"Mənə nə" dilinizə gəlməsin...
"Xatirə
yarpaqları"ndan
Ötən əsrin səksəninci
illərinin axırlarında
bizim Şabranda (o zaman Dəvəçi) ədəbi-mədəni mühiti
daha da canlandırmaq
məqsədilə "Maraqlı
görüşlər klubu"
yaradılmışdı və
o klubun da ayda bir dəfə
keçirilən tədbirlərinə
tanınmış sənətkarlar,
adlı-sanlı incəsənət,
mədəniyyət xadimləri
dəvət edilirdi. Növbəti tədbirlərin birində klubun qonağı yazıçı
Ələviyyə Babayeva
oldu.
O zaman mən "Qurucu" adlı rayon qəzetinin əməkdaşı
idim və əməkdaşı olduğum
qəzetin tapşırığı
ilə qonaqla, Ələviyyə xanım
ilə görüşüb
xeyli söhbət etdik, yazıçıdan
qəzetimiz üçün
müsahibə də aldım.
Aradan illər
keçsə də, indi bu qələmə
aldıqlarım da həmin görüşdən
yadımda qalanlardandır.
Ələviyyə xanıma ilk sualım
ədəbiyyata gəlişi
ilə bağlı olmuşdu... Ələviyyə xanım da yaddaşının uzaq illərinə qayıtmışdı.
- Bəzən məndən soruşurlar ki, ədəbiyyata gəlişin
hər hansı bir təsadüf ilə bağlıdırmı?
Bəri başdan deyim ki, ilk hekayəm "Ədəbiyyat qəzetində"
dərc ediləndə
hələ 14 yaşım
vardı. O zaman mənə elə gəlirdi ki, artıq yazıçıyam.
İndi
o vaxtdan 50 ildən çox keçir. Ötən müddət ərzində yazıçı
kimi özümə inamım az
qala gündən günə azalır. Hər dəfə məni narahat edən fıkirlər təzə
əsərə çevriləndə
səksəkədə oluram.
Deyirəm ki, görək bir şey çıxacaq, ya yox?..
Nə, o ki qaldı ədəbiyyata gəlişim - mən sənətə bağlı,
sənəti sevən
bir ailədə böyümüşəm. Dayım
o zaman yaşayıb yaradan şair və yazıçılarla
dost idi. Vaxtaşırı onlar bizə
qonaq gəlirdi. Sevimli şairimiz Mikayıl Müşfiqlə
bağlı nə qədər xatirələrim
var...
Sonra da Ələviyyə xanım
nakam şairlərlə
bağlı xatirələrini
kövrələ-kövrələ yada salmışdı.
- Mikayıl Müşviqlə
sonuncu görüşümü
yaxşı xatırlayıram. 1937-ci il idi. Dayımın dostlarından birini aparmışdılar. Mən dayımın
tapşırığı ilə onlara getmişdim. Qayıdanda indiki
Kommunist (hazırkı
İstiqlal - A.T.) küçəsində
Müşfiqlə qarşılaşdım.
Mənim
hardan gəldiyimi soruşdu. Cavabımı eşitdikdə tutuldu.
Kədərli-kədərli:
- Mən hələ gəzirəm... - dedi. Sonra isə:
- Dayıdostuna de ki, yaxşı bir plov dəmləsin, bazar günü gələcəyəm!
Ələviyyə xanım:
- Bazar günü Müşviqi çox gözlədik, amma gəlmədi. Sonralar dayım özü
də şəxsiyyətə
pərəstiş illərinin
günahsız qurbanlarından
oldu, - deyə göz yaşlarını
güclə boğmuşdu.
Ələviyyə xanım ötən
illərin acı xatirələrindən ayrılıb
qətiyyətlə: - Müşfiq
kimi sənətkarlar insan taleyindən, insan ömründən izsiz, təsirsiz ötmürlər. "Küləyin tərkində"
əsərimi böyük
və sevimli şairimizə həsr etmişəm. Müşfiq məni dayıma işarə edib tez-tez deyərdi ki, bu qız
yazıçı olacaq.
Sevinirəm ki, yazı-pozumla
Müşfiqin sözlərini
həyata keçirmişəm.
- Ələviyyə xanım,
sevdiyiniz yazıçılar?
- Mütaliəni çox sevirəm. Xoşuma gələn əsərlərin
bəzilərini doğma
dilimizə də çevirmişəm. Sevdiyim yazıçılar
da çoxdur. Heminquey deyirdi ki, mən
çox oxuyuram ki, məndən əvvəl deyilənləri
təkrar etməyim.
Höte isə Ekkemana məktubunda yazır ki, "çox oxumaq sənətkarı öldürür. Misal üçün,
mən Şekspirdən
güclə yaxamı
qurtarmışam. Şekspir çox-çox
istedadları diri-diri udub". Əlbəttə, böyük sənətkarların
təsiri də güclü olur. Onlar səni öz yolundan sapdıra da bilərlər. Ancaq mənə elə gəlir ki, çox oxumaq vacibdir. Lakin sevdiklərinin qarşında
gərək diz çökməyəsən.
1798-ci ildə "Paris inqilabı" adlı qəzet çıxırdı. Qəzetin
üzərində çox
gurultulu bir şüar vardı: "Böyüklər bizə
o səbəbə görə
böyük görünür
ki, biz özümüz
onların qarşısında
diz çökürük.
Qalxaq!"
