Namiq Mənanın yeni
kitabı təqdim olundu
Martın
30-da Sumqayıt şəhər
Əli Kərim adına Poeziya
Evində Azərbaycan
Yazıçılar Birliyi
(AYB) Qubadlı Regional Bölməsinin
sədri, bədihəçi-şair
Namiq Mənanın
"Sən gedəndən"
kitabının təqdimat
mərasimi keçirilib.
Mərasimdə tanınmış ziyalılar,
ictimaiyyət nümayəndələri,
ədəbiyyatşünaslar, yazıçılar, oxucular
və jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü
ilə Poeziya Evinin direktoru İbrahim İlyaslı açıb, Namiq Mənanın poeziyası,
eləcə də AYB
regional bölməsinin sədri
kimi gördüyü
işlərdən danışan
aparıcı onun gəlişi ilə Sumqayıt və Qubadlı ədəbi mühitində bir canlanma olduğunu da vurğulayıb.
İlk söz kitabın müəllifi Namiq Mənaya verilib. Tədbirdə iştirak edən
qonaqları salamlayan müəllif "Sən gedəndən" kitabı
haqqında məlumat verib. Deyib ki, kitabda müxtəlif illərdə
yazdığı fərqli
mövzulu şeirlər
toplanıb. Ona göstərilən etimada
görə onun namizədliyini irəli sürən Qubadlı
rayon İcra Hakimiyyətinin
başçısı Malik
İsaqova, ona bu vəzifəni həvalə edən AYB-nin sədri, Xalq yazıçısı
Anara və vəzifəsinin icrasında
dəstək olan hər kəsə dərin minnətdarlığını
bildirən Namiq Məna, bundan sonra da etimadları
doğrultmaq üçün
daha böyük səylə çalışacağına
söz verib.
Tədbirin aparıcısı, şair
Əşrəf Veysəlli
deyib ki, Namiq Məna hər şeydən öncə incəsənət
adamıdır. O, bu vəzifədə işlədiyi
az müddət ərzində bədii sözün təbliği,
təsviri və gənc istedadların araya-ərsəyə gətirilməsi
sahəsində möhtəşəm
tədbirlər, ədəbi-bədii
musiqili tematik gecələr, ayrı-ayrı
şair və yazıçılara həsr
olunmuş yaradıcılıq
hesabatları, yeni gənc nəslin yetişməsində, onlarda
ədəbiyyata, incəsənətə
marağın güclənməsində,
bədii estetik zövqün, vətənpərvərlik
duyğularının aşılanmasnda
mühüm işlər
görür”.
Qubadlı rayon İcra Hakimiyyəti
başçısının müavini Allahverdi Haxverdiyev çıxışında
deyib ki, Namiq Mənanın bir ildən çox müddət ərzində ədəbiyyat,
sənət üçün
gördüyü işlərə
nəzər yetirəndə
nə qədər dəqiq təyinat olduğunu görürük.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin
rəisi Mehman Şükürov çıxışında
Namiq Mənanın yalnız Qubadlı ədəbi mühitinin deyil, eləcə də yaşadığı
Sumqayıtın ədəbi
mühitinin canlandırılmasında
xidmətlərini vurğulayıb.
Yeni nəşr haqqında fikirlərini bölüşən
kitabın redaktoru Solmaz Cahangirova deyib: "Namiq Məna həm də ilk kimi ədəbiyyatımıza daxil
olub. Şifahi xalq ədəbiyyatının
zamanın arxivində
unudulan bir janrına ad və həyat verən şairimizdir. İstər heca,
istər əruz vəznində yazdığı
şeirlərində sevgi,
milli qeyrət, təəssübkeşlik, tarixi
yaddaş özünü
qabarıq şəkildə
göstərir. Artıq onun
ətrafında möhkəm,
qeyrətli, sadiq bir komanda formalaşmaqdadır.
Məqsədi xalq birliyi, dövlətçiliyimizin sarsılmazlığı
olan şairimiz AYB-nin üzvü kimi, şair, əsl türk oğlu, Azərbaycan vətəndaşı kimi
yaratdığı birlikdə
xalqına sadiq xidmətdədir".
Namiq Mənanı
Sumqayıtın yetirməsi
adlandıran Ofeliya Babayeva deyib ki, o, indi əsirlikdə
qalan ulu Qarabağın, Zəngəzurun,
qədim Qubadlı ellərinin bütün gözəl keyfiyyətlərini
özündə yaşadan
söz adamıdır.
Xalq artisti Şeyx Əbdül Mahmudov çıxışında
bədihə janrı,
onun folklorumuzdakı yerindən danışıb,
Namiq Mənanın bu janrın inkişafındakı xidmətlərini
xüsusi vurğulayıb.
AYB-nin mətbuat
katibi Xəyal Rza Namiq Mənanın
AYB regional bölməsinin sədri
kimi gördüyü
işlərdən məmnunluğunu
ifadə edib, ona daha böyük
uğurlar arzulayıb.
Namiq Mənanın həm şair, həm təşkilatçı, həm
də rejissorluq bacarıqlarına diqqət
çəkən Rafiq
Yusifoğlu deyib:
"Namiq Mənaya AYB
Qubadlı Regional Bölməsinin
sədri vəzifəsi
tapşırılandan sonra
onun istedadının digər cəhətləri
üzə çıxdı.
Məlum
oldu ki, Namiq ədəbiyyatın təbliği sahəsində
də xüsusi təşkilatçılıq bacarığına malik bir insandır. Ədəbi-bədii gecələrin keçirilməsi
zamanı Namiqin rejissorluq bacarığı
üzə çıxdı.
Ədəbiyyata, şeirə-sənətə olan sonsuz sevgi
onun müxtəlif istiqamətli qabiliyyətinin
eyni məcraya yönəltməsinə zəmin
yaratdı. Öz şeirləri
ilə ədəbi mətbuatda çıxış
edən Namiqin yaradıcılıq nümunələrini
toplu halında çap etdirmək istəyi də təqdirəlayiqdir".
Daha sonra çıxış
edən qonaqlardan folklorşünas Qalib Sayılov, şair Vüqar Əhməd, Əvəz Mahmud Lələdağ,
Elvin Əlizadə və
başqaları Namiq Məna poeziyasının özünəməxsusluğundan danışıb, onu milli-mənəvi dəyərlərin
təbliğçisi, vətənpərvər
şair kimi xarakterizə ediblər. Yeni kitabı münasibətilə
müəllifi təbrik
edən qonaqlar ona bundan sonrakı
yaradıcılığında daha böyük uğurlar arzu ediblər.
Tədbirdə Namiq Mənanın həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub.
Bədii
hissədə Xasay Cahangirov adına
dərnəyin üzvləri
həm Namiq Mənanın, həm də digər şairlərin şeirlərindən
ibarət ədəbi-bədii
kompozisiyalar nümayiş
etdiriblər. İncəsənət ustalarının ifasında
müxtəlif janrda musiqilər səsləndirilib.
Sonda söz alan
Namiq Məna öz çıxışında
tədbirdə iştirak
edən hər kəsə təşəkkürünü
bildirib, "Sən gedəndən" kitabında
çap olunan şeirlərindən bəzilərini
oxuyub.
Tədbir sonrası müəllif yeni ktabını qonaqlar üçün imzalayıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 3 aprel.- S.14.