Şeirin Ataol dili   

 

 

 

İlk dəfə bir neçə il öncə eşitmişdim adını. "Ölümdür yaşanan tek başına, Aşk iki kişiliktir..." - misralarıyla. Çox adi, hamımızın bildiyi bir gerçəyi anlatmaq şəkli diqqətimi çəkmişdi. Nə də gözəl deyirdi: eşq iki nəfərlikdir!

 

Sonra daha tez-tez eşitməyə, maraqlanıb öyrənməyə başladım Ataol şeirini. Hər şeir yeni bir dünyanın, hər dünya yeni bir kainatın xəbərçisi idi. Misralardan, sözlərdən üzümə gülümsəyən o dünya Ataol dünyası idi. Oranın cəmi üç sakini var: qələm, dəftər və şair.

 

Heç bir tənqidçi, ədəbiyyatşünas bir şairin poeziyasını onun şeirləri qədər aydın və dəqiq təsvir edə bilməz. Çünki onun sevinci də, kədəri də, göz yaşları da, üsyanı da, təəssüfü, xəyal qırıqlığı da bir-birinə hörülən sözlərin sehrində gizlənib. Onu anlamaq üçün zaman itirməyə dəyməz, onu sadəcə duymaq lazımdır. Şeir şairlə oxucu arasında duyğu körpüsüdür. Körpünün bir başında şair, o biri başında isə oxucu dayanıb. Məncə, şeir o zaman uğurlu hesab olunur ki, bu iki nəfər körpünün hansı başında olduqlarını unudurlar və bir məqamdan sonra oxucu o körpünü özünün saldığına inanır. Deməli, şair şeiri yazarkən səmimiyyətindən heç nə itirməyib.

 

Səmimiyyət! Ataol Bəhramoğlu poeziyasını anladan ən dəqiq sözlərdən biridir! Onun poeziyasını dövr etibarıyla müxtəlif zamanlara bölmək olar. Bu zamanlar şübhəsiz ki, mövzu arealına da təsirsiz ötüşməyib.

 

Yaradıcılığının ilk illərində üsyankarlığı, siyasi fikirləri ilə seçilirdisə, həbsxana dövründə daha çox həsrət, intizar, yenə də müəyyən qədər etiraz motivləri şeirlərinin ana xəttini təşkil edirdi. Sonralar isə daha sakit, daha duyğusal, daha nikbin, insanları, həyatı, dünyanı, yaşamağı sevən bir Ataolla qarşılaşırıq. Onun poeziyasının səmimiliyi də ondadır ki, bu dəyişim gizli getmir. Oxucu hər şeiri oxuduqca sanki bu dəyişikliyi də bir xəritə izlərcəsinə izləyir.

 

Kitabxanamda bir kitab var. Etiraf edim ki, hardan əldə etdiyimi unutmuşam. Çox güman ki, hansısa bukinistdən bir neçə kitab alarkən onu da almışam. Çünki köhnə kitabdır: Ataol Bəhramoğlunun kitabı... "Bir gün mutlaka" adlı bu kitabda şairin ilk şeirləri də daxil olmaqla, bayaq haqqında danışdığımız mərhələlərin hamısından nümunələr var. Əlbəttə, kitab Türkiyə türkcəsində, yəni orijinaldadır. Səhv etmirəmsə, Ataolun şeirləri dilimizə tərcümə olunmayıb. Əgər Türkiyə türkcəsi ilə dilimizin eyni kökünü və müdhiş bənzərliyini nəzərə alsaq, onda bu yazarları orijinaldan oxumağın elə də problemli olmadığı ilə özümüzü təsəlli edə bilərik. Yazı masamın üzərində olan kitabı tez-tez açıb vərəqləyir, "gözüm tutan" şeirləri oxuyur, vərəqlərin arasındakı yeni dünyayla tanış olurdum. Fikrimdə bu şeirlərlə ümumilikdə Ataol dünyası haqqında düşüncələr formalaşdıqca bir məsələ məni narahat edirdi: əgər onun haqqında yazı yazacağamsa, onda şeirləri orijinaldamı verməliyəm, yoxsa dilimizə uyğunlaşdıraraq? Və bir qərara gəldim, şairin hisslərini köhnəltməmək və müəlliflə oxucusu arasına girməmək üçün şeirlərdən nümunələri elə Türkiyə türkcəsində də verəcəyəm.

 

Her şey şiirdir, şimdi, şu anda,

Ak kağıt üstünde dolanan elim,

Karşıki avluda salınan söğüt,

Yandaki odada uyuyan bebeğim.

 

Bəli, Ataol Bəhramoğlu üçün hər şey şeirdir. Bəlkə də buna görədir ki, şeirlərinin əksəriyyətini elə şeirin özünə həsr edib. O, baxdığı hər yerdə, toxunduğu hər nəsnədə, ciyərlərinə çəkdiyi hər havada şeiri duyur, şeiri görür. Artıq şeir onunla qələm, vərəqin deyil, onunla dünyanın münasibətini ayırd edən varlıqdır. Bu münasibət isə o qədər əhrəm, o qədər sevgi doludur ki...

