İmadəddin Nəsimi və Azərbaycan musiqisi   

 

 

XIV əsrin sonu, XV əsrin əvvəlində yaşamış böyük Azərbaycan şairi, filosofu mütəfəkkiri İmadəddin Nəsiminin cismani ölümündən, yəni dərisinin diri-diri soyulmasından 650 il keçir.

 

Lakin onun həyatının son dəqiqələrinə qədər dini ehkamlarına  qarşı  çıxması, barışmamazlığı, qəhrəman kimi ölümü, igidliyi haqqında dastan əsrlər boyu yaşayır, unudulmur, yeni-yeni nəsilləri riqqətləndirir, iftixar qürur hissi ilə zənginləşdirir. Nəsimiyə məxsus bir çox poeziya nümunələri əsrlər boyu dillər əzbəri olmuşdur. Məsələn: 

Məndə sığar iki cahan, mən bu cahana sığmazam!

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm

Gör bu lətifeyi ki, mən, dəhrü zəmanə sığmazam.

Zərrə mənəm, günəş mənəm, çarilə pəncü şeş mənəm.

Surəti gör bəyanilə, çünki bəyanə sığmazam. 

Nəsiminin poeziyası dərin fəlsəfiliyi, çoxjanrlığı, lirikliyi ilə seçilir. Onun poeziyasında biz dəfələrlə musiqi terminlərinə, muğamların musiqi alətlərinin adlarına rast gəlirik:

Qurulmuş məclisi-şahi, çalınır cəngü, ney, qanun,

Tərənnümlər qılır mütrib, ara yerdə şərab oynar.

Ümumiyyətlə, Nəsiminin qəzəlləri melodikliyi, əruz vəzninin rəngarəngliyi zənginliyi ilə fərqlənir:

Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz,

Bu pərdədə kim, nəsnə bizə olmadı dəmsaz. 

"Uşşaq" meyindən qıla ol işrəti "Novruz",

Ta "Rast" gələ "Çəngi" - "Hüseyni"də sərəfraz. 

Bər "Çargahı" Lütf qıla Hüsnü "Büzürki",

"Kuçik" dəhənindən bizə, ey dilbəri "Şahnaz"!

"Zəngulə" sifət nalə qılan zarı "Segahə",

Çün əzmi - "Hicaz" eyləyə məhbubi-xoşavaz . 

Ahəngi "Sifahan" qılır ol nayi-"Əraqi",

"Rəhavi" yolunda yenə canim qıla pərvaz.

Könlümü "Hisar" eylədi bir ruyi-"Mübərqə",

Çəl, olma müxalif bizə, ey dilbəri-pürnaz. 

Şurə qəlibən eşq sözünü söylə Nəsimi,

Şövqündən anın cuşə gələ Sədiyi-Şiraz.

Qəzəl əruz vəzninin məf'Ulü məfA'İlü məfA'İlü f ə'ulün bəhrində yazılmışdır. Şair qəzəldə on beşdən çox muğam adı çəkir. Muğamları müəllif həm məzmuna, həm əhval-ruhiyyəsinə uyğun təqdim edir.

Nəsimi başqa bir qəzəlində muğamın quruluşu haqqında məlumat verir özünü rübab, ərğənun, çəng tənbur kimi alətlərlə eyniləşdirir:

Altı avazə, on iki pərdə, iyirmi dörd şüab,

Həm rübabi ərğənunəm, çəng ilə tənburiyəm.

Musiqi haqda məlumatlara biz şairin digər bir sıra qəzəllərində rast gəlirik. Məsələn: 

Bahar oldu açıldı üzündən pərdə gülzarın,

İrişdi qönçənin dövrü, zamanı qalmadı xarın.

Bu musiqidən, ey same, sana gər nəsnə kəşf oldu,

Məqamatın bəyan eylə, üsulun göstər-ədvarın.

Qəzəlin son misrasında Nəsimi sanki bir musiqişünas kimi oxucuya müraciət edərək muğam dairəsinin adının bəhrinin təyin olunmasını istəyir. 

