziyalı və ədəbiyyatçı ailəsində dünyaya göz açmışdır. Çağdaş dünya ədəbiyyatında uca zirvələri fəth etmiş Haruki Murakaminin bu yüksək mərtəbəyə gəlməsinin ən böyük səbəblərindən biri, heç şübhəsiz, onun dünya ədəbiyyatına olan böyük marağı və fasiləsiz mütaliəsi olmuşdur. Gənclik illərində oxuduğu Qərb postmodernist ədəbiyyatının Kurt Vonnequt və Riçard Brautiqan kimi simalarının əsərlərinin təsirində qalan H.Murakami müasir ədəbiyyatın sözügedən istiqamətinin məşhur nümayəndəsinə çevrilmişdir. 1968-ci ildə Tokioda Vaseda universitetinin dramaturgiya şöbəsinə daxil olan gənc Haruki həmin illərdə - tələbə hərəkatlarının alovlandığı və ən yüksək zirvəyə çatdığı dönəmlərdə hadisələri sadəcə seyirci olaraq izləmiş və əsərlərinə postmodern ruhu gətirməyi bacarmışdır. "Qunzo" ədəbiyyat mükafatına layiq görülən ilk  "Küləyin nəğməsini dinlə" romanı yazıçını ədəbi mühitə tanıtsa da, H.Murakamini dünya sferasında məhşurlaşdıran "Norveç meşəsi" adlı debüt əsəri olmuşdur.

1987-ci ildə çapdan çıxan "Norveç meşəsi" ilə H.Murakami əbədi şöhrət qazanmışdır. H.Murakaminin dünyagörüşünün formalaşmasında musiqi əsərlərinin özünəməxsus rolu vardır ki, sözügedən romanın adı da Bitlzın "Norwegian wood" (The bird has flown) -"Norveç meşəsi" (Quş uçdu) adlı musiqi əsərindən götürülmüşdür. Real həyatı əks etdirən roman kimi yapon gənclərində dərin izlər buraxan əsər sadəcə Yaponiyada qısa müddətdə geniş oxucu kütləsi toplamışdır. "The Paris Review" jurnalına müsahibə verən zaman yazıçının yaradıcılığını oxuculara təqdim edən John Wray "Norveç meşəsi" romanı ilə bağlı qeyd etmişdir ki, kitab ancaq Yaponiyada iki milyon nüsxədən artıq satılmışdır, bu da Tokioda hər ailəyə bir kitaba bərabər idi. Yapon ədəbiyyatının görkəmli tədqiqatçılarından Donna George Storey 1989-cu ildə isə satışların artıq dörd milyon nüsxəyə çatdığını vurğulayırdı. Qeyd etmək lazımdır ki, H.Murakaminin sözügedən romanı "Norveç meşəsi" adı ilə 2012-ci ildə "Qanun" nəşriyyatında Azərbaycan dilində nəşr olunmuşdur. Onu da vurğulamalıyıq ki, əsər orijinaldan deyil, ikinci dildən (hansı dildən tərcümə olunduğu göstərilməmişdir) tərcümə olunmuşdur. Roman əsasında eyni adlı film 2010-cu ildə fransız əsilli vyetnamlı rejissor Tran Anh Hung tərəfindən ekranlaşdırılmışdır. İstər Murakami oxucuları, istərsə də tədqiqatçıları filmə nisbətən əsərin daha təsirli, dərin izlər buraxdığını vurğulayırlar, çünki H.Murakaminin dili olduqca sadə və axıcıdır. H.Murakami "Norveç meşəsi" əsərinin çox asan oxunduğunu və anlaşıldığını söyləyərək, romanın digər əsərlərinə də maraq yaratmağa böyük köməyi olduğunu dilə gətirmişdir.

Murakami "Norveç meşəsi" romanını "İşıldaböcək" adlı hekayəsinin əsasında yazdığını vurğulayırdı. Sözügedən hekayənin əsasında sadə və parlaq bir sevgi romanı yazmağı düşünən yazıçı hekayəni uzadaraq iri həcmli roman halına gətirmişdir. H.Murakami romanı ölkəsinin hüdudlarından kənarda, Avropanın cənubunda tənhalığa çəkilərək yazmış və möhtəşəm roman bir il müddətində ərsəyə gəlmişdir.