 

"Oysa insan olmak, çoğalabilmektir başkalarıyla. İnsansın; birinin canı yanarken, senin de canın yanıyorsa" - deyən şairin yaradıcılığının mərkəzində İNSAN dayanır. O insan ki, doğulur, uşaq olur, gülür, oynayır, ağlayır, yıxılıb-durur, böyüyür, sevinir, kədərlənir, dünyayla, başqa insanlarla daim təmasda olur, haqq da görür, haqsızlıq da, yaxşını da tanıyır, pisi də və gün gəlir gözlərini əbədiyyən yumur. Özündən sonra isə əməlləri, yaratdıqları, qurduqları və xatirələri qalır. Deməli, əgər yaşayırsansa, bunların hamısını yaşayacaqsan ki, həyatın son pilləsində arxaya boylanmağa səbəbin qalmasın:

 

Yaşadıklarımdan öğrendiğim bir şey var:

Yaşadın mı, yoğunluğuna yaşayacaksın bir şeyi.

Değişmemelisin hiçbir şeyle bir bardak su içmenin

mutluluğunu

Fakat ne kadar sevinç varsa yaşamak özlemiyle dolmalısın

Ve kederi de yaşamalısın, namusluca, bütün benliğinle

Çünkü acılar da, sevinçler gibi olgunlaştırır insanı

...Çünkü ömür dediğimiz şey,

hayata sunulmuş bir armağandır

Ve hayat, sunulmuş bir armağandır insana.

 

Nikbin şairdir Ataol Bəhramoğlu. Oxucusunu da bu nikbinliyə kökləyir. Onun üçün nəfəs almaq elə ən böyük xoşbəxtlikdir. Ağıllı insan odur ki, bundan bacardıqca istifadə edə, özünə, insanlara və dünyaya yararlı işlər görə bilsin:

 

Bu sabah mutluluğa aç pencereni,

Bir güzel arın dünkü kederinden...

 

"Bahar gəldi" şeirindən olan bu misralarda şair sanki dünyaya olan münasibətini elə bir neçə sözlə də ifadə edə bilir. Artıq nəsə deməyə ehtiyac qalmır. Dünəndən qurtul, bu günə köklən, aldığın hər nəfəsin, doğan hər günəşin, açılan hər səhərin dadını hiss et. Axı bunlar sənin üçündür, ey İnsan! Olanları, olacaqları düşünmə, çünki onsuz da bir gün hər şey biz istəyən kimi olacaq, biz qalib gələcəyik:

 

Bugün seviştim, yürüyüşe katıldım sonra,

Yorgunum, bahar geldi,

silah kullanmayı öğrenmeliyim bu yaz.

Kitaplar birikiyor, saçlarım uzuyor,

her yerde gümbür gümbür bir telaş,

Gencim daha, dünyayı görmek istiyorum,

öpüşmek ne güzel,

düşünmek ne güzel, bir gün mutlaka yeneceğiz!

Bir gün mutlaka yeneceğiz, ey eski zaman sarrafları!

Ey kaz kafalılar! Ey sadrazam!

 

Bu qədər pozitivliyin, nikbinliyin yanında həm də olduqca kövrək, həssas, hər xırda məsələlərə belə bütün duyğularıyla, varlığıyla reaksiya verən şair də var. O şair ki, gördükləri deyil, eşitdikləri belə ağlamağına səbəb ola bilir. Ağlayır, çox ağlayır. Sevincindən ağlayır, kədərindən ağlayır. Bəzən göz yaşlarıyla, bəzən isə sadəcə mürəkkəblə ağlayır:

 

Ben mütevazı bir şairim, sevgilim,

her şey coşkulandırıyor beni,

Sanki ağlayacak ne var bakarken bir halk adamına,

Bakıyorum adamın kulaklarına,

boynuna, gözlerine, kaşlarına,

yüzünün oynamasına,

Ey halk diyorum, ey çocuk, derken bende bir ağlama...

 

Vətənini, millətini sevən Bəhramoğlu poeziyasında da bu sevgini kifayət qədər ifadə edə bilib. Onun üçün məmləkəti, yurdu, xalqı bütün sevgilərin ən ümdəsidir. O, xalqının yanında olan, onun haqq səsini istər evinin bir küncündə vərəqinə, istərsə də böyük meydanlarda mikrofona hayqırmağı bacarır. Amma bu coşğunluq vərəqlə bütünləşəndə yenə də kövrək notlarla süslənir, buruq sakitlik qazanır:

 

Türkiye, üzgün yurdum, güzel yurdum,

Zinciri altında kımıldayan,

Bitecek sanıldığı yerde başlayan...

