1918-ci ilin
Mart soyqırımı... Nuru
Paşa və Bakı...
GÜLLÜ MƏMMƏDOVANIN
"QAN İÇİNDƏ İŞIQ" ROMANI HAQQINDA
DÜŞÜNCƏLƏR
Güllü Məmmədova bədii yaradıcılığa olan
bağlılığını hər yeni əsərindəki
yaradıcı məhsuldarlığı
və araşdırıcı
zəhmətkeşliyi ilə
ortaya qoyan söz adamlarımızdan
biridir.
Dekabrın ilk günlərində telefonla
danışanda yeni nəşr olunmuş
"Qan içində
işıq" romanını
avtoqrafla mənə göndərdiyini bildirəndə
xeyli sevindim. Bundan əvvəl
Güllü xanımın
"Qarabəkir əfsanəsi",
"Kalbalı xan"
kimi tarixi romanlarını oxumuşdum.
Bədii
təxəyyülünə, sözlə rəftarına
görə yazıçılıq
məharətinə heyranlıq
duyduğum müəllifin
yeni romanının adından yola çıxaraq tarixi mövzuya həsr olunduğunu təxmin edirdim. Gümanımda yanılmadım da.
Kitab haqqında
fikirlərimə keçməzdən
əvvəl Güllü
xanım haqqında bəzi məqamları vurğulamaq istəyirəm. Hələ ötən
əsrin 70-ci illərində
ədəbiyyat aləminə
gələn və həmin dövrün ədəbi mətbuatında
yazılarıyla çıxış
edən Güllü Məmmədovanın "Bağışlaya
bilmirəm" adlı
ilk hekayəsi "Azərbaycan"
jurnalında nəşr
olunub. Bundan sonrakı illərdə
"Bağışlaya bilmirəm",
"Yay nağılı",
"Qərənfillər ağlamır",
"Zamanların qəhrəmanı
Qarabəkir", "Mənim
üçün varsan"
adlı kitabları oxucuların ixtiyarına verilib. İxtisasca jurnalist olsa
da, artıq hamı onu yazıçı,
son illərdə isə
tarixi romanlar müəllifi kimi tanıyır.
"Qan içində işıq" romanı
1918-ci ildə mənfur
erməni daşnaklarının
azərbaycanlılara qarşı
törətdikləri soyqırımlardan,
xalqımızın tarixində
özünəməxsus yeri
olan Azərbaycan Demokratik Cumhuriyyətin qurulmasından, ən əsası isə müxtəlif qüvvələr
tərəfindən işğal
edilmiş Bakının
Nuru Paşanın başçılıq etdiyi
Qafqaz İslam Ordusu tərəfindən azad edilməsindən bəhs edir.
2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 ili
tamam oldu. Güllü xanım bir yazıçı kimi tarixi xidmət göstərərək o dövrün
hadisələrini sənədlər
əsasında faktları
bədii mətn daxilində əridərək
axıcı dillə və maraq doğuran
sujetlə oxucuya təqdim edib. Əsəri oxuyarkən də bunun şahidi olursan. Müəllif sənədləri quru statistika kimi vermir. Xronoloji rəqəmlər arasında
oxucunu yormur. Sıxıcı təhkiyə üslubundan
uzaq bir yol seçərək həm tarixi işıqlandırır, həm
bədii əsərini
ortaya qoyur, həm də oxucusuna mənəvi zövq aşılayır.
"Nuru Paşanın və əsgərlərinin
ölümsüz xatirəsinə"
həsr etdiyi romanın girişində müəllif yazır:
"2018-ci ildə Qafqaz
İslam Ordusunun Bakını işğaldan
azad etməsinin 100 ili tamam olur.
Lakin bir 100 il deyil, min 100 il keçsə də, Nuru Paşanın,
Xəlil Paşanın,
Mürsəl Paşanın,
general Əliağa Şıxlinskinin,
Həbib bəy Səlimovun, Cəmil Cahid bəyin, Süleyman İzzət bəyin bu torpaqdan
qəhrəmanlıq izləri
silinməyəcəkdir".
Yazıçı əsərdə elə bir tarixi dövrə
müraciət edib ki, həmin dövr Azərbaycan ya varlığını davam etdirmək, ya da tarix
səhnəsindən birdəfəlik
silinmək kimi iki yolayrıcında qalmışdı. O dövrə qiymət verən ümummilli liderimiz Heydər Əliyevin romanın ilk səhifələrində
öz yerini tutan bu sitatı
da dövrün mahiyyətini anlamaq baxımından düşündürücüdür:
"...1918-ci ildə Azərbaycanı
dağıdırdılar, parçalayırdılar.
Əgər Nuru Paşanın
komandanlıq etdiyi Osmanlı ordusu olmasaydı, Azərbaycan ayaq üstə durmasaydı, bəlkə də Azərbaycan yox idi".
Osmanlı imperiyasının özünün
də içində olduğu ağır müharibələr, dörd
bir tərəfdən
düşmən basqısı
altında olmasına baxmayaraq yenicə qurulmuş Azərbaycan Demokratik Respublikasının
məktubuna cavab verərək öz qardaş və dost köməyini əsirgəməməsi
ayrıca bir mövzu olmalıydı. Güllü xanım bu məqamların hər birini yazıçıdan öncə
bir tarixçi baxışı ilə nəzərdən keçirmiş,
daha sonra usta bir qələm
adamı kimi masa arxasına keçərək bitkin, dolğun, dəyərli, əhəmiyyətli və
bu qəbildən olan bütün sifətləri özündə
cəmləşdirən "Qan içində işıq" romanını
ədəbiyyatımıza qazandırmışdır. Həm də
təkcə Azərbaycan
ədəbiyyatına deyil.