Geniş yaradıcılığa sahib H.Murakaminin əsərləri arasında "Norveç meşəsi" romanı istisnadır. Belə ki, əsərlərində bu dünyada olmayan, reallıqdan uzaq, qurmacaya üstünlük verən Murakami debüt romanında dövrün real Yaponiyasını, yapon gənclərinin real həyatını, hətta 1960-cı illərin tələbə hərəkatlarını açıq-aydın qələmə almışdır. Yazıçı "The Paris Review" jurnalına verdiyi müsahibəsində söyləyirdi: "Mən yazmağa başlayanda heç bir planım olmur. Mən ancaq hekayənin gəlməsini gözləyirəm. Mən hekayənin növünü və nələr baş verəcəyini seçmirəm. "Norveç meşəsi" isə tamamilə fərqlidir, çünki mən bu romanı realist üslubda yazmağı qərarlaşdırmışdım". Realist üslubda qələmə alınan "Norveç meşəsi" romanı yaşlı və gənc Vatanabenin dilindən bizə hekayəni çatdırmaqdadır. Başqa sözlə ifadə etsək, keçmişdə yaşanmış hadisələri təcrübə etmiş olaraq kənardan özünü müşahidə edən təhkiyəçi 1969-70-ci illəri nəql edən yaşlı Vatanabe və o illəri yaşayan gənc Vatanabedir. Bu baxımdan, bu təhkiyyəçilər həm eyni, həm də fərqli kimsələrdir. Əsərdəki hadisələr, əsasən, Vatanabenin tələbəlik illəri - 1960-cı illərin sonlarında cərəyan edir. Baş qəhrəman Toru Vatanabe sadəcə olaraq öz həyatını danışmır, eyni zamanda, romanda dialoqlar, məktublar vasitəsi ilə digər obrazların həyat hekayələri də qələmə alınır.

Roman 37 yaşındakı Toru Vatanabenin əyləşdiyi təyyarənin Almaniyanın Hanburq hava limanına enməyə hazırlaşdığı vaxt Bitlzın "Norwegian wood" mahnısı səslənərkən obrazın öz tələbəlik illərini xatırlaması hadisəsi ilə başlayır. Kobe şəhərindən Tokioya gələn, adı qeyd olunmamış bir universitetdə dramaturgiya şöbəsində oxuyan Vatanabenin yataqxanadakı və Tokiodakı həyatı əsərin əsas sujetini təşkil edir. Vatanabe illər öncəyə dönərək yaddaşını qurdalayır, doğurdan da çox şeylərin zamanla unudulduğunu anlayır. Naokoya verdiyi sözə əməl etmək və yaddaş zirzəmisində qalaqlanıb toza batmış xatirələri canlı tutmaq üçün yeganə çıxış yolu ancaq onları yazıya tökməkdir. "Məni heç vaxt, heç vaxt unutma. Yadında saxla ki, nə vaxtsa mən də olmuşam" - deyə yalvaran Naokoya "Həmişə xatırlayacam. Heç vaxt, heç vaxt unutmaram səni, Naoko!" deyən Vatanabe iyirmi il əvvələ qayıdaraq hadisələri canlandırır.

