"Molla Nəsrəddin" jurnalının nəşri tarixindən

 

 

Azərbaycan satirik mətbuatının zirvəsi olan "Molla Nəsrəddin" jurnalının ilk sayı 7 aprel 1906-cı ildə Tiflis şəhərində nəşr olumuşdur.

Cəlil Məmmədquluzadə 1906-cı il fevralın 21-də Tiflis general-qubernatoruna ərizə ilə müraciət edərək "Qeyrət" mətbəəsində Azərbaycan dilində "müsəlman ədəbiyyatında əfsanəvi təlxək" "Molla Nəsrəddin" adlı həftəlik satirik-yumoristik jurnal çıxarmağa icazə istəmişdir. Həmin ay Tiflis polismeysterinin C.Məmmədquluzadənin "qeyri-qanuni hərəkətdə olmadığını" təsdiq edən arayışından sonra jurnalın nəşrinə icazə verilmişdir. Yazıçının ünvanına göndərilən 874 saylı şəhadətnamə 1906-cı il martın 17-də ona çatmışdır. C.Məmmədquluzadə jurnalın nəşri ilə bağlı məsələləri qısa müddətdə həll edərək dərc olunacaq materialları və karikaturaları hazırlamışdır. "Molla Nəsrəddin"in ilk sayının min tirajla buraxılması nəzərdə tutulmuşdur. Jurnalın 500 nüsxəsi 6 apreldə "bir günün ərzində günortayadək...", qalan 500-ü isə C.Məmmədquluzadə və Ö.F.Nemanzadənin gərgin əməyi sayəsində gecədən səhərədək çap olunmuşdur. Beləliklə, Mirzə Cəlilin təbirincə desək, "Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı".

1906-cı il martın 4-də hökumət tərəfindən C.Məmmədquluzadəyə verilmiş vəsiqədə jurnalın aşağıdakı proqramla nəşrə başlaması göstərilirdi:

1. Məqalələr.

2. Atmacalar.

3. Felyetonlar.

4. Məzəli şeirlər.

5. Məzhəki teleqramlar.

6. Satirik hekayələr.

7. Lətifələr.

8. Poçta qutusu.

9. Məzhəki elanlar.

10. Xüsusi elanlar.

11. Karikatura illüstrasiyalar.

Jurnalın birinci nömrəsi "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım" çağırışı ilə 1906-cı ilin 7 aprelində çıxdı böyük maraqla qarşılandı.

"Molla Nəsrəddin"in nəşrə başlaması münasibətilə Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Firidun bəy Köçərli, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev başqaları C.Məmmədquluzadəni təbrik etmiş mətbuatda məqalələlər dərc etdirmişlər.

"Molla Nəsrəddin" jurnalının Tiflisdə nəşrə başlaması təsadüfi deyildi. C.Məmmədquluzadə artıq 1903-cü ilin dekabr ayından Tiflisdə yaşayır bu ədəbi mühitdə tanınırdı. Yazıçının "Qeyrət" mətbəəsində əldə etdiyi təcrübə, "Molla Nəsrəddin"in redaksiya məsələlərinin maliyyə problemlərinin həllində ona köməklik göstərən Ömər Faiq Nemanzadə Məşədi Ələsgər Bağırovun Tiflisdə fəaliyyət göstərməsi jurnalın nəşrini gerçəkləşdirən amillərdən idi. Bununla yanaşı, "Tiflis Qafqazın mərkəzi şəhəri Qafqaz hökumətinin paytaxtı" kimi böyük rola malik idi. Bu dövrdə Zaqafqaziyanın açıq fikirli ziyalıları Tiflisdə məktəb, mətbuat, teatr ədəbiyyat sahəsində ciddi işlər görürdülər. Dövrün məşhur ziyalıları Məhəmmədağa Şahtaxtlı, Ömər Faiq Nemanzadə, Əbdüssəlam Axundzadə, Səmədağa Qayıbov, Rəşid bəy İsmayılov, Məhəmməd ağa Vəkilov, Eynəli bəy Sultanov, Hüseyn Minasazov başqalarının Tiflisdə yaşayıb-yaratması azərbaycanlıların bu mühitdəki rolunu daha da qüvvətləndirmişdir. "Molla Nəsrəddin"in nəşrə başlaması, Bakı, Gəncə, Naxçıvan, Qarabağ, Şamaxı Lənkəranda yaşayan maarifçilərin jurnalın ətrafında cəmləşməsi Tiflisdəki Azərbaycan ədəbi-mədəni mühitini yüksək zirvəyə qaldırmışdır. Xüsusilə, "Molla Nəsrəddin" jurnalının yerləşdiyi Mirzə Cəlilin on ildən artıq fəaliyyət göstərdiyi Tiflisin Voronsovski küçəsindəki 47 nömrəli bina Azərbaycan ziyalılarının məbədgahına çevrilmişdir. "Molla Nəsrəddin" jurnalı az bir zamanda M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Razi, M.S.Ordubadi kimi şair yazıçıları ətrafında topladı. Bu ədiblər jurnalın daimi müəllifləri kimi "Lağlağı", "Həkimi-Nuni səğir", "Cırcırama", "Mozalan", "Hərdəmxəyal", "Dəli", "Hop-hop", "Sijimqulu", "Kefsiz", "Hambal", "Cüvəllağı", "Xortdan", "Dabanıçatdaq" başqa gizli imzalarla çıxış edirdilər. Jurnaldakı karikaturaları isə O.Şmerlinq, İ.Rotter Ə.Əzimzadə kimi məşhur rəssamlar çəkirdilər. Xüsusilə , C.Məmmədquluzadənin O.Şmerlinqə böyük hörməti vardı. Hətta Şmerlinq jurnalın çətinliklə başa gələn ilk nömrəsində karikaturaları təmənnasız çəkmişdi.