Ayrı-ayrı dillərə tərcümə
olunub yayıldığı
təqdirdə Türkiyə
və dünya ədəbiyyat tarixində
də bu romanın milyonlarla oxucusunun olacağını
qəti şəkildə
söyləmək istəyirəm.
Hətta
ən qısa zamanda tərcümə olunması zərurətini
də diqqətə çatdırmağa ehtiyac
var.
Roman birxətli, birsüjetli təhkiyə üzərində qurulmayıb. Biz burada Osmanlı padşahlarının sarayını da gəzirik, uzaq Afrika çöllərində də oluruq, Moskvada Kreml kabinetini də müşahidə edirik, Tiflis küçələrində də dolaşırıq, Krımda İsmayıl bəy Qaspıralının qonağı da oluruq, Azərbaycanın Gəncədən üzü bəri Bakıya kimi olan marşrut boyu kənd və rayon mərkəzlərini, ayrı-ayrı evləri də görürük. Ən sonda isə Bakı kəndlərini, Bakıətrafı məntəqələrdə Nuru Paşanın komandanlıq etdiyi orduda sıravi əsgər kimi döyüşürük də. Müəllifin ən böyük uğuru da məhz bundadır. O, öz oxucusunu romanın personajına çevirir.
100 il əvvəl ermənilərin Azərbaycanın bir çox şəhər və kəndlərində xalqımıza qarşı törətdikləri soyqırımları, bu zaman həyata keçirdikləri vəhşiliklər, insanlara, ümumiyyətlə, insanlığa qarşı qeyri-insani münasibətləri, öz doğma ev-eşiklərindən, yurd-yuvalarından didərgin salınmış azərbaycanlıların yaşadıqları əzab-əziyyətlər ən kiçik detallarına qədər romanda öz əksini tapıb. Bolşevik Lenindən dəstək alaraq "Böyük Ermənistan" xəyallarını həyata keçirmək iştahasıyla soyqırımlar törədən daşnak Şaumyanın azğın siyasətinin nəticələri də oxucular üçün çox da uzaq olmayan keçmişin real və aydın mənzərələrini görmək baxımından əhəmiyyətli faktlardır. Gəncədə, Göyçayda, Şamaxıda və digər Azərbaycan torpaqlarında Qafqaz İslam Ordusunun "ağ atlı" qəhrəmanı Nuru Paşanın sərkərdəlik bacarığı, yuxusuz gecələrdə verdiyi incə siyasi qərarlar 1918-ci ilin 15 sentyabrında Bakının azad olunması ilə nəticələndi.
Güllü Məmmədova bu mübarizələr zamanı görkəmli Azərbaycanın görkəmli simalarının - general Əliağa Şıxlinskinin, Nağı bəy Şeyxzamanlının, Həbib bəy Səlimovun, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Əhməd Cavadın, Əhməd Ağaoğlunun, bir-biriylə yola getmədiyi halda düşmənə qarşı birlik olmağı bacaran Bakı qoçularının, xeyirxah milyonçu Hacı Zeynalabdin Tağıyevin və başqalarının obrazını yaratmaqla bu tarixi prosesdə mühüm rol oynamış şəxsiyyətlərin qiymətini də layiqincə verə bilib.
Romanda Osmanlı sultanları Məhməd Rəşad, Məhmət Vehideddin, həmçinin, həmin hökümətin Xariciyyə naziri Tələt paşa, Hərbi naziri Ənvər paşa, eləcə də Rüştü bəy Türkər və başqaları da obrazlar arasında öz yerini tutub.
Bundan başqa, oxucular Azərbaycanın tarix səhnəsində silinməsi üçün canfəşanlıq edənləri də tanıma fürsəti qazanacaqlar. Belə ki, romanda Lenin, Stepan Şaumyan, Qriqori Korqonov, Hamazasp, Tatevos Əmiryan, Menukyan, Melkumyan, Lazar Bçeraxov, ingilis general Denstervil, Mak Donelli və başqalarını yaxından tanıyacaqlar.
Tarixi əsərdə, müharibələrin, döyüşlərin içində incə bir sevgi xətti də diqqəti cəlb edir. Yaralı türk əsgərlərinə can-başla kömək etməyə çalışan həmşirə Mələk və Sarıqamışda ruslara əsir düşən, Sibir soyuğunda sürgündə olan, yenidən Osmanlı qoşunları vasitəsilə Bakı zəfərində qəhrəmanlıq göstərən türk subayı Əlinin sevgisi.
Müəllif əsəri Bakının azadlığı kimi müsbət sonluqla bitirdiyi kimi, sevgi xəttində də nakam məhəbbəti sujetə yaxın buraxmır. Sevənləri Bakı vağzalında Gəncəyə yola düşən qatar perronunda qovuşdurur.
Güllü Məmmədovanın 2015-2017-ci illərdə Bakı və İstanbulda yazıb bitirdiyi "Qan içində işıq" əsəri axıcı, oxunaqlı bədii roman olmaqla yanaşı, gərgin araşdırmaların nəticəsi kimi çox dəyərli və əhəmiyyətli tarixi mənbədir. Bu münasibətlə müəllifi, dəyərli yazıçımız Güllü xanımı həm bir oxucu, həm də bir vətəndaş kimi təbrik edir, ona bundan sonrakı yaradıcılığında uğurlar diləyir, bizləri sevindiricək yeni nümunələr ortaya qoymasını arzulayıram.
Naxçıvan
Elxan
YURDOĞLU-MƏMMƏDOV
Filologiya
üzrə fəlsəfə
doktoru, AMEA Naxçıvan
Bölməsinin Folklorşünaslıq
şöbəsini müdiri
525-ci qəzet.- 2019.- 5 aprel.- S.11.