"Norveç meşəsi" romanı olduqca real bir eşq hekayəsi kimi görünsə də, əsərdə istifadə olunan simvollar onu tamamilə fərqli edir. Əsərin baş qəhrəmanı Toru Vatanabenin intihara meylli Naokoya olan bağlılığı bu dünya ilə ölüm, insanın iç dünyası ilə paralel dünyaları meydana gətirir. Romanda iç dünyanı gerçək dünyadan ayırmaq üçün xüsusi məna daşıyan simvollar mövcuddur ki, Naoko ilə Midori arasındakı ziddiyət buna bir nümunədir. Naoko özünə qapalı, depresiyaya meylli və həyat enerjisi tükənmiş olduğu halda, Midori isə insanlara açıq, istiqanlı, həyat eşqi və enerji doludur. Əsərin təhkiyyəçisi Toru Vatanabe isə Midori ilə Naoko arasında gedib-gəlməkdə, bir-birinə zidd olan yaşamla ölüm deyə biləcəyimiz iki dünya arasında qalmaqdadır. Bu əsərdə iç dünya ilə xarici dünyanı ayırmaq üçün Midori ilə Naoko adlı qəhrəmanlar üzərində məna kəsb edən bəzi işarələr istifadə olunmuşdur. Midorinin simvolu yaşam-həyat (?), Naokonun isə ölümdür (?). Vatanabe Toru isə hərfi mənası etibariylə içindən keçmək anlamını verərək, baş qəhrəmanın yetkinliyə  keçmişini göstərməkdədir.

Naokonun cəmiyyətin ümumi həyat tərzi və düşüncə sistemi ilə uyğunlaşa bilməməsi və insanlardan uzaqlaşmasının simvolu kimi əsərdə Ami sanatoriyası təsvir edilmişdir. İnsan və cəmiyyət arasındakı ziddiyyətlərin səbəb olduğu problemlərdən qaçışın məkanı kimi təqdim edilmiş bu guşədə müxtəlif yaş və mövqe sahibi olan insanlar yığılmışdır. Ami sanatoriyası cəmiyyətlə uyğunlaşa bilməyən, həyat və ölüm arasında tərəddüdlər yaşayan insanların islah olunaraq yenidən cəmiyyətə dönməsi məqsədinə xidmət edir. Əsərin "Adi və qəribə dünya" adlı 6-cı bölməsi həmin sanatoriyadakı həyatın təsvirinə həsr olunmuşdur. İnsan və cəmiyyət arasındakı problemləri, müasir dünyanın ziddiyyətlərinin ifadəsi üçün Torunun sanatoriyadakı həyat ilə cəmiyyət arasındakı müqayisəsi həyat və ölüm arasındakı seçiminə yardım edir. İslah olunub yenidən cəmiyyətə dönmək yerinə ölümü-intiharı seçən Naokodan fərqli olaraq, Toru həyatı seçir. Naoko özü də düşdüyü zülmət dünyaya Torunu çəkmək istəmir, əksinə, onu həyata dönməyə sövq edir.

Midori isə Naokoyla müqayisədə tamamilə fərqli xarakterdir. Həyatın ona bəxş etdiyi bütün çətinliklərə baxmayaraq, həyat eşqi olduqca güclü olub, xarici dünyayla münasibəti tam səviyyədədir. Çarəsi olmayan ölüm belə Midorini qorxutmur. Cəmiyyətlə uyğunlaşa bilməyən Naokodan fərqli olaraq, Midori daim fəaliyyətdə olmaq, yeni və fərqli düşüncələr arxasınca qaçmaq niyyətindədir. Yaşamın simvolu Midori tənhalığı məhv olmaq kimi qəbul edir.

Naokonu qaranlıq dünyaya çəkən sevimli bacısının və sevdiyi oğlanın səbəbi bilinməyən intiharları olmuşdur. Və o, bütün bu kədərlərdən qurtula bilməmiş, ölümü-intiharı yönəlməklə öz qəlbi kimi qaranlıq, səssiz meşədə boğulmağı seçmişdir. Lakin Midori isə dəfələrlə üzləşdiyi ölümləri adi alışqanlıq kimi qəbul edərək, həyatına olduğu kimi davam edirdi.

Bütün bu həyat enerjisi ilə Midori Vatanabeni xoşbəxt hiss etdirməyi bacarmışdır. Vatanabe nəfəs alan gerçək qadın Midoriylə həyatının daha da gözəl olacağına inandığı halda, Naokoya qarşı hisslərindən isə qorxurdu: "Naokoya qarşı hiss elədiklərim adamı qorxudacaq qədər sakit, işıqlı, incə duyğulardı. Amma Midoriyə qarşı olanlar tamam başqa şeylərdir. Bu - ayaq üstə durmaq, yerimək, nəfəs almaq, ürək döyüntüsü kimi gerçək hisslərdir. Və bu məni heyran edir".