"Molla Nəsrəddin" təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Şərq dünyasının ictimai-mədəni həyatında mühüm rol oynamışdır. Jurnalın müəlliflərini "yalnız Azərbaycana aid problemlər deyil, bəlkə bütün müstəmləkə və yarımmüstəmləkə vəziyyətində olan Şərq ölkələrinin həyatı maraqlandırırdı". C.Məmmədquluzadə özü bu məsələyə münasibətini belə açıqlamışdır: "Bizim birinci işimiz, birinci vəzifəmiz gözümüzün qabağında dərin yuxuda olan islam milləti idi... Bizim qabağımızda dağ kimi duran istibdad Şərq istibdadı və Şərq qaranlığı idi..."

Azərbaycan satirik publisistika və poeziyasının inkişafında müstəsna mövqeyə malik olan "Molla Nəsrəddin" jurnalı Tiflis mühitində ədəbi məktəb səviyyəsinə yüksəlmiş, dünyanın bir neçə qitəsində yayılmış, özünə çoxlu sayda tərəfdarlar toplamışdır. Bu ədəbi məktəbin təsiri ilə "Bəhlul" (1907), "Zənbur" (1909-1910), "Arı" (1910-1911), "Kəlniyət" (1912-1913), "Məzəli" (1914-1915), "Tuti" (1914-1917), "Babayi-Əmir" (1915-1916) kimi mətbuat orqanları "Molla Nəsrəddin"in davamçılarına çevrildilər.

Tiflis mühitində "Molla Nəsrəddin"in tərəfdarları ilə yanaşı, əleyhdarları da olmuşdur. Dəfələrlə "Qeyrət" mətbəəsində, C.Məmmədquluzadənin mənzilində axtarışlar aparılmış, jurnalın nəşri dayandırılmış və müsadirə olunmuşdur. Hətta C.Məmmədquluzadə Tiflis qubernatoru tərəfindən hədələrə, təhdidlərə məruz qalmışdır. "Bununla belə, Tiflis "Molla Nəsrəddin"in tarixi yürüşünün başlanğıc nöqtəsi, ən münasib start yeri, əlverişli fəaliyyəti və mübarizə meydanı olmuşdur. Burada jurnalın 370 sayı çap edilmişdir. Azərbaycan ədəbiyyatında mollanəsrəddinçilər adlanan yeni ədəbi nəsil ilk növbədə bu mühitdə yetişib formalaşmış, yaxud da əsas etibarilə buradan istiqamət və məsləhət almışdır. "Molla Nəsrəddin"in nəşrinin Təbriz dövrü və Bakı mərhələsi mətbuat karvanının Tiflisdən başlanan tarixi səfərinin qanunauyğun davamıdır" (Akademik İsa Həbibbəyli). "Molla Nəsrəddin" jurnalının Tiflisdə sonuncu nömrəsi (¹26) 25 dekabr 1917-ci ildə nəşr edilmişdir.