***

Musiqini çox dəyərləndirib, ona poeziyasında xüsusi yer ayıran böyük şairin yaradıcılığına, faciəvi taleyinə, poeziyasına həmvətənliləri biganə qala bilməzdilər. XX əsrin Azərbaycan bəstəkarlarının yaradıcılığında dahi şairin poeziyası müstəsna yer tutmuşdur. Musiqimizin müxtəlif janrlarında Nəsiminin həyatının qəhrəmanlığı, poeziyasının  müxtəlif çalarları tərənnüm edilmişdir.

Bu müstəvidə görkəmli bəstəkar Fikrət Əmirovun "Nəsimi dastanı" baletini xüsusi qeyd etmək istərdik. Əsər 1973-cü ildə yazılmış İmadəddin Nəsiminin ölümünün 600 illiyinə həsr edilmişdir. Bəstəkar Nəsimi yaradıcılığına olan münasibətini, sevgisini hələ "Böyük Nəsimi" məqaləsində bildirmişdi".  "Nəsimi poeziyası bütövlükdə  bir simfoniyadır. Bu poeziyadan aldığım güclü təəssüratı "Nəsimi dastanı" baleti ilə ifadə etməyə çalışdım, Nəsimi şeirinin öz ritmi, öz ahəngi var".

 Maraqlıdır ki, görkəmli əruz ustadımız Əkrəm Cəfər özünün "Nəsimi şeirinin vəzni" məqaləsində şairin poeziyasının vəznini simfoniyaya bənzədir. O, belə yazır: "Böyük şairin yalnız azərbaycandilli vəzni rəngarəng biçimdə səslərdən, müxtəlif tipli ahənglərdən ibarət bir simfoniyadır".

 "Nəsimi dastanı" əsərində musiqi, poeziya, rəqs, solo, xor sənəti bir vəhdət təşkil edir. Ona görə əsərin bəstəkarının (F.Əmirovun), baletmeysterinin (N.Nəzirovanın), Libretto müəllifinin (yazıçı Anarın), rəssamın (T.Nərimanbəyovun) birgə zəhməti uğurlu olmuşdur.

Bəstəkar böyük şairin məşhur "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" misralarını baletinə epiqraf kimi böyük əzəmət məğrurluqla səsləndirmişdir.

Baletin partiturasında tar, dəf, nağara, qoşa nağara xalq çalğı alətləri istifadə olunmuşdur. "Nəsimi dastanı" xoreoqrafik poemada  Xeyir Şərin mübarizəsi, məhəbbətin qələbəsi tərənnüm edilib. F.Əmirov sonralar bu əsərə yenidən qayıtmış, axırıncı redaksiyada onu böyük simfonik orkestr üçün işləmiş "Nəsimi haqqında dastan-faciə" kimi adlandırmışdı, balet əsasında simfonik poemanın olmasını lazım bilmişdi. Balet 1973-cü ildə Bakıda tamaşaya qoyulmuş, 1974-cü ildə F.Əmirov bu əsərə görə Dövlət mükafatına layiq görülmüşdür.

Azərbaycan  bəstəkarlarının yaradıcılığında Nəsimiyə həsr olunmuş əsərlərin siyahısı çox böyükdür.

Görkəmli bəstəkarlarımızdan  Cahangir Cahangirovun üç hissəli "Nəsimi" kantatasını, "Haqq mənəm", mahnı romansını, Tofiq Quliyevin Azərbaycanfilmdə  çəkilmiş (rejissoru Həsən Seyidbəyli, Nəsimi rolunun ifaçısı Rasim Balayev) filmə uğurlu musiqisini, "Könlüm", "Gərəkməz" romanslarını, Süleyman Ələskərovun "Neylərəm" kamera-vokal əsərini, Ədilə Hüseynzadənin "A kapella xor üçün bəstələdiyi iki miniatürünü, "Neylərəm" "Üzün bərqi-guli-tərdir", Ağabacı Rzayevanın yeddi romansını, onlardan "Bahar oldu", "Gəl Nigarım", "Gül açıldı" s., Ramiz Mustafayevin "Bahar" romansını, Emin Sabitoğlunun "Eylədi", "Sən hardasan" romanslarını göstərmək olar. Bizim digər görkəmli bəstəkarımız da şairin qəzəllərinə dəyərli əsərlər bəstələmişlər. Əfrasiyab Bədəlbəylinin "Nəsimi" vokal-xoreoqrafik poeması, Səid Rüstəmovun, Nazim Əliverdibəyovun, Ramiz Mirişlinin vokal əsərləri, Azər Rzayevin orkestr, tar şeir ifası ilə səslənən "Nəsimi" simfonik poeması, Əziz Əzizlinin "Nəsimi" simfonik poeması buna gözəl misaldır. 