H.Murakami əsərlərində ölümü 1960-cı illəri olduğu kimi dondurmaq, canlı saxlamaq üçün istifadə edirdi. "Norveç meşəsi"ndə Kizuki və Naoko surətləri gənc yaşlarında ölürlər, 60-cı illəri danışan "mən" isə 19 yaşındadır. Baş qəhrəman da daim 18, 19 yaşında qalmaq istəməkdədir. 20 yaş artıq 1960-cı illərin yox olması deməkdir. 17 yaşınadək ölüm haqqında heç bir düşüncəsi olmayan Toru həyat və ölümü ayrı-ayrı dünya kimi qəbul edir və öz yerinin məhz həyat - bu dünya olaraq görürdü.

Yaxın dostu Kizukinin  ölümündən sonra Naokonun intiharı ilə ikinci dəfə həyat və ölüm arasında tərəddüd edən Vatanabe Midorini - həyatı seçir, çünki onunla xoşbəxt olacağına inanır.

Romanın ana motivi "Norwegian wood" musiqisidir ki, insanın daxili dünyasına səyahətin əlaqələndiricisidir. Naokonun sanatoriyadakı otaq yoldaşı Reyko daim gitarada gözəl mahnılar ifa edirdi. Lakin Naoko  daxili aləminə səyahət etmək istəyəndə "Norwegian wood"un ifası üçün Reykoya yüz en pulla xüsusi sifariş verirdi. Bu musiqini dinləyəndə dəhşətli dərəcədə qəribə hiss keçirən Naoko kimsəsiz meşəyə - öz daxilindəki tənhalığa səyahət edirdi: "Elə tənhalıqda, elə soyuqda qalıram ki, köməyimə heç kim gəlmir". Toru Vatanabe də bütün əhvalatı Bitlsın "Norwegian wood" melodiyasını eşidərək beynindəki bərk silkələnmədən sonra nəql edir. Romanın sonunda ikilikdə Naokonun yas mərasimini keçirən Reyko Vatanabenin evində bir-birinin ardınca Naokonun sevdiyi əlli musiqini səsləndirir. Sonda isə iki dəfə ardıcıl ifa olunan, Naokonun ən sevdiyi "Norwegian wood" ilə mərasim tamamlanır.

"Norveç meşəsi" romanının səciyyəvi cəhətlərindən biri də əsərin avtobioqrafik cizgilərlə zəngin olmasıdır. Ümumiyyətlə, H.Murakaminin digər əsərlərində də yazıçının həyatından izlər çoxdur, lakin sözügedən romanda yazıçı həyatı və qəhrəman daha geniş qarşılaşdırılır. "Norveç meşəsi" romanı avtobioqrafik özəllikləri əsas götürməklə Kobedən Tokioya gəlişini təsvir edən yazarın gənclik illəri haqqında digər romanları ilə müqayisədə daha çox məlumat verməkdədir. Murakami "Norveç meşəsi" əsəri ilə bağlı aydınlıq gətirərək qeyd edir ki, Toru Vatanabe onun özü olmamasına baxmayaraq, şəxsi həyatından bir çox elementləri özündə birləşdirmişdir.

"Norveç meşəsi" romanı cəmiyyətdə gənclərin problemləri, onların həyata münasibətini simvollaşdıran əhəmiyyətli bir əsərdir. H.Murakami yapon gəncliyinin reallıqlarını yenidən aktuallaşdıraraq oxucularına təqdim  edir. Roman insanın xarici və daxili dünyası arasındakı tərəddüdlər, ölüm və həyat qarşılaşdırılması, cəmiyyət və şəxsiyyət kimi mühüm problemlərin şərhi baxımından olduqca əhəmiyyətlidir. Torunun təhkiyəsi ilə cəmiyyətin bir çox problemləri canlandırılır, oxucu düşünməyə sövq edilir.

 

Gülnar YUNUSOVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsi

 

525-ci qəzet.- 2019.- 3 aprel.- S.16.