"Molla Nəsrəddin" jurnalı nəşrə başladığı gündən türk-müsəlman xalqlarının həyatında baş verən mühüm ictimai-siyasi, ədəbi-mədəni hadisələri diqqət mərkəzində saxlamış və həmin məsələlərə fəal münasibət bildirmişdir. Məhz buna görə də məcmuədə Azərbaycan mövzusundan sonra İran və Cənubi Azərbaycan məsələsinə xüsusi diqqət yetirilmişorada baş verən ictimai-siyasi, milli-mənəvi proseslər geniş işıqlandırılmışdır. XX əsrin ilk onilliklərində cənublu həmvətənlərimizin həyatı, taleyi, mübarizəsi "Molla Nəsrəddin"in ana xətlərindən birini təşkil etmişdir. "Molla Nəsrəddin" jurnalı yalnız Qafqaz türklərinin, daha çox da Şimali Azərbaycan vətəndaşlarının deyil, həm də Cənubi Azərbaycan türklərinin mətbu orqanı olmaq vəzifəsini bütün məsuliyyət və şərəfi ilə yerinə yetirmişdir. Bakıda, Qarabağda, Naxçıvanda olduğu kimi, Təbrizdə, Xoyda, Zəncanda da əhali "Molla Nəsrəddin"i vaxtaşırı alıb oxumuş, yaymış, müzakirə etmişdir" (Akademik İsa Həbibbəyli).

Bütün bunlar İranda, əsasən də, Təbrizdə "Molla Nəsrəddin"in nəşri üçün zəmin hazırlamışdır.

Təbrizdə "Molla Nəsrəddin" mühitini yetişdirən vasitələrdən biriorada satirik mətbuatın yaradılması ilə bağlı idi. 1906-cı ildə maarifçi ziyalı Əliqulu Səfərovun redaktorluğu ilə Təbrizdə Azərbaycan türkcəsində nəşrə başlayan "Azərbaycan" adlı satira jurnalı öz üslubuna, quruluşunaideya istiqamətinə görə "Molla Nəsrəddin"ə çox yaxın idi. Sonralar İranda bu jurnalın təsiri ilə farsdilli satira mətbuatı inkişaf etmişdir. Seyid Əhməd Gilaninin redaktorluğu ilə nəşr olunan "Nəsimi-Şimal" (1907-1912), Cahangir xanın redaktə etdiyi "Suri-İsrafil" (1907-1908) satirik jurnallarında da mollanəsrəddinçi əhval-ruhiyyə aydın duyulmaqda idi. C.Məmmədquluzadə "Molla Nəsrəddin"in Təbriz nəşrlərinə qədər bir çox məlumatlar əldə edərək jurnalın səhifələrində dərc etmişdir. O, ilk dəfə olaraq Mirzə Əbdürrəhim Talıbov (1837-1911) və Marağalı Zeynalabdin (1838-1910) kimi sənətkarların yaradıcılığını bu jurnal vasitəsilə işıqlandırmışdır. Xüsusilə də "İbrahim bəyin səyahətnaməsi" romanına jurnalın səhifələrində geniş yer verərək oxuculara tanıtmış və onun motivi əsasında "Səyahətnamə" rubrikası yaratmışdır.