 

Bu şeirlərdə belə sabaha ümid, doğacaq günəşə inam, gözəlliklərin gələcəyinə güvən hissi var. O, içindəki təlatümlərə rəğmən nə özü bu inamından vaz keçir, nə də oxucusunu ruhdan düşməyə qoyur. "Hər son bir başlanğıcdır" fikri bəlkə də Ataol poeziyasının əsas qayəsini təşkil edir, desək, heç də yanılmarıq. Uğuru ondadır ki, o, özü də buna inanır. İnanaraq yazır, yazaraq inanır.

 

Ataolun şeirlərinin bir çoxunda süjet xətti var. O, sanki təsvir etdiyi hər nəsnənin şəklini sözlə çəkir. O, həm də bir rəssamdır, fırçasını sözə batırır. "Ben ölürsem akşamüstü ölürüm" şeiri bu mənada çox xarakterikdir. Adında ölüm daşısa da, təsvirlər o qədər canlı, o qədər işıqlıdır ki, insanı ən çox qorxduğu bu söz belə diksindirmir. Misralardakı mənzərə, sözlə çəkilən təsvirlər oturduğun yerdən səni götürüb şairin ölümünü anlatdığı yerlərə aparır. Və sən bu səfərdən qəlbində sonsuz huzurla dönürsən:

 

Ben ölürsem akşamüstü ölürüm

Uzaktan bir bulut geçer,

Karanlık bir çocukluk bulutu

Gerçeküstücü bir ressam

Dünyayı değiştirmeye başlar

Kuş sesleri, haykırışlar,

Denizin ve kırların

Rengi birbirine karışır.

Sana bir şiir getiririm

Sözler rüyamdan fışkırır

Dünya bölümlere ayrılır;

Birinde bir pazar sabahı,

Birinde bir gökyüzü,

Birinde sararmış yapraklar,

Birinde bir adam -

Her şeye yeniden başlar.

 

Yazının əvvəlini "eşq iki nəfərlikdir" fikriylə başladıq, amma sonra heç sevgidən, eşqdən danışmadıq. Halbuki onun poeziyasında xüsusi yer tutur məhəbbət şeirləri. Bu eşqində də şair səmimidir, olduğu kimidir. Nə göydən ulduz dərəcəyini iddia edir, nə də mümkünsüzü mümkün qılacağını. Sadəcə sevir... Gözəl sevir... Özəl sevir... Gizli sevir:

 

Rüyalar bile geceleri bekler

Gizlice görünmek için

Yüreğimdesin, saklısında içimin

Gizlice sevgilim

Kimse bilmesin üzgünlüğümü,

Taşırım ölümüm gibi bu duyguyu.

En gizli kuytularında ömrümün

Bir yer var gizlice sevgilimin uyuduğu

Gizlice sevgilim, yaşam kadar acı,

Canımı tutuşturan özlem gibi

Özlüyorum derin yokoluşta

Gizlice sevgilimi.

 

Nə biləsən, bəlkə də eşqlərin ən gözəli gizli olanıdır. Axı eşq iki nəfərlikdir. Nəyə lazım dünyaya səs salmaq?! Nəyə lazım sevginlə insanları nahat etmək?! Nəyə lazım özündən belə gizlədiyin, qutsallığına qıymadığın məhəbbətinə yad gözləri, yad nəfəsləri toxundurmaq?! Bəzən elə sevgilinin özündən də gizli qalmalı eşq. Müqəddəsliyi, İlahiliyi pozulmasın deyə...

 

Amma sevgiliyə getmək də var: ruhunla, qanınla, mənliyinlə, cisminlə, səni sarıb-sarmalayan duyğularının ən İlahisiylə. Onun "Eşqə yeni qəzəl"ini çoxları bilir yəqin ki. Bəzən müəllifli, bəzən müəllifsiz. Çünki eşqin ən gözəl, ən məhrəm halı təsvir olunub. Bir aşiqin deyə biləcəyi, edə biləcəyi ən səmimi hərəkət sevgisinə getməkdir. Onun harda olmasından, necə olmasından, uzanan yollardan, qarşına çıxan maneələrdən, bütün olmazlardan asılı olmayaraq "gəl" çağıran sevgiliyə getmək, ona yetmək. Yazımızı da məhz bu şeirlə bitirək. Çünki aşiq məşuqəsinə hər an, həmişə "gəldiyi" kimi, şair də oxucusunun bütün duyğularında yanında olur, bütün şeirlərini məhz ona gəlmək üçün yazır:

 

Uçurumlardan geçerek gelirim sana,

Delice, uçarak gelirim sana.

Unutup kederle biteni nice kez,

Merak-merak gelirim sana.

İçim şarkılarla dolup taşarken

Dilim dolaşarak gelirim sana.

Aklım bir pazar yerinden karışık

Gönlüm tepetaklak gelirim sana.

Yeniden öğrenmek için herşeyi

Bildiklerimi unutarak gelirim sana.

Dünyaya henüz gelenden farksız

Çığlık-çığlık, çırılçıplak gelirim sana.

Kopar diye beni köklerimden yine,

Uçur diye, ey aşk, gelirim sana!

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 6 aprel.-S.18.