İndi biz də özümüzdən
əvvəlkiləri sevək,
öyrənək, onlara
səcdə edəndən
sonra ayağa qalxaq, öz ayaqlarımız üstə
dayanaq. Çünki iki ayağımız
olsa da, hərənin özünəməxsus
yerişi var. Bu yerişi
gərək saxlayasan.
O zaman hələ aşkarlığın təzəcə
ayaq açdığı
vaxtlar idi və söhbət də Ələviyyə xanımın 37-ci illərin
hadisələrindən bəhs
edən "Rəngbərəng
adamlar" povestinin üzərinə gəlmişdi...
- Mən həmin povesti 1968-ci ildə yazmışdım. Əsəri hələ o zaman ədəbiyyat aləmində səriştəsi olan bir neçə adama oxumuşdum. Elə həmin il povesti "Ulduz" jurnalına da təqdim etmişdim.
O zaman jurnalın redaktoru və redaktor müavini müəllifə yazılı şəkildə bildirmişdilər ki, yaxşı əsərdir, lakin!.. Verə bilmərik! Bu mövzu indi mətbuatda gedə bilməz! Həmin cavabı eşidəcəyinə şübhə etməyən Ələviyyə xanımın isə məqsədi bu imiş ki, povesti bacardıqca çox adama oxutsun.
Əsərin taleyi ilə bağlı ötənləri yada salan Ələviyyə xanım söhbətini davam edib:
- 1970-ci ildə Yalta yaradıcılıq evinə getmişdim, - dedi - Orada o zaman yenicə Dövlət mükafatı almış, əsərləri çox oxunan yazıçı Qriqori Aleksandroviç Medinski ilə tanış oldum. Bir gün mən ona ürəyimin bir guşəsində düyünlənib qalmış "Rəngbərəng adamlar" povestimin rus dilində tərcüməsini təqdim etdim.
İki gün sonra onun arvadı səhər ertə yaradıcılıq evinin həyətində mənimlə rastlaşanda dedi:
- Sizi təbrik edirəm, yaxşı əsər yazımısız. Kişinin xoşuna gəlib.
Günorta Qriqori Aleksandroviç ilə görüşdüm. Hal-əhvaldan sonra:
- Sizin təsvir etdiyiniz maili tavanlı daxma bu gecə yuxuma girmişdi. Təəssüf ki, bizdə belə daxmalar da var, daş barılı evlərdə yaşayan daş qəlbli adamlar da, - dedi.
Xoş sözlərinə görə təşəkkür etdim. Dedim ki, ancaq hayıf, bu əsər heç vaxt çap olunmayacaq.
Qriqori Aleksandroviç məzəmmətlə başını yırğaladı:
- Düz demirsiniz.
Siz o illəri
yaşayıbsınız. Bu talelər Sizin qanınıza hopub. Necə yazmaya bilərdiniz?
Mən yazmasam, siz yazmasanız, kim yazacaq?
Qaldı ki, işıq üzü görmək məsələsi...
İnanın, şübhə yox ki, bir
vaxt bu və
bunun kimi əsərlər mütləq
dərc olunacaq. Olunmalıdır!
Yalta yaradıcılıq evindən
bir az
aşağıda, dağ
ətəyində ikimərtəbəli
bir uşaq bağçası var. Uşaqlar
da hərdən yaradıcılıq evi ətrafındakı geniş,
yüzillik ağaclarla
əhatə olunmuş
parka gəzməyə çıxırlar.
Qriqori Aleksandroviç
həmin iri çəməndə əyləşən
bağça uşaqlarına
işarə edib qətiyyətlə dedi:
- Bax, onlar çap
edəcəklər bu
əsərləri!..
Əsərin aradan illər keçəndən sonra
"Azərbaycan" jurnalında
çap üçün
bəyənildiyini eşidəndə
Q.A.Medinskini xatırlayıb
dedim: "Sağ ol, müdrik insan, uzaq
görən imişsən!"
Ələviyyə xanımın qənaəti
idi ki, yazıçı
da bir müəllimdir. O, zamanın
qarşıya çıxan
suallarına cavab verməlidir. Gərək olar, olmaz deməməlidir. Suala cavab
verə bilməyən
müəllimin şagird
yanında hörməti
olmaz.
Sabah həyatın havası
necə olacaq? Bu, səndən asılıdır.
Əgər sənin nəfəsin havada heç bir dəyişiklik yaratmayacaqsa,
onda yazmaq əbəsdir, cəsarətini
topla, başqa işlə məşğul
ol! Söhbətimizin sonunda Ələviyyə
xanımdan oxucularına
öz ürək sözlərini çatdırmağı
xahiş etmişdim.
- Mənə elə gəlir ki, o əsərlər əsərdir ki, sevilir, yadda qalır. Və səni düşündürür. İki cür əsər mövcuddur. Bir var suallar verməklə səni düşündürən əsərlər, bir də var sənin daxilində suallara cavab verən əsərlər. Mən suallar verməklə düşündürən əsərləri daha üstün tuturam. Bir də oxuculara təlqin etmək istəyirəm ki, heç vaxt heç kimə, heç nəyə qarşı laqeyd olmasınlar. "Mənə nə" dilinizə gəlməsin. Çünki sən insansan! Sən bu dünyaya həyatın əyri-qıyqacını düzəltmək üçün gəlmisən! Bunu unutma!..
Şabran
Aydın TAĞIYEV
525-ci qəzet.- 2019.- 6 aprel.-S.23.