Yenicə qurulan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti formalaşdırmaq məsələləri ilə məşğul olduğundan "Molla Nəsrəddin" jurnalının taleyi də nisbətən arxa plana keçmişdir. C.Məmmədquluzadənin mövcud şəraitdə "Molla Nəsrəddin"in yenidən nəşrə başlayacağına ümidi yox idi. Buna görə də qardaşı Ələkbər Məmmədquluzadənin Təbrizə dəvətini qəbul edir, jurnalı orada nəşr etməyi qərara alır. Eyni zamanda, C.Məmmədquluzadə Şeyx Məhəmməd Xiyabaninin (1880-1920) Cənubi Azərbaycanda yaratdığı "Azadistan Cümhuriyyəti"nə də ümidlər bəsləyirdi. Nəhayət, C.Məmmədquluzadə ailəsi ilə birlikdə 11 iyun 1920-ci ildə Qarabağın Kəhrizli kəndindən Təbrizə yola düşür. Həmin ilin 7 sentyabrında - iki ay iyirmi altı gündən sonra Təbrizə çatır. 10 sentyabrda Şeyx Məhəmməd Xiyabani ilə görüşmüş, lakin 14 sentyabrda Xiyabani qətlə yetirilimişdir. Buna baxmayaraq, Mirzə Cəlil onun milli amallarına sonadək sadiq qalmışdır. Təbrizdə Xiyabani hərəkatının süquta uğradılması, C.Məmmədquluzadənin qardaşının həbs edilməsi "Molla Nəsrəddin"in nəşrini çətinləşdirir. Lakin dörd aylıq mübarizədən sonra, 1921-ci ilin 14 fevralında jurnalın nəşrinə icazə verilmişdir. Təbrizdə "Molla Nəsrəddin"in səkkiz sayı nəşr edilmişdir. 20 fevral 1921-ci ildə "Molla Nəsrəddin"in Təbrizdəki ilk sayı 1000 nüsxə tirajla işıq üzü görmüşdür. 1921-ci ilin 9 martında ikinci, 20 martda üçüncü, 31 martda dördüncü, 10 apreldə beşinci, 23 apreldə altıncı, 7 mayda yeddinci, 15 mayda səkkizinci sayı  nəşr olunmuşdur.

"Molla Nəsrəddin"in Təbrizdə nəşr olunan 1-ci və 2-ci  sayı məşhur "Hüseyni" mətbəəsində, 3-8-ci sayları isə tanınmış inqilabçı Əbülqasım İskəndaninin "Ümid" mətbəəsində nəşr olunmuşdur.

"Molla Nəsrəddin"in Təbrizdə nəşr olunmasında "Təcəddüd" qəzetinin redaktoru Əbülfət Ələvinin böyük xidmətləri olmuşdur. O, Təbriz şəhərinin valisi Mehdiquluxan Hidayət Müxbirüssəltənə (1881-1954) ilə danışıqlar təşkil etmişbaş məqalə istisna olmaqla, jurnalın Azərbaycan türkcəsində çap olunmasına razılıq almışdı. "Molla Nəsrəddin"də fars dilində yazılan baş məqalə, elan və xəbərlər də Ə.Ələviyə məxsusdur. Jurnalın Təbriz mərhələsində İsgəndərxan Qəffari Sürxpuş (1879-1967) da iştirak etmişdir. "Molla Nəsrəddin"in həm Tiflis, həm də Təbrizdə nəşr olunduğu vaxtlarda Cənubi Azərbaycan üzrə müvəkkil vəzifəsini icra etmişdir. Jurnalın xalq arasında geniş yayılıb oxunmasında Sabir satira ənənələrinin davamçısı Mirzəli Möcüz Şəbüstərinin (1873-1934) böyük rolu olmuşdur. Onun "Təzə şair", "Kabla Haxverdi" gizli imzaları ilə yazdığı "Olsun gərək", "Hamamlarımız" kimi satiraları jurnalın Təbriz nömrələrində dərc edilmişdir. Karikaturaçı rəssam Seyid Əli Behzad (Müsəvvizadə), Mirzə Məhəmmədəli Nəqqaş, Mir Müsəvvir Nəqqaş kimi rəssamların, Hacı Əli Şəbüstəri, Cabbar Əsgərzadə, Mehdixan Şərifzadə, Möhsünxan Sərtibi, Əli Azəri və b. ziyalıların da xidmətləri olmuşdur.

"Molla Nəsrəddin"in Təbriz nəşrləri İranın, xüsusən də Cənubi Azərbaycanın konkret tarixi mərhələdəki əsas problemlərini əhatə edə bilmiş, öz sözünü demişdir. Qərbin azadlıq pərdəsi altında İranın var-dövlətini talaması, xalqı əsarətdə saxlaması tənqid atəşinə tutulmuşdur. Jurnal Cənubi Azərbaycandakı mənəvi əsarəti, iqtisadi geriliyi qətiyyətlə pisləmiş, cəhalət və xurafatdan yaxa qurtarmağın yollarını göstərmiş, elmə, maarifə yiyələnməyi, mənfi adətlərdən əl çəkməyi vacib hesab etmişdir. Bütövlükdə "Molla Nəsrəddin"in Təbriz dövrü İranda və Cənubi Azərbaycanda mənəvi dirçəlişə, ictimai tərəqqiyə güclü təkan vermişiki yerə parçalanmış xalqlar arasında ədəbi-mədəni körpü yaratmışdır.