Dahi şair İmadəddin Nəsiminin möhtəşəm obrazı Azərbaycanın xalq artisti, UNESCO-nun "Sülh artisti" görkəmli bəstəkarımız Firəngiz Əlizadənin yaradıcılığında müstəsna əhəmiyyət daşıyır. Şairin ölümünün 600 illiyinə F.Əlizadə xor, ifaçı simfonik orkestr üçün "Nəsimi Passion"unu bəstələmişdi. Xüsusi layihə əsasında yazılmış bu möhtəşəm əsərin premyerası ilk dəfə Amsterdamda 2017-ci ilin aprelində oldu böyük uğurla keçdi. Həmin əsər həmin ilin iyununda Bakıda M.Maqomayev adına Dövlət filarmoniyasında  Fəxrəddin Kərimovun dirijorluğu ilə simfonik orkestrin, xor kapellasının, solistlərin ifasında səsləndi. Qeyd edək ki, bu əsər musiqidə ilk yeni janr müsəlman passionu idi (Passion - latın sözü passio-dandır, əzab, əziyyət, iztirab, cəfa, dərd deməkdir. Passion VIII əsrdə yaranmış dini mövzuya həsr edilmiş vokal dramatik janrdır. İsa peyğəmbərin əziyyətləri ölümünə həsr olunmuşdur. XVI əsrdə bu janr kilsədən ayrılaraq müstəqil əsər kimi ifa olunur, oratoriya janrına yaxındır. Öz bədii inkişafını İ.S.Baxın yaradıcılığında tapmışdır. Bu janrın dərin insani-etik məzmunu onu dini doqmatik əhəmiyyəti çərçivəsindən çıxardır). F.Əlizadənin "Nəsimi Passion"u da bu cəhətlərə malik olaraq dahi şairin mütəfəkkirin möhtəşəm, parlaq surətini yarada bilmişdir.

Firəngiz  Əlizadənin Nəsimiyə həsr olunmuş digər əsəri "Nəsimiyə ithaf" adlanır. Bu, Əlizadənin iki əsəri əsasında yaranmış balet - konsertdən ibarətdir. Onlardan biri  "Muğamsayağı", o birisi isə "Dərviş" musiqi əsərlərinin vəhdətindən yaranmış bir tamaşadır. Əsərdə xeyir şər qüvvələri qara geyimlərdə təsvir olunurlar. Tamaşanın musiqisində muğamın bəstəkarın üslubunun müasir vasitələri bacarıqla sintezləşdirilib. Əsərdə qədim alətlərlə yeni video üsulların vəhdətdə təqdimi tamaşaya innovativ yenilik, müasirlik bəxş edir. Dərin emosional təsirə malik bu tamaşa Nəsimi dünyasına marağı artırmış, yeni-yeni əsərlərin yaranmasına səbəb olmuşdur.

Prezidentimiz İlham Əliyev 2019-cu ili "Nəsimi ili" elan edib. Biz şübhə etmirik ki, həm "Nəsimi ili"ndə, həm sonrakı illərdə müxtəlif sahələrdə olduğu kimi, musiqi sahəsində Nəsimi dühasına layiq əsərlər yaranacaq, Nəsimişünaslıq dəfələrlə zənginləşəcək.

 

 

Zemfira SƏFƏROVA

Akademik, Əməkdar Elm Xadimi

 

525-ci qəzet.- 2019.- 5 aprel.- S.10.