"Molla Nəsrəddin" jurnalının üçüncü mərhələsi Bakı mühiti ilə bağlıdır. Jurnalın redaktoru Cəlil Məmmədquluzadə yeni qurulmuş Sovet dövlətinin Azərbaycandakı təmsilçilərinin dəvəti ilə Cənubi Azərbaycandan Bakıya qayıtmışdır.

"Molla Nəsrəddin" jurnalı Şura dövründə Bakıda öz fəaliyyətini bərpa etmiş, C.Məmmədquluzadənin Azərbaycana qayıdışından bir il dörd ay keçdikdən sonra, 2 noyabr 1922-ci ildə jurnalın birinci sayı çapdan çıxmışdır. Azərbaycan Xalq Komissarları Şurasının qərarı ilə jurnalın nəşri üçün 2 milyard yarım dövlət yardımı ayrılmış və "Molla Nəsrəddin"in Birinci hökumət mətbəəsində çap edilməsinə razılıq verilmişdir. Jurnal yeni mühitdə, yəni 1922-1928-ci illərdə Azərbaycanda Sovet hakimiyyətinin möhkəmləndirilməsinə, köhnəliyin qalıqları ilə mübarizəyə, dirçəliş və tərəqqiyə müəyyən qədər köməklik göstərmişdir. C.Məmmədquluzadə belə bir fikirdə idi ki, "özümüzü boş-boşuna... quru tərif və yalançı alqışlarla yox, məhz acı həqiqəti meydana qoymaqla biz maarif evini abad edə bilərik. Qeyri bir yol yoxdur".

"Molla Nəsrəddin"in Bakı mərhələsində mollanəsrəddinçilər iki qismə ayrılır: keçmiş mollanəsrəddinçilər və gənc ədəbi qüvvələr. Birincinin təmsilçiləri jurnalın redaktoru C.Məmmədquluzadə, redaktor müavini (1926-cı ilin əvvəlinə kimi) M.S.Ordubadi, 1926-cı ildən 1931-ci ilədək "Molla Nəsrəddin"in redaktor müavini işləyən Əli Nəzmi, jurnalın Bakı dövründə də sıx əməkdaşlıq etmiş Ə.Haqverdiyev, öz felyetonları, məqalə və kiçik satirik parçaları ilə jurnalı zənginləşdirən Ö.F.Nemanzadə, Məmmədəli Manafzadə Sabit, Səməd Mənsur, Bayraməli Abbaszadə, rəssam O.İ.Şmerlinqb. idi.

Jurnalın Bakı mərhələsində ona yeni ədəbi qüvvələr qoşulmuşdu. Buraya satirik şairlər, karikaturaçı rəssamlar, felyetonçu publisistlər, fəhlə-kəndli müxbirləri, abunə müvəkkilləri daxil idi.

Bakı mərhələsində "Molla Nəsrəddin" jurnalı ətrafında gənc ədəbi qüvvələrdən Cəfər Cabbarlı, Süleyman Məlikov, Əliağa Vahid, Kərbəlayi Əli Babayev, Əli Məhbus, Nəsrulla Qənbərov, Nuşirəvan Kərimov, rəssamlardan Əzim Əzimzadə, Beno, Dorş, Qəzənfər Xalıqov, İsmayıl Axundov, Hüseyn Əliyev və başqaları toplaşmışlar.

1925-1927-ci illərdə dövri mətbuatda ara-sıra "Molla Nəsrəddin" jurnalını həyatla ayaqlaşa bilməməkdə təqsirləndirmişlər" ("Kommunist" qəzeti, 4 sentyabr 1925). Jurnal ənənəsinə sadiq qalaraq İran mövzusunda tənqidi-satirik materiallar dərc edirdi. Bunlar hakim dairələrdə ciddi narazılıqla qarşılanmış və qonşu dövlətlə münasibətləri korlamaq cəhdi kimi mənalandırılmışdır. İş elə xarakter almışdır ki, 26 aprel 1926-cı il tarixdə Azərbaycan K (b) P Rəyasət Heyəti ayrıca qərar qəbul edərək Ə.Qarayevə tapşırmışdır ki "redaktor ilə danışıb, jurnalın İran hökumətinə, xüsusilə Rza şaha qarşı tutduğu mövqeyi yumşaltsın" (Qulam Məmmədli).

"Molla Nəsrəddin"in İrana münasibəti məsələsi təhrif olunaraq Moskvanın yuxarı dairələrinə çatdırılmış və SSRİ Xalq Xarici İşlər komissarı G.V.Çiçerin bunu "İranla dostluğumuzu pozmaq" cəhdi hesab etmişdir. Azərbaycan Respublikasının rəsmi dairələri bu mövzuda müzakirələr aparmış, R.Axundov "Molla Nəsrəddin" məcmuəsinə qarşı ittihamların əsassız olduğunu bildirmişdir. Lakin AK (b) P MK-nın 9 aprel 1929-cu il tarixli plenumunda jurnalın Allahsızlar İttifaqının orqanına çevrilməsi kimi ədalətsiz qərar həm "Molla Nəsrəddin"ə, həm də onun redaktoruna ağır mənəvi zərbə oldu. Bu qərardan sonra C.Məmmədquluzadə M.S.Ordubadiyə yazdığı məktubda jurnalın redaktorluğundan imtina etdiyini göstərmişdir. Bundan sonra jurnalda "Baş redaktor" sözlərini "Heyəti-təhririyyə" əvəz etmişdir. "Allahsızlar İttifaqı"nın sədri İ.Dubinski jurnalı din əleyhinə mübarizədə qətiyyətsizlik göstərdiyinə görə ittihamlandırmışdır. C.Məmmədquluzadə 8 fevral 1930-cu il tarixdə Azərbaycan KP MK katibliyinə məktub yazaraq jurnalın "Allahsız" adlandırılmasının məqsədəuyğun olmadığını bildirmiş, jurnalın öz adı ilə nəşrinə icazə istəmişdir.

Azərbaycan SSR Baş Mətbuat İdarəsinin müvəkkili İbad Əliyevin Xalq Maarif Komissarlığının elm, incəsənət və ədəbiyyat bölməsinin rəhbəri İ.Bukilpana ünvanladığı "məlumat vərəqi"ndə C.Məmmədquluzadə və redaksiya əməkdaşları "siyasi cəhətdən geri qalmış, bisavad və siyasətlə maraqlanmayan adamlar" adlandırılmışlar. Ə.Əzimzadə isə "sinfi mübarizə və sosializm quruculuğu epoxasının obrazını verməyi bacarmayan istedadsız rəssam" kimi təqdim olunmuşdur. C.Məmmədquluzadənin Azərbaycan KP MK və Bakı komitəsinin mətbuat şöbəsinə göndərdiyi 481 saylı təqdimatdakı yeni proqram da jurnalı xilas edə bilməmişdir. Nəhayət, 1931-ci ilin yanvarında cəmi iki sayı çap edilən "Molla Nəsrəddin" jurnalı nəşrə başlamasının 26-cı ilində fəaliyyətini dayandırmışdır. Jurnalın Bakıda 363 (bütövlükdə isə  cəmi 741) sayı işıq üzü görmüşdür. "Qoca "Molla Nəsrəddin" tarixi ənənəsinə sadiq qalaraq bu dövrdə cəmiyyətə, ictimai mühitə özünün tənqidi münasibətini mənalandırmaqda davam etdirmişdir. Sovet dövrü "Molla Nəsrəddin"i sosialist ideologiyası deyil, milli məfkurə uğrunda "öz redaktorunun orqanı" kimi mübarizə aparmışdır" (Akademik İsa Həbibbəyli).

"Molla Nəsrəddin" jurnalını monumental söz abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanı ilə müqayisə etmək olar. "Kitabi-Dədə Qorqud" dastanı şifahi söz sənətinin, "Molla Nəsrəddin" jurnalı isə realist yazılı ədəbiyyatımızın milli-mənəvi sərvətidir.

 

Gülbəniz BABAYEVA

AMEA Nizami Gəncəvi adına Ədbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 5 aprel.- S